Modern.az

Qarabağın Azərbaycanlı İcmasının sədri: “Erməni icmasına qarşı düşmənçilik hissi duymuruq - MÜSAHİBƏ

Qarabağın Azərbaycanlı İcmasının sədri: “Erməni icmasına qarşı düşmənçilik hissi duymuruq” - MÜSAHİBƏ

8 May 2019, 08:30

Tural Gəncəliyev: “Əsas məqsədimiz erməni icması ilə birgə sülh şəraitində yaşamaqdır”

“Valideynlərimiz də o torpaqlara tez qayıtmaq istəyirlər”

“Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması”nın sədri Tural Gəncəliyev Modern.az saytının suallarını cavablandırıb.

- Tural müəllim, söhbətə ənənəvi məsələdən başlamaq istərdim. Artıq neçə illərdir ki, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları görüşə bilmirlər. Bu görüş heç cür dialoq formasında baş tutmur. Səbəb nədir?

- Dialoq qurulmasının məğzi var. Bu da ondan ibarətdir ki, biz işğal olunmuş ərazilərimiz boşaldıqdan sonra mütləq ora qayıdacağıq və erməni icması ilə bir yerdə yaşayacağıq. Hazırda beynəlxalq təşkilatlar, QHT-lərin vasitəsilə təmasların qurulması, dialoqun aparılması üçün mesajlar göndəririk. Təəssüf ki, erməni icmasından hər hansı formada cavab almamışıq. Hesab edirik ki, bu görüş xalqların sülhə hazırlanması prosesi çərçivəsində baş verə bilər. Və sülh prosesinə xidmət etmiş olar.


- Xalqların sülhə hazırlanması dedikdə bu, birmənalı qarşılanmır. O səbəbdən ki, insanlar belə sülhə hazır deyil. Bildiyim qədərilə sizin icmaya təyinatınız da məhz xalqları sülhə hazırlamaq məqsədilə olub. Bu doğrudurmu?


- Dağlıq Qarabağın azərbaycanlı icması olaraq ölkə rəhbərliyinin apardığı danışıqları izləyirik və sülh tərəfdarıyıq. Öz torpaqlarımıza qayıtmağa hər zaman hazırıq. Gözləyirik ki, işğal altında olan torpaqlarımız azad olunduqdan sonra dərhal oralara qayıdaq. Əsas məqsədimiz sülhdür, erməni icması ilə birgə sülh şəraitində yaşamaqdır. Bundan ötrü erməni işğalçıları ərazilərimizdən çıxarılmalıdır. Biz sülhü düşünən, bizimlə bir yerdə yaşamaq niyyəti olan  ermənilərlə bir yerdə yaşaya bilərik. Amma Ermənistan əsgəri Azərbaycan torpağından, işğal olunmuş ərazilərimizdən çıxmalıdır. Erməni icmasının nümayəndələri Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində yaşamaq istəyirsə, buyursunlar. Ancaq Ermənistan əsgərləri əraziləri tərk etməlidir. Bunun başqa yolu yoxdur.

- İcma üzvləri xalqların sülhə hazırlanmasını necə dəyərləndirirlər?

- Bildiyiniz kimi, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyəti fəaliyyət göstərir. İdarə Heyətinin 23 nəfər üzvü var. Onlar arasında tanınmış şəxslər də təmsil olunur. Hamımızın mövqeyi və istəyi ondan ibarətdir ki, öz torpaqlarımıza qayıdaq və erməni icması ilə sülh şəraitində yaşayaq. Erməni icmasına qarşı hansısa nifrət və düşmənçilik hissi duymuruq. Əsas istəyimiz o torpaqlara geri qayıtmaqdır. Dediyim kimi,  yalnız Azərbaycanın ərazi bütövlüyü və  beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində birgəyaşayış mümkündür. İşğal olunmuş torpaqlar hesabına ikinci bir erməni dövlətinini yaradılması qəbuledilməzdir.

- Bayaq Dağlıq Qarabağın erməni icmasının görüşlə bağlı mesajlara heç bir reaksiya vermədiyini qeyd etdiniz. Bu görüşü beynəlxalq qurumlar vasitəsilə də həyata keçirmək mümkündürsə, onlar niyə işə bir əncam çəkmirlər?

- Keçirdiyimiz bütün görüşlərdə erməni icması ilə dialoqa hazır olduğumuzu bəyan edirik. Bunu beynəlxalq vasitəçilərdən də qarşı tərəfə çatdırılmasını xahiş edirik. Onu da deyim ki, beynəlxalq qurumlar vasitəsilə göndərdiyimiz mesajlar ünvana çatır. Aydın məsələdir ki, erməni icması bizim mesajlarımızı eşitməmiş deyil. Sosial şəbəkələrdə də mesajlarımızdan xəbərdar olmamış deyillər. Şahidiyəm ki, erməni nümayəndələr şərhlər yazırlar. Əksəriyyəti radikal yönümlü olmaqla yanaşı, icmamımızı görməzlikdən gəlməyə çalışırlar.

- Hazırda icmanızın nə qədər üzvü var?

- Təxminən 86 min nəfərdən çoxdur.

- Bəs erməni icmasının üzvlərinin sayı nə qədərdir?

- Sovet dövründə ermənilər Dağlıq Qarabağ vilayətində faiz nisbətilə üstünlük təşkil ediblər. Üzvlərin sayı barədə dəqiq rəqəm söyləyə bilmərik. Bildiyiniz kimi, hazırda Dağlıq Qarabağda qanunsuz məskunlaşma davam edir. Həmçinin, Ermənistan silahlı birləşmələri ərazilərimizi işğal etdiyindən nə qədər insanın qanunsuz məskunlaşdıqları barədə dəqiq məlumatımız yoxdur. Sadəcə, biz öz statistikamızı dəqiq bilirik. 86 mindən çox olan üzvlərimizlə birgə hazırıq ki, torpaqlarımız işğaldan azad edildən sonra dərhal geri qayıdaq.

- ATƏT-in  faktaraşdırıcı missiyası qanunsuz yerləşdirmələr barədə araşdırma aparmır. Daha doğrusu, bu məsələdə ermənilər faktaraşdırıcı missiyaya imkan vermir ki, qurum öz işini həyata keçirsin.

- Dediyiniz kimi, biz də ATƏT-in faktaraşdırıcı missiyasının hesabatları ilə tanış olmuşuq. Onlar fakt olaraq orada qanunsuz məskunlaşdırma siyasəti aparıldığını təsdiqləyiblər. Erməni tərəfinin faktaraşdırıcı missiyaya imkan verməməsinin detalları bir daha onu göstərir ki, Azərbaycan həmişə konstruktiv mövqe nümayiş etdirib. Ermənistan tərəfi təcavüzkar siyasətini necə başlamışdısa, indiyə kimi davam etdirir. Nəticəsi odur ki, biz öz torpaqlarımıza qayıda bilmirik. Əgər bunun əksi baş versəydi, babalarımızın qəbirlərini ziyