Modern.az

Tibb Universitetindən yenilik

Tibb Universitetindən yenilik

19 Dekabr 2011, 15:21

ATU da  kompüter test imtahanının tətbiqinə başlayır

Azərbaycanın ən tanınmış və qocaman təhsil ocaqlarından olan Tibb Universiteti Yeni il ərəfəsində ciddi yenilik etməyə hazırlaşır. Azərbaycan Tibb Universitetinin (ATU) tələbələri bu dəfə semestr imtahanlarını kompüter test üsulu ilə verəcəklər.

ATU-dan aldığımız məlumata görə, ilk belə imtahan dekabrın 30-da keçiriləcək və ümumi tələbələrin təxminən 40 faizini əhatə edəcək. Bu yenilik Bolonya prosesi əsasında kredit bal sistemini tətbiq edən fakültələrə şamil ediləcək. Universitetdə ilk olaraq 2006-cı ildə Tibbi Biologiya fakültəsi bu sistemə keçib. Buna görə də bu fakültənin tələbələrinin hamısı artıq yeni sistemlə imtahan verəcək.

İmtahanları yüksək səviyyədə təşkil etmək məqsədilə ATU-nun rektoru, akademik Əhliman Əmiraslanovun tapşırığı ilə universitetin 5 saylı  korpusunda iki kompüter zalı təşkil olunub. Bu zallar son model, güclü proqram təminatı olan avadanlıqlarla təchiz edilib. İki zala ümumilikdə 210 kompüter yerləşdirilib. Zalları daimi nəzarət altında saxlamaq üçün onlar kameralarla təchiz olunub. Kameraların çəkdiyi görüntülər birbaşa olaraq rektorun otağındakı və Virtual Test Mərkəzindəki əsas kompüterlərə ötürülür.

Şahin Bayramov: “Şəffaflığın təminatı üçün hər cür tədbir görmüşük”

Mərkəzin rəhbəri, ATU Bioloji Kimya kafedrasının dosenti Şahin Bayramov deyir ki, onlar imtahanın şəffaf, həm də  problemsiz keçməsi üçün ağlagələn və mümkün olan hər bir addımı atıblar. Məsələn, kəsintisiz elektrik cərəyanını təmin etmək üçün əlavə güclü generator quraşdırılıb:

“İlk olaraq bu yeni formatlı imtahana Tibbi Profilaktika və Stomatologiya fakültəsinin tələbələri qatılacaq. Zalların quruluşu və proqramların imkan verir ki, biz eyni vaxtda eyni zalda müxtəlif fakültələr üçün paralel imtahanlar keçirək. Yəni, eyni fakültə tələbələri yanaşı əyləşməyəcək. Və üstəlik, onlar müxtəlif fənlərdən imtahan verəcəklər. Lap eyni fakültənin, eyni kursunun eyni fəndən imtahan verən iki tələbəsi yanaşı düşsə belə, onların bir-birindən köçürməsi alınmayacaq. Çünki, test sualları fərqli variantlarda olacaq. Kompüterləri də elə düzmüşük ki, prosessorlar yanda oturanın monitorunun qarşısını tutsun”.

Şahin Bayramov imtahanın şəffaf və müdaxiləsiz keçməsi üçün görülən digər tədbirlərdən də danışdı. Dediyinə görə, imtahanda iştirak edəcək kompüterlərin informasiya çıxışı yoxdur, yəni onların fleş və disk yerləri qapılıdır: “Həmçinin, bu kompüterlərin şəbəkəyə çıxışı yoxdur. Hələlik hansı mümkün variantlar ağlımıza gəlibsə, onların qarşısını almışıq”.

“Prosesə kənardan müdaxilə mümkün olmayacaq”

İmtahan zamanı ATU tələbələri elektron şəxsi işinin kodunu daxil etməklə öz səhifələrinə girəcəklər. Burada tələbə haqda zəruri məlumatlar (adı, kursu, fakültəsi, şəkli), o cümlədən verdiyi imtahanlar barədə informasiya (imtahan günü, vaxtı, davametmə müddəti, verilən cavab variantları, toplanılan bal və s.) yer alıb. Tələbə öz səhifəsindən imtahan bölməsinə girib testdə iştirak edəcək. Cavablarını təsdiqləyən kimi düzgün cavab variantları və onun yığdığı balların sayı ekrana çıxacaq.

Ş.Bayramov deyir ki, bu prosesə müdaxilə etmək mümkün deyil: “Kompüterlər şəbəkəyə daxil olmadığı üçün onlara müdaxilə mümkün deyil. Bununla yanaşı, imtahana düşən testlərin kimlərsə tərəfindən əldə edilib tələbələrə ötürülməsi, imtahanın nəticəsinə təsir edəcək neqativ halların baş verməsi mümkün deyil. Çünki bu sualları artıq  İnternetdə yerləşdirmişik və kimlərinsə bu cür tədbirlərə əl atmasına, vasitəçilik etməsinə ehtiyac qalmır”.

Mərkəz rəhbərinin dediyinə görə, ümumilikdə imtahan sualları çoxdur və hamısının cavab variantlarını əzbərləmək qeyri-mümkündür. Tələbə test bankında tanış olduğu suallardan yalnız 25-nə imtahanda cavab verəcək. Yəni, tələbə imtahana yaxşı hazırlaşsa, bal toplaya biləcək: “Biz digər  universitetlərdə işlədilən proqramlarla tanış olmuşuq. Onlarda tətbiq edilən proqramlara dəyişikliklər edib keyfiyyətini artırmışıq. Odur ki, imtahanın yüksək səviyyədə və problemsiz keçəcəyini gözləyirik”.

Qeyd edək ki, yeni imtahan formasının tətbiqi ilə bağlı ATU-nun rektoru, akademik Ə.Əmiraslanov bir neçə gün ardıcıl olaraq tələbələrlə görüşüb, onların təkliflərini dinləyib.

Hazırda ATU- nun I və II Müalicə-profilaktika, Pediatriya, Tibbi-profilaktika və Tibbi-biologiya, Stomatologiya, Əczaçılıq, həmçinin Hərbi-tibb fakültələrində 7500-dən artıq tələbə təhsil alır. 2006-cı ildən etibarən tədricən bütün fakültələr kredit sisteminin tətbiqinə başlayıblar. İndi bu sistem bütün universiteti (müxtəlif kursları) əhatə edir. Ən sonda daha böyük fakültələr, say baxımından tələbə kontingentinin yarısını təşkil edən Müalicə və Stomatologiya fakültələri Bolonya sisteminə  keçib. Ümumilikdə, bu semestr  2774 tələbə kompüter test imtahanından keçəcək.



Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir