Modern.az

Diqqət məşq gedir: Gənc Tamaşaçılar Teatrında pərdəarxası OLAYLAR

Diqqət məşq gedir: Gənc Tamaşaçılar Teatrında pərdəarxası OLAYLAR

Mədəni̇yyət

29 Aprel 2019, 09:08

Hər zaman yeniliklərə imza atan, yaradıcı, kreativ ideyalara, rubrikalara yer ayıran Modern.az saytı, bugündən etibarən “Diqqət məşq gedir” adlı xüsusi rubrikaya start verir. Rubrikada teatrda tamaşanın hazırlanması zamanı səhnə arxasında baş verənlər, aktyorların tamaşaya hazırlıq prosesi, rejissor-aktyor münasibətləri, rol bölgüsü,  bu zaman yaşannalar, həyəcanlar və görünməyən gizli məqamlar haqqında  danışılacaq.            

          
Məşq başlayır...


Uzun müddətdir ki, tamaşanın yaranma prosesi barəsində yazmaq istəyirdim. Elə bu fikirlə də sirli-sehirli aləm olan “Teatr” adlı məbədə yollandım. Mənə elə gəlirdi ki, tamaşanın yaranma prosesi haqqında yazmaq istədiyim yazı çox asanlıqla ərsəyə gələcək. Bir-iki gün hər hansı bir əsərin məşqində otursam, rejissorla, bir-iki aktyorla söhbət etsəm bəsimdir. İlk məşqlərdə iştirak edəndən sonra anladım ki, bu fikri tez bir müddətdə həyata keçirmək olmaz. Mütəmadi olaraq bu sehrli prosesi izləmək lazımdır. Bu sənətin necə əzablı olduğunu biz gördükcə başa düşürük...


...Beləliklə məkan Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı... Məşq olunan əsər tatar dramaturqu İlgiz Zeyniyevə məxsusdur. Quruluşçu rejissor teatrın baş rejissoru (titullarını sausam xeyli yer tutar) Bəhram Osmanovdur.


Aktyorlar yavaş-yavaş salona yığışırlar. Xalq artisti Nübar Novruzova yerini rahatlayır. Digər Xalq artisti Qurban İsmayılov siqaret çəkmək istəyir, amma salonda bunu etmək qadağandır. Əməkdar artistlər Rasim Cəfərov və Elnur Kərimov nə barədə isə danışırlar. Əməkdar artist Şəfəq Əliyeva rejissor köməkçisi Orxan Vahidoğlu ilə mətndə anlaşılmaz olan yerləri düzəldir. Əməkdar artist Elşən Çarxanlı pıçıldaşanlara qoşularaq, nə isə deyir və onlar gülməyə başlayırlar.

Və məşq başlanır. Bəhram Osmanov salona daxil olaraq pyesin nüsxələrini stolun üstünə qoyub sözə başlayır. Bəhram Osmanovun bir çox tamaşalarına izləyici gözüylə baxsam da, düzü ilk dəfədir ki onun məşqində iştirak edirdim. Aktyorlar müsahibələrində deyirlər ki, o, həmişə məşqlərə hazırlıqlı gəlir. Məşqdən olan təəssüratlarıma əsasən deyə bilərəm ki, Bəhram Osmanov elə bil bildiklərini unudaraq, bizimlə bərabər axtarışa edir, düzgün, lazım olan ifadə vasitələri tapırdı. Məhz bu amil təcrübəli rejissorun sənət sevgisindən və eyni zamanda da sadə və səmimi xarakterindən irəli gəlir. Bu əzablı və çətin prosesi ləzzətlə aparsa da, rejissor dodaqaltı, bəzən də bərkdən etirazını bildirirdi. Aktyor fikirlərinə hörmətlə yanaşsa da, demək olar ki, heç bir fikirlə razılaşmırdı. Amma onunla məşq həqiqətən çox maraqlıydı...


Bəhram Osmanov: “
Başlayaq tamaşamızdan. Biz ailədən danışırıq. Ailəyə müqəddəs baxmaqa çalışırıq, amma ailələrdə səhvlər çox olur. Bəlkə də elə buna görə atalar və oğullar, analar və qızlar, ər və arvad problemindən yüzlərlə əsər yazılır.Yəqin bu, ona görədir ki, həm maraqla qarşılanır, həm də insanlar həmin bədii əsərlərdə öz prototiplərini görüb nəticə çıxarırlar. Bizim tamaşamız da ailədən danışır. Lakin sənətimizin missiyası təkcə məişəti göstərmək yox, məişətdə baş verənləri sosial bir bəla kimi insanlara çatdırmaqdır. Teatr canlı sənət olduğundan görünür tamaşada həm mərhəmət hissini, həm də düşünmək qabiliyyətini aşılaya bilir. Ailə arxa, dayaq deməkdir. Tomas Mannın “Ailədə hamı bir-birinə dayaq olmalıdır. Əks tədqirdə, fələk qapını döyər” fikrinə əsaslanaraq, bu əsərdə araşdırmalar aparıb dəqiq ifadə vasitələri tapmalıyıq.

Hər bir kəs ailə quranda yüz ölçüb, bir biçir. Əsərdəki baş qəhrəman Burqan olmasaydı, bu ailə də olmazdı. Bunu mütləq yadda saxlayıb qeyd edin ki, əgər Burqan olmasaydı, bu əsərdə baş verənlər də olmazdı. Çünki Burqan nə qədər sağ idisə, olanlar gizli qalmışdı. Onun ölməsiylə gizli qalmış işlər üzə çıxmağa başlayır. Burqanın övladları başlarına gələnləri mərasim proseslərində aydınlaşdırmağa çalışırlar”.

Qurban İsmayılov soruşur: “Mənim bir sualım var. Kəlimulla bu adamlardan intiqam alır? Adamlardan deyəndə Burqanın övladlarından”.


Bəhram Osmanov cavab verir: “
Kəlimulla həmişə təhqir olunur. Burqan kənddə vaxtilə sayılıb-seçilən bir insan olduğu üçün hamının ondan xoşu gələrdi. Bütün kənd camaatı üzünə deməsə də, Kəlimulladan xoşları gəlmir, hətta üzünə deməyə qorxurlar da. Əgər Anton  Çexovun “Üç bacı” pyesi yadınızdadırsa, orada Solyoni familiyalı bir personaj var. Bütün tamaşa boyu ilk baxışdan birbaşa olmasa da, gizli şəkildə hamıya sataşaraq, ələ salıb təhqir edir. Hətta yekunda cinayət də törədir. Bəlkə də onun cinayət törədə biləcəyini hiss edərək, başqaları ondan qorxurlar, bilmirəm... Amma sonda özü it kimi tək-tənha gəbərir. Düzdür, Kəlimulla hərdən sözün düzünü deyərək sonrakı fəsadlar barəsində düşünmür. Amma təəssüf ki, adını unutduğum bir fransız filosofu deyir ki, “Məni yaşadan yalan, məni öldürən həqiqətdən gözəldir”. Məncə elə məhz buna görə də Burqanın evi sonda dağılır. Axı hamı onu ismətli, namuslu, sözü bütöv, nəhayət düz adam kimi qəbul edir, ona hörmət bəsləyirlər. Kəlimulla isə deyir ki, Burqandan qorxduqları üçün ona hörmət edirlər”.

Elşən Çarxanlı: “Bəs onda biz Kəlimullanın pis adam olduğunu necə göstərək?”.

Bəhram Osmanov: “Pis adam özü mücərrəddir”.

Şəfəq Əliyeva: “Düzdür, biri üçün pis olan başqa birisi üçün yaxşı sayılır”.

Nübar Novruzova: “Müəllif əsəri “Burqanın evi”  adlandırıb. Bəs tamaşamız nə üçün “Varislər” adlanır?”.

Bəhram Osmanov: “Mənə həyatdan gedənin yox, onun törəmələrinin taleyi daha maraqlıdır”.

Bəhram Osmanov  siqaret çıxarır. Rejissor köməkçisinə külqabını gətirməsini xahiş edir. Köməkçi isə ona siqaret çəkmək qadağandır işarəsini göstərir. Rejissor beş dəqiqə fasilə elan edib, dodaqaltı nə isə mızıldanır. Aktyorlar da, sevincək halda siqaret çəkməyə yollanırlar.    

Nübar Novruzova: “Görəsən dedikləri yaddan çıxmayacaq ki?”.

 

Gülbəniz Lətifova: “Mənə elə gəlir ki, yox. Görmürsünüz nə deyiriksə, o dəqiqəyə cavabı hazırdır”.

Yasəmən Məmmədova: “Bu müddətdə ikinci dəfədir ki, Bəhram Osmanovla işləyirəm. Allah eləsin səsini qaldırmasın, dəhşətdir. Həyəcandan bilmirəm nə edim”.


Şəfəq Əliyeva: “
Amma həmişə yaxşı pyeslər tapır. Mən hələ bizim teatrda işləməzdən qabaq onunla çalışmışam. İşini bilən adamdır. Aktyolardan biri gəlməsə, məşqə başlamağa icazə vermir”.
 

Nübar Novruzova: “Niyə fasilə edirlər ki..?”

Gülbəniz Lətifova: “Nə etsinlər, çəkəndirlər də”..

Nübar Novruzova: “Tərgitsinlər”.

Şəfəq Əliyeva: “Yəqin bacarmırlar”.

Nübar Novruzova: “Nə bilim ey... Ay Şəfəq, ömrümdə belə xarakterli rol oynamamışam. Görəsən necə olacaq?”.

Şəfəq Əliyeva: “Səbrini bas, eşit gör necə təhlil edir. Səbirli olsan, qulaq assan, nəticəsi yaxşı olacaq”.

Nübar Novruzova: “Nə deyirəm...Təki elə olsun..”.

Simuzər Ağakişiyeva: “Şəfəq xanım, siz ona öyrəşmisiniz, amma mən ona heç cür öyrəşə bilmirəm. Onda elə bil hər şey riyazi hesabla gedir. Qızı ilə işləmişəm, o da belədir”.

Nübar Novruzova: “Mən də işləmişəm. Deyəsən Universititetdə dərsi də özü deyib qızına. Gənc olsa da,  çox savadlı qızdır. Nə deyim, neçə ildir Bəhram bizimlə işləyir, amma onu tanıya bilmirəm”.

 

  Əziz oxucu, teatr bu söhbətlərsiz maraqsızdır. Hörmətli aktyorlar yəqin mənim hər şeyi diktafona yazdığımdan xəbərsiz olduqları üçün belə rahat danışırdılar. Əgər bilsəydilər, yəqin ki, susardılar. Mən də, bu cür maraqlı söhbətləri yazmaya bilməzdim. İstədim ki, hər şey canlı olsun və sizlər nəyin necə yarandığını təsəvvür edə biləsiniz.

                                              

Ardı var...



Leyla Əsədullayeva

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı