Modern.az

Göz yaşları quruyanda  

Göz yaşları quruyanda   

Ədəbi̇yyat

13 Aprel 2019, 12:09

Azad Müzəffərli 

(hekayə)

 

Qan su yerinə axırdı. Erməni vəhşəti ərşə bülənd olmuşdu. Bu dəfə növbə xocalılara çatmışdı. Dığalar day-dayları şimal ayısı ilə birgə kimsəyə aman vermirdilər. Nə uşağına, nə ahılına, nə qadınına, nə də xəstəsinə fərq qoymadan türklərə olmazın divan tutmaqdaydılar.

 

Azərbaycanlıların soyqırımı ilə bağlı beynəlxalq tədbirə toplaşanlar göz yaşlarına bələnmişdilər. Ekrandan izlədiklərinə kimsə biganə qala bilmirdi, o cümlədən, əcnəbilər də. Yalnız tək-tük kişilər güc-bəla göz yaşlarını içinə axıdırdı.

 

Nəzərlərini ekrandan ayırmayan bircəcik qadınsa, sanki, buz heykəldi. Bayaqdan gözlərindən bircə gilə də olsun yaş gəlməmişdi. Oğrun-oğrun ona diqqət kəsilənlər çaş-baş qalmışdılar. Bəzilərinin səbri tükənməkdəydi. Əsəblərinə yiyə dura bilməyən kəslərdən biri tədbir başa çatar-çatmaz qaranəfəsə özünü təşkilatçılara yetirdi.

 

- Bu qadının milliyyəti nədi, bunu haradan tapıb tədbirə dəvət eləmisiniz... Bu boyda zıppıltının qabağında bircəcik tükü belə tərpənmədi ?!

 

Tədbirin təşkilatçıları “günahlandırılan” şəxs duyuq düşməsin deyə anındaca kəmhövsələ kişini yanlayıb kənara çəkdilər. Qulaqlarına pıçıldananlardan həmən kəs  yerin yarılmasını dilədi.

 

- Bəsdir, küfr eləmə... Nişan verdiyin qadın şəhid anasıdır, hər iki oğul övladı Vətən uğrunda canından keçib...

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır