Modern.az

Deputatlar Məmmədyarov - Mnatsakanyan görüşü”nün davam etdirilməsini İSTƏMƏDİLƏR

Deputatlar “Məmmədyarov - Mnatsakanyan görüşü”nün davam etdirilməsini İSTƏMƏDİLƏR

15 Aprel 2019, 11:37

Bu gün Azərbaycan və Ermənistan  xarici işlər nazirləri  Moskvada Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı növbəti dəfə görüşəcəklər.

Hər iki ölkənin xarici işlər nazirlərinin görüşündən gözləntilər nədir?

Bu görüşdə Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı nələr əldə oluna bilər?


Modern.az saytı nazirlərin görüşünün şərh edilməsi üçün Milli Məclisin deputatlarına müraciət edib.


Rasim Musabəyov
xarici işlər nazirlərinin görüşündən heç nə gözlənilmədiyini bildirib:

“Düşünürəm ki, ortalıqda hansısa sənəd var. O sənəd hələlik təklif şəklindədir. Sənəddə bir çox məqamlar tərəflər üçün fərqli görünür. Mövqeləri yaxınlaşdırmaq, hansısa orta məqamları tapmaq üçün xarici işlər nazirləri arasında danışıqlar gedir. Hansısa məqamda Azərbaycan tərəfi, hansında isə Ermənistan tərəfi güzəştə gedir. Bugünkü Moskva görüşündə Rusiya xarici işlər naziri Lavrov da iştirak edir. Xarici işlər nazirləri elan etsələr ki, “nəyisə əldə etmişik”, yenə heç nə gözləməyə dəyməz”.

 
Aqil Abbas
xarici işlər nazirlərinin yox, müdafiə nazirlərinin  görüşünü vacib sayıb:

“Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü 370-ci olar, yoxsa 375-ci?!. Düşünürəm ki, cavabım aydın oldu. Hesab edirəm ki, Azərbaycanla Ermənistan xarici işlər nazirlərinin görüşü lazım deyil. Ermənistan müdafiə naziri ilə Azərbaycanın müdafiə naziri  səngərdə görüşməlidir. Bununla da məsələ həll olunar”.

Deputat Elman Məmmədov düşünür ki, Ermənistan tərəfi danışıqlar yolu ilə torpaqlarımızdan çıxmaq fikrində deyil:

“Budəfəki görüşdə Dağlıq Qarabağla bağlı müzakirələr olacaq. Ancaq Ermənistan tərəfinin  sərsəm bəyanatları, radikal mövqeləri, işğalçılıq siyasətindən əl çəkmədiklərini nümayiş etdirmələri onu deməyə əsas verir ki, bunlar belə danışıqlarla torpaqlarımızdan çıxmaq fikrində deyillər. Əlavə olaraq müxtəlif səviyyələrdə bəyanatlar da verirlər ki, sülh naminə torpaq qaytarmaq məsələsi olmayacaq. Həmçinin, həmsədr dövlətlər, müxtəlif səviyyəli beynəlxalq qurumların qeyri-səmimi mövqeyi erməniləri arxayın salır. Düşünürəm ki, biz daha da güclü olmalıyıq. Bu məsələdə kiməsə ümid etmək, hansısa qərara, qətnaməyə arxayın olmaq olmaz. Düşünürəm ki, son sözü Azərbaycan əsgəri deyəcək”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir