Modern.az

Baş redaktordan qəzet satışı firmalarına sərt İTTİHAM: “Haqsız tələblər qoyurlar!”   

Baş redaktordan qəzet satışı firmalarına sərt İTTİHAM: “Haqsız tələblər qoyurlar!”   

3 Aprel 2019, 16:33

“2010-cu ildə Bakı şəhərində fəaliyyət göstərən 485 qəzet köşkü ləğv edildi. Paytaxtda “Paris köşkləri” adı ilə yeni pressköşklər yerləşdirdilər. Cəmi 200 köşk qoyuldu və kirayə verildi. Amma bu gün həmin “pressköşklər” təyinatının əksinə olaraq, qəzet satışı ilə məşğul deyil”.

Bu barədə Modern.az-a “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı danışıb. Onun sözlərinə görə, qəzetlərin köşklərdə satışı ilə bağlı redaksiyalara ciddi maneələr törədilir:

“Bilirsiniz ki, son bir neçə aydır, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu (KİVDF) qəzetlərin qarşısına tirajın, satışın artırılması ilə bağlı müvafiq tələblər qoyub. Bu tələblərin irəli sürülməsinin məqsədi kimi qəzetlərin öz maliyyəsini formalaşdırması göstərilir. Amma paytaxt Bakıda fəaliyyət göstərən pressköşklər üçün ölkənin ən populyar, oxunan qəzetlərindən belə gündəlik cəmi 1 nüsxə qəzet götürülür. Bu isə gündəlik cəmi 200 nüsxə qəzet deməkdir. “Əks-səda” adlı qəzet satışı ilə məşğul olan şirkətə göndərilən qəzetlərin satılması nəticəsində “Şərq”in son bir ayda 235 manat gəliri formalaşıb. Şirkət səlahiyyətliləri isə gündəlik 200 nüsxə əvəzinə, 250 qəzet təqdim etdiyimiz üçün bizdən əlavə xidmət haqqı kimi 140 manat tələb edir. Düşünün, biz satışdan qazandığımız maliyyənin 70 faizə qədərini həmin şirkətə verməliyik. Belə vəziyyətdə qəzetlərin yayılmasından, oxunmasından necə danışmaq olar? Müqayisə üçün deyim ki, adını çəkdiyim şirkətə gündəlik 200 nüsxəlik qəzet satışı üçün 35-40 manat ödəniş edirdik. Bəs bu hansı məntiqə sığır ki, əlavə 50 qəzet üçün 140 manat ödəyək? Əgər burada qəzet satışına belə maneə törədilirsə, niyə həmin obyektlər pressköşk adlanır?”.

A.Aşırlı qeyd edib ki, bir neçə il əvvəl ölkə başçısı, Prezident İlham Əliyev baş redaktorlarla görüşündə də köşklərlə bağlı məsələyə münasibət bildirib, narahatlığını dilə gətirmişdi:

“Ölkə başçısına müraciət olundu ki, yeni köşklər təyinatı üzrə fəaliyyət göstərmir. Bütün narazılıqlara rəğmən pressköşk adlı bu obyektlərin fəaliyyətində heç bir irəliləyiş yoxdur. Pressköşkdə qəzet satılmayacaqsa, oxu mədəniyyətinin inkişafından, qəzet, kitab oxuma vərdişinin yayılmasından necə danışa bilərik? Belə çıxır ki, bu gedişlə klassik medianın, dəyərlərimizin üzərindən xətt çəkirik. “Qəzet dövrü keçib, oxuyan yoxdur” iddiasında olanlar məhz pressköşklərin bu əngəllərindən xəbərdar olmalıdırlar”.

 


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir