Modern.az

Dini liderlərin Bakı sammiti nə vəd edir? - “Belə mötəbər tədbir bəzi qüvvələri qıcıqlandıra bilər

Dini liderlərin Bakı sammiti nə vəd edir? - “Belə mötəbər tədbir bəzi qüvvələri qıcıqlandıra bilər”

5 May 2019, 15:33

Mulitkultural inteqrasiya hazırkı qloballaşan  dünyamızda siyasətin vacib detalı kimi çıxış edir. Bu baxımdan dinlərin qarşılıqlı dialoquna nail olmaq Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissəsidir.

Prezident Ilham Əliyevin  imzaladığı “Dünya dini liderlərinin II Bakı sammiti” haqqında sərəncamı Azərbaycanı dünyanın tanınmış dini liderləri arasında səmərəli fikir mübadiləsinin aparılması üçün vacib platformaya çevirəcək.

Sammit Prezident İlham Əliyevin yürütdüyü tolerantlıq siyasətinin dünyaya bir daha bəyan olunması baxımından yaxşı fürsət və Azərbaycanın bu siyasətin dünyada ardıcıl müdafiə edən dövlətə çevirlməsinin subutu sayıla bilər. 

Qafqaz Müsəlmanları İdarəsinin bu mötəbər tədbirin idarəedici statusunda çıxış etməsi şeyxülislam Allahşükür Paşazadənin dinlərarası dialoq və dini tolerantlığın inkişafı sahəsində geniş və çoxcəhətli fəaliyyətinin göstəricisidir.

Noyabrın 14-15-də keçiriləcək “Dünya dini liderlərinin II Bakı sammiti”  2010-cu ildə Bakıda təşkil olunmuş ilk toplantının davamı olacaq və qloballaşan dünyanın aktual problemləri nüfuzlu din xadmləri tərəfindən müzakirəyə çıxarılacaq.  Sammitin digər önəmli tərəfi bir də odur ki,  müxtəlif konfessiyaların nümayəndələri arasındakı baş tutacaq dialoq əhalisinin 96 faizi müsəlman olan ölkəmizi milli-dini dözümlülük etalonu kimi göstərəcək.

Sammitlə bağlı Modern.az-a danışan ictimai-siyasi xadimlər bu nüfuzlu toplantından gözləntiləri bölüşüblər. 



Təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər
bildirib ki, dünya dini liderlərinin Bakıda bir araya gəlməsini müsbət hadisə sayır:

Dini amilin siyasətdəki rolu əhəmiyyətlidir. Xüsusən də son dövrlərdə bu amil daha qabarıq şəkildə özünü göstərir. Azərbaycan hakimiyyəti, dini dairələri, eləcə də Qafqaz Müsəlmanları İdarəsi bu tədbirə xüsusi şəkildə hazırlaşmalı və ölkəmiz üçün yaranmış bu fürsətdən faydalanmalıdır. Hansı dövlətin dini lideri gələcəksə, yəqin ki, təmsil etdiyi ölkənin mətbuatı bu tədbiri yaxından izləyəcək. Bu da Azərbaycanın mövqeynin beynəlxalq mətbuatda işıqlandırılması üçün yaxşı fürsətdir".

Onun sözlərinə görə, ölkəmizin ev sahibliyi edəcəyi bu tip beynəlxalq tədbirlər Azərbaycan üçün həm də öz problemlərini bir daha dilə gətirmək və ayrı-ayrı məsələlərlə bağlı yanaşmasını ortaya qoymaq baxımından əhəmiyyətlidir:

"Bu tədbir Qarabağ problemini növbəti dəfə qaldırmaq üçün bir fürsətdir. Ərazisinin bir hissəsi işğal altında olan ölkədə beynəlxalq tədbirin təşkili müsbət hadisədir. Bizə öz problemlərimizi və ayrı-ayrı məsələlərlə bağlı yanaşmamızı dünyaya çatdırmağa əlavə bir imkan yaradır”.

 

Təhlükəsizlik məsələləri üzrə ekspert, ehtiyatda olan polkovnik İlham İsmayıl məlum sammitin keçirilməsini Azərbaycana divident gətirən təşəbbüs kimi qiymətləndirir:

"Belə bir tədbirin keçirilməsini olduqca müsbət dəyərləndirirəm. Bu, imicimizə müsbət təsir edən, Azərbaycana divident gətirən təşəbbüsdür. Biz hər zaman tolerantlığımızla öyünürük və dünya dini liderləri Azərbaycana gəlməklə özləri bunun şahidi olacaqlar. Çünki tolerantlıq hər ölkədə olmur.

