Modern.az

Moskva xatirələri - VII HİSSƏ

Moskva xatirələri - VII HİSSƏ

Ədəbi̇yyat

28 Aprel 2019, 10:15

Cəlaləddin Qasımov


Əvvəli burada

 

Hələ də düşündükcə öz-özümə məəttəl qalıram. Mən o vaxt rus dilini elə öyrəndim ki, inanırsınız, indi də unutmamışam. Hələ indi də “azbuka mozq”dan radioqramma qəbul edib göndərə bilərəm. 
Xülasə, vaxt gəldi. İmtahan verib qazandım. General məni şəxsən qəbul edib dedi:

- Səni ən məxfi yerlərə göndərəcəyəm, zabit ştatına. O hərbçidən bi­ri sən olacaqsan. Çünki bura düşən ilk qafqazlı sən olmusan. Sə­nə güvənirəm! - Sonra da əlini kürəyimə çəkdi.

Generalla ilk görüşüm yadıma düşdü. Ona qarşı olan nifrətim öz yerini hörmətə, sayğıya verdi.

Verder şəhərində müdavim kimi tədris kursunu başa vurduqdan sonra Vey­ma­rın Nora qəsəbəsində səkkiz qərargahdan ibarət, sahə poçtası 61877 olan hərbi hissənin rabitə batalyonuna gəldim. Məni məxfi sə­­nəd­­lər­lə tanış etdikdən sonra radiostansiyanın rəisi vəzifəsinə təyin elədilər. 

İşlədikcə anlayırdım ki, dünyanın ən böyük ölkəsi olan Sovet İttifaqı mənə nə qədər vacib sahə etibar edib. İçimdə məsuliyyətlə bə­rabər, qəribə bir qorxu da vardı. Kapitalist ölkələrindən radioq­ram­lar gəlirdi, onlar çox məxfi idi. Onların qəbulu elə də asan iş de­yildi. Adam inanmırdı ki, belə bir işin öhdəsindən gələ bilər.


Ciddi bir rejimdə xidmət edirdim. Yazdığımız məktubları zərfə qo­yub ağzı açıq verirdik. Bizə gələn məktublar da eyni şəkildə gəlirdi. O vaxtlar təzə çıxmış fotoaparatlar vardı  - Kodak. Çəkən kimi özü də çı­xa­­rırdı. Mən o aparatın çəkdiyi şəklin birini cibimə qoymuşdum. Uzun müddət ci­bim­də qaldığından şəklin üz səthi ikiyə aralanmışdı. Ağlıma gəldi ki, bu “sloyların” arasına pul qoymaq olar. Düz deyirlər ki, bizim ağ­lımıza gələn heç almanların da ağlına gəlməz. O şəkli evə gön­dər­dim və yazdım ki, bura şax pul qoyub göndərsinlər. Elə də oldu. Ne­çə dəfələrlə evdən bu qaydada pul gəldi. Mən də onu dəyişib xərc­ləməyə başladım. 


Bir gün batalyonun qərargahına çağırdılar. Gəldim ki, bir mayor əy­­lə­şib. İçəri girən kimi yanında dayanmış rota komandirimiz de­di: 

- Budur Qasımov. 

Mayor ağzında familiyamı təkrarladı:

- Qasımov, Qasımov… sonra, - mənim Qasımovla bir az söhbətim olacaq, - dedi. Rota komandirimiz çıxdı. Mayorun ilk sualı belə oldu: 

- Sən bura necə düşmüsən? 

Bilmirdim söhbət nədən gedir, bu söz məni cox əsəbiləşdirdi, mən elə bildim yenə bu məsələylə bağlı sorğu-sual eləməyə gəliblər. Qaşlarımı çatıb - bilmirəm, hamı necə, mən də elə, - dedim. 

Mayor soruşdu: 

- Yaxşı, mətləbə keçək. Sən neçə marka alırsan? 

- 70 marka. 

Mayor: 

- Hə, çünki sən zabit ştatında oturmusan. Bəs nə qədər xərcləyirsən ayda? 

- Elə 70 marka. 

Mayor: 

- Yalan deyirsən. 

Baxdım ki, mundirindəki prokuror gerbidi. Səhərəcən bir stəkan su da içmədi, mənimlə mübahisə etdi. Qarışıq suallar verdi. Hər dəfə də istəyinə nail olmayınca, yeni bir siqar yandırırdı. Səhərə yaxın qovluğunu da götürüb çıxdı. Mənə isə bir stəkan kompot, bir dilim də ağ çörək gətirmişdilər. Qayıdıb mənə dedi ki, çörəyini ye, indi gələcəm başlayarıq. Mən də kompotu içdim, çörəyi yeyə bilmədim. Boğazımdan keçmədi. Cibimdə 60 rus rublu, 150 alman markası vardı. Üstümə baxış keçirilsə, onu da tapacaqlarından qorxurdum. Bir az keçməmiş əlində nəsə kağız-kuğuz gəldi və əyləşmədən dedi: 

- Hə, indi nə deyəcəksən? Bunlar da sənin dükandan aldıqlarının siyahısı: sonuncu ay 320 marka, əvvəlki ay 270 marka. Sübut üçün bunlar kifayətdir. 

Sözümün üstündə durmaqdan başqa çıxış yolum yox idi. Boynuma almadım. 

- Siz nə danışırsınız? Məndə bu qədər pul nə gəzirdi? 

Mayor sözümü kəsdi: 

- Bax partizan, elə mənə də o lazımdır ki, səndə bu qədər pul hardandır?! Buyur görək. Yenə boynuma almadım. O bir siyahı çıxarıb mənim mağazaya getdiyim günlərin tarixini, aldığım əşya­ların adlarını, qiymətlərini ortaya qoydu:

- Bu da sübut! İndi istəyirsən satıcı üzünə dursun ki, sən ordan al­ver eləməmisən, hə?! 

- Hə, eləmişəm deyib, - başımı aşağı saldım. Başqa yolum qalma­mışdı.


- Bir ildən artıqdır pullarımı yığırdım ki, evə gedəndə hədiyyələr alım, amma dözə bilmədim, xərcləməyə başladım.

Partizan sözü xoşuma gəldi. O addan sonra onun gözünün içinə dik baxdım. Əlacsız qalıb əlini cibinə apardı. Partiya biletini çıxarıb stolun üstünə qoyub dedi:

- Sən qazandın! And olsun bu partbiletimə, əgər başqa bir cinayətin yox­­dursa, (satqınlığı nəzərdə tuturdu) təkcə bu pul məsələsidirsə, səni bağışlayacam. Düzünü de görüm, bu pullar hardandır? Ona inan­dım üçün dedim:

 - Bax and içdiniz. Hələ bir siqar verin.

Verdi, yandırdım. Başım fırlandı. Elə bil sərxoş oldum, danış­mağa  başladım: 

- Pul mənə məktubda gəlir, şəklin arasında. 

Mayor: 

- Necə? Bəs rus pulunu necə markaya dəyişirdin? 

- Əsgərlərə verirdim, dəyişdirib gətirirdilər. 

Mayor: 

- Əsgərlər bunu edə bilməzdilər, düzünü de. 

- Partbiletinizə and için ki, heç kimi incitməyəcəksiniz. 

Güldü, - sən bilirsən nəsən, - dedi və and içib dedi:

- Amma bu şərtlə, hərbi sirr, satqınlıq olmasın.

 Dedim:

- Elə işimiz yoxdur. Mən səhərlər idman edəndə, yəni qaçan vaxt sü­rü­cünün yanına çatanda rus pulunu onun yanında tullayıb qa­çı­şı­ma davam edirdim. O, da götürürdü. Sürücü zabitlərin uşaqlarını mək­təbə aparırdı deyə, şəhərə sərbəst çıxa bilirdi. Ona pul dəyiş­dir­mək çətin olmurdu. 

O, sadəcə başını bulayıb:

- Bir şey də soruşacam, bu başqa məsələdir, mənimçün maraqlıdır, - bir qurtum su alıb sözünə davam etdi, - rusların özü yüz dəfə yox­la­nandan sonra bura düşə bilir. Sən necə olub bura düşmüsən? Bi­lir­sən ki, bura Veymarın Nora kəndindəki səkkiz ştabdan ibarət So­vet Ordusunun ən məxfi hərbi hissəsidir. Sən bura elə-belə təsadüfi düşə bilməzdin. 

- Çavuşlardan tutmuş generala qədər bu sualı mənə çox veriblər. Hələ də anlamıram, burda nə var ki? Mən də Sovet vətəndaşıyam, Sovet Ordusunun əsgəriyəm. Niyə elə bilirsiniz ki, mən buraya han­­sısa yollarla düşmüşəm. Burada qulluq etmək mənə çox lazım idi? İstəyirsiniz bu saat məni başqa hərbi hissəyə göndərin, Sizə min­­nətdar olaram. 

Mayor:

- Mən göndərə bilmərəm. Bilirəm, xidmət etdiyin hissə cox məxfi­dir. Arxa qapıdan maşınla girəndə sürücü belə, səndən icazəsiz içə­ri daxil ola bilməz. Nə də komandirin iş sahəsinə kimsə girə bilər. Əgər sənin sürücün belə, icazəsiz bircə dəfə maşınıyla içəri daxil olarsa, onu üç illik həbs cəzası gözləyir. Çox məxfi, ciddi yer olsa da, şərəfli yerdir, hər adam burda xidmət edə bilmir. Sən niyə istə­mirsən, bilmirəm. 

Dedim ki:

- İnciməyin, “bura necə düşmüsən” sualından bezmişəm. Hər sual ve­riləndə özüm də şübhələnməyə başlayıram. Mən axı öz xahişimlə bura düşməmişəm ki. 

Mayor sonra bildirdi ki:

- Səninlə söhbətimizin nəticələrindən çox şey asılı idi. Mənim ra­por­­­tumu gözləyirlər. Batalyon komandirinizə deyəcəyəm ki, Qası­mov xidmətini davam etdirə bilər. 

Sağollaşıb çıxdı. Bir neçə gündən sonra məni axtardığını eşitdim. Ürə­­yim qopdu ki, görəsən indi neyləmişəm. Görüşdük. Mənə bir mək­­tub uzatdı. Açıb baxdım ki, mənə gəlib. İlk dəfəydi ki, mək­­tubu özüm açırdım. İçində şəkil var idi. Şəklin bir küncünü ara­la­dım, iki qatın arasında beş ədəd “onluq” vardı. 

Yadınızdadı da, qırmızı onluq! Alman bankı 50 və 100 rubl əski­naz­larını qəbul etmirdi, ancaq 5-lik, 10-luq dəyişirdi. 

Mayor: 

- Bu sonuncu dəfə olsun, - deyib gülümsədi, ayağa durub dedi, - sən yaxşı əsgərsən, vətənə ləyaqətlə qulluq edirsən. Sənin SSRİ haq­da bildiyin məxfi məlumatları heç mən bilmirəm. 

O, mənim komandirimə dedi:

- Qasımov bizə bilmədiklərimizi də öyrətdi.

Komandirim:

- Qasımov əla rabitəçidir. Məsuliyyətlə və şərəflə xidmət edir.

Cəmi bir neçə gün əvvəl nifrət elədiyim mayor sözünün üstündə durmuşdu. Bu da ona qarşı rəğbət oyatmışdı məndə. Bizi səkkizinci ordu qərargahının hərbi texnikası yerləşən qarajları mühafizə rotası qoruyurdu. O rotada dörd azərbaycanlı vardı. Mən özümün əsgərlik albomumdan onların ünvanını göstərirəm:

 1) Çavuş Həsənov Nizami (Xaçmaz şəhəri, ev 9, tel. 3-15-69),

2) Dadaşov Afşar, (Astara rayonu, Siyakeran kəndi, tel. 24-1-42), 

3) Heydərov Seyfəddin (Masallı rayonu, Türkoba kəndi),

4) Əliyev İdris (Salyan rayonu, Stansiya qəsəbəsi, ev 83.)


Bu dörd həmyerlimlə həftədə bir dəfə görüşürdüm. Məxfi rabitəçi olduğumdan nəzarətdə idim. Odur ki, görüşümüz çox çəkmirdi, cəmi beş dəqiqə söhbət edə bilirdik. (34 il görmədiyim əsgər yol­daş­larımı yenidən görsəydim çox sevinərdim. Bəlkə də bu on­lar­dan hansısa biri bu yazımı oxudu, ya da oxuyanlardan onları ta­nı­yanlar olsa əlim onlara çatar…) 

On səkkiz yaşında iyirmi iki nəfərlik bir radiostansiyaya rəhbərlik edən, on səkkiz yaşında rəis olan qafqazlı balasının həyatı… Bəs əl­li yaşında necə? Hardadır? Kimdir? Ardını izləyin...

Hərbi xidməti bitirəndə məni təyyarə Kros­no­da­ra gətirdi. Təyyarədən düşən kimi bilet aldım. Sonra Lenaya zəng vur­­dum. Onun səsini eşidərkən sevincimdən uçurdum. Onu çox sev­­diyimi bildirib, indi Moskvaya gəldiyimi söylədim. Təyyarə bir saat­­dan sonra uçacaqdır.

Lena:

- Bəs iki ildən sonra sənin yadına indimi düşmüşəm? Gəlsən də mən səninlə görüşməyəcəm, - deyərək telefonu yerinə qoydur. 

Təkrar nə qədər yığsam da, Lena telefonu açmadı. Atası mənə dedi:

- Lena səninlə bir daha danışmaq istəmir.

Mən Bakıyla, dayımla danışdım. Moskva biletini qaytarararaq Bakıya qatarla gəlim. Bakıdan da Lenaya zəng vurdum. Lena yenə telefonu götürdü və səsimi eşidəndə dəstəyi yerinə qoydu. Tovuzdan da Lenaya zəng vurur. Lenanın qardaşı telefonu götürərək dedi ki, “o, səninlə danışmaq istəmir. Bir də bizi narahat etmə”.

Qohumlarımız gələrək hamı yeyir-içib şənlənirdi. Lenanın qardaşı­nın sözündən sonra çox kədərləndim. Bir şüşə arağı tək içdim.

Dayım Samir Tağızadə zəng vurub hərbi xidməti başa vur­duğuma görə təbrik etdi. Bildirdi ki, “bir aydan sonra gələrsən Mosk­vaya fərq imtanlarını verərsən. İkinci kursdan oxuyacaqsan. Atan bilmə­sin ha, institutdan qovulmağını demə!”

Mən içkidən sərxoş olmuşdum. Atam soruşdu ki, dayın nə yaxşı zəng vur­muşdu? Dedim:

- Dayım mənim işimi danışıb. Fərq imtanlarını ve­rərək ikinci kursdan oxuyacam.

Atam:

- Səni kursda saxlamayıblar?

- Yox, məni ınstitutdan qovmuşdular. İndi dayım işimi danışıbdı.

- Səni MİU-dan qovublar deyirsən?



Ardı var

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü