Modern.az

Azərbaycan xaricə niyə üzüm sata bilmir?

Azərbaycan xaricə niyə üzüm sata bilmir?

17 Dekabr 2009, 19:12

1982-Cİ İLDƏ 2 MİLYON TON ÜZÜM YIĞILAN RESPUBLİKADA BU UL 123.3 MİN TON MƏHSUL TOPLANIB

2009-cu il dekabrın 1-nə kimi üzüm bağlarından 123.3 min ton və ya keçən ilin müvafiq dövründəkindən 14.4 min ton çox məhsul toplanıb. Modern.az-ın məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Komitənin məlumatına görə, cari ildə 31.3 min ton, o cümlədən İmişli rayonunda 6 min ton, Kürdəmirdə 4.5 min ton, Xaçmazda 3.4 min ton, Naxçıvan Muxtar Respublikasında 3.2 min ton, Gəncə şəhərində 2.9 min ton, Göyçay rayonunda 2.8 min ton, Göygöldə 1.9 min ton, Bakı şəhərinin Nərimanov rayonunda 1.5 min ton, Şəmkirdə 1.6 min ton, İsmayıllıda 1.2 min ton, Tovuzda 900 ton, Abşeronda 719 ton və Ağstafa rayonunda 430 ton üzüm sənaye emalına verilib. Komitənin məlumatına görə, ölkədə son illər üzümçülüyün inkişafına diqqətin artırılması və ilbəil üzüm istehsalının artması onun emalı imkanlarını da genişləndirir. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, 2007-ci ildə 100 min ton üzüm istehsal edilib. 2008-ci ildə isə məhsul istehsalında bir qədər də artım baş verib və respublika üzrə 115,800 ton üzüm yığılıb. Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyev məhsul yığımındakı artımı beş-altı il öncə salınan yeni üzüm bağlarının hesabına baş verdiyini bildirib.

Mütəxəssislər üzümçülüyü Azərbaycan üçün gəlirli sahə hesab edirlər. Qeyd edək ki, ötən əsrin 80-ci, 90-cı illərində Azərbaycanda üzüm istehsalı xüsusi çəkiyə malik idi. Ölkəmizdə üzümlüklərdən yığılan məhsulun həcminə görə 1982-ci ildə rekord vurulub. Həmin il bağlardan 2 milyon ton məhsul yığılıb. 1990-ci ildə də isə məhsuldarlıq 1 milyon 196 min ton olub. Lakin 1995-ci ildən sonra üzümçülükdə tənəzzül dövrü başlayıb, həm bağ sahələri, həm də məhsuldarlıq sürətlə azalıb. «Üzümçülük və şərabçılıq haqqında» qanun qəbul ediləndən sonra Kənd Təsərrüfatı Nazirliyi yenidən bu sahəni dirçlətməyə çalışır. Nazirlik rəsmiləri yaxın 5 ildə üzüm istehsalının 500 min tona çatacağını proqnozlaşdırırlar. Hazırda üzüm bağları 15 min hektar ərazini əhatə edir. Amma 1990-cı ilə 260 min hektardan çox üzüm bağı olub.

Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik şöbəsindən bildirilib ki, hazırda Cəlilabad, Kürdəmir, Xaçmaz, İsmayıllı, Ağstafa və Naxçıvanda üzümçülük daha yaxşı inkişaf edir. Son illər respublikanın üzümçülük rayonlarında Avropa ölkələrindən gətirilmiş yeni üzüm sortları əkilir. Məsələn, Fransanın «Rişter» şirkəti son iki ildə Cəlilabad rayonunda  həmin ölkədən gətirilmiş 200 min üzüm tingi satıb. Həmin tinglər məhsudar texniki və süfrə üzümü sortlarıdırdır. Ümumilikdə isə son 3 ildə 3300 hektardan çox sahədə üzümlük salınıb.

Son iki ildə üzüm istehsalında artıma nail olunsa da, istehsal edilən məhsul yerli tələbatı tam ödəyə bilmir. Məhz bu səbəbdən də Azərbaycan hələlik ölkə xaricinə üzüm satışını həyata keçirə bilmir. Lakin yeni üzüm bağları sahəsinin ildən-ilə genişlənməsi yaxın gələcəkdə ölkədə üzüm tədarükünün artmasına səbəb olacaq. O zaman 15-20 il öncə olduğu kimi, xaricə üzüm satışını reallaşdırmaq mümkün olacaq. Yaxın zamanlarda bəzi rayonlarda üzüm qəbulu üçün emal sexlərinin tikintisi də nəzərdə tutulur. Fermerlər tərəfindən yetişdirilən üzüm həmin emal sexləri tərəfindən alınacaq ki, bu da gələcəkdə istehsal müəssisələrinin fəaliyyətinə təkan verəcək.

Samux Ərazi Kənd Təsərrüfatı İdarəsinin direktoru Ziyad Abbasov isə bildirib ki, bu il Azərbaycanın Qərb bölgəsində 160 min ton üzüm xarab olub. O, deyib ki, kəndlinin yetişdirdiyi məhsul həm soyuducu anbarların, həm də kiçik emal müəssisələrinin yoxluğundan satılmır. İri şərab müəssisələri isə yalnız öz texnologiyaları üçün nəzərdə tutduqları üzüm sortlarını almağa üstünlük verdiklərindən bölgədəki üzüm məhsulunun yalnız cuzi hissəsini alırlar.   Qərb bölgəsində üzümün məhsuldarlığı əvvəlki ilə nisbətən 60 faizədək artsa da emal edilmədiyindən zay olub. 

"Modern.az"

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir