Modern.az

Qənirə Paşayevanın növbəti imza günü

Qənirə Paşayevanın növbəti imza günü

21 Dekabr 2011, 18:11

Dünən Azərbaycan Yazıçılar Birliyinin (AYB) NATAVAN Klubunda millət vəkili, Azərbaycan Yazıçılar Birliyinin üzvü Qənirə Paşayevanın “Onun sevgi məktubları” romanının növbəti “imza günü” mərasimi keçirilmişdir. Tədbiri giriş sözü ilə açan AYB katibi Rəşad Məcid, xanım Paşayevanın yeni kitabının da öncəki kitabları kimi böyük oxucu ilgisi gördüyünü məmnuniyyətlə vurğuladı. O,  “imza günü” keçirilən kitabın da müəllifin ilk bədii əsəri olduğunu özəlliklə qeyd edərək, “Onun sevgi məktubları”nın onda həm bir oxucu, həm də yazar olaraq xoş təəssürat yaratdığını dedi. Kitabın məziyyətləri haqqında öz fikirlərini bölüşən Rəşad Məcid “imza günü”nün xarakterinə uyğun olaraq müəllifin özünün daha ətraflı danışması və oxucuların suallarını cavablandırması üçün sözü Qənirə Paşayevaya verdi.

Qənirə Paşayeva, qısa zaman kəsiyində artıq dördüncü “imza günü” düzənlənən “Onun sevgi məktubları”na bəslənən ilgiyə görə bir müəllif olaraq oxuculara təşəkkürünü bildirdi. O, qeyd etdi ki, bu kitabın ötən ayın satış lideri olması, böyük oxucu ilgisi görməsi, habelə yeni “imza günləri” üçün təkliflər alması onu bir qələm adamı kimi nə qədər sevindirirsə, kitabın satışından əldə olunacaq vəsaitin bütünlüklə, ailə başçısını itirmiş, çoxuşaqlı imkansız bir ailənin mənzil probleminin həllinə yönəldilməsi baxımından daha çox təsirləndirir.

Sonra AYB sədrinin müşaviri Rauf Aslanov xalq yazıçısı, AYB sədri Anarın adından xanım müəllifi yaradıcılıq uğurlarına görə təbrik edərək, ona gül buketi təqdim etdi.

Professor Qəzənfər Paşayev, şair Musa Ələkbərli. kulturoloq Aydın Xan, gənc yazar Pərvin Məmmədli və başqları çıxış edərək, “imza günü” keçirilən kitab haqqında öz fikirlərini bölüşdülər.

Sonra Qənirə Paşayeva çıxışçılara, onun romanına ilgi göstərən bütün oxuculara bir daha öz təşəkkürünü yetirdi.

Tədbirin sonunda kitabların imzalanması mərasimi keçirildi.   

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu