Modern.az

Ali məktəb tələbələrimiz görün hansı kitabları oxuyurlar - BİR SORĞUNUN CAVABI

Ali məktəb tələbələrimiz görün hansı kitabları oxuyurlar - BİR SORĞUNUN CAVABI

Reportaj

28 Dekabr 2011, 11:57

Bir vaxtlar tələbələr, heç tələbə olmayan gənclər kitab oxumaqları ilə öyünürdülərsə, indi onların dilindən "işim-gücüm qurtarıb kitab oxuyacam...” sözlərini eşitmək olur. Kitab oxumağa maraq göstərməyən gənclər indi boş vaxt tapan kimi internetdəki sosial şəbəkələrə daxil olurlar.

Modern.az saytı tələbə kəsimi arasında sorğu edərək respondentlərdən sonuncu dəfə nə zaman, hansı kitabı oxuduqlarını öyrənməyə çalışıb.

Elkin Xəlilov - Təfəkkür Universiteti: ” Təəssüf doğursa da deməliyəm ki, indiki gəncliyin kitaba marağı çox azdır. Xarici ölkələrlə müqayisə etdikdə bu fərq adama gün kimi aydın görünür. O ki qaldı sonuncu oxuduğum kitaba, bu, Devid Selencerin “Çovdarlıqda uçurumdan qoruyan” əsəridir. Çox möhtəşəm əsərdir. Hazırda Somerset Moemin “Teatr” romanını oxuyuram. Düşünürəm ki, gənclərin kitaba marağını artırmaq üçün yaxşı əsərlər yazılmalıdır. Elə bir əsər ki, istər-istəməz onu oxuyasan. Sadaladığım əsərlərin xarici ədəbiyyat nümunələri olması o demək deyil ki, mən öz ədəbiyyatımıza dırnaqarası baxıram. Əsla belə deyil. Təəssüf ki, yerli ədəbiyyat 1990-ci ildən sonra bir durğunluq dövrü yaşayır”.

Vəfa Süleymanova - Azərbaycan Dövlət İqtisad Universiteti: ”Məncə kitaba marağın azalmasının əsas səbəbi əsərlərin internet vasitəsi ilə əldə etməyin mümkünlüyüdür. Çünki pul verib kitab almaq əvəzinə, internetdən yükləmək və oxumaq daha rahatdır. Daha çox içində özümü tapdığım kitabları oxumağa üstünlük verirəm. Yəni elə də fərq etmir yerli, yoxsa xarici. Axırıncı oxuduğum Rüfət Əhmədzadənin "Sən busan" kitabıdır”.

Cavanşir Vəliyev - Azərbaycan Kooperasiya Universiteti: ”Gənclərin kitaba marağını öldürüblər. Buna baxmayaraq, kitab oxuyan gənclərimiz var. Daha çox xarici ədəbiyyat oxuyuram. Yerli ədəbiyyatdan M.F.Axundov və Y.V.Çəmənzəminlini oxumuşam. Son zamanlar isə Azərbaycandakı yeni gənc yazarları daha çox oxuyuram. Bunlardan Əli Əkbər, Seymur Baycanı daha çox xoşlayıram. Son oxuduğum kitab isə Əli Əkbərin "Sarı Gəlin"i və Seymur Baycanın "18.6 cm" kitablarıdır”.

Günel Səbzəliyeva - Azərbaycan Dövlət İqtisad Universiteti: ”Gənclərin kitaba marağının azalmasının başlıca səbəbi məktəblərdə və universitətlərdə kitabın düzgün təbliğ edilməməsidir. Həm də gənclərin internetdə daha çox vaxt keçirməsidir. Mən hər iki, həm yerli, həm xarici ədəbiyyatı sevirəm. Yerli ədəbiyyatdan daha çox müasirləri oxuyuram. Ən son oxuduğum kitab Paulo Çelonun “Əlkimyagər” və Cəlil Məmmədquluzadənin “Ölülər” əsəridir”.

Rövşən Bəyov - Sankt-Peterburq Tibb Kolleci: ”Gənclərin kitab oxumağına çox az hallarda rast gəlirəm. Biri mən özüm. Ədəbiyyat bir yana qalsın, heç özümə vacib olan dərslikləri oxumağa həvəsim yoxdu. Gənclərimiz virtual həyatdan, internetdən asılı qalıb. Nə vaxtsa  hansısa kitabı sonuna kimi oxuduğum yadıma gəlmir”.

Mehriban Hüseynova - Bakı Slavyan Universiteti: ”Axırıncı dəfə Pelevenin "Generation P" əsərini oxumuşam. Postmodern ədəbiyyata marağım var və daha çox xarici əsərləri oxuyuram. Bizim gənclərin kitab oxumamasının səbəbi təhsil sistemimizin vəziyyəti, TV-lərin təbliğatı və "yuxarılardan" aparılan siyasətlə bilavasitə bağlıdır. Bir də Azərbaycan xalqı heç vaxt kütləvi şəkildə kitaba həvəsli olmayıb, daha çox "çobançılıq”a meylli olmuşuq.”

Toğrul Musa - Bakı Dövlət Universiteti: ”Gənclərin kitaba marağının azalması haqqında bir fikrim yoxdu. Ən çox xarici ədəbiyyat oxuyuram.Sonuncu dəfə oxuduğum kitab Çak Palanikin “Ölüm Pornosu” əsəridir”.

Sara Qaragözlü - Texas Universiteti: “Mən deyərdim ki, kitablar daha çox oxunmağa başlayıb. İndi kimə baxırsan oxuyur. Bu yaxşı bir haldır. Azərbaycanda yaxşı yazıçı yoxdu deyə bilmərəm, var. Amma müxtəlif zövqlərə uyğun yoxdu. Misal üçün Çingiz Abdullayev əla yaıçıdı. Kitabları bir neçə dilə tərcümə olunub.Amma dedektiv əsərləri xoşlamayan adamlar üçün maraqsızdı. Bu baxımdan  adətən xarici əsərlər oxunur. Həmçinin, mən də xarici yazıçılardan oxuyuram. Ən axırıncı oxuduğum “Millenium üçləməsinin 3-cüsü – “arı kovanına çomaq soxan qız” romanıdır”.

Vasif Qarayev - Bakı Dövlət Universiteti: ”Gəncliyin çox kiçik bir hissəsinin kitaba marağı var. Özüm bacardığım qədər həm yerli, həm də xarici ədəbiyyat  oxuyuram. Hazırda Rey Bredberinin "Şəkildəki adam" kitabını oxuyuram. Azərbaycan ədəbiyyatından isə son oxuduğum əsərlər Əli Əkbərin "Sarı Gəlin"i və Seymur Baycanın "18.6 cm" romanıdır”.

Elvira Tağıyeva - Azərbaycn İctimai-Siyasi Universiteti: ”Mənə belə düşünürəm ki, gənclərdə kitaba qarşı maraq artıb. Son vaxtlar daha çox xarici ədəbiyyatla maraqlanıram. Axırıncı oxuduğum kitab Çingiz Abdullayevin “Yalnız özümüzünkülər” əsəridir. Hazırda Viktor Hüqonun “Paris Notrdam kilsəsi” əsərini oxuyuram. Ümumiyyətlə, insanın cəmiyyətdə özünə yer tutması, dünyagörüşünün formalaşması üçün kitab əsas vasitədir. Son vaxtlar daha çox klassik ədəbiyyata üstünlük versəm də, məncə kitablar arasında fərq qoyulmamalıdır”.

Asif İmanov - Xəzər Universiteti: ”Gənclər bədii ədəbiyyata maraq göstərirlər və oxuyurlar. Ölkəmizdə kifayət qədər oxucuları olan gənc yazarlarımız var. Mən daha çox xarici ədəbiyyatdan oxuyuram. İndiki yazarlar çalışır xaricilərin üslubuna uyğun yazsınlar və insanlarda maraq yaratsınlar. Sonuncu oxuduğum kitab Orxan Pamuqun “Yeni Həyat” əsəridir”

Humay İsmayılzadə - Azərbaycan Kooperasiya Universiteti: ”Gənclərin kitaba marağı çox zəifdi. Mən həm xarici, həm də yerli ədəbiyyatla maraqlanıram. Ən çox yAzərbaycandakı gənc yazarların əsərlərin oxuyuram. Sonuncu dəfə oxuduğum kitab Əli Əkbərin “Amnezia” əsəridir”.

Daşqın Əliyev - Azərbaycan İctimai-Siyasi Universiteti: ”Gənclərdə kitaba marağın olmaması yəqinki internetdəki sosial şəbəkələrlə bağlıdır. Mən də çox gənclər kimi Avropa ədəbiyyatını daha çox oxuyuram. Yerli ədəbiyyatda isə gənc yazarların əsərləri ilə maraqlanıram. Məncə Elxan Qaraqan pis yazmır. Ən son oxuduğum kitab isə Məhəmməd Əmin Rəsulzadənin Stalinlə bağlı xatirələrindən bəhs edən bir kitab olub”.

Banuçiçək Nəsibova - Azərbaycan Dövlət Pedoqoji Universiteti: ” Bədii kitab oxumağa vaxtım yoxdur. Daha çox öz dərslərimə aid olan kitabları oxuyuram.Axrıncı oxuduğum kitab “İqtisadi nəzəriyyənin əsasları” olub. Mənə bu daha vacibdir”.

Tural Vəliyev - Qafqaz Universiteti: ”Daha çox marağım Universitet kitablarınadı.”Ekonomik və idarəetmə” kitabını oxuyuram. Elmi kitablar mənə daha yaxındı. Mən bədii ədəbiyyat oxumuram. Hər kəs fərqli düşünür”.

Anar Kəlbiyev

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır