Modern.az

“O, deputatları yaltaq və müti adlandırır, özünə hörmət edən təhqirə yol verməz” - MÜSAHİBƏ

“O, deputatları yaltaq və müti adlandırır, özünə hörmət edən təhqirə yol verməz” - MÜSAHİBƏ

Müsahibə

5 Aprel 2019, 10:39

“Vəzifə tutan bəziləri elə düşünür ki, ömrünün axırına  kimi kresloda oturacaq”


Tahir Rzayev: “Oğlum rayonda yaşayır”

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev Modern.az-a geniş müsahibə verib. Onunla söhbəti təqdim edirik:


- Tahir müəllim, çox zaman sizi bələdiyyələrlə bağlı danışdırırıq. Bu dəfə istərdim ki, söhbətimizə bir qədər fərqli məcrada başlayaq. Siz həm də Milli Məclisin Ailə, qadın və uşaq problemləri üzrə komitəsinin üzvü olduğunuzdan bu sualla sizə müraciət etmək istərdim. Çox zaman insanların şəxsi məsələləri lentə alınmış şəkildə sosial şəbəkələrdə yayılır. Bu cür neqativ halların yaranmasına səbəb kimi təhsilsizlik göstərilir.

- Sosial şəbəkələrdə insanların həyatı, şəxsiyyəti, ailə məsələləri ilə bağlı məqamların eybəcər şəkildə işıqlandırılması düzgün deyil. Bu, cəmiyyət həyatına da ziddir. Dünyada nöqsansız, problemsiz insan olmur. Təəssüf ki, son vaxtlar təkcə Azərbaycanda deyil, dünyada da  eybəcərlikləri qabartmaq istəyirlər. Bu bir növ təbliğat vasitəsi olub. İnsanlar bununla özünü təbliğ etmək istəyirlər. Bəzi insanlar var ki, yad meyllərə uyurlar. Bunun da savadsızlıqdan irəli gəldiyini düşünürəm. Savadlı adam heç vaxt elə məsələlərə getməz. Məsələn, oturub düşünər ki, mənasız filmlər mənə nə verəcək? İnsan həyatı mədəniyyət, gözəllik, səmimiyyət, dostluq,  qardaşlıq üzərində qurulub. Son yazılarımda da, Milli Məclisin iclaslarında da demişəm ki, ağıllı insan təhqirlərlə, zorla danışmaz. Rəhmətlik Heydər Əliyev deyirdi ki, ağıl olan yerdə zora ehtiyac yoxdur. Bu günlərdə sizin saytınızda Sevinc Osmanqızı haqqında yazım çıxmışdı. Onun atasını da, əmisini də yaxşı tanıyırdım. Bunlar ziyalı ailəsi idi. Ancaq Sevincin son dövrlərdə yazılarını oxuyandan sonra məndə ikrah hissi doğurur. Azərbaycana, dövlətə, dövlət rəhbərinə qarşı çıxışlar edir. Millət vəkillərini yaltaq, müti adlandırır. Əvvəla, özünə hörmət qoyan adam belə təhqirlərə yol verməz. Təhqir edirsənsə, mütləq cavabını alacaqsan. Bunu ümumilikdə cəmiyyətin həyatına şamil etmək olmaz. Əgər Tahir Rzayevin nöqsanı varsa, deyə bilərsiniz ki, filan məsələdə dediyiniz fikirlər doğru anlaşılmır. Bu formada desəydiniz daha yaxşı olardı. Bu zaman mən də nöqsanlarımdan nəticə çıxararam. Ancaq insanları təhqir etmək cəmiyyəti pis tərəfə aparır.

- Əslində dediklərinizdən belə nəticəyə gəlmək olur ki, iki kateqoriya insan tipi var. Biri təhsilsiz olub təhqir etmək, bir də ziyali qiyafəsində insanları təhqir etmək. Yeri gəlmişkən, YAP-ın qurucularından olan ziyalı Əli Nağıyevin YAP üzvləri barədə dedikləri də etiraza səbəb oldu. Bunu necə xarakterizə edə bilərsiniz?

- İnsan həyat yolu keçirsə, keçdiyi yola daim baxmalıdır. Rəhmətlik Hacı Zeynalabdin Tağıyev hambal kimi çalışdığı vaxtlarda istifadə etdiyi əşyanı başının üzərindən asırmış. Hər gedəndə ona baxıb keçmişini yada salırmış. İndi bu adamlar gərək dünənlərini, vəzifədə olduğu və çıxdığı anları da yada salsınlar. Bəziləri var ki, 10 gün bundan qabaq başqa cür, 10 gündən sonra tamam başqa söz danışır. Əsl ziyalılar belə adamlara nifrət edir. Vəzifədə olanda da, çıxanda da insanın əqidəsi bir olmalıdır.  Əgər YAP-ı istəmirdinsə, onun üzvlərini qoyun, inək adlandırmaq nə dərəcədə doğrudur? Axı YAP-ın çox dəyərli ziyalıları var. Əgər bu partiyanı istəmirsənsə, ərizəni yaz və çıx. Deyirsən ki, “partiyanı mən yaratmışam. Heydər Əliyev ideyalarından qaynaqlanır. Bu partiyanın sədri cənab İlham Əliyevdir və ondan əvəzsiz insan yoxdur. O ancaq hakimiyyətdə ola bilər”. Əgər belə deyirsənsə, o zaman YAP-çılar haqqında belə fikirdə olmaq düzgün deyil. Bu, əqidəsizlikdir. Biz partiyaya hansısa əqidəyə,  vəzifəyə sahib omaqdan ötrü gəlməmişik. Heydər Əliyevin əqidəsini qəbul edib arxasınca getmişik. O dövrdə YAP-a ilk qoşulanların tərkibində olmuşam. Cəbhə hakimiyyətə gələndə Raykomun ikinci katibi idim. O zaman ərizəmi yazıb çıxdım. Neçə dəfə çağırsalar da getmədim.Deməyim odur ki, bir əqidəyə qulluq etmişəm.


- Ancaq cəbhə dövründə aktiv çalışan bəzi həmkarlarınız indi də müxtəlif vəzifələrdə çalışırlar.

- Cəbhə dövründə müəyyən dairələr tərəfindən mənə də vəzifə təklif olunmuşdu.  Ancaq onlarla işləmək istəmədim. Çünki ruhuma uyğun deyildi. 4 il işsiz qaldım. Çünki cəbhəçilərin ideyasını qəbul edə bilmədim. Leyla Yunus,  Zərdüşt Əlizadə,  Rəhim Qazıyev kimilər gəlib insanlara başqa yol göstərirdilər. Qarabağ adı altında başqa təbliğat aparırdılar. Onlarla barışmadım. İndi Əli Nağıyev  partiya üzvlərini necə hörmətli etdiyini unudub. Vəzifədən çıxan kimi “bu partiyada olanlar rüşvətxordur, yaramazdır” deyirsən. Bu da ola bilər. Müəyyən adamlar var ki, partiyanın prinsiplərinə xələl gətirə,  nöqsanlara yol verə bilərlər. Bütün cəmiyyətlərdə də belədir. Ancaq sən otur, insanları nəyəsə bənzət. Bu doğru deyil.

- Tahir müəllim, ola bilərmi ki, Əli Nağıyevin içində vəzifə arzusu olsun?! Demək olarmı ki, vəzifə arzusunun gerçəkləşməməsi qısqanlığa gətirib çıxartsın? Məsələn, “mənimlə eyni dövrdə vəzifə tutanlar,  indi də işləyir. Mən isə işsizəm”. Belə düşüncədə ola bilərmi?


- Bu da ola bilər. Normaldır. Vəzifədə daimi olmaq mümkün deyil. Vəzifə elə səlahiyyət dairəsidir ki,  müəyyən müddət də,  ömrünün sonuna qədər də ola bilərsən. Mən də sabah deputat olmaya bilərəm. O zaman deməliyəm ki, YAP, yaxud da üzvləri  pisdir?! Təəssüflər olsun ki, Azərbaycanda vəzifədə oturan bəziləri elə düşünür ki, ömrünün axırına  kimi vəzifədə olacaqlar. O stol dəyişə bilər. Sən yüksək, ya da  aşağı vəzifəyə də gedə bilərsən. Son vaxtlar partiya haqqında müəyyən sözlər danışan adamlar bir vaxtlar müəyyən vəzifələr tutublar. Bir il yox, 10, 20 il vəzifə sahibi olublar, prinsipləri yerinə yetiriblər. Necə yəni 20 il bu partiyada ol, xidmət elə,  böyük vəzifə tut.  Üstəlik bu partiyada olanların kim olduğunu bilmə. Adama deyərlər, sən necə rəhbər idin?! Kim kimi təhqir edirsə, özünə edir. İkincisi, təhqirə yol vermək olmaz. Bu gün mən işləmişəmsə, sabah ağıllı və savadlı gənclər gəlməlidir. Kimsə bir az yaşlaşıbsa, onu çölə tullamaq olmaz axı!


- Söhbətimizin məcrası dəyişir. Güman ki, deputatlarımızın yaş məsələsinin tez-tez qabardılmasından xəbəriniz var. Zeynəb Xanlarovanın,  Ağacan Abıyevin 83 yaşının olması “bunlar necə işləyirlər” suallarının yaranmasına səbəb olur.

- Xarici ölkələrin parlament üzvlərinə, siyasi dairələrinə baxın. Təcrübəsi, müəyyən dünyagörüşü,  iş qabiliyyəti olan insanların hamısı işləyir. Onlar yol göstərirlər. Onların hər biri məktəbdir. Gənc yaxşı təhsil alıb bir neçə dil bilir. Bu çox əla! Ancaq yaşlı insanın böyük həyat təcrübəsi də var axı! Müxtəlif yaş kateqoriyasına aid olan insanlarla necə davranmaq, idarəetmədə necə işləmək lazım olduğunu daha yaxşı bilir. Bu, bir həyat məktəbidir. Həyat məktəbini pillə-pillə keçib orada öyrənirsən. İndi bəzi cavanların söhbətləri məndə təəccüb doğrurur. Anar Rzayev yaşlanıb, niyə işləyir?! Kim yaşlaşmayacaq ki! Düzünü deyək. Sən də 20 ildən sonra bu formada qalmayacaqsan! Sənin də 60 yaşın olanda deməlidirlər ki, “bunu evdən çıxarın getsin”?. Bir elatın adəti varmış. Yaşlananda ata-anasını səbətə qoyub dağın başına aparırmış ki, qurd-quş yesin. Oğul atasını aparanda atası ağlaya-ağlaya deyir: “Oğul, səbəti özünlə geri aparmağı unutma. Lazım olacaq”. Oğlu təəccüblə “nəyimə lazımdır ki?!” soruşur. Atası da cavabında “bir neçə ildən sonra sənin də oğlun bu səbətdə səni gətirəcək” deyir. Olmaz belə.


- AYB sədri Anar müəllimin adını çəkdiniz. Gənc kadrlar çox zaman yaşlılardan narazılıq edirlər. Gənclər o düşüncədədirlər ki, yaşlı insanlar vəzifədən getməyincə, onlara yaşıl işıq görünməyəcək.


- YazıçılarBirliyində yaşlı nəsil də, orta nəsil də, gənc nəsil də var. Eyni halı parlamentlə bağlı da deyə bilərəm. Diqqət edin, görün nə qədər gənc adamlar seçilib. Yaxud da icra orqanları olsun. Hamısı 30-35 yaşlı gənclərdir. İcra orqanlarının rayon təşkilatlarında, YAP-ın tərkibində əksəriyyəti gənclərdir. Nazirliklər də bu kateqoriyaya daxildir. Eyni zamanda, bu sistemdə yaşlılar da olmalıdır.

- Maraqlıdır, Zeynəb Xanlarova, Ağacan Abiyev yaşlarının mətbuatda qabardılmasından xəbərdar olurlarmı?

- Yaşı çox olan deputatlar arasında mənim də adımı yazıblar.


- Elə sizdən soruşum: yaşınızın çox olmasının qabardılması sizə təsir edirmi?

- Qətiyyən.  Sevinirəm ki, Allahın verdiyi ömrü bura kimi yaşamışam. İmkanım olan qədər bu xalq, vətən üçün çalışmışam. Fəxr edirəm ki, ağıllı övladlar böyütmüşəm. Fəxr edirəm ki, nə dövlət, nə də ailəm üçün hər hansı problem yaratmışam. Adamlar var ki, 30 yaşında bu ömrü yaşaya bilmirlər.Yaşlandıqca fəxr edirəm. Çünki yaş artdıqca, insan bir az da müdrikləşir. Cavan yaşlarımızda bunları bilə bilmərik. Çünki cavan vaxtı başqa duyğular, diqqətlər olur. Elə bilirsiz ki, sağlam övlad böyüdüb onu cəmiyyətə transfer etmək asandır?! Məsələn, Ağacan müəllimin adını çəkdiniz. Nə olsun, yaşı 83-dən yuxarıdır. O qədər gözəl həyat yaşayıb ki!.. Professordur. O, Sovetlər dövründə Rusiyada alimlik adını qazanıb. O işləyərək ölkəmizi müdafiə edib. Dünyada tanınmış yaxşı idmançıdır, idman ustasıdır. Gözəl rəssamdır. Onun bir çox rəsm əsərləri ilə tanış olanda bir insanın bu qədər işi necə yerinə yetirməsinə məəttəl qalmışam. Sağlam rektor olub. Yaxşı ailə başçısıdır, övladları var. Bundan mənalı nə ola bilər?!

- Tahir müəllim, ixtisasca filoloqsuz. Sizi deputat kimi yox, şair kimi daha çox tanıya bilərdik. Necə oldu ki, deputat seçildiniz?

- Bir qədər əvvələ qayıdaq. Universitetdən “konkurs”a düşüb orduya yollandım. Yerevanda yaxşı xidmət edib hərbi rütbə aldım. Ancaq hərbçi kimi orda qalmadım. Rusiya olsaydı qalardım, Ermənistan olduğu üçün imtina  etdim. Hərbi xidmətdən qayıdandan sonra fəhlə işlədim. Fəhlə işləyə-işləyə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə daxil oldum. Həm də yaradıcılığım var idi. Qiyabi təhsil aldığıma görə, bir müddət redaksiyada çalışdım. Redaksiyada ictimai fəallığımı görüb komsomol işində qabağa çəkdilər. Komsomolun ikinci, birinci katibi oldum. Daha sonra ikinci ali təhsil aldım. Partiya, sovet işlərində məsul işlərdə çalışdım. Cəbhə hakimiyyətə gələnə qədər Ağcabədidə Raykomun ikinci katibi işlədim. O vaxt səfərbərlik elan olunmasını istəyirdik. Çünki Qarabağa kömək olacaqdı. Özünü cəbhəçi adlandıran insanlar gəldilər ki, “Qarabağa kömək etməyə gəlmişik”. Halbuki, rayonda xaos, qarşıdurma yaratdılar. Silahlı yolla gəlib binaları tutdular. Müəyyən işbilən adamlar vardı ki, onları vəzifədən uzaqlaşdırdılar. Elə o torpaqlar  da onların hesabına getdi. Çünki həmin adamlar ağsaqqal idilər. İdarəetmədə bacarıqlı idilər. Bərdədə Əhəd Kərimov kimi adamı işdən çıxartdılar. Belə hörmətli adamların işdən çıxarılması ilə barışmadım. Ərizəmi yazıb çıxdım. Ülfət” qəzeti vardı, onun Qarabağ üzrə bölgə müxbiri oldum. 1994-cü ilə kimi sıravi işlərdə çalışdım.

- 1990-cı illərdə insanların  sosial-iqtisadi durumu çox ağır idi.  Rayonlarda ərzaq tədarükü çatışmırdı.  O illəri necə xatırlayırsınız?

- Çörək qıtlığı vardı. Hətta gecə saat 3-dən gedib qara çörək növbəsinə güclə dayanırdıq. O da çörək olmurdu. Sanki palçıqdan hazırlanırdı. Un, şəkər tapılmırdı. Yağ demək olar ki, yox idi. Ancaq insanlarda yüksək vətənpərvərlik əhval-ruhiyyəsi vardı. Hadisələr başlayanda Ağdam  sərhəddində böyük post qurmuşduq. Hələ vəzifədən çıxmamışdım. İkinci katib idim. Orta məktəb şagirdlərini güclə saxlayırdıq. Hamısı ermənilərlə vuruşmağa gedirdi. Gecə də qarovolda dayanırdıq ki uşaqlar üzümlüklərdən keçib döyüşməyə getməsin. O zamanlar yemçilik birliyi vardı. Orada işləyirdim. Sahələrə gedib yoncanın əklilib-biçilməsi barədə göstərişlər verirdik. Təşkilatçılıq işlərində insanlara köməklik edirdik. Daha sonra ulu öndər hakimiyyətə gələndə partiyanın ilk təşkilatının yaradılmasında iştirak etdik. Heydər Əliyev hakimiyyətə gələndən sonra rayon İcra Hakimiyyətində şöbə müdiri oldum. İlk bələdiyyə seçkilərində seçilərək bir ildən çox müddətdə bələdiyyə sədri oldum.

Biz bələdiyyəyə gələndə hamı buna təzə doğulmuş uşaq kimi baxırdı. Qanunlar, əsasnamələr yox idi. Sovet dövründə komsomolda, partiyada çalışanlar idarəetmənin nə olduğunu yaxşı bilir. Bütün işlərin özəyində təşkilatçılıq durur. Hansı təşkilat olursa-olsun, rəhbər yerindədirsə, insanları idarə edə, istiqamətləndirə bilirsə, orada iş gedəcək. İlk vaxtlarda bələdiyyə sahələrində işimizi qurduq. Elə alındı ki, 2000-ci ildə deputat seçildim. 2001-ci ildən parlamentin üzvüyəm.
 


- Çox vaxt rayondan deputat seçilən insanlar gəlib Bakıda məskunlaşmalı olur. Bəziləri ata yurdunu da satır. Bəs siz necə, Ağcabədidəki  evinizi satmısınızmı?

- Düzdür, deputat seçiləndən sonra Bakıya köçmüşük, amma rayondakı evimizi də satmamışıq.  Çox arzulayırdım ki, ata-baba yurdunda uşaqlarım qalsınlar. Çünki ata-baba yurdunu boş qoymaq olmaz. İndi  ata-baba evimizdə kiçik oğlum yaşayır. Demək olar ki, evimizdə  tez-tez oluram. Həm də seçicilərimlə görüşürəm.

- Neçə övladınız var?

- 3 övladım var. Qızım ailəlidir. Ali təhsilli müəllimədir. Nəvəm BDU-da 3-cü kursda oxuyur. Test imtahanından 623 bal toplamışdı. İndi də dərslərini yaxşı oxuyur. Oğlanlarımdan biri dövlət qulluğunda çalışır, digəri isə bank işçisidir. Çalışmışam ki, övladlarımı əsl vətəndaş kimi böyüdüm.

- AYB-nin üzvüsünüz. 30-a yaxın kitabın müəllifisiniz. Mənə maraqlıdır ki, şeirləriniz arasında fəhlə kimi çalışdığınız dövrlərdə yazdıqlarınız varmı?

- Əlbəttə. Məni o zamanlarda stressdən qurtaran yaradıcılığım olub. Əgər o yaradıcılıq, o poeziya, o şeirlər, o kitablara aludəçilik olmasaydı, çoxdan ürək ağrısı tutub ölə bilərdim. Çünki o adamlar hakimiyyətə gələndə onlarla barışmadım. Şeirlərim məni xilas etdi.

- O dövrü  şeirlərinizdə necə təsvir etmisiniz?

- Dövr və yaşadıqlarım necə olubsa, o cür... Müəyyən məsələlər var ki, şeirlərimdə təsvir olunub.  Bir dəfə iclas zamanı  çıxış edib dedim ki, “vəzifədən ötrü istəmirəm qarşı-qarşıya gələk. Siz vəzifəyə gəlmək istəyirsiz. Binanı da silah yolu ilə tutub saxlamısız”. O vaxt respublikanın rəhbərlərindən olan Polyaniçko zəng edib mənə dedi: “Axı, necə olur ki, ordakılardan birini aradan götürmək olmur?!”. Bu sözü Vəzirov da demişdi. Biz ağcabədili olaraq ona getmədik. Çünki rayonda qan düşə bilərdi. Ərizəmizi yazıb vəzifədən getdik. 2 ay ərzində rayon rəhbərliyinə 7 adam gətirildi. Pərakəndəlik vardı.  Biz bu nümunələri heç vaxt unuda bilməyəcəyik. Bu gün də o köhnə ab-hava var. Gözümün qabağında baş verən hadisəni danışım. Bir dəfə gəlib rayon camaatından pul yığdılar ki, bəs  rayon üçün “Qrad” alırıq. Sonra bəlli oldu ki, düz  8 rayondan pul yığılıb. Həmin o bir “Qrad”ı 8 rayonun camaatına göstərib deyirdilər ki, sizin üçün alıb gətirmişik.


- Deputat həmkarınız Aqil Abbas da Ağcabədidəndir. Onunla bağlı xatirələriniz olmamış olmaz. Çox insan Aqil Abbası ağdamlı bilir.

- Aqil Abbasla universitetdə paralel oxumuşuq. Onu uşaqlıqdan tanıyıram. Ağcabədinin Boyat kəndindəndir. Aqil əyani, mən isə qiyabi təhsil alırdım. Aqilin rəhmətlik atası uzun müddət Ağcabədidə işləmişdi. Sonra Ağdama dəvət etmişdilər. Ona görə də Aqil məktəbi Ağdamda bitirmişdi. Amma Aqilin qohumlarının hamısı Ağcabədidə Hacılar kəndində yaşayır. Aqil çox vətənpərvər insandır. Hissiyyata tez qapılır. Müəyyən siyasi məsələlər olanda dərhal reaksiya verir.

- Aqil müəllimin məsələlərə reaksiyasında bir saflıq, məsumluq duyulur.

- Bəzən onu qəbahət hesab edirlər. Halbuki, ürəkdən gələn nə varsa səmimi olur. Ürəkdən gülmək ya da ağlamaq lazıdmırsa, qoy olsun. Aqilin hərəkətlərinin çoxu ürəkdən gəlir. Uzun müdətdir ki, bir-birimizi tanıyırıq. Bir-birimizə qardaş deyirik. Aqil müəllimə ziyali kimi qiymət verirəm. Yenə deyirəm. Hər birimizin nöqsanları ola bilər. Ancaq Aqil vətənpərvər insandır. Onunla tez-tez hansısa  məclislərdə oluruq. İmkansız adam görəndə cibinin son qəpiyini  çıxarıb verir. İnsanların dərdinə yanan adamdır. Çünki özü də çətinlik görüb. Onların evi Ağdamda qalıb. O Ağdamda  vətən boyda xatirələr qoyub. Bu məqamlara həmişə kövrəlir.

- Siz də müharibəni yaşamış və görmüş insansınız. Heç kövrələrkən qələmə aldığınız şeirləriniz olubmu?

- O qədər... 1992-ci ilin Xocalı faciəsi baş verəndən sonra meyitlər Ağdama gətirilirdi. O insanlarla həmsöhbət olmaq çox ağır idi. Hətta faciə baş verəndən bir neçə həftə keçəndən sonra  bəzi insanlar girovluqdan qurtulmuşdular. O  insanları görəndə dəhşətə gəlmişdim. Dırnaqları ətdən qoparılmışdı. Ağızlarındakı dişlərini çıxartmışdılar. Erməni vəhşiliyi sözlə ifadə olunmur. Çox sarsılmışdım. O xatirələri ürək ağrısı ilə xatırlayıram. O dövrdə yazdığım şeirləri göz yaşı axitmadan yazmaq qeyri-mümkün idi.


- Nə zamansa qələminizin susduğu məqam olubmu? Məsələn, daha yazmaq istəməmisiniz.


- Yaradıcılıq ruhdur. Gərək o ruh insanı tapsın. O ruh olmayanda şeir də doğulmur.


- Belə fərz olunur ki, içki içməyəndə şairin təbi də  gəlmir. Siz necə düşünürsünüz?


- Yox, bu doğru deyil. Boş söhbətlərdir.

- Çox zaman qəzəlxan Əliağa Vahidi nümunə gətirirlər. O içib yazıbsa, biz də içib daha gözəl əsərlər yaza bilərik deyənlər var.

- Əliağa Vahid içib qəzəl yazmayıb. O sərxoş olmayıb.  O zamanlar Vahidi öldürmək istəyiblər. Müşfiqin, Cavidin dəstəsində bu da gedəcəkmiş. Axırda qərara alır ki, özünü sərxoşluğa vursun. Onunla bağlı xatirələr var. Bir dəfə Vahidlə dostu Filarmoniya bağı ilə gedirmiş. Qəfildən Vahid özünü sərxoşluğa vurur və başlayır əsməyə. Sən demə qabaqdan agent gedirmiş. Bu da özünü sərxoş kimi aparır ki, qoy buna toxunmasın. Hətta Bağırov da Vahid haqqında deyib ki, “sərxoşun biridir. Dəyməyin ona”. Ona görə də şeiri sərxoş vəziyyətdə təsəvvür etmirəm. Saf hisslər saf bədəndə olmalıdır.

-Tahir müəllim, sizin haqqınızda belə bir söhbəti tez-tez eşdirik: Tahir Rzayevin maşını yoxdur, ictimai nəqliyyatdan istifadə edir. Milli Məclisə piyada gəlir, deyirlər.


- Maşınım yoxdur. Burada nə var ki?!  Oturmuşuq üz-üzə. Sizin  maşınınız var, ya da, yoxdur. Bu bilinir?!. Bilinmir. Biz insan kimi söhbət edirik. İnsanı insani münasibətlər yaxşılaşdırır.

- Deputat olaraq ictimai nəqliyyatdan istifadədə cəsarət tapırsınız?

- Biz istifadə etməyəndə bəs kim istifadə etməlidir?! Qatara da, maşına da minmək olar. Gün ərzində 2 -3 saat piyada gəzirəm. Sizinlə müsahibədən sonra gedib 2 saat Botanika bağında gəzəcəm. Bu, sağlamlıq üçün də çox önəmlidir. Bunun nəyi qəbahətdir? Müsahibəyə taksi ilə gəldim və xeyli müddət tıxacda qaldım. Ancaq metroya minib gəlsəydim, yarım saat tez gələ bilərdim.

- Nə yaxşı maşın almaq haqda düşünməmisiniz?

- Vaxtilə sürücüm də olub. Əvvəla, maşın idarə etməkdə çətinlik çəkirəm. Heç zaman da maşın idarə etmək həvəsində olmamışam. Bir dəfə oğlum maraqlı bir təklif səsləndirdi: “Ata, tutaq ki, sən maşın aldın. Bunun üçün  müəyyən məbləğ xərcləyəcəksən. Üstəlik maşınla gedib-gəlmək xərcini hesabla”. Çox ağlabatan söz idi.

- Demək maşınsız gəzməyinizdə övladınızın da təsiri olub.

- Əlbəttə. Bu gün də rayona gedəndə istənilən maşına oturub gedirəm. Bəzən rayon içində tanış adamların maşınında oturub harasa gedirəm. Hiss edirəm ki,  rayon adamları mənə qəribə baxır. “Deputat “Jiquli”də gəlib” deyərək təəccüb edirlər.  Bir dəfə metroya minəndə şəklimi çəkib sosial şəbəkələrə vermişdilər. Qızım mənə zəng edib şəklimin çəkildiyini demişdi.
Sizə Molla Nəsrəddinlə bağlı bir rəvayət danışım. Molla kəndə ulağın belində gedir. Kəndə çatanda hamı gülür ki, “buna bax, oturub ulağın belində”. O biri kəndə gedəndə ulağın yanında gedir. Bu zaman “mollaya bax, ulaq yanında, özü də piyada gəlir” deyirlər. Axırda ulağı güclə boynuna alıb aparır. Mollanın bu formasına da gülürlər. Axırda deyir ki, “üstündə getdim güldülər, yanında getdim güldülər, boynuma aldım yenə güldülər. Səndən mənə yoldaş olmaz”. Sözümün canı odur ki, nə etsək bir söz tapıb danışacaqlar. İndi də bir deputat bahalı maşın sürən kimi “bunu hardan alıb?!”, maşını bir az ucuz qiymətə olanda “buna bax ey, gör nə ucuz maşın sürür” deyirlər. Piyada gəzənə də, metroya minənə də bir söz deyirlər. Yaxşı, biz nə edək?! Ukrayna prezidentliyinə namizəd olan Zelenski söz verib ki, prezident seçilsə, işə velosipedlə gedib-gələcək. Burda nə var axı!

- Görünür, cəmiyyət olaraq bu cür məsələlərə hazır deyilik.
 

- Mətləbdən uzaq da olsa deyəcəm. O vaxtlar rayonda çalışanda yoldaşıma demişdilər ki, “yoldaşın icrada çalışır, səni niyə işləyirsən?!”. Həyat yoldaşım ingilis dili müəlliməsidir. O da cavab vermişdi ki, “bəlkə sabah yoldaşım olmadı. Niyə işləməyim ki!”. Sonra icra sturkturundan  çıxanda  yoldaşım mənə dedi ki “o zaman işdən çıxsaydım, sonra işə getsəydim, deyəcəkdilər ki, bax, acından ölür ona görə işləyir”. Bəzi insanlar hər şeyə qulp qoyurlar. Düşünürəm ki, belə olmaq doğru deyil. 



Twitter
Sizə yeni tvit var
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq