Modern.az

Diaspor sahəsində daha bir ilk - Dünyadakı alimlərimiz bir arada

Diaspor sahəsində daha bir ilk - Dünyadakı alimlərimiz bir arada

Diaspor

3 Aprel 2019, 10:00

Bir neçə gün öncə “Azərbaycan alimləri diasporu” informasiya sistemi – www.elmidiaspora.az  saytı istifadəyə verilib.

Maraqlıdır, saytın yaradılması bizə və Azərbaycan elminə nə verəcək?

Texnika elmləri doktoru, professor, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru  Rasim  Əliquliyev Modern.az-a açıqlamasında bu işin  ağır olduğunu xatırladıb:

“Konkret sorğu kitabı yoxdur ki, oradan hazır nəsə götürəsən. Azərbaycanlı alimləri tapıb sistem yaratmaq çətin məsələdir. Bu istiqamətdə dövlət siyasətini həyata keçirən Diasporla İş üzrə Dövlət Komitəsi dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları bir araya gətirir. Hesab edirəm ki, ayrı-ayrı ölkələrdəki alim azərbaycanlılar eyni ideologiya ətrafında formalaşacaq. Ölkəmizdən kənarda fəaliyyət göstərən  (hətta göstərmiş, vəfat etmiş) müxtəlif insanlar  haqqında məlumatları toplayıb hamı üçün açıq olan Azərbaycan, ingilis və rus dilində belə bir resursun onlayn yazılması ağır iş idi. Biz bunu hazırlayarkən müvafiq dövlət qurumlarının, Xarici İşlər Nazirliyinin,  Diasporla İş  üzrə Dövlət Komitəsinin, Təhsil Nazirliyinin, AMEA-nın, eləcə də,  müxtəlif diaspor qurumlarının imkanlarından istifadə etmişik. Onların hər birinə ayrı-ayrılıqda müraciət edərək bu sistemi yaratmışıq. Hər birinə təşəkkür edirik. Sistem AMEA-nın İnformasiya  Texnologiyaları İnstitutu tərəfindən Diasporla İş üzrə Dövlət Komitəsinin sərəncamına verilib. Əminik ki, Dövlət Komitəsi bu işin öhdəsindən layiqincə gələcək”.

Rasim Əliquliyev “Azərbaycan alimləri diasporu” saytının Azərbaycan elminə verəcəyi töhfədən də danışıb:

“Saytın  yaradılmasının  bizə nə verəcəyini  soruşursuz. Əvvəla, bütün dünyaya Azərbaycan xalqının çox layiqli, elmə töhfə verən alimləri haqqında məlumat alacağıq. Bu zaman dünya xalqları da biləcək ki, Azərbaycanın belə dəyərli insanları var. Süni intellektin atalarından sayılan Lütfi Zadə azərbaycanlıdır. Lazer texnologiyasını ilk yaradan Əli Cavan azərbaycanlıdır. Bütün dünyaya bəyan edirik ki, yüksək intellektuala töhfə verən dühalar, zəkalar Azərbaycanda yetişib. Bu, birinci mesajdır.

İkinci mesaj həmin alimlərin, dünyanın müxtəlif ölkələrində yaşayan insanların bir-biri ilə tanış olması üçün ümumi bir mühitdir. Bunu yaradırıq ki, Yaponiyada yaşayan alim Türkiyədə yaşayan alimi tanıyıb ondan hər hansı məlumat alsın və sairə. Bu, internet mühitidir, hamı üçün əlçatandır. Bütün dünya azərbaycanlıları, xüsusən də alimləri bir-birini tanısın.

Üçüncü məsələ, Azərbaycanda böyüyüb boya- başa çatan, ali məktəbi bitirən, akademiyada  hansısa doktorantura təhsili alan insan da sabah həmin alimlərlə təmas qurub, onlarla birgə layihə həyata keçirmək,  müxtəlif konfranslara dəvət etmək,  öz elmi məktəblərinə yaxınlaşdırmaq kimi imkanlar əldə edəcək.

Dördüncü  məsələ odur ki, bütün Azərbaycan gəncləri qürur hissi ilə deyəcək ki, bu mənim həmyerlimdir, millətimin nümayəndəsidir. Düşünürəm ki, bütün bu məqsədlər qarşımıza qoyulub. Bu məsələlərdə Azərbaycan elmini inkişaf etdirməli, dünyaya inteqrasiya olunmalıyıq. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən azərbyacanlı alimlərin diqqətini bugünkü Azərbaycana cəlb etməliyik. Bu zaman təbii ki, onlar Azərbaycanın hər hansı probleminə biganə qalmayacaq”


Bu sayt “Ana səhifə”, “Sistem haqqında”, “Rəsmi sənədlər”, “Statistik göstəricilər”, “Faydalı linklər” və “Əlaqə” bölmələrindən ibarətdir. Saytın “Statistik göstəricilər” bölməsində xaricdə yaşayan alimlərin ölkələr və elm sahələri üzrə paylanması, eləcə də demoqrafik göstəricilərinə dair statistik rəqəmlər təqdim olunub. Statistik məlumatlara görə, Rusiyada 197, Türkiyədə 134, ABŞ-da 26 olmaqla, ümumilikdə, dünyanın 39 ölkəsində 500 azərbaycanlı alim fəaliyyət göstərir. Onlardan 440-ı kişi, 60-ı qadındır. Həmin alimlər, əsasən, riyaziyyat (91), tibb elmləri (54) və fizika (47) sahələrini təmsil edirlər.

Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən saytda müxtəlif göstərici üzrə axtarış imkanı da yaradılıb.

Bu sahənin mütəxəssisləri isə hesab edirlər ki, bu kimi işlər dünya çapında azərbaycanlıların intellektual, elmli olduqlarını bir daha ortaya qoyacaq.

Xüsusilə MDB məkanında haqqımızda yaradılmış “Bazar adamı” fikri bu kimi addımlarla əriyəcək.

Bir az da konkretləşdirsək, diasporla bağlı dövlət siyasətini həyata keçirən Diasporla İş üzrə Dövlət Komitəsinin son bir ildəki fəaliyyəti xaricdəki soydaşlarımızı bütün istiqamətlərdə bir çətir altında birləşdirir.  Bu mənada dünyadakı azərbaycanlı alimlərin virtual evinin yaradılmasını bütövlükdə xalqımız üçün böyük töfvə hesab etmək olar”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir