Modern.az

Köçkün yataqxanaları və qəzalı binalarda statusu olmayan 655 ailə aşkarlanıb

Köçkün yataqxanaları və qəzalı binalarda statusu olmayan 655 ailə aşkarlanıb

6 May 2019, 12:56

Bakı və Sumqayıt şəhərlərində, Abşeron ərazisindəki qəzalı obyektlərdə 8.485 köçkün ailəsi məskunlaşıb


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib.


Modern.az-ın məlumatına görə, toplantıda bildirilib ki, Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyevin verdiyi tapşırıqların icrası ilə bağlı həyata keçiriləcək tədbirlər müəyyənləşdirilib.


Sonra məcburi köçkünlərin qəzalı vəziyyətdə olan müvəqqəti məskunlaşma obyektlərindən köçürülməsi ilə əlaqədar görülən işlər və qarşıda  duran vəzifələr, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun (MKSİF) sifarişi ilə tikintisi aparılan obyektlərin mövcud vəziyyəti və icrası nəzərdə tutulan layihələr, məşğulluq, miqrasiya və status məsələləri, vətəndaşların qəbulu və onların müraciətləri ilə bağlı görülən işlər, icra intizamı, Mənzil İstismar Departamentinin balansında olan mənzil fondunun saxlanması vəziyyəti və s. məsələlər müzakirə edilib.


Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar nəticəsində ölkəmizin dinamik inkişafının uğurla davam etdiyini diqqətə çatdıran Dövlət Komitəsinin sədri Rövşən Rzayev  bildirib ki, bu vüsətli inkişaf ölkə vətəndaşlarının, o cümlədən məcburi köçkünlərinin rifahının yaxşılaşdırılmasına, onların sosial problemlərinin həllinin sürətləndirilməsinə imkan yaradıb. Dövlətimizin başçısı məcburi köçkünlərin problemlərinin həllinin ən prioritet məsələlərdən olduğunu bir daha bəyan edərək bu kateqoriyadan olan vətəndaşlar üçün yeni yaşayış komplekslərinin tikintisinin genişləndirilməsi barədə tapşırıqlar verib. Ölkə rəbərinin məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdə ədalət prinsipinin təmin olunmasının vacibliyini diqqətə çatdırması və bu gün bu prinsipin təmin edildiyini bildirməsi Dövlət Komitəsinin üzərinə böyük məsuliyyət qoyur. Qeyd olunub ki, hər bir əməkdaş bu məsuliyyəti daim hiss etməli, öz vəzifə səlahiyyətlərini mövcud qanunvericiliyə və ədalət prinsiplərinə tam uyğun şəkildə yerinə yetirməlidir.


İclasda məcburi köçkünlərin qəzalı vəziyyətdə olan məskunlaşma obyektlərindən yeni mənzillərə köçürülməsi ilə bağlı bu ilin birinci rübündə görülmüş işlər, qarşıya çıxan çətinliklər barədə geniş müzakirə aparılıb.  Bildirilib ki, hesabat dövründə Bakı şəhərinin Qaradağ rayonu ərazisindəki “Ümid” qəsəbəsində ikinci mərhələdə inşa edilmiş 300 mənzildən ibarət məhəllədə, Abşeron rayonu ərazisindəki 1005, Sumqayıt şəhərindəki 1001 mənzilli yaşayış komplekslərində məcburi köçkünlərin yerləşdirilməsi başa çatdırılıb.  Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayon ərazisində qəzalı və yaşayış üçün təhlükəli vəziyyətdəki obyektlərdə, 1 yanvar 2019-cu il tarixə olan məlumata görə, 8.485  məcburi köçkün ailəsinin müvəqqəti məskunlaşdığı qeydə alınıb.  Yeni mənzillərə birinci növbədə ən ağır şəraitdə yaşayan ailələlər, həmçinin məcburi köçkün olan şəhid və əlil ailələri köçürülüb. Köçürülmə obyektlərində daşınmaz əmlakı, qeydiyyat uyğunsuzluğu olan məcburi köçkünlər aşkar edilir ki, Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”na əsasən, onlara yeni yaşayış sahəsi verilmir.  Bundan başqa, müvəqqəti məskunlaşma obyektlərində məcburi köçkün statusu olmayan şəxslərin və ailələrin yaşaması faktları da aşkar edilir ki, bu da köçürülmə prosesində ciddi problemlərin yaranmasına gətirib çıxarır. Belə bir fakt diqqətə çatdırılıb ki, təkcə Abşeron rayonunda 1, Sumqayıtda 2, Bakıda 18 qəzalı vəziyyətdə olan yataqxana və tədris korpusunda məcburi köçkün statusu olmayan 655 ailə və ya 2.032 nəfər məskunlaşıb.  Bu da ümumilikdə həmin obyektlərdə məskunlaşanların 37 faizini təşkil edir.  Dövlət Komitəsinin yerli sektor və nümayəndəliklərinə tapşırılıb ki, belə halların vaxtında aşkarlanması və təxirəsalınmaz tədbirlər görülməsi üçün komitəyə məlumat versinlər və yerli icra hakimiyyəti orqanları ilə birlikdə müvafiq tədbirlər görsünlər.


Kollegiya iclasında məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün 2019-2020-ci illərdə həyata keçiriləcək layihələr barədə məlumat dinlənilib. Qeyd edilib ki, MKSİF-in sifarişi əsasında, bu il Bakının Pirallahı rayonunda 300, Şirvan şəhərində 685,  Kürdəmir rayonunda 563, Ucar rayonunda 250,  Göygöl rayonunda 130,  Ağcabədi rayonunun “Taxta körpü” adlanan ərazisində birinci mərhələdə 645 ailə üçün zəruri sosial-texniki infrastrukturu olan qəsəbələr, Beyləqan rayonu ərazisində 146 məcburi köçkün ailəsi üçün fərdi yaşayış evlərindən, məktəb, uşaq bağçası, klub-icma mərkəzi, tibb məntəqəsi və inzibati binadan ibarət qəsəbə, həmçinin Füzuli rayonunda 95 məcburi köçkün ailəsi üçün fərdi evlər tikilib istifadəyə veriləcəkdir. Növbəti ildə isə belə layihələr Sumqayıt və Gəncə şəhərlərində, Ağcabədi, Şəmkir, Samux, Goranboy rayonlarında icra ediləcəkdir. Eyni zamanda, “Qaçqınların  və məcburi   köçkünlərin  yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” çərçivəsində digər yeni yaşayış məhəllərinin salınmasının zəruriliyi də iclasda qeyd edilib.  


Bundan başqa, kollegiyada məcburi köçkünlərin qeydiyyatının vahid elektron bazasının yaradılması işlərinin yaxın müddətdə tam başa çatdırılması, bu kateqoriyadan olan vətəndaşların məşğulluğunun artırılması barədə Dövlət Komitəsinin müvafiq strukturlarına tapşırıqlar verilib, vətəndaşların qəbulu və onların müraciətlərinə baxılması işinin daha da təkmilləşdirilməsi, mənzil fondunun qanunvericiliyə uyğun şəkildə istismarı ilə bağlı konkret tədbirlər müəyyənləşdirilib, həmçinin gündəlikdəki digər cari məsələlərə dair qərarlar qəbul edilib.  

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi