Modern.az

Dövlət rəmzlərinin təbliği və vətənpərvərlik ruhu

Dövlət rəmzlərinin təbliği və vətənpərvərlik ruhu

22 Dekabr 2011, 13:06

Modern.az saytı Milli Məclisin deputatları ilə Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsil alan tələbələr arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edən layihə həyata keçirir. Bu layihə çərçivəsində deputat müxtəlif janrlarda yazı yazan tələbələrin məqalələri Modern.az saytında yerləşdirilir. 
Bu dəfə 105 saylı Tovuz seçki dairəsindən deputat Qənirə Paşayeva tələbələrin intellektual gücünü yoxlayır. Deputat bildirib ki,  “Dövlət rəmizləri və gənclik” mövzusunda tələbələrin yazılarına çox diqqətlə baxacaq: “Mən tələbələri bu məsələdə fəal olmağa çağırıram”.   
Aşağıdakı yazı bu layihə çərçivəsində hazırlanıb.

***

Tarixi mənbələr, maddi mədəniyyət və incəsənt abidələri sübut edir ki, keçmişdə Azərbaycan ərazisində yerləşən dövlətlərin müxtəlif rəmzləri, həndəsi və nəbati ornamentlərdən, quş və heyvan təsvirlərindən ibarət nişan və emblemləri, ərəb hərfləri ilə yazılmış xəttatlıq nişanələri - «turğa»ları olmuşdur. Məsələn, Səfəvilər dövlətinin 12 qırmızı zolaqlı baş geyimi rəsmi fərqlənmə nişanı kimi qəbul olunmuşdur. Hökmdarlara məxsus belə rəmzlər Azərbaycanda müstəqil və yarımmüstəqil kiçik dövlət qurumları sayılan xanlıqlar dövründə də geniş yayılmışdır. Tarixi dövr ərzində qeyd olunan bu emblemlər müxtəlif olmasına baxmayaraq, mahiyyət etibarı ilə eyni funksiyaları daşımışlar. Hər bir atribut məxsus olduğu dövlətin xarakterini, milli adət-ənənələri, mifik və dini görüşlərini təmsil etməlidir.

Qeyd etdiyimiz bu kimi funksiyalar özünü müasir çalarları ilə müstəqil Azərbaycan Respublikasının dövlət rəmzlərində də göstərməkdədir. Dövlət rəmzləri dövlətin rəsmi fərqləndirici əlamətləridir və onlar bir çox dövlətlərin konstitusiyasında öz əksini tapmışdır. Məhz demokratik, hüquqi respublika olan Azərbaycan Respublikasının Konstitusiyasının 23-cü maddəsində Azərbaycan dövlətinin rəmzləri təsbit olunmuşdur: «Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət himnidir».

Müasir dövrdə daha da təkmilləşdirilən milli atributlarımız bir sıra funksiyaları daşıyır. Belə ki, dövlət rəmzləri Azərbaycan Respublikasını beynəlxalq hüququn subyekti kimi beynəlxalq təşkilatlarda fərqləndirən və tanıdan rəmzlərdir. Eyni zamanda dövlətimizin beynəlxalq aləmə inteqrasiyasının əsas strategiyasını özündə ehtiva edirlər (dövlət bayrağımızdakı smivollar türk milli mədəniyyətinin, müasir Avropa demokratiyasının və islam sivilizasiyasının simvollarıdır).

Ümummilli liderimiz Heydər Əliyev qeyd edir ki, «Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir. Vətəndaşlarımıza, xüsusən gənclərimizə dövlət atributlarına dərin ehtiram hisslərinin aşılanması cəmiyyətdə vətənpərvərlik ruhunun möhkəmləndirilməsi işinə bilavasitə xidmət edir…».

Vətənpərvərlik nədir ki, onun tərbiyə olunması vasitəsi kimi dövlət çıxış edir?

Öncə onu qeyd etmək yerinə düşər ki, vətən dedikdə, torpaq, dövlət, din, dövlət dili, milli adət-ənənələr, xalq və s. mütərəqqi dəyərləri özlüyündə birləşdirən sosial ünsür başa düşülür.

Məhz elə vətənpərvərlikdə qeyd olunan bu mütərəqqi dəyərlərə sevgidə, sayqıda, hörmətdə və ehtiram edilməsində özünü göstərir. Vətənpərvərlik daxildən gələn bir hissdir ki, bu hissləri də müəyyən vasitələrlə tərbiyələndirmək, düzgün istiqamətə yönəltmək lazımdır. Bu vasitələrdən biri də dövlət rəmzlərinin təbliğidir, onun məna və məzmununun düzgün izah edilməsidir.

Dövlət rəmzləri xalqımızın müqəddəs predmetləri kimi özündə xalqa məxsus olan ən ali dəyərlərin simvollarını daşıyır. Bu ali dəyərlər hansılardır?

Bayraq sözü müasir anlamda dövlətçilik termini olaraq, dövlətimizin, millətimizin müstəqillik, suverenlik, milli azadlıq və istiqlal rəmzi, simvolu funksiyasında işlənməkdədir. Dövlət bayrağı, milli bayraq müqəddəs dövlətçilik atributlarından sayılır. Çünki dövlət bayrağı Azərbaycan Respublikasının milli müstəqilliyini, azadlığını, dövlətçiliyini əks etdirir.

Bəs Azərbaycanın dövlət bayrağındakı simvolların məna və funksiyası nədən ibarətdir?

Bu gün müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini ifadə edən «Türkçülük, islamçılıq və müasirlik» düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir.

Bir qədər sonralar M.Ə.Rəsulzadə «Azərbaycan Cümhuriyyəti» kitabında (Ankara, 1923) yazırdı: «Azərbaycan bayrağındakı mavi rəng türklüyü, yaşıl rəng müsəlmanlığı, al rəng də təcəddüd və inqilab rəmzi olmaq həsbilə əsrliyi tərmiz edər ki, möhtərəm Ziya Göyalp bəyin «türk millətindənəm, islam ümmətindənəm, Qərb mədəniyyətindənəm» düsturunu ifadə etmiş olur».

Azərbaycan dramaturqu Cəfər Cabbarlının «Azərbaycan bayrağına» şeri xüsusi maraq doğurur.

…Bu göy boya göy moğoldan qalmış bir türk nişanı,
Bir türk oğlu olmalı!
Yaşıl boya islamlığın sarsılmayan imanı,
Yürəklərə dolmalı!
Şu al boya azadlığın, təcəddüdün fərmanı,
Mədəniyyət bulmalı!...

Milli bayrağımızdakı rənglərin ifadə etdiyi türklük, müasirlik və islamlıq anlayışlarının tarixi kontekstdə ifadə etdiyi məzmun və əhatə etdiyi məsələləri qısaca yada salmaq yerinə düşərdi:

1. Türklük dedikdə, əsasən, bunlar nəzərdə tutulurdu:

* Azərbaycanlıların qədim və zəngin mədəniyyətə, ulu keçmişə malik olan türk dünyasının bir hissəsi, türk soylu, türk əsilli, türk mənşəli bir millət olduğunu, həm də «millətlərin ən qədimi və ən ulusu», «türk oğlu türk olduğunu (Ə.Hüseynzadə) xalqa anlatmaq, zorla unutdurulmuş qan yaddaşının bərpasına çalışmaq;

Yeri gəlmişkən deməliyik ki, mavi (göy) rəng qədim türklərdə mövcud olmuş dini inanc - Tanrıçılıq dini ilə bağlıdır. Qədim türklər Tanrıya (Allaha) «Göy Tanrı» deyə müraciət edirdilər. Onların inancına görə, göy (mavi) sözü səmanın rəngini bildirdiyi üçün müqəddəs sayılırdı. Buna görə də, göy (mavi) rəng müqəddəs göyün olduğu kimi, həm də Tanrının (Allahın) simvolu idi. Heç təsadüfi deyil ki, tarixdə türk adıyla yaranmış ilk dövlətin - Göytürk dövlətinin (VI-VIII əsrlər) adında da göy sözü vardı və həmin dövlətin bayrağı da göy (mavi) rəngdə idi.

Deməli, mavi rəng əski türk inancları ilə bağlı olaraq türklüyün rəmzi, simvolu kimi Azərbaycan bayrağına daxil edilmiş, XX əsrin əvvəllərində milli tərəqqi və milli istiqlalın siyasi doktrinası olan «türkləşmək, müasirləşmək, islamlaşmaq» ideoloji modelinin bir istiqamətini simvollaşdırmışdır.

II. Müasirləşmək dedikdə, aşağıdakı prinsiplər nəzərdə tutulurdu:

* müasirləşmək, avropalaşmaq heç də Azərbaycan, türk-islam, Şərq sivilizasiyasından, mədəniyyətindən əl çəkmək, onu inkar etmək və Qərb mədəniyyətini kor-koranə qəbul etmək demək deyildi. Müasirləşmək mahiyyətcə əslində Avropa elm, texnika və mədəniyyətinin ən yeni nailiyyətlərini dərindən mənimsəməklə milli mədəniyyətimizi yaşatmağı, inkişaf etdirməyi, ümumbəşəri dəyərlərdən yararlanmağı nəzərdə tuturdu.

Beləliklə, aydın olur ki, Azərbaycan milli bayrağındakı qırmızı zolaq məna və funksiya baxımından milli azadlıq və istiqlalı, sivil, dünyəvi, demokratik dövlətçilik prinsiplərini əsas tutan müasirliyi, çağdaşlığı ifadə edir.

III. İslamlaşmaq deyəndə, ilk növbədə bunlar əsas tutulurdu:

* islamlaşmaq - mahiyyətcə ortodoks dini doktrinanın dirçəldilməsi deyil, əksinə, azərbaycanlıların həyat tərzi olan islam dininə məxsus ümumbəşəri mənəvi-əxlaqi dəyərlərin bərqərar olması demək idi və eyni zamanda, milli-mənəvi təkamüldə islami dəyərlərə üstünlük verilməsini nəzərdə tuturdu.

Burayadək «türkləşmək, müasirləşmək, islamlaşmaq» milli ideoloji modeli barədə deyilənlərdən məlum olur ki, türkçülük və islamçılıq ideyaları milli və dini məfkurə kimi Azərbaycan xalqının milli mənlik şüurunun, milli azadlıq və istiqlal ideallarının dirçəlməsinə kömək edirdisə, müasirləşmək onun iqtisadi dirçəlişinə, mədəni və siyasi yetkinliyinə, müasir demokratiyaya yiyələnməyinə imkan verirdi.

Səkkizguşəli ulduza gəldikdə, deməliyik ki, bu simvolun da tarixi çox qədimlərlə, əski inamlarla, mifik görüşlərlə bağlıdır. F.Kurtoğlu bu məsələnin tarixindən danışarkən, yazır ki, «əski şumerlərə aid bir damğada bir ay içində səkkizguşəli bir ulduza təsadüf edilmişdir. Səkkizguşəli ulduzun nəyin simvolu olduğunu araşdıran müəllif belə nəticəyə gəlir ki, həmin damğadakı ay və səkkizguşəli ulduz təsviri ay və günəşin simvolu olub, biri gecəni, digəri gündüzü təcəssüm etdirir.

Beləliklə, Azərbaycan bayrağında əks olunan simvolların təhlili göstərir ki, mavi rəng - türklüyü, qırmızı rəng - müasirliyi, yaşıl rəng - islamlığı, aypara və səkkizguşəli ulduz isə qədim inamlara bağlı olub, Ay və Günəşi bildirməyə xidmət edir.

Azərbaycanın dövlət gerbindəki simvolların məna və funksiyası

Qalxandakı 8 düymə isə günəşin səkkiz şüasına müvafiq olaraq verilmişdir və xüsusi funksiya daşımır.

Araşdırmalar göstərir ki, Azərbaycan Respublikasının Dövlət gerbində QALXAN - azərbaycanlıların şərq xanlıqlarından biri, Azərbaycanın isə Şərq dövləti kimi özünü müdafiə qüdrətinə malik olduğunu, qalxanın üzərindəki dairəvi ÜÇRƏNG - milli  bayrağımızdakı simvolları (türklük, müasirlik, islamlıq), SƏKKİZGUŞƏLİ ULDUZ - ədəbiyyat rəmzi olan Günəşi, ALOV - «Odlar yurdu»nu - Azərbaycanı, PALID BUDAQLARI - milli hərbi qüdrətimizi, SÜNBÜL - Vətənimizin bolluğunu, bərəkətliliyini, çörəyə olan müqəddəs münasibətini, GÜNƏŞİN AĞ RƏNGDƏ verilməsi isə Azərbaycan dövlətinin sülhsevərliyini, xalqımızın sülh, barış, əmin-amanlıq tərəfdarı olduğunu bildirməyə xidmət edir.

Himnin bir dövlətçilik və istiqlal simvolu kimi mənşəyi türk xalqları, o cümlədən Azərbaycan dövlətçiliyi tarixində qədimdir. Türk mifoloji düşüncəsinə, dövlətçilik ənənəsinə görə, bayraq və təbil («əsgəri musiqi» alnamında) dövlət və istiqlalın ən müqəddəs rəmzlərindən sayılırdı. Bu günki anlamda himni əvəz edən tarixi təbil («əsgəri musiqi») müəyyən günlərdə və yerlərdə yalnız hökmdarın icazəsi, qərarı ilə çalınırdı. Türk dünyasının ən uzunömürlü dövləti olmuş Osmanlı imperatorluğunda dövlətin əsgəri musiqisi əvvəllər «mehtərxaneyi-humayun» («imperatorluğun, hökmdarın əsgəri musiqisi»), sonralar isə həmin imperatorluğun axırınadək (1923-cü ilədək) «musiqiyi-humayun» («dövlət musiqisi») adlanırdı. Çox maraqlıdır ki, dövlət musiqisi-təbil çalınarkən, hökmdar istisna olmaqla, hamının onu ayaqüstə dinləməsi bir qanun idi.

Bu nümunələr göstərir ki, dövlətçiliyimizdə dövlət himninin - milli marşın - milli himnin mənşəyi və tarixi təkamülünün əsasını təşkil edən qədim və zəngin dövlətçilik ənənələrimiz olub və XX əsrin əvvəllərindən etibarən müasir anlamda, Avropa tipli himnin formalaşması prosesi məhz həmin ənənələr və ümumbəşəri dəyərlər əsasında baş verib.

Təəssüflə qeyd etməliyik ki, dövlət rəmzlərinin cəmiyyətimizdə, dövlətçiliyimizdə tutduğu yer və mövqe, məna və funksiyası Azərbaycan cəmiyyətinə, ölkə vətəndaşlarına dəyərincə izah və təbliğ olunmamış, millətimizdə, xalqımızda dövlət rəmzlərinə sevgi, məhəbbət və hörmət və ehtiram hisslərinin aşılanması, xüsusən Azərbaycan gəncliyinin milli vətənpərvərlik tərbiyəsi sahəsində sistemli iş aparılmamışdır. Hesab edirəm ki, ilk dəfə olaraq ümummilli liderimiz tərəfindən irəli sürülərək, əsaslandırılan «Azərbaycan vətəndaşlarında dövlət rəmzlərinə olan məhəbbət eyni zamanda vətənə, xalqa, dövlətə olan məhəbbətə bərabər olmalıdır» konseptual prinsipi rəhbər tutularaq, yuxarıda qeyd etdiyim sistemli iş iki əsas istiqamət üzrə təşkil olunmalı və təkmilləşdirilməlidir:

- qanunvericilik fəaliyyəti nəticəsində bu sahədə hüquqi bazanın formalaşdırılması.

Etiraf etməliyik ki, bu sahədə kifayət qədər iş görülmüşdür. Dövlətin Ana Qanunu qəbul edilənədək, dövlət rəmzləri barədə müxtəlif xarakterli normativ-hüquqi aktlar qəbul edilmişdir. Bu silsiləyə hər bir dövlət rəmzi barədə ayrı-ayrılıqda Əsasnamələri, bu Əsasnamələrin təsdiq olunması barədə qanunları aid etmək olar.

Milli dövlətçilik rəmzlərinin Azərbaycan Respublikasının Konstitusiyasının iki maddəsində (23 və 75-ci maddələr) təsbit olunması ilə qanunvericilik səviyyəsində təsdiqi və tam formalaşması prosesi başa çatmış oldu. Azərbaycan Respublikasının Konstitusiyasının «Azərbaycanın dövlət rəmzləri» adlanan 23-cü maddəsində həmin atributların tərkibi və onları müəyyənləşdirən qanunvericilik aktları təsbit edilmişdir.

Konstitusiyamızın «Dövlət rəmzlərinə hörmət» adlanan 75-ci maddəsində isə deyilir: «Hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninə hörmət etməlidir».

Azərbaycanın dövlət müstəqilliyi atributlarının vətədaş cəmiyyətinin formalaşmasında, gənclərin vətənpərvərlik tərbiyəsində rolunu nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev 1998-ci il martın 13-də «Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında» Sərəncam imzaladı.

Qeyd olunan normativ-hüquqi aktlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 324-cü maddəsində qeyd olunan Azərbaycan Respublikasının dövlət bayrağı və dövlət gerbi barəsində təhqiredici hərəkətlərə görə cinayət məsuliyyətini nəzərdə tutan normasında qeyd olunan hüquqi bazaya aid etmək olar.

- dövlət atributlarının məzmun və mahiyyətinin düzgün təbliği.

İlk öncə onu qeyd edim ki, bu sahədə aparılan iş əsasən ailədən başlanmalı və tədrislə, təhsillə davam etdirilməlidir. Vətənpərvərlik hissləri insanlara uşaq vaxtından aşılanmalıdır. Xalqımızın təbii xüsusiyyəti ondan ibarətdir ki, xalqımız vətənpərvərdir. Tədrisin, tərbiyənin bu sahədə böyük əhəmiyyəti vardır. Çünki müstəqil Azərbaycanın gələcəyi olan gənclərin tərbiyəsi, təhsili bu günki təhsil sistemində təlim-tərbiyə işini necə qurmağımızdan, milli müstəqilliyimizin atributlarına dərin hörmət və məhəbbət hissini aşılamaq bacarığından çox asılıdır. Ona görə ki, milli müstəqillik rəmzlərinə hörmət əslində Vətənimizə, millətimizə, xalqımıza, Azərbaycanımıza ehtiram deməkdir.

Bu gün Azərbaycan milli təhsilinin qarşısında duran başlıca vəzifələrdən biri gəncliyin Azərbaycanın dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninə hörmət, ehtiram ruhunda tərbiyə edilməsi yolu ilə vətəndaş cəmiyyətinin formalaşmasına, Azərbaycanın müstəqilliyinin əbədi ediləcək vətənpərvər gəncliyimizin yetişdirilməsinə nail olmaqdan ibarətdir. Lakin etiraf etməliyik ki, son illərədək Azərbaycanın təhsil müəssisələrində, eləcə də bütövlükdə cəmiyyətdə dövlət atributlarına münasibətdə bir laqeydlik, formal münasibət özünü göstərirdi. Halbuki milli müstəqilliyin, azadlığın müqəddəs atributlarına - bayrağa, gerbə, himnə münasibət əslində hər bir Azərbaycan vətəndaşının, hər bir Azərbaycanlının dövlətimizə, millətimizə, dövlətçiliyimizə olan münasibətini əks etdirir. Milli atributlarımızdan olan Dövlət bayrağına keçmişdən qalan ənənələrə görə o qədər də əhəmiyyət verilmirdi, bayraq müəyyən qədər formal xarakter daşıyırdı. Ancaq biz yeni bir həyatdayıq. Biz öz müstəqil dövlətimizdə, ölkəmizdəyik.

Qeyd olunan bu problemin aradan qaldırılması üçün dövlət atributlarının təlim-tərbiyə müəssisələrində tədrisi, təbliği, öyrədilməsi sahəsində təhsil işçilərinin qarşısında duran vəzifələr müəyyənləşdirilməli, təhsilimizin məzmununda dövlət müstəqilliyimizin məna və məzmun daşıyıcılarından olan dövlət rəmzlərinin yeri və rolunu aydınlaşdıran konsepsiyadan irəli gələn vəzifələrə əməl edilməsi işi təkmilləşdirilməli və bunlara nəzarət mexanizmi müəyyənləşdirilməlidir.

Qeyd edək ki, təbliğat işi təkcə təlim-tərbiyə, təhsillə kifayətlənmir. Bu sahədə kütləvi informasiya vasitələri də geniş miqyaslı maarifləndirmə işi apara bilər və aparmalıdır. Televiziya kanalları dövlət atributlarına, onların məna və məzmununa, tarixi inkişafına dair silsilə verilişlər hazırlayıb təqdim etməlidirlər.

Maarifləndirmə işinin təşkilində qeyri-hökumət təşkilatları da iştirak etməlidir. Onlar gənclərlə bu səpkidə müxtəlif seminarlar, konfranslar təşkil edib, gənclərdə dövlət atributları barədə düzgün ideya formalaşdırmalıdırlar.

Yekun olaraq qeyd edə bilərəm ki, müasir Azərbaycan gənclərinə dövlət rəmzlərinin təbliği ilə bağlı müxtəlif xarakterli problemlərin olmasına baxmayaraq, gənc nəslin əksər hissəsində Azərbaycanın Dövlət rəmzlərinə hörmət, sevgi, məhəbbət və ehtiram hissi formalaşmışdır. Bu günki siyasətimizin böyük uğurlarındandır. Çünki, Dövlət atributlarının mahiyyətinin və əhəmiyyətinin əhali arasında geniş təbliğ olunması, gənc nəslin Azərbaycanın bayrağına, gerbinə və himninə hörmət ruhunda tərbiyə edilməsi vətəndaş cəmiyyətinin yaradılmasının mühüm amillərindən biridir.

Rövşən Rzayev
Polis Akademiyası

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir