Modern.az

Azərbaycanın müxalifət partiyalarından “Əkrəm İmamoğlu olayı”na REAKSİYA

Azərbaycanın müxalifət partiyalarından “Əkrəm İmamoğlu olayı”na REAKSİYA

7 May 2019, 13:33

Martın 31-də İstanbulda keçirilən bələdiyyə seçkilərinin nəticəsi ləğv edilib. Türkiyə Ali Seçki Komissiyası (YSK) dünən bununla bağlı qərar verdi. Qərara əsasən,  48,79 faiz səslə İstanbul bələdiyyəsinin sədri seçilən Əkrəm İmamoğlunun səlahiyyətinə son verildi. Növbəti seçkilərin keçirilməsi isə iyunun 23-də nəzərdə tutulub.


Azərbaycanda siyasi partiya rəhbərləri Türkiyədə baş verən bu məslələrə dair Modern.az-a açıqlama veriblər.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu hesab edir ki, Əkrəm İmamoğlu uduzacağını düşündüyü üçün narahatdır, hay-küy yaradır:

“Ankara və İstanbulda hakim AK partinin uduzmasına səbəb həm PKK-nın, həm də FETÖ-nün əsas təşkilatlanmasının iri şəhərlərdə olması idi. Yoxlamanın nəticələri də onu göstərdi ki, nəticələrdə qeyri-qanunilik olub. Əkrəm İmamoğlu ilə Binəli Yıldırım arasındakı səs fərqi də çox deyildi.  Qeyri-qanuni nəticələr yoxlanış keçirilən ərazilərdə qeydə alındı. Əgər bütün İstanbulda nəticələr yenidən yoxlansa, qanunsuzluq qeydə alınardı.  Türkiyə qanunlarına əsasən seçkilər düzgün yoxlanılmadığı təqdirdə seçkinin yenidən təşkil edilməsi zəruridir. Təkrar seçkilərdə düşünürəm ki, AKP bütün resursunu İstanbulda cəmləyərək, əvvəlki nöqsanları aradan qaldıracaq və qalib gələcək. Nəzəri olaraq da AKP-nin Türkiyədə uduzması mümkün deyil. Çünki bildiyimiz kimi, Rəcəb Tayyip Ərdoğan uzun müddət İstanbulda bələdiyyə başçısı olub. Həmin müddətdə də o çox böyük işlər görüb və onun nəticəsi kimi AK partinin səs çoxluğunun olması gözləniləndir. Seçkilərdə olan pozuntular aradan qaldırılarsa, Binəli Yıldırım yüksək səslə qalib hesab olunur. Çünki aradakı səs fərqi 5-6 mindir. Təkrar seçkilərdə eyni namizədlər olacaq. Əgər Əkrəm İmamoğlu qalib olduğuna inanırsa, təkrar seçkilərdə də eyni nəticə olacaq. Növbəti seçki mərhələsi tamamilə demokratik şəraitdə həyata keçiriləcək”.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Gözəl Bayramlının sözlərinə görə Əkrəm İmamoğlunun yenidən qalib gəlmək şansı daha yüksəkdir:

Fikrimcə Türkiyədə oturuşmuş seçki sistemi var. Seçki komissiyası da şikayət əsasında qərarı ləğv edib. Əkrəm İmamoğlu İstanbulda bələdiyyə başçısı seçiləndən sonra nüfuzu daha da artdı. Azad seçki sisteminin olması nəticəsində seçicilər təkrar olaraq istədikləri namizədə səs verə biləcəklər. Düşünmürəm ki, seçkilərin yenidən təşkil edilməsi Türkiyədə xaosa səbəb olsun”.

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı bildirir ki, İstanbula sahiblənmək hər bir partiyanın arzusudur:

“Fikrimcə, Türkiyədə demokratik prinsiplər əsasında seçkilər keçirildi. İstanbul böyük şəhərdir, oranın bələdiyyəsinin özü böyük təşkilatdır. Təkrar seçimlərdə də xalq öz sözünü deyəcək. Əgər Əkrəm İmamoğlu seçilmişdisə, nəticə dəyişməz olaraq qalacaq".

Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa qeyd edir ki, Türkiyənin seçki atmosferindən çıxması lazım idi ki, iqtisadiyyatında olan problemləri həll edə bilsin:

 “Türkiyənin Ali Seçki Komissiyası öz arqumentlərəni əsas gətirərək, belə bir addım atıb. Bunun ilkin əsaslandırmasını açığı anlaya bilmədim. Çünki hər hansı komissiya üsulsuzluğu olubsa,  bu əvvəlcədən müəyyən olunur və seçkiyə qatılanların məsələyə aidiyyatı olmur. Namizədlər tərəfindən saxtakarlıq olduğu təqdirdə bu, seçki nəticələrinə təsir edir. Türkiyədə xarici siyasət sahəsində də ciddi problemlər mövcuddur, Suriya məsələsi  var. Seçkinin yenidən təşkili bu işləri ləngidəcək. Türkiyədə hər hansı gərginliyin olması Azərbaycan üçün də arzuolunan deyil. Ümid edək ki, türk milləti bu ağırlıqları qaldıra biləcək. Seçki məsələsinin həll edilməsi başqa problemlərə vaxt ayırmağa imkan verəcək”.

Ümid Partiyasının sədri  İqbal Ağazadə vurğulayıb ki, Türkiyədə nəticələrin ləğvi demokratiyaya böyük zərbədir:

“Türkiyədə seçkilərin yenidən təşkili düşünmürəm ki, ölkə daxilində xaos yarada. Əkrəm İmamoğlunun yenidən seçilməsi onun namizədliyini irəli sürməsindən aslıdır. Partiyanın onu dəstəkləməsi və digər partiyaların da reaksiyası da buna təsir göstərir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı