Modern.az

Vətəndaşlar “ASAN xidmət”də növbə gözləmədən xidmət ala biləcəklər

Vətəndaşlar “ASAN xidmət”də növbə gözləmədən xidmət ala biləcəklər

6 May 2019, 12:44

“Bu gündən etibarən vətəndaşlar “ASAN xidmət” mobil tətbiqini “Android” əməliyyat sistemi ilə çalışan mobil qurğular üzərindən yükləyə bilərlər”.

 

Modern.az-ın məlumatına görə, bunu “ASAN xidmət”-in əməkdaşı Turanə Qasımova “ASAN xidmət” mobil tətbiqinin təqdimatı zamanı deyib.

T.Qasımova qeyd edib ki, tətbiqi yükləmiş istifadəçi şəxsiyyət vəsiqəsinin seriya nömrəsini və FİN kodunu daxil etməklə qeydiyyatdan keçə və şəxsi kabinetini yarada bilər:

“Hazırda mobil tətbiq Azərbaycan dilində fəaliyyət göstərir. Yaxın vaxtlarda ingilis və rus dillərində də istifadəçilərin ixtiyarına veriləcək. Hazırkı yenilikdə isə vətəndaşlar mobil tətbiq vasitəsi ilə “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində müvafiq xidmət mərkəzini seçə, zəruri sənədlərin siyahısı ilə tanış ola və növbə götürə bilərlər. Həmçinin seçilmiş xidmət üzrə təqdim olunan mərkəzlərdə növbə sayı və növbənin bitmə vaxtı ilə tanış olmaq və müvafiq mərkəzi seçmək imkanı da yaradılıb.

Təqdim olunan “Növbəni izlə” funksional bölməsi vasitəsi ilə vətəndaşlar növbə üzrə müraciətlərinin statusu ilə tanış ola bilər, həmçinin müraciətlərindən imtina edə və ya mərkəzlərə daha yaxın ərazidə olduğu zaman aktivləşdirməni həyata keçirə bilərlər”.

 

Onun sözlərinə görə,“ASAN xidmət” mobil tətbiqində vətəndaşlar üçün onlayn müraciət və telefon vasitəsi ilə 108 “Çağrı” mərkəzi ilə əlaqə, vətəndaşın dayandığı mövqedən xidmət mərkəzinə xəritə əldə etmək və digər faydalı imkanlar yaradılıb:

“Mobil tətbiqin yaradılmasında əsas məqsəd vətəndaşlar üçün çevikliyi təmin etməklə, onların əlavə vaxt itkisinin, məsrəflərinin qarşısını almaq və “ASAN xidmət” mərkəzlərinin idarəedilməsində effektivliyi artırmaqdır.

Gələcəkdə mobil tətbiqin sistem imkanlarının və əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulub”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi