Modern.az

Azərbaycan Mərkəzi Bankının ölkə iqtisadiyyatında rolu (ARAŞDIRMA)

Azərbaycan Mərkəzi Bankının ölkə iqtisadiyyatında rolu (ARAŞDIRMA)

Mədəni̇yyət

19 Dekabr 2011, 16:06


Azərbaycan Respublikası öz dövlət suverenliyini bərpa etdikdən sonra müstəqil ölkənin qarşısında duran əsas vəzifələrdən biri də ölkədə bazar münasibətlərinə əsaslanan milli iqtisadiyyatın formalaşdırılması, etibarlı bank sisteminin yaradılması olmuşdur. Bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 11 fevral tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Milli Bankı yaradılmış, elə həmin ildə də “Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında” və “Azərbaycan Respublikasının Milli Bankı haqqında” Azərbaycan Respublikasının Qanunları qüvvəyə minmiş və dövriyyəyə milli valyuta – manat buraxılmışdır.

Müstəqilliyimizin ilk illərində ölkədə baş verən məlum hadisələr hər sahəyə, o cümlədən bank sisteminə öz mənfi təsirini göstərsə də ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bütün sferalarda, o cümlədən bank sektorumda canlanma baş vermiş, Milli Bank davamlı inkişaf yoluna qədəm qoymuşdur. Bank fəaliyyətini tənzimləyən qanunvericilik aktları yenidən işlənib təkmilləşdirilmiş, yeni normativ sənədlər qəbul edilmiş, bank sektorunun səmərəli fəaliyyəti üçün geniş meydan açılmışdır.

18 mart 2009-cu il tarixli referendum nəticəsində qəbul edilmiş “Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” Referendum Aktının tətbiqi ilə əlaqədar Milli Bank “Azərbaycan Respublikasının Mərkəzi Bankı” adlandırılmışdır.

Mərkəzi Bank respublikamızda pul və bank sisteminin nüvəsi olmaqla dövlətin pul-kredit və valyuta münasibətləri sahəsində siyasətini həyata keçirir. Ölkəmizdə pul tədavülü, hesablaşmalar və valyuta münasibətləri sahəsində vəziyyətin tənzimlənməsi, bank və ödəniş sistemlərinin sabitliyinin təmin edilməsi, dövlətin beynəlxalq qızıl-valyuta ehtiyatlarının saxlanılması və idarə edilməsi, əmanətçilərin və kreditorların maraqlarının qorunması Mərkəzi Bankın əsas funksiyalarına daxildir.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” 7 fevral 2005-ci il tarixli fərmanının icrası ilə əlaqədar Mərkəzi Bank 2006-cı ilin yanvarın 1-dən dövriyyəyə yeni nəsil pul nişanlarının buraxılmasını, milli valyutanın denominasiyasını yüksək səviyyədə həyata keçirmişdir. Mərkəzi Bankın apardığı pul-kredit siyasəti milli valyutanın bazarda aktiv pul aləti kimi çəkisini artırmış, Azərbaycan manatının məzənnəsini əhəmiyyətli dərəcədə möhkəmləndirmişdir.

Qeyd etmək lazımdır ki, dünyanın əksər ölkələrində maliyyə krizisi tüğyan edəndə Mərkəzi Bankın apardığı antiböhran siyasətinin əsas elementlərindən biri məhz milli valyutanın sabitliyinin təmin edilməsi olmuşdur. Ölkəmizə özəl banklar tərəfindən küllü miqdarda xarici valyuta axının qarşısı vaxtında alınmış, bazar resursları cəlb olunmuş, ipoteka kreditləşməsi aktivləşdirilmiş, uçot dərəcələri bazara uyğun tənzimlənmişdir. Həyata keçirilən qabaqlayıcı tədbirlər sayəsində milli iqtisadiyyat qlobal böhrandan etibarlı şəkildə qorunmuş, makroiqtisadi sabitlik təmin edilmişdir.

Bank sektoruna əmanət qoyuluşunu stimullaşdırmaq və əhalinin banklara etibarını artırmaq məqsədilə 2007-ci ildə Mərkəzi Bankın nəzdində Əmanətlərin Sığortalanması Fondu yaradılmışdır. Fond iştirakçı bankların reyestrini hazırlamış və üzv banklara şəhadətnamələr vermişdir. Hər rüb üzrə üzv banklardan sığorta haqları yığılır və onların uçotu aparılır. Bu işdə əsas məqsəd bankda sığorta hadisəsi baş verdikdə sığortalanmış əmanətlərin ödənilməsini təmin etməkdir. Xatırladaq ki, əmanətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmirlər. Sığorta haqları yalnız əmanəti qəbul edən bank tərəfindən ödənilir. Hazırda əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi 12%-dir. Bu faizdən yuxarı dərəcə ilə banklara qoyulmuş əmanətlər Fond tərəfindən sığortalanmır və onlara görə kompensasiya ödənilmir. Kompensasiya məbləğinin maksimum həddi isə 30 min manatdır.

Qeyd edək ki, Əmanətlərin Sığortalanması Fondu 2011-ci il üzrə yüksək iş fəaliyyəti, uğurlu idarəetmə və inkişaf dinamikasına görə Böyük Britaniyada fəaliyyət göstərən Avropa Biznes Assambleyası Azərbaycanda Əmanətlərin Sığortalanması Fondunun təsis etdiyi “Avropa keyfiyyəti” beynəlxalq mükafatına layiq görülmüşdür.

Mərkəzi Bankın fəaliyyəti ilə bağlı  hesabatları, Bank rəsmilərinin çıxışlarını, habelə Mərkəzi Bankın www.cbar.az internet saytında verilən məlumatları analiz etdikdə görmək olar ki, son on ildə Azərbaycanda bank sektorunun  əsas göstəriciləri 15 dəfə artmış, 4 milyona yaxın ölkə vətəndaşı bank-maliyyə xidmətləri ilə əhatə olunmuşdur. Ölkənin bank sistemi yetərli likvidlik ehtiyatlarına malikdir. Aktivlərin ümumi həcmində likvid aktivlərin payı 18 faizdir. Cari ildə Azərbaycan banklarında əhali əmanətlərinin məbləği 21 faiz, kredit portfeli 19 faiz olmuşdur. 2011-ci il noyabr ayının 1-nə kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlərin ümumi həcmi 8,7 milyard manat təşkil etmişdir ki, bunun da 3 milyard 675 milyon manatı əhali tərəfindən yerləşdirilmişdir. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 27,3% çoxdur.

Görülən tədbirlər sayəsində Azərbaycanın strateji valyuta ehtiyatları ilbəil artmaqda davam edir. 2011-ci il noyabrın 1-nə strateji valyuta ehtiyatlarının məbləği 41,5 milyard (ötən il 30 milyard olmuşdur) dollara çatmışdır. Bu da təxminən üç il müddətinə mal və xidmətlərin idxalının maliyyələşdirilməsi üçün kifayətdir.

Mərkəzi Bankın özünün strateji valyuta ehtiyatlarının məbləği isə cari ilin noyabrın 1-nə 7 milyard dollar olmuşdur. İlin sonunadək bu rəqəmin 9 milyard dollara çatacağı gözlənilir. İlin əvvəlindən Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi təxminən 1,3 milyard dollar olmuş, gələn il isə valyuta müdaxiləsinin təxminən 3 milyard dollara bərabər olacağı proqnozlaşdırılır.

Ölkədə son 7 ildə ümumi daxili məhsulun həcmi 3 dəfə artmış, Azərbaycan 183 dövlət arasında milli gəlirin səviyyəsinə görə 35 pillə irəliləyərək 81-ci yerə qalxmışdır. Kasıblıq səviyyəsi 40%-dən 9%-ə düşmüş, Dünya İqtisadi Forumunun Beynəlxalq Rəqabətlilik İndeksində ölkəmiz 2005-ci illə müqayisədə 12 pillə irəliləyərək 139 dövlət arasında 57-ci sıraya qalxmış, makroiqtisadi dayanıqlıq göstəricisinə görə isə Beynəlxalq Rəqabətlilik Hesabatında 13-cü yerə yüksəlmişdir.

Mərkəzi Bankın nəzdindəki Azərbaycan İpoteka Fondu tərəfindən bu ilin 11 ayı ərzində əhaliyə 85,88 milyon manat məbləğində ipoteka krediti verilmişdir. Gələcəkdə ipoteka kreditlərinin verilməsi prosesinin daha da sadələşdirilməsi, ipotekanın məbləğinin artırılması, habelə gənclərə faizsiz ipoteka kreditinin verilməsi  məsələlərinə baxılması nəzərdə tutulur.  

Mərkəzi Bank gənc nəslin, xüsusən tələbələrin maliyyə savadının artırılmasına və peşəkar bacarıqlarının inkişafına böyük əhəmiyyət verir və bu məqsədlə mütəmadi olaraq müxtəlif proqramlar, treninqlər həyata keçirir. “Junior Achievement Azərbaycan” təşkilatı ilə birgə keçirilən “Banklar fəaliyyətdə” adlı layihə çərçivəsində 2009-2010-cu illərdə Mərkəzi Bankda xarici və yerli universitetlərdə təhsil alan 27 tələbə və məzun internatura keçmişdir. Onlar bank sisteminin quruluşu, müxtəlif iştirakçıları, o cümlədən Mərkəzi Bankın vəzifə və funksiyaları ilə yaxından tanış olmuş, bank işi ilə əlaqədar xeyli praktiki təcrübə əldə etmişlər.

Qeyd edək ki, yuxarıda adıçəkilən layihə çərçivəsində dekabr ayında da Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzində ölkənin aparıcı universitetlərindən müsabiqə yolu ilə seçilmiş 25 tələbə üçün treninqlər keçiriləcəkdir.

Mərkəzi Bank orta məktəblərdə təhsilə dəstək olmaq, şagirdlərinin maliyyə savadlılığının artırılması istiqamətində müxtəlif sosial layihələr həyata keçirir. Ötən il Mərkəzi Bankın dəstəyi ilə Biləsuvarda milli qəhrəman Mübariz İbrahimovun adını daşıyan müasir təhsil lisey-məktəb kompleksi tikilib istifadəyə verilmişdir. Hazırda burada təhsil alan uşaqlar daim Mərkəzi Bankın diqqət mərkəzində saxlanılır.

Orta məktəblərdə şagirdlərə iqtisadi biliklərin aşılanması Mərkəzi Bank üçün böyük önəm daşıyır. Artıq Mərkəzi Bankın beynəlxalq əməkdaşlıq çərçivəsində əldə etdiyi razılığa görə Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu Azərbaycan məktəblərində oxuyanların maliyyə savadlılığının daha da artırılması üçün maliyyə vəsaiti ayırmaq barədə qərar qəbul etmişdir.

Mərkəzi Bank ildə ilə beynəlxalq əlaqələrini daha da genişləndirir. Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankına, Dünya Bankına, Asiya İnkişaf Bankına üzv olmuş, Beynəlxalq Valyuta Fonduna qoşulmuşdur. Hazırda Mərkəzi Bankın sədri Dünya Bankında Azərbaycan üzrə müdirdir.  Mərkəzi Bank Azərbaycan hökuməti ilə Dünya Bankının birgə fəaliyyətində əlaqələndirici rolunu oynayır. Dünya Bankı tərəfindən indiyədək Azərbaycanda müxtəlif istiqamətlərdə həyata keçirilən 43 layihənin maliyyələşdirilməsinə ümumilikdə 2,9 milyard dollar məbləğində vəsait ayrılmışdır.

Mərkəzi Bank tərəfindən İsveçrə, Polşa, Qazaxıstan, Latviya, Çexiya, Ukrayna milli bankları, Türkiyə, Rusiya, Gürcüstan mərkəzi bankları, İspaniya, Fransa, İngiltərə, İsveç Portuqaliya bankları və digər ölkələrin aparıcı bankları ilə intensiv əməkdaşlıq əlaqələri qurmuş və bu əməkdaşlıq çərçivəsində bir sıra əhəmiyyətli layihələr,  təcrübə mübadilələri həyata keçirilmişdir.  

Üzümüzə gələn il Azərbaycan Respublikası Mərkəzi Bankın 20 illik yubileyi qeyd olunacaq. Danılmaz faktdır ki, ötən müddət ərzində Mərkəzi Bank öz mandatını  müvəffəqiyyətlə yerinə yetirərək böyük uğurlara imza atmış, milli iqtisadiyyatın tərəqqisində, makroiqtisadi sabitliyin tənzimlənməsində mühüm rol oynamışdır.

Davamlı inkişaf yolu ilə inamla addımlayan Mərkəzi Bank gələcəkdə fəaliyyətini daha da gücləndirmək, ölkə iqtisadiyyatına daha çox xeyir vermək əzmindədir. Artıq 2011-2014-cü illər üçün Strateji Plan da qəbul edilmişdir. Strateji planda Mərkəzi Bank öz missiyasını ölkədə qiymətlərin sabitliyini təmin etmək, maliyyə sabitliyini qorumaq, ölkənin iqtisadi inkişafına dəstək vermək kimi müəyyənləşdirmiş və qarşısına 9 mühüm hədəf qoymuşdur. Bu hədəflərin əsas ideyasını makroiqtisadi sabitliyin idarə olunmasının institusional bazasının gücləndirilməsi, modern-standart statistika sisteminin, müasir bank kommunikasiya infrastrukturunun, habelə daxili dəstəkləyici xidmətlərin mütərəqqi idarəetmə mexanizminin yaradılması, qabaqcıl praktikaya uyğun yüksək effektivli korporativ idarəetmə sisteminin, risk əsaslı prudensial nəzarət çərçivəsinin, nağd pulun idarə edilməsi sisteminin, maliyyə təhlili və hesabatlığının yeni vasitələrinin, bir də yüksək nəticəli fərdi fəaliyyəti və inkişafı stimullaşdıran insan resurslarının idarə edilməsi sisteminin formalaşdırılması təşkil edir.

Ümid etmək olar ki, Mərkəzi Bank öz   çoxillik fəaliyyət təcrübəsi, korporativ idarəetmə ənənəsi, insan kapitalı, texnoloji inkişafı, geniş beynəlxalq əlaqələri, bir də cəmiyyətdə qazandığı ictimai etimad ilə öz hədəflərinə uğurla nail olacaq və ölkə iqtisadiyyatının inkişafında Azərbaycan Mərkəzi Bankının rolu daha da artacaq!

Vüqar Haqverdiyev
Qeyd: Məqalə Azərbaycan Mərkəzi Bankının fəaliyyətinin 20 illiyinə həsr olunur

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir