Modern.az

“Erməni konyakı”nda alman izi - Böyük YALAN  

“Erməni konyakı”nda alman izi - Böyük YALAN  

12 Aprel 2019, 08:32

Ötən günlərdə Almaniyanın Berlin Humbolt universitetində alman tarixçi alimlərlə birgə "Bakının multikultural həyatında almanların rolu" adlı konfrans keçirildi. Konfrans Humbolt universiteti, Almaniya azərbaycanlılarının "Birlik İnteqrasiya və Biznes İnkişaf Mərkəzi", eyni zamanda Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə təşkil olunmuşdu.

Həmin tədbirdə alman tarixçisi Aux Eva-Mariyanın çıxışı diqqət çəkmişdi. O bildirdi ki, uzun müddətli araşdırmalarla Qafqazdan Qars əyalətinə qədər hər nüansı izləyiblər:

“Bu bölgədə tarixən indiyə kimi azərbaycanlılarla yanaşı, gürcülərlə də almanların bağlılğını tapdıq, amma yalnız ermənilər haqda bunu demək olmur. Bu bölgədə ümumiyyətlə ermənilərlə əlaqəli heç bir mədəni iz yoxdur. Hətta bu gün hər yerdə "erməni konyakı" adı ilə təbliğat aparırlar, əslində o konyakın yaradıcısı Azərbaycanın Tovuz rayonunda o vaxt məskunlaşan almanlar olub"- deyən, tarixçi alim bununla bağlı faktları nümayiş etdirib.


A.Eva-Mariyanın çıxışında qeyd etdiyi məqam – erməni konyakının əslində Azərbaycanda məskunlaşan almanlara məxsus olması, ermənilərin bunu mənimsəməsi faktı ölkəmizdə də maraqla qarşılandı.


Əqli Mülkiyyət Agentliyindən Modern.az-a verilən məlumata görə, Azərbaycanda konyakın tarixi, hansı növ konyakın hansı xalqlara məxsus olması, tanınması ilə bağlı beynəxalq qurumlara müraciət olunub. Agentlikdən bildirilib ki, bu məsələ xeyli müddətdir, qurumun araşdırmasındadır:

“Azərbaycanda konyakın tarixi ilə bağlı məsələ çoxdan qaldırılıb. Araşdırma da aparılıb. Bu ümumi araşdırma olduğundan “erməni konyakı” adı ilə tanınan konyak da bura daxildir. Amma konkret bu konyakın müəllif hüquqları ilə əlaqdar beynəlxalq təsisatlara müraciət olunmayıb”.



Modern.az tarixi mənbələrə istinadən xatırladır ki, Cənubi Qafqazda ilk alman koloniyası bugünkü Gürcüstan ərazisində salınıb. 1818-ci ilin sentyabrında rus çarı I Aleksandrın himayəsilə Gürcüstana köçən alman kəndlilər Tiflis yaxınlığında Marienbaum adında şəhərcik salıblar.
Almanların Azərbaycana ilk kütləvi köçü 1819-cu ilə təsadüf edir. Həmin ilin yayında Tiflisdən Azərbaycanın Yelizavetpol qəzasına  (indiki Gəncə) köçən 194 alman ailəsi Şamxor (indiki Səmkir) yaxınlığında Helenendorf (indiki Göygöl rayonu) və Annenfeld adlı iki koloniya salıblar. Alman yaşayış məntəqələri plan üzrə salınırdı. Həmin kəndlərdə geniş küçələr, aynabəndli, taxtapuşlu, zirzəmili və eyvanlı evləri tikilirdi.

Sonralar Gəncə və Qazax qəzalarında almanların yeni koloniyaları- Georqsfeld (indi Şəmkirin Çinarlı qəsəbəsi), Alekseyevka, Qrünfeld (indi Ağstafanın Həsənsu kəndi), Ayxenfeld (indi Şəmkirin İrmaşlı kəndi) və s. yarandı. 

XIX əsrin sonu-XX əsrin əvvəlində Azərbaycanda yaşayan almanlarının əksəriyyəti protestantlığa etiqad edirdi. Ölkəmizdə protestant kilsəsi 1857-ci ildə məhz Helenendorfda (Göygöl ərazisində) tikilib. Sonralar Gədəbəy, Şamaxı, Bakı, Şəmkir ərazisində də alman lüteran kilsələri tikilib istifadəyə verildi. 

Almanların Azərbaycana yerləşdirilməsindən sonra - əlli il ərzində Gəncə ətrafında iki, Şəmkirdə üç, Tovuzda bir, Ağstafada üç alman yaşayış məntəqəsi salındı və alman ailələrinin sayı 3400-ü ötdü. Tarixi qaynaqların da məlumat verdiyi kimi, almanların Azərbaycanın Qərb bölgələrinə gəlişi ilə doğrudan da o yerlərin kənd həyatında böyük mədəni dəyişikliklər baş verdi. Onların məskunlaşmasından sonra Qərb bölgəsində yaşayan yerli azərbaycanlı kəndlilər də almanlar kimi altı zirzəmili, üstü çardaqlı, damı kirəmitli evlər tikməyə başladılar. O dövrədək həmin bölgələrdə zirzəmili və çardaqlı evlər olmayıb. Bəzi məlumatlara görə, kənd təsərrüfatında işlədilən dördçarxlı at arabalarının düzəldilməsi də almanların gəlişindən sonraya təsadüf edir. 


Cins inəkləri də ilk dəfə Azərbaycana almanlar gətiriblər.  Sənaye üsulu ilə pendir və yağ istehsalı da məhz onlara məxsusdur. Azərbaycanda ilk yağ-pendir zavodu Ziqanter adlı alman tərəfindən Yelenendorfda (Şəmkirdə) tikilib. 
Almanlar kənd yerlərində elektrik enerjisindən istifadənin, elektrik dəmir yolunun, indiki Şəmkirin Dəllər qəsəbəsindən Gədəbəyədək uzanan neft kəmərinin ilk yaradıcıları olublar.

Gədəbəy misəritmə zavodlarının əsasını da Azərbaycanda yaşamış Simens qardaşları qoyub. Xanlar Şampan Şərabı Müəssisəsinin əsasını da onlar qoyub. Sonralar Bakendorfun rəhbərlik etdiyi alman firmaları isə Bakıda - Balaxanıda, Suraxanıda, Ramanada, Sabunçuda sənaye üsulu ilə ilk neft çıxaran firmalardan olub.  

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir