Modern.az

Nümunəvi ailə başçısı, peşəkar aktyor, qeyri - peşəkar siyasətçi: - Vladimir Zelenski 

Nümunəvi ailə başçısı, peşəkar aktyor, qeyri - peşəkar siyasətçi: - Vladimir Zelenski 

Ölkə

31 Mart 2019, 17:17

Son aylara qədər  o, mənim üçün işdən yorğun, əsəbi  gəldiyim günlərdə yumoristik səhnəciklərini, zarafatlarını izləyərək mənfi enerjidən xilas olduğum istedadlı sənətçi idi. Onun prezident seçkilərinə qatıldığını eşitdiyimdə  öncə bunun da bir zarafat olduğunu düşündüm. Amma Vladimir Zelenski bu dəfə kifayət qədər ciddi idi. Zarafat etmədiyini namizəd kimi qeydiyyatdan keçdiyi qısa müddət ərzində qazandığı yüksək reytinqi ilə də sübut etdi.  Son aylar bütün dünyanın nəzərlərini üzərinə toplayan, Ukrayna prezidenti postuna ən real namizədlərdən biri olan Vladimir Zelenski kimdir?

 

Ukraynalı teleaparıcı, şoumen və aktyor Vladimir Aleksandroviç Zelenski qısa zamanda Ukrayna və Rusiya şou-biznesinə öz möhürünü vura bilən çoxtərəfli və istedadlı şəxsiyyətdir.  Bu gün o, Ukraynanın ən nüfuzlu şəxsləri və ən uğurlu prodüsserlərinin reytinqində yüksək yerlərdə dayanır. 2019-cu ilin əvvəlində Vladirmir Aleksandroviç prezident seçkilərinə qatıldığını elan etdi.

 

Uşaqlığı və gəncliyi

 

Gələcək şoumen 1978-ci ilin yanvarında sənaye şəhəri Krivoy Roqda dünyay gəlib. Valideynləri milliyyətcə ukraynalı olsalar da  Zelenskilər ailəsi bir müddət Monqolustanda yaşayıb. Vladimirin ixtisasca riyaziyyatçı olan və sonralar kibernetika və hesablama texnikası kafedrasının professoru vəzifəsini tutacaq atası  bu uzaq Asiya ölkəsində dağ – mədən kombinatının tikintisində iştirak edirdi. Anası isə mühəndis texnologiyaları ilə məşğul idi. Kiçik Vova bu ölkənin qanunlarına uyğun olaraq 8 yaşında monqol məktəbində birinci sinfə gedib. Uşaq monqol dilində rəvan danışa bilirdi, ancaq Krivoy Roqa qayıtdıqdan sonra praktikası olmadığından qısa müddətdə unudub.  Ukraynaya qayıtdıqdan sonra Vladimir teatr kurslarına gedir və səylə idmanla məşğul olurdu. Erkən yaşlarında Zelenski sərhədçi olmağı arzulayırdı. Sonralar isə diplomatiya və ya tərcüməçiliyə maraq göstərməyə başlayır.

 

Yumor və yaradıcılıq

 

Vladimir Zelenski Kiyev İqtisad Universitetinin yerli filialında hüquq fakültəsinə qəbul olunur.  Tələbənin istedadı, yumor hissi qısa müddətdə özünü büruzə verir: Volodyanı “Zaporojye – Krivoy Roq – Tranzit” Şən və Hazırcavablar Klubu (ŞHC) komandasında rəqs nömrələri hazırlamağa dəvət edirlər.  Bir müddət sonra Zelenski özü də nömrələrdə çıxış etməyə başlayır.

 


Vladimir Zelenski və onun “Kvartal 95” ŞHC komandası

 

Vladimir Zelenski 1997 –ci ildə ŞHC komandasının bir neçə üzvü ilə birlikdə özünün  “Kvartal 95” adlı komandasını yaradır. O, nəinki komandanın kapitanı rolunda çıxış edir, həm də əksər  səhnəciklərin ssenarisini yazırdı. 2 il sonra yüksək ŞHC liqası istedadlı komandanı öz sıralarına dəvət edir. Komandanın hər çıxışı münsiflər tərəfindən yüksək qiymətləndirilir, gənclər məşhur oyunun pərəstişkarları arasında böyük nüfuz qazanır və bütün MDB ərazisində konsert dəvətləri alırlar.  Konsert və qastrollarla yanaşı Vladimir Zelenski korporativlər və konsertlər üçün ssenarilər də yazırdı. “Kvartal 95”in ŞHC-də iştirakı 2003-cü ilə qədər davam edir. “AMiK” şirkəti ilə münaqişədən sonra Zelenski və kollektivi layihədə iştirakını dayandırır. Bundan sonra “Kvartal 95”lə Ukrayna telekanalları maraqlanmağa başlayır. “1+1” telekanalı istedadlı gənclərlə əlaqə yaradaraq onlara kanalda ən yaxşı nömrələrinin yer aldığı ayrıca verilişlə çıxış etməyi təklif edir.  Beləliklə Vladimir Zelenskinin rəhbəri və sahibi olduğu “Kvartal-95 Studiyası” yaranır.

 

“Kvartal – 95 Studiyası”şousunun iştirakçıları

 

Vladimir Zelenski yalnız uğurlu yumoristi və teleaparıcı deyil, həm də mükəmməl aktyordur. Onun hesabında çoxsaylı tammetrajlı filmlər və müzikllərdə uğurlu işlər də var.  Şoumenin kinematoqrafiya bioqrafiyası 2000-ci illərin əvvəllərindən, “İstəksiz Kazanova” komediya layihəsindən başlayır. Tezliklə artist “Üç müşketyor” yeni il müziklində d’Artanyan obrazını yaradır.  Yumoristin debüt ssenarilərinin sırasında “İki dovşanın iziylə” filmi də var.

2005-ci ildə “Veçerniy Kvartal” verilişi meydana çıxır. Veriliş öncə “1+1” telekanalında yayımlansa da, daha sonra  yayım hüququnu “İnter” telekanalı əldə edir. Zelenski burada teleaparıcı, ideoloq və müəllif kimi çıxış edir. Proqram tezliklə ən reytinqli verilişlərdən birinə çevrilir, Vladimirin studiyası isə məşhurluqlarını sönməyə qoymayaraq yeni – yeni layihəlr hazırlayır. Bu proqramların içərisində “Döyüş klubu”, “Kiyev axşamı”, “Ukrayna, ayağa qalx!” verilişləri var.

Şoumen 2010-dan 2012-ci ilədək "İnter" in baş prodüseri vəzifəsini  tutub. 2013-cü ildə isə ona “ VİA GRA – nı istəyirəm” adlı yeni musiqili şounun aparıcılığı təklif olunur.  İki il sonra “Kvartal 95 Studiyası”nın bazasında yumorist qrupların bir-biriləri ilə yarışdıqları komik şou təşkil edir. Proqrama aparıcılığı Vladimir Zelenski özü edirdi. Bir zamanlar Aleksey Potapenko, Yelena Kravets, Anton Lirnik, Nadejda Dorofeyeva, Vlad Yama və başqaları layihənin hakim və məşqçiləri olub.

“Forbes” nəşrinin məlumatına görə, Zelenskinin studiyasının gəliri 2 milyon dollar təşkil edib.  2012-ci ildə “Kvartal 95” komandası Ukraynanın ən nüfuzlu 25 media layihəsi və şou – biznes ulduzlarının  reytinqində 2-ci yeri tutub. Yumoristlər yalnız Vladimir Kliçkoya uduzurdular, lakin illik gəlirlərinə görə  Ani Lorak, “Potap və Nastya” və “VIA Gra” qrupunu geridə qoymuşdular.

2015-ci ildə “Kvartal-95 Studiyası”  ukraynalı tamaşaçılar üçün siyasi komediya janrında yeni bir film təqdim edir.  Burada Ukraynanın siyasi elitasının bir çox nüfuzli simaları kəskin satira atəşinə tutulurdu. Siyasətlə bağlı seriala "Xalqın Xidmətçisi" adı verilir, Vladimir isə burada  Ukraynanın prezidenti obrazını yaradır. Film tamaşaçılar tərəfindən o qədər böyük rəğbət qazanır ki, 2016-cı ildə artıq onun davamı izləyicilərin ixtiyarına verilir.

Vladimir 2018-ci ildə ilk dəfə özünü rejissor kimi sınayır. O,  Devid Dodsonun həmmüəllifliyi ilə "Mən, Sən, O" ekran işində iştirak edir.  Burada o, həmçinin layihənin prodüseri və baş rolun ifaçısı idi. Toydan bəhs edən komediya ötən  ilin sonunda nümayiş etdirilib.

 


Siyasət və qalmaqallar

 

2014-cü ildə Ukraynada hərbi münaqişənin   başlanğıcında Vladimir Donbasda Ukrayna ordusunun hərəkətlərini açıq şəkildə dəstəkləyir. Ancaq Meydan hərəkatı boyunca, yumorist öz mövqeyini açıb - ağartmır.  " Böyük şəhərdə sevgi - 3" komediyasının təqdimat mətbuat konfransında isə vəziyyətlə bağlı fikirlərini açıq şəkildə ifadə edir: “Biz xalqın yanındayıq”. Siyasi böhranın dərinləşməsi və Ukraynanın şərqində silahlı qarşıdurmanın başlanmasından  sonra şoumen həmkarları ilə birlikdə Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri qarşısında yalnız konsertlər verməklə kifayətlənməyib, orduya 1 milyon qrivna məbləğində maliyyə yardımı edib.

 

Prezident Vladimir Putin də daxil olmaqla Rusiya və Rus siyasətçiləri dəfələrlə Zelenskinin proqramlarında gülüş obyektinə çevrilib.  Bundan qısa müddət sonra, sənətçinin problemləri yaranır: Rusiya televiziyasında “Veçerniy kvartal”ın yayımı dayandırılır, kifayət qədər uğur qazanmış Rusiya - Ukrayna serialı "Qudalar”ın növbəti mövsümü üzərində işlər  dondurulur. 2015-ci ilin qışında Rusiya Federasiyasının İstintaq Komitəsi Vladimir və digər mədəniyyət xadimlərinin Ukraynanın güc strukturlarını maliyyələşdirməsinə dair məlumatları araşdırmağa başlayır.

 

Zelenskinin Rusiyada ilə bağlı zarafatları ölkəsində də heç də hamıya xoş gəlmirdi. 2014-cü ildə şoumen bədənində çoxsaylı  hematomalarla xəstəxanaya yerləşdirilir. Cinayətkarlar axşam saatlarında Kiyevin Dnepr sahilində sənətçini döyürlər. Yumorist daha sonra müsahibəsidə onların Rusiya lı meylli olduqlarını deyib. Əgər həmin vaxt təsadüfən yoldan keçən biri polis çağıracağı ilə təhdid etməsəydi hadisənin nə ilə bitəcəyini söyləmək çətin idi.  Vladimir sonradan xilaskarını səxavətlə mükafatlandırıb. 

 

2014-cü ilin dekabrında Zelenskinin  Kiyevdə “Ukrayna” sarayının yaxınlığında park etdiyi  offroad-u naməlum şəxslər tərəfindən yandırılır. Bir il sonra isə Daxili İşlər Nazirliyinin əməkdaşlarının yumoristə qarşı sui-qəsd cəhdinə hazırlaşan qrupun  üzvlərini zərərsizləşdirməsi ilə bağlı məlumatlar yayılır. Təcavüzkarların planları Vladimirin ailəsinin üzvlərinə hücum olub. Bu hadisədən sonra sənətçi mühafizəçi tutmağa məcbur olur. 

 

2016-cı ildə Yurmala şəhərində Zelenski  və “Kvartal-95”in zarafatları yeni bir qalmaqalın başlanğıcını qoyur. Bu dəfə  yumorist vətəndəkiləri hiddətləndirmişdi. Bunun səbəbi, Ukraynadakı iqtisadi vəziyyətin kəskin satira atəşinə tutulması idi. Yumorist ölkəsini qonşu dövlətlərdən pul tələb edən və onları  geri qaytarmayan "dilənçi" ilə müqayisə etmişdi.

 

Şəxsi həyatı

 


Vladimir Zelenski  yaradıcılıq planlarının çiçəklənmə dövrünü yaşayır : o, ötən il  40 yaşını qeyd edib. 170 sm boyu olan aktyor atletik bədən quruluşuna, 63 kq çəkiyə malikdir.

 

Sənətçi toyuna qədər  7 il görüşdüyü Yelena Kiyaşko ilə evlidir. Cütlük uşaqlıqdan bir- biri ilə tanışdır, məktəbdə  paralel siniflərdə oxuyublar. Baxmayaraq ki, Yelena da ixtisasca hüquqşünasdır, o da “Kvartal – 95 Studiyası”nın müəlliflərindən biri rolunda çıxış edir.  Cütlük 2003-cü ildə evlənib, bundan sonra "Kvartal - 95" ŞHC-dən ayrılıb. Bir il sonra yumoristin Saşa adlı qızı doğulub. 2013-cü ildə isə Yelena Zelenskaya ikinci övladı, oğlu Kirili dünyaya gətirib . Şoumenin dostları və yaxınlarının fikrincə, Vladimir nümunəvi bir ailə başçısıdırr. O, uşaqlarına, ailəsinə və sevdiklərinə görə məsuliyyəti  əsl kişilik keyfiyyəti hesab edir. Şoumen tez-tez evdən kənarda olmasını kompensasiya etmək üçün qızı və oğlu, eləcə də həyat yoldaşının nazıyla çox oynadığını etiraf edib.

 


Vladimir Zelenski: “Mən seçkilərə gedirəm”

 

31 dekabr 2018-ci ildə Zelenski rəsmən prezidentliyə namizəd olduğunu açıqladı. O, xalqa elə ilk müraciətində seçki proqramının əsas prinsiplərini bir sıra həssas məsələlərə yönəltdi: Donbasda döyüşlərin dayandırılması, BVF, Avropa İttifaqı, NATO ilə əlaqələrin qurulması və s.

 

21 yanvar 2019-cu ildə Vladimir Aleksandroviçin adı dövlət başçısı postuna namizədlər siyahısında müvəffəqiyyətlə qeydə alınıb. Zelenskinin namizədliyi “Xalqın Xidmətçisi” partiyası   tərəfindən irəli sürülüb. Partiyanın rəhbəri İvan Bakanov da "Kvartal – 95 Studiyası”nın idarəçilərindəndir. Vladimir Aleksandroviç qısa zamanda seçkiöncəsi yarışın liderinə çevrilib. Artıq yanvarın sonlarında bir sıra sosioloji şirkətlər namizədin 21 faiz reytinq topladığını açıqladılar. O, ən yaxın rəqibləri - Pyotr Poroshenko və Yuliya Timoşenkonu  5-6% geridə qoyurdu.

 

Siyasi analitiklər  Vladimirin qısa zamanda bu qədər uğur qazanmasını onun qeyri-standart seçki kampaniyasında axtarırılar.  Prodüsser kampaniyanın gedişini onlayn formada işıqlandırıb, sosial şəbəkələrdəki izləyicilərini siyasi fəaliyyəti ilə bağlı baş verənlər haqda  davamlı olaraq məlumatlandırıb.

 

Azadə Balayeva 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər