Modern.az

Turist axını, büdcəyə əlavə gəlir, ölkəmizin tanınması - Deputatlar Formula 1-i DƏYƏRLƏNDİRDİ

Turist axını, büdcəyə əlavə gəlir, ölkəmizin tanınması - Deputatlar Formula 1-i DƏYƏRLƏNDİRDİ

28 Aprel 2019, 13:52

Aprelin 28-də Bakıda Formula 1 Azərbaycan Qran Prisinin üçüncü – sonuncu yarış gününə start verilir.

 

Maraqlıdır, Formula 1 yarışlarının Azərbaycan üçün əhəmiyyəti nədir?

Modern.az saytı mövzu ilə bağlı bir neçə deputatın fikirlərini öyrənməyə çalışıb. 

 

Milli Məclisin deputatı Dilarə Cəbrayılova düşünür ki, bu cür oyunların  ölkəmizdə keçirilməsinin üstünlükləri çoxdur.

“Formula 1 yarışının Azərbaycanda keçirilməsi böyük hadisədir. Bəzi insanlar düşünür ki, bu cür yarışların keçirərkən tıxac yaranır və sairə. Halbuki məsələyə bu formadan baxmaq doğru deyil. Əslində belə yarışların ölkəmizdə keçirilməsi iqtisadiyyatımıza böyük fayda verir. Azərbaycanın tanıdılması baxımından da çox faydalıdır. Çünki son illərdə turizm ölkəmizdə inkişaf yoluna qədəm qoymaqdadır. Bu cür yarışların keçirilməsi həm də turistlərin ölkəmizə axın etməsinə hesablanır. Formula 1 yarışlarına gələn xarici qonaqlar mehmanxanalarda qalmalı olurlar. Bu zaman ölkəmizə maliyyə vəsaitlərinin axın etməsinə şərait yaradılır. Eyni zamanda yarışlar boyunca ölkəmizdə qalan qonaqlar nəqliyyatdan, rabitədən və digər sahələrdən istifadə etməklə ölkəmizin büdcəsinə xeyir verirlər. Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları da bir neçə il bundan qabaq Bakıda keçirilmişdi. Hesab edirəm ki, bu cür yarışlar müxtəlif xalqların Azərbaycana üz tutmasına səbəb olur.

Dövlətimiz bir çox sahələrdə inkişaf edir. Düşünürəm ki, bu cür yarışlar ölkəmizə daha çox fayda verir”.

 

Milli Məclisin deputatı Aydın Mirzəzadənin sözlərinə görə, istənilən ölkə üçün Formula 1 yarışlarının keçirilməsi əhəmiyyətli hadisədir.

“Formula 1 yarışı ildə 24 dəfə ayda 2 dəfə dünyanın 24 ölkəsində keçirilir. Bir yer boşalanda onlarla ölkə ora müraciət edir. Azərbaycanın namizədliyi veriləndə 50-dən çox ölkə ora müraciət etmişdi. Ancaq Azərbaycan seçildi. Bura həm trasın keçdiyi küçələrin bir hissəsinin qədim binalardan ibarət olması, infrastrukturun mövcudluğu, biznes otel təsərrüfatının inkişafı xaricdən gələcək qonaqların həm turist gəzintisi, həm xidmət üçün şəraitin yaradılmasından irəli gəlir. Dünya yenidən Azərbaycana baxdı. Azərbaycanın 24 ölkədən birincisi seçilməsi hadisədir. Bu gün idman dünya gündəminin əsas mövzularından biridir. Bu isə əyləncəli idmandır. Azərbaycanın yüksək tərəflərə cavab verdiyi qənaətinə gəlinir. Digər vacib məqam biz həyatımızı, infrastrukturumuzu Avropanın yüksək tələblərinə daha da uyğunlaşdırmağa başladıq. Bu bizdə alındı. Nəticəsidir ki, 5 il tamam olmamış Azərbaycanla növbəti 3 ilə  müqavilə imzalandı və sonradan da bu davam etməkdədir”.

 

Milli Məclisin deputatı Sona Əliyeva da Formula 1 yarışlarının əhəmiyyətini ölkəmiz üçün müsbət qiymətləndirib.

“Dünya əhəmiyyətli yarşıların keçirilməsinin müsbət tərəfləri çoxdur. Çünki dünya xalqlarının  ölkəmizə cəlb edilməsi baxımından çox əhəmiyyətlidir. Həmçinin, beynəlxalq yarışların keçirilməsini müxtəlif formalarda qiymətləndirmək olar. Əvvəla, ölkəmizə çoxlu sayda turist axının genişlənməsinə yol açır. Əcnəbi vətəndaşlar yarışlar boyunca muzeylərimizə,  tarixi yerlərimizə ekskursiya edirlər. Dövlətimizi daha da yaxından tanıyırlar. Eyni zamanda, bu cür yarışlar turist axının sayını çoxaldır. Bildiyim qədərilə, Formula 1 yarışları bir çox ölkələr tərəfindən izlənilir. Azərbaycan haqqında artıq maraqlananlar daha çoxdur. Tariximiz, bu günümüz Azərbaycan torpaqlarının bir hissəsinin Ermənistan işğalçıları tərəfindən işğal olunması faktları ilə tanış olanlar hər gün daha da artır. Hətta yarışlar boyunca Azərbaycan və onun paytaxtı Bakı haqında maraqlananlar çoxluq təşkil edir. Bu da onu göstərir ki, bu yarışlar ölkəmizin həm tanıdılması,  həm də biznes baxımından vəsait əldə etməsinə şərait yaradır”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir