Modern.az

Təzyiq dərmanı sonraya qaldı

Təzyiq dərmanı sonraya qaldı

11 Aprel 2019, 15:41

Akif Cabbarlı


Dumanlı, azacıq da çiskinli bir yaz günü adəti üzrə evdəkilərdən xeyli tez yatağından qalxıb əl-üzünü yudu, sonra bir stəkan çay içib həyətə düşdü. Yaxın-yörədə heç kim gözə dəymirdi. Görünür, havanın soyuq olması, çiskinin də yavaş-yavaş yağışa çevrilmə ehtimalı tay-tuşlarının həyətə çıxmasını hələ ki, ləngidirdi. Yadına düşdü ki, aptekə getməli, dünən axşam tanış həkiminin telefonla dediyi dərmanları almalıdır. Yoxsa yenə qan təzyiqi kəllə-çarxa qalxacaq, həyat yoldaşını da, uşaqları da bərk qorxudacaqdı. Ürəyindən yenə həmişəki duyğular keçdi; “Namiq, yekə kişisən, ayağını möhkəm dirə, ölüb-eləmə. Qəbir yeri bahalaşıb, ehsan vermək çətinləşib, məzar daşını düzəltdirmək də xeyli vəsait istəyir. Cibindəki siçanlar da perik düşüb. Uşaqların özünü güclə saxlayır. Hələ bir səbir elə, sonra da ki, gördün ölməyin gəlir, Hindistandakı fillər ölməyə meşəyə getdikləri kimi, çıx get dədənin kəndinə. Camaat elliklə, dədə-baba adətləri üzrə səni o tərəfə yola salar. Yoxsa şəhərdə çətin olacaq, vallah”.


Sonra öz-özünə mızıldandı: “Kəndə kimi üstünə gedirsən, ey... Atandan, anandan sonra o qapını nə vaxt ürəklə açmısan? Qazananda, əlin pul gətirəndə qohum-qardaş səni gülə-gülə qarşılayır, gülə-gülə də (pay-pürüşsüz də olsa) yola salırdılar. İndi pensiyaçı adamsan, başını birtəhər girləyirsən. Zənbilin yüngülləşdikcə sənə kənddə göstərilən münasibət də avazıyır, solğunlaşır. Niyə başa düşmürsən, anlamırsan axı bütün olub-keçənləri? Bağ, ərik, salam-əleyk və ədəbiyyatımızın digər məsələləri deyib özün izah eləmirdin bunları?”.


Namiq müəllim gərgin suallarla baş-başa həyətdən çıxhaçıxda yanında iri, lap vaqon boyda bir Cip dayandı. Rulun arxasındakı yekəpər adam pəncərənin şüşəsinin aşağı salıb xırıltılı səslə nərildədi:


- Namiq müəllim, hara belə səhər-səhər? Sənin indi evdə oturan vaxtındır. Sonra yolda-rizdə...


Kişi dinmədi, amma dəqiq bilirdi ki, sadəcə üzdən tanıdığı bu kəlpeysər sözünü necə tamamlamaq istəyirdi; yəni yolda-rizdə ölüb-eləyərsən, yiyə duran da olmaz. Namiq müəllim maşındakına zəndlə baxıb kim olduğunu dəqiqləşdirməyə çalışırdı; - hə, hə, tanıdım, qonşu binada olur. Bizim sahənin adamıdır, amma cavan da olsa, özünə bir gün ağlayan, döşəyinin altını vaxtında dolduranlardandır deyəsən...


Maşındakı adam əlini qoltuq cibinə salıb bir topa dəvətnamə çıxartdı. Birinin üstünü hıqqana-hıqqana oxuyub, sonra kişiyə uzatdı:


- Ağsaqqal, üç gündən sonra gədənin toyudur. Gələrsən. Qoy mənim məclisimdə görsünlər ki, heç kimə fərq qoymuram, sənin kimi izvestni (yəni ki, tanınmış – A.C.) adamları da çağırıram.


Namiq müəllim dəvətnaməni aldı, amma qonşunun ikibaşlı cümləsinə görə qanı bərk qaraldı, səbrini basmalı oldu. Daha aptekə gedəsi olmadı. Arxasını heç vaxt yerə verməyən, pulsuzluğa, imkansızlığa görə özünü sındırmayan kişi yarı yoldan evə qayıtdı. Portmanatındakı olub-qalan əlli manatlıq əskinası çıxarıb yalnız xeyirə-şərə geyindiyi nimdaş pencəyinin cibinə qoydu. Soyuducudan bir limon çıxarıb dilimlədi; - hələ ki, təzyiqimi limonla-zadla yoluna qoyum, sonrasına Allah kərimdir deyib, televizorun düyməsini basdı.  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir