Modern.az

“Azərbaycan dili” fənnindən imtahan verənlərin nəticələri AÇIQLANDI

“Azərbaycan dili” fənnindən imtahan verənlərin nəticələri AÇIQLANDI

Təhsil

6 May 2019, 16:58

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 5-də Bakı, Sumqayıt, Naxçıvan, Şəmkir, Gəncə, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Lənkəran, Şirvan, Qusar və Xaçmaz şəhərlərində tədris Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri, həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını rus dilində verən abituriyentlər üçün Azərbaycan dili imtahanı keçirib.

Modern.az xəbər verir ki, imtahanın nəticələri bu gün saat 16:50-dən etibarən DİM-in internet saytında yerləşdirilib.

İmtahanda iştirak etmiş abituriyentlər DİM-in internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, həmçinin cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər. 

İmtahanda iştirakı nəzərdə tutulan 15468 abituriyentdən 396 nəfəri imtahana gəlməyib. 1 nəfər qaydaları pozduğu üçün imtahandan xaric olunub. İmtahanda iştirak edən 15072 abituriyentdən 10353 nəfəri tələb olunan müsabiqə şərtini ödəyərək “məqbul” qiymət alıb. 

Qeyd edək ki, hər iki imtahanda abituriyentlərə 30 test tapşırığı təqdim edilir.

Cari ilin (9 və 11-ci sinif) məzunlarının imtahan üzrə toplaya biləcəkləri maksimal bal 100 baldır. Səhv cavablar yekun bala təsir göstərmir. Balları hesablayarkən düzgün cavabların sayı 10-a vurulduqdan sonra 3-ə bölünür. Bu imtahanın nəticəsi (toplanılan bal) şagirdin yekun attestasiya sənədinə yazılır. Abituriyentlərin balı 50 və daha yuxarı olduqda isə “məqbul” qiymət almış hesab olunurlar və ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müsabiqəyə buraxılırlar.

Əvvəlki illərin məzunları olan abituriyentlərin imtahan üzrə balları hesablanarkən hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar yekun bala təsir göstərmir. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

2019-cu il mayın 5-də keçirilən birinci imtahanda iştirak etməyən və yaxud “qeyri-məqbul” alan abituriyentlər, həmçinin buraxılış imtahanı çərçivəsində bu fənn üzrə verdikləri imtahanda nisbi balı 50-dən az olan cari ilin məzunları mayın 26-da keçirilən ikinci imtahanda iştirak etmək üçün mayın 8-dən 14-dək qeydiyyatdan keçməklə “Azərbaycan dili” imtahanında iştirak edə bilərlər. Qeydiyyatdan keçmək üçün abituriyent şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməli və tələb olunan məbləği (10 AZN) şəxsi kabinetindəki hesabına əlavə etməlidir. Azərbaycan dili fənni imtahanından “məqbul” ala bilməyən abituriyentlər ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsinə buraxılmırlar.

İmtahan nəticələri ilə əlaqədar yaradılmış Apelyasiya Komissiyası Mərkəzin Bakı şəhəri, A. Salamzadə küçəsi, 28 ünvanında (keçmiş Asiya Universitetinin binasında) fəaliyyət göstərəcək. Abituriyentlər Apelyasiya Komissiyasına 7 və 8 may tarixlərində saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı