Modern.az

Rəssam Adil Mirseyidin ilk fərdi sərgisi keçirilib

Rəssam Adil Mirseyidin ilk fərdi sərgisi keçirilib

21 Dekabr 2011, 22:21

Bu gün 60 yaşı tamam olan publisist, rəssam Adil Mirseyidin Müasir İncəsənət Mərkəzində Azərbaycan Respublikası Rəssamlar İttifaqı, millət vəkili Qənirə Paşayeva və Kulis.az-ın təşkilatçılığı ilə ilk fərdi sərgisi təşkil edilmişdi. 

Sərgini açan xalq rəssamı,Azərbaycan Rəssamlar İttifaqının katibi Ağa Əli İbrahimov Adil Mirseyidin  əsərləri ilə ilk dəfə geniş şəkildə burada tanış olduğunu qeyd edərək, belə gözəl əsərlər yaradan bir rəssamın indiyə kimi Rəssamlar İttifaqına müraciət etmədiyindən təəccübləndiyini ifadə etmişdi.

 

Sərginin açılışında çıxış edən millət vəkili Qənirə Paşayeva sərgiyə dəstək üçün gələn insanlara öz təşəkkürünü bildirdi: “Mən Adil müəllimə təşəkkür edirəm. Təşəkkür edirəm ki, o var və biz bu gün onun sənətinin işığına toplaşmışıq. Biz hamımız fəxr edəcəyik ki, sizin bu gözəl əsərləriniz bizim evimizdə də var. Bura gələn insanlar da onu sevdikləri üçün gəliblər. Biz sizin yaradıcılığınızı dəyərləndiririk. Ona görə burdayıq”.

 

Sərginin açılışında çıxış edən millət vəkilləri Adil Əliyev, Etibar Hüseynov, Gülər Əhmədova, Ceyhun Osmanlı Adil Mirseyidin əsərlərini bəyəndiklərini və burada iştirakdan məmnun olduqlarını dedilər.

 

Sərgidə iştirak edən “APA-Group”un baş direktoru Vüsalə Mahirqızı rəssam, şair Adil Mirseyidin ilk fərdi sərgisində rəssamın “Avtoportret”ini alaraq sonra onun özünə hədiyyə etdi.

 

Çıxışlar bitdikdən sonra sərgiyə gələnlər rəssamın əsərlərini, eləcə də onun “Ay süvarisi” şeirlər kitabını aldılar. Bir neçə saat ərzində Adil Mirseyidin sərgiyə çıxarılmış bütün əsərləri satılıb qurtardı.

 

Qeyd edək ki, xeyriyyə məqsədi daşıyan sərgidən əldə olunan gəlir hazırda səhhətində ciddi problemlər yaşayan Adil Mirseyidin müalicəsinə sərf olunacaq.

 

  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu