Modern.az

Amerikada bütöv Azərbaycan sevdası ilə yaşayan Əhməd Obalı - FOTOLAR

Amerikada bütöv Azərbaycan sevdası ilə yaşayan Əhməd Obalı - FOTOLAR

Diaspor

24 Mart 2019, 09:23

"Sevsən, biləcəksən nədir bu cahan,
Dolanmaq, sürünmək, yaşamaq nədir?
Ən gözəl yaşamaq, əslinə baxsan,
Azadlıq uğrunda mübarizədir!"

Söhbətimizə Xəlil Rza Ulutürkün bu misraları ilə başladı. Bütün ömrü boyu bütöv Azərbaycan uğrunda mübarizə aparıb. Çox əziyyətlərə qatlaşıb. Haqqını dananlar da olub, ona qarşı məkirli davrananlar da. Amma heç vaxt ruhdan düşməyib, geriyə çəkilməyib. Necə deyərlər, qarış-qarış, addım-addım hədəfə doğru irəliləyir…

Bəli, bu gün sizə əqidə adamı, öz amalı, mübarizə hədəfi olan bir fədai, əsl ziyalı Əhməd Obalıdan danışmaq istəyirəm. O, 1961-ci ildə Ərdəbildə dünyaya gəlib. Orta təhsilinin böyük hissəsini orada alsa da, sonuncu sinfi ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində bitirib. 1989-1993-cü illərdə İllinoys Universitetində ali təhsil alaraq, film və televiziya ixtisasına yiyələnib. 1993-2004-cü illərdə müxtəlif yerlərdə çalışıb. 2004-cü ildə Güney Azrbaycan Televiziyasını (GünazTv) yaradıb və hazırda həmin kütləvi informasiya vasitəsinə rəhbərlik edir…

Deyir ki, bir arzusu var - Güney Azərbaycanını azad və hər iki Azərbaycanın bütövlüyünü görmək…

Artıq otuz ildir ki, bu cihada qoşulub, müqəddəs amal uğrunda siyasi döyüşdədir. Bu döyüşün əvvəli 1989-cu ildən başlayıb. O vaxt ruslar Bakıda baş verən hadisələri dini fanatizmin hakimiyyətə gəlmək səyi kimi qələmə verirdilər. O isə dünyaya yayılan bu informasiyanın əleyhinə olaraq, ABŞ-da piketlər keçirir, Azərbaycan həqiqətlərinin Amerika ictimaiyyətinə çatdırılmasına səy göstərirdi. 

1992-ci ildə "Azərbaycan Cəmiyyəti"ni yaradıb. 1993-cü ildə o vaxtki "Vətən Cəmiyyəti"nin xətti ilə Azərbaycana dəvət olunub, burada Bəxtiyar Vahabzadə, Məmməd Araz, Balaş Azəroğlu və xalqımızın digər görkəmli ziyalıları ilə görüşüb tanış olub. Onların təcrübəsindən yararlanmağa çalışıb. 1997-ci ildən 2002-ci ildə Dünya Azərbaycanlıları Konqresinin tədbirlərində iştirak edib. 1998-ci ildə təsis olunan "İran Azərbaycanlıları Konqresi"nin fəal üzvlərindən biri olub və bu təşkilatın idarə heyətinə seçilib.

2006-cı ildən "Güney Azərbaycanlıları Milli Azadlıq Cəbhəsi"nin idarə heyətinin üzvü, təşkilatlanma və beynəlxalq əlaqələr üzrə məsul şəxsidir. Dəfələrlə Avropa Şurasında, eləcə də insan hüquqları ilə bağlı bir sıra beynəlxalq təşkilatlarda güneyli azərbaycanlıların problemlərini qaldırıb. Qarabağın azadlığı uğrunda mübarizə isə həmişə onun gündəmində olub. Bir vətənpərvər kimi həmin təşkilatlardan Qarabağ probleminin həllində obyektiv mövqe tutmağı tələb edib. Elə il olmayıb ki, Xocalı, 20 yanvar hadisələri, 28 may müstəqillik günü ilə əlaqədar tədbir təşkil etməsin. Müstəqilliyimizin 100 illiyi ilə bağlı Çikaqoda baş tutan yubiley tədbiri isə çox möhtəşəm keçirilib və bu tədbirdə ABŞ-ın hər yerindən, Azərbaycandan soydaşlarımız iştirak ediblər…



…Ömür-gün yoldaşı Nahidə Kərimli əslən Nefçala rayonundandır, ixtisasca memardır. Bir oğlu var, adı Dənizdir. 24 yaşlı Dəniz bəy Mayami Universitetində beynalxalq maliyyə və marketinq üzrə ali təhsil alıb. Hazırda növbəti tələbəlik həyatına hazırlaşır. Bu dəfə hüquqşünas ixtisasına yiyələnməyi planlaşdırır…

Əhməd bəy təəssüflə deyir ki, ötən əsrin əvvəllərində olan milli idealogiyamız bu gün yoxdur.

“Etibar etdiyimiz, inandığımız ziyalıların sayı kəskin azalıb. Türkçülüyün əsaslarını yazan Ziya Gökalp çox gözəl deyib: "Ziyalılar iki cür olur. Saray və xalq ziyalıları. Saray ziyalıları xalqdan uzaq olduqları üçün heç vaxt xalqın dili ilə danışa bilmirlər. Xalq ziyalıları isə cəmiyyətin dərdini anlayır və ifadə etməkdən çəkinmirlər. Və maraqlısı da odur ki, saray ziyalıları həmişə xalq ziyalılarının əksinə olub""…

Nüfuzlu insanların danışarkən əcnəbi mütəfəkkirlərindən nümunə gətirməsinə təəccüb edir, söyləyir ki, niyə türk dünyasının görkəmli şəxsiyyətlərinin fikirlərinə istinad olunmur?..


Ana dilini milli kimliyin onurğa sütunu hesab edir. Ana dilində danışmağı bacarmayan insanın mənəvi şikəst olduğunu dilə gətirir…

Mütaliə etməyi özünə peşə borcu hesab edən və bütün varlığı ilə Azərbaycana bağlı olan bu soydaşımız xalqımızın qənimət övladlarından biridir. Bəli, Əhməd Obalı Amerikada bütöv Azərbaycan sevdası ilə yaşayan böyük azərbaycanlıdır...




Elman Eldaroğlu,
ABŞ, Miçiqan

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?