Modern.az

Ruh da cövlan edərmiş

Ruh da cövlan edərmiş

20 Aprel 2019, 14:19

                                                 (hekayə)

        Şadlıq sarayında bir ruh cövlan edirdi. Bunu ta toyun əvvəlindən axırınacan bircə şəxs sezdi, qardaşının oğulu. Övladlarından yaşca böyük olan qardaşı oğulunu əmisi sağlığında doğma balalarından da çox sevərdi və adını da özü qoymuşdu.   Onun da əmisinə istəyi tükənməzdi.

        Bəyin sinni qırxı da ötmüşdü. Bütün bacı-qardaşları çoxdandır ailə qursalar da, o, subaylığın daşını atmaq fikrindən uzaq düşmüşdü. Beləcə valideynləri, o cümlədən, balalarından ötrü Tanrının istənilən sınağına hazır olan atası da ipə-sapa yatmayan övladının toyunu görmədən bu dünyadan köçmüşdü. Ötən müddətdə qəbir evində də oğuluna dularını əskiltməmişdi. Nəhayət, bu ümdə arzusu çin olmuşdu. Şadlıq sarayı boyunca xoşbəxtlik carcısı təkin süzməkdəydi.  

       Toy axarına düşən anda ruh hədsiz sevincini bölüşmək üçün sevimli qardaşı oğuluna sarı yönəldi, arxa tərəfdən onun boynuna sarıldı. Həmən kəs də anındaca əmisinin hənirtisini duydu, kürəyini qarsıdan istini ətrafdakılara büruzə verməməyə çalışdı. Fəhmi ilə anlayırdı ki, buna kimsəni inandırmaq mümkün olmayacaq. Ən yaxşı halda onu kefli sanacaqdılar.  

-      Nəsə birtəhərsən, özünü yaxşı hiss eləmirsən deyəsən, beş-on dəqiqliyə təmiz havaya çıx, hər şey qaydasına düşəcək...

-      Yox, heç bir problem yoxdur. Narahat olmayın, sadəcə bir qədər çox duyğulandım, axı, mən də hamınız kimi bu büsatı illərdi səbirsizliklə gözləyirdim...

-      Başa düşürük, amma sən kişisən, çalış, özünü toxtaq tut...

-      Çalışıram...

         Elə bil, əmisi bu kəlmələrə bənd imiş, bir silkindi ki, gəl görəsən...  Onun şadlığından şahə qalxan sinəsi qardaşı oğlunu da dağ kimi yerindən oynatdı. Bayaqdan iç dünyasını çalxalayan duyğularına çətinliklə sinə gərən əmioğludan bir kükrəmə qopdu ki, gəl görəsən. Sanki, bulağın gözü açıldı, onun göz yaşları selə döndü. Az qala toy yaddan çıxa, hamılıqla ha əlləşsələr də, onu ovundura bilmədilər ki, bilmədilər. Azacıq özünə gələn təkin, əmisinin olmazın şadlığından tit-tir əsən sinəsi kürəyini “döyəclədikcə”, o da istər-istəməz doğmasının sevinc  yaşlarına şərik olurdu.  

         Beləcə məclisə aş verilənədək əmi-bala ürəklərini birgə boşaltdılar. Bir də toy başa çatmaqdaykən əmisinin ruhu bir daha ona bərk-bərk sarılandan sonra şadlıq mağarı boyunca qıyya vuraraq qeybə çəkildi. Elə bil, himə bəndmiş, anındaca onun da göz yaşları xırp kəsildi. Təkcə onu anlasınlar deyə deyil, həm də atalarının sevincinin yerə-göyə sığmadığından hali olsunlar deyə bayaqdan bəri baş verənləri əmisi oğullarının bəzisinə söyləsə də, aydınca sezdi ki, ona axıra qədər inanan tapılmadı.  Əksəriyyət büruzə verməsə də, bunu ya onun kefliliyinə, ya da həddən ziyadə kövrəkliyinə bağladı. Neyləmək olardı, reallıq beləydi. Qardaşoğluna ömürlük qalan isə əmisinin aşıb-daşan sevincindən ona düşən əvəzsiz pay oldu.

P.S: Bu hekayə olmuş hadisə əsasında qələmə alınıb.

 

Azad Müzəffərli

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır