Modern.az

Britaniya Şahzadə Məktəbinin Azərbaycandakı tərəfdaşı - İçərişəhər Ənənəvi İncəsənət Mərkəzindən REPORTAJ

Britaniya Şahzadə Məktəbinin Azərbaycandakı tərəfdaşı - İçərişəhər Ənənəvi İncəsənət Mərkəzindən REPORTAJ

25 Aprel 2019, 08:32

El arasında çox gözəl bir deyim var: Bir milləti məhv etmək istəyirsənsə, öncə onun mədəniyyətini məhv etməlisən. Yox, əgər bir milləti dirçəltmək istəyirsənsə, onun mədəniyyətini qoruyaraq, təbliğ etməyə başlamalısan. Modern.az saytının “Art Time” rubrikasında budəfəki reportajımın mövzusu Azərbaycan mədəniyyəti və incəsənəti ilə bağlıdır.

Yəqin ki, çoxlarımız Azərbaycanın tarixi memarlıq nümunələrindən biri olan İçərişəhərdə olmuşuq. İçərişəhərdə ən çox rastlaşdığımız hallardan biri köşklərə düzülmüş Azərbaycanı təbliğ edən müxtəlif formalı suvinerlərin satılmasıdır. Bəzi satıcılar az da olsa gələn turistlərlə danışır, bəziləri isə sadəcə əl işarələri ilə qiymətləri göstərməklə kifayətlənirlər. Mənim söhbət açacağım məkan “İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi”dir. Mərkəz Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2012-ci ildə təsis edilib. Bu Mərkəz İçərişəhər Tarix-Memarlıq Qoruğu ilə Birləşmiş Krallıqda yerləşən “Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbi” arasında həyata keçirilən birgə layihənin nəticəsidir. Öz qapılarını turistlərin üzünə açan “Ənənəvi İncəsənət Mərkəzi”  İçərişəhər Memarlıq Qoruğunun ərazisində yerləşir və Qoruq İdarəsinin Köhnə Bakının “Canlı tarix” olaraq qorunması konsepsiyasının tərkib hissəsidir. Mərkəzə daxil olduğum zaman orada satışa qoyulan yerli gümüş aksesuarlar və milli üslubda bəzədilmiş kəlağayılar xüsusi olaraq diqqətimi cəlb etdi. Aksesuarlarla maraqlandıqda isə əməkdaşlar mənə bildirdilər ki, bunlar yerli mütəxəsislər tərəfindən hazırlanaraq satışa çıxarılır. Məqsəd yerli mütəxəsislərin, dizaynerlərin əl işlərini təbliğ etməkdir. Bu mərkəzdə işləyən mütəxəsislər Britaniya Şahzadə Məktəbinin müəllimlərindən dərs almaq imkanına malikdirlər. Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbinin unikal üslubu gənc dizaynerlərə davamlı olaraq öz mədəni irsinə yeni yanaşmanı təbliğ etməyə, eyni zamanda inkişaf etdirməyə də imkan verir. Həm çağdaş, həm də əbədi olacaq əsrarəngiz müasir dizaynın yaradılması, mərkəzin kreativliyini göstərən ən başlıca səbəblərdən biridir. Bu mərkəz həm də bir çox yaradıcı gənclər üçün tədqiqat, təlim və təhsil resusu rolunu oynamaqdadır. Mərkəz ən böyük uğuruna 24 dekabr 2016-cı ildə “Dastan” brendinin təqdimatı ilə imza atıb. “Saqa” kimi tərcümə olunan dastan sözünə ədəbiyyatımızda epos da deyilməkdədir. “Dastan” brendi olaraq mərkəzin hazırladığı məhsullar beş ənənəvi sənətkarlıq növündən ibarətdir: zərgərlik, batika, keramika, taxta işi və dekorativ rəngkarlıq. Mərkəzin məhsullarının özəlliyi davamlı olaraq təlim keçən dizaynerlər qrupu tərəfindən əl ilə hazırlanmasındadır. Hər bir məhsulun dizaynı bir neçə ay davam edir. Məhsullar xüsusi təbii materiallardan hazırlanır. Ənənəvi sənət üzrə yerli sənətkarlardan, eləcə də Britaniya Şahzadə Məktəbinin ekspert qrupu tərəfindən məhsulların hazırlanması və dizayn olunmasında gənc dizaynerlərimizə yaxından köməklik göstərilir.

Gənc dizaynerlərimizə maraqla dərs keçən Britaniya Şahzadə Məktəbindən gəlmiş dulusçuluq üzrə ekspert məmuniyyətlə həmsöhbətimiz oldu.

- Özünüzü təqdim edə bilərsiniz?

- Mənim adım Qulam Heydər  Daudpotadır.  Pakistanda anadan olmuşam. Dulusçu ailəsində doğulmuşam və özüm də bu sənəti seçib davam etdirməkdəyəm. Mən Lahorda incəsənət məktəbi bitirmişəm, 2010-cu ildə magistr təhsilimi Londonda Şahzadə Çarlzın İncəsənət Məktəbində almışam. Magistr dərəcəsi alandan sonra bir neçə  ölkədə - İranda, Mərakeşdə ənənəvi incəsənətə məxsus layihələrə qoşuldum. Pakistanda öz təşkilatımı açdım, restavrasiya ilə bağlı layihələr həyata keçirməkdəyik. İndi Azərbaycana gəlmişəm, burada bir ay müddətində dulusçuluq üzrə təlimlər keçirəm.

- Azərbaycanda dulusçuluq sənətinin inkişafıyla bağlı hansı təəssüratlarınız var?

- Azərbaycanda bu sənətin tarixi xeyli qədimdir. Mən Azərbaycanla bağlı araşdırmalarımda bunun şahidi oldum. Azərbaycanın özündə  bu sahədə çox istedadlı sənətkarlar var və burada ənənəvi incəsənətin bir neçə növü yaşadılır. Məsələn, keramika, zərgərlik, batika və ya taxta işi.

- Dulusçuluq sənətində Şahzadə Məktəbində qazandığınız təcrübi biliklərin praktiki tərəfini azərbaycanlı tələbələrə necə izah edirsiniz?

- Biz burada geometriya texnikasını izah edirik və onu keramika sənəti  ilə birləşdiririk. Gildən müxtəlif formaların hazırlanmasını öyrədirik, dərs ərzində texniki mərhələlər barədə məlumat verilir. Şahzadə Məktəbində bizlərə tətbiq olunan incəlikləri, dulusçuluqda xüsusi boyama və yapışdırma üsullarını azərbaycanlı gənclərə öyrədirəm və onlar bu sahədə çox həvəsli görünürlər.

 

Leyla Əsədullayeva

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?