Bu sammtin keçirilməsi Azərbaycanın milli və dini təhlükəsizliyi baxımından da faydalıdır. Hamı bir daha şahid olacaq ki, Azərbaycanda dinlərarası münasibət normaldır”.


İ.İsmayılın sözlərinə görə, belə bir mötəbər tədbirin Bakıda keçirilməsi bəzi ölkələri və qüvvələri qıcıqlandıra bilər:

“Xüsusən də radikal mövqe tutanları, məzhəb davası aparanları və s. Amma bu, bizi belə təşəbbüslərdən yayındıra bilməz. Əgər onlar tərəfindən hansısa mənfi addımlar olarsa, bunun qarşısını almaq üçün dövlətin xüsusi xidmət orqanları var. Və son illər Dövlət Təhlükəsizlik Xidməti bu istiqamətdə kifayət qədər müsbət işlər görüb".

İ.İsmayıl ölkə başçısının A.Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illiyi ilə bağlı ayrıca sərəncam imzalamasını Şeyxin faəliyyətinə verilən qiymət kimi görür:

"Şeyxin fəaliyyətini  müsbət qiymətləndirirəm. O, kifayət qədər nüfuza və hörmətə sahib bir din adamıdır. Yubileyinin dövlət səviyyəsində keçirilməsi onun fəaliyyətinə olan qiymətdir. Və bu qiymətin verilməsi çox yaxşı haldır. Ermənilər Qarabağ münaqişəsini dini müstəviyə gətirməyə nə qədər çalışsalar da, bu cəhdlər nəticəsiz qaldı. Çünki Azərbaycanda dinlərarası münasibətlər çox yaxşıdır və bunda Şeyxin böyük xidmətləri var".  


Politoloq Zərdüşt Əlizadə
“Dünya dini liderlərinin II Bakı sammiti”nin Bakıda keçirilməsini Azərbaycana fayda verəcək təşəbbüs kimi qiymətləndirib.  Onun sözlərinə görə, eyni zamanda Qarabağ münaqişəsinin həllində bü cür təşəbbüslərlə yanaşı, siyasi iradənin olması da mütləqdir:


"Dünya dini liderlərin Azərbaycana gəlməsi müsbət hadisədir. Yəhudilər, katoliklər, ortodokslar, buddistlər ölkəmizdə bir araya gələcək, faydalı müzakirələr aparacaqlar. Roma Papası bir dəfə Bakıya gəlib, bu dəfə də gələrsə, çox yaxşı olar.  Mən dinə də, dindarlara da çox hörmətlə yanışaram. Anlayıram ki, dinlərin bəşəriyyət tarixində müstəsna rolu olub və var. Bir çox savaşların başlamasında, eyni zamanda başa çatmasında da dinlərin rolu böyükdür.  Din elə bir mürəkkəb təzahürdür ki, onun içində hərb də var, sülh də. Savaş da var, barış da. Bu tədbirin konkret Qarabağ probleminin həlli ilə bağlı əhəmiyyətinə gəlincə, hesab edirəm ki, belə təşəbbüslər faydalı olsa da, mütləq şəkildə siyasi şərtlər və siyasi iradə də olmalıdır".

Z. Əlizadə həmçinin Şeyxülislam Allahşükür Paşazadənin 70 illik və şeyxülislamlıq fəaliyyətinin 40 illiyinin qeyd olunması barədə Prezident sərəncamını böyük hadisə saydığını deyib:

"Bu qədər təlatümlü bir zəmanədə, siyasi quruluşların dəyişdiyi bir dövrdə bir insanın bütün bunlardan baş çıxarması, həm sovet dövründə, həm Xalq Cəbhəsinin dövründə, həm Heydər Əliyevin, həm də İlham Əliyevin dövründə şeyxülislam kimi faəliyyətini davam etdirməsi, dini icmanı mənfi təsirlərdən, ifrat təmayüllərdən qoruyub saxlaması - bütün bunlar böyük bacarıq tələb edir. Bu göstərir ki, Allahşükür Paşazadə böyük diplomatdır, zəngin həyat təcrübəsi var, müsəlmanları sağa-sola sapmalardan qoruyacaq bir müdrikliyə sahibdir. Şeyx həzrətləri radikalizmdən uzaq duran, istənilən hakimiyyətlə dil tapan, müsəlmanları kəskin siyasi fəaliyyətdən uzaq tutmağa çalışan bir insandır. Bu, böyük qabiliyyət və bacarıqdır. Şeyx həm də ziyalıdır, alimdir, bir çox dini akademiyaların üzvüdür. Şeyxin yubileyini təntənəli şəkildə keçirmək düzgün qərardır. Mən öz adımdan şeyx həzrətlərinə uzun ömür və can sağlığı arzulayıram".

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi