Modern.az

Anar “susmaq qızıldır” prinsipini üstün tutdu: Onlara cavab verməyəcəm!

Anar “susmaq qızıldır” prinsipini üstün tutdu: “Onlara cavab verməyəcəm!”

25 Aprel 2019, 10:38

Yazıçılar Birliyinin sədri (AYB) Anar 162 saylı məktəbin  intihar edən şagirdi, 14 yaşlı Elina Hacıyeva haqqında məqalə yazıb.

 

Xalq yazıçısı məqalədə yeniyetmə Elinanın intiharına  hamı kimi dərindən sarsıldığını bildirərək, məktəbli qızın ailə üzvlərinə  dərin hüznlə başsağlığı verib. Məqalədə diqqət çəkən məqam xalq yazıçısının adı Elina ilə bağlı hadisələrdə hallandırılan Səbail rayon İcra Hakimiyyəti başçısının I müavini Xalidə Bayramovanı müdafiə etməsi olub. Məqalənin həmin hissəsində bunlar qeyd olunub: 

 “Yazıçılar Birliyi Səbail rayonun ərazisində yerləşir və bu rayonun İcra başçısının birinci müavini Xalidə xanım uzun illər boyu təşkilatımıza xeyirxah münasibət bəsləyir, tədbirlərimizdə iştirak edir, yazıçıların ona aid olan bütün məsələlərini həll etməkçün əlindən gələni əsirgəmir. Əsas vəzifəsindən başqa yeniyetmələr və uşaqlarla iş üzrə rayon komissiyasının sədri kimi, Xalidə xanımın bu məsələyə necə sədaqətlə və məsuliyyətlə yanaşmasını bilirəm. 

“Yeni Müsavat”  qəzetində bir neçə hörmətli deputatın fikirləriylə tanış oldum. «Hələ istintaq gedərkən kiminsə haqqında fikir söyləmək doğru olmaz» deyirlər. X.Bayramovaya qarşı ədalətsizliyin yolverilməz olduğunu deyirlər və mən də bu rəylərlə razıyam. Başqa bir deputatın verdiyi sual da yerindədir: «Yəni doğrudanmı cəmiyyətdə insanların bir-birinə qarşı mərhəmət hissi azalıb?”.

Xalq yazıçısı Anarın Xalidə Bayramovanı müdafiə etməsi ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Hətta Xalq yazıçısı bu mövqeyinə görə  sosial şəbəkələrdə kəskin tənqid olunub.

 

Modern. az saytı məsələ ilə bağlı Anara müraciət edib. AYB sədri saytımıza açıqlamasında ətraflı danışmaq istəmədiyini deyib.

 

“Xalidə Bayramova barədə yazdığım məqaləyə görə kimlərsə tərəfindən qınanıldığım haqda məlumatlı deyiləm. Heç bu barədə məlumat almaq fikrim də yoxdur. Onlara cavab vermək niyyətində deyiləm. Bu da mənim cavabımdır”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır