Modern.az

Gənclik və dövlət rəmzləri...

Gənclik və dövlət rəmzləri...

Mədəni̇yyət

22 Dekabr 2011, 12:49

Modern.az saytı Milli Məclisin deputatları ilə Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsil alan tələbələr arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edən layihə həyata keçirir. Bu layihə çərçivəsində deputat müxtəlif janrlarda yazı yazan tələbələrin məqalələri Modern.az saytında yerləşdirilir. 
Bu dəfə 105 saylı Tovuz seçki dairəsindən deputat Qənirə Paşayeva tələbələrin intellektual gücünü yoxlayır. Deputat bildirib ki,  “Dövlət rəmizləri və gənclik” mövzusunda tələbələrin yazılarına çox diqqətlə baxacaq: “Mən tələbələri bu məsələdə fəal olmağa çağırıram”.   
Aşağıdakı yazı bu layihə çərçivəsində hazırlanıb.

***

İnsan həyatının hər dönəmi gözəldir və dəyərlidir. Lakin gənclik illəri sanki həyatımızın bazisini təşkil edir.

Müstəqillik, azadlıq insana xas xüsusiyyətlərdir. Dahi bir filosof qeyd edir ki, mənim hər şeyimi məndən ala bilərsən lakin azadlığımı məndən alma. Biz azərbaycanlıların azadlığına, müstəqilliyinə göz dikdilər. Lakin azadlğa meylli xalqımız öz müstəqilliyini bərpa etdi və müstəqilliyinin rəmzlərini qəbul etdi.

Bayrağımız, gerbimiz, himnimiz! Dalğalandığında fəxr hissi ilə seyr etdiyimiz bayrağımız ilk olaraq  Azərbaycanın zəngin tarixinin şanlı dönəmlərindən olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə qəbul edildi. 1991-ci ildə müstəqilliyimizi elan etdikdən sonra üçrəngli bayrağımız Azərbaycanın dövlət bayrağı oldu.  Türk mənşəli olduğumuzu bayrağımızın mavi rəngində, müasir cəmiyyət quracağımızı, demokratiyanı inkişaf etdirəcəyimizi bayrağımızın qırmızı rəngində, islam svilizasiyasına mənsub olduğumuzu yaşıl rəngdə təsdiqlədik.

Müstəqilliyimizin rəmzlərindən biri gerbimizdir. Dövlət gerbimiz palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən şərq qalxanının təsvirindən ibarətdir. Qalxanın üzərində Azərbaycan Respublikasının dövlət bayrağının rəngləri fonunda səkkizgüşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır.

Duyduğumuzda əlimizi ürəyimizin üzərinə qoyub, sevə-sevə, fəxrlə oxuduğumuz himnimiz 1919-cu ildə böyük bəstəkarımız Üzeyir Hacıbəyli və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş “Azərbaycan marşı” Azərbaycan dövlət himni kimi təsdiq edilmişdir.

Dövlətin əsas hərəkətverici qüvvəsi gənclərdir. Dünyanın hər yerində bayrağımızı fəxrlə dalğalandırmaq, himnimizi çaldırmaq bizim öhdəmizə düşür. Dövlət rəmzlərinə qarşı olan həssaslıq hissi hər bir vətəndaşa məxsusdur. Bayrağımıza olan hörməti digər ölkələrin nümayəndələrindən də gözləyirik.

Düşünürəm ki, rəmzlərə qarşı ola biləcək hər hansı hörmətsizlik diplomatiyada diplomatik etiket qaydalarının pozulmasından əlavə xalqın mənəviyyatına toxunmaqdır.

Gənclik bizə verilən töhfədir. Bunu lazımıca dəyərləndirmək, bu illərdən faydalanmaq biz gənclərin məsuliyyətindədir. Azərbaycan Respublikasının gənclərə göstərdiyi qayğını göz önündə tutaraq gəncliyin nə qədər dəyərli olduğunu və bu illərdə nələrə nail ola biləcəyimizi anlaya bilərik.

Çox xoşbəxtəm və fəxrliyəm! Çünki Müstəqil Azərbaycan Respublikasının müstəqil düşüncəli, gənc vətəndaşıyam. Hər zaman başımın üzərində üçrəngli bayrağımın dalğalanacağına əmin olduğum üçün xoşbəxtəm. Hər zaman fəxr hissi ilə dinləyəcəyim və sevə-sevə oxuyacağım himnimin olduğu üçün fəxrliyəm. Yaxın zamanda bayrağımı Qarabağda dalğalandırıb, gerbimi Qarabağda taxıb və himnimi Qarabağda səsləndirəcəyimə əmin olduğum üçün fəxrliyəm və xoşbəxtəm!

Rəfiqə Şükürova
Qərb Universiteti “Siyasi elmlər” fakültəsi

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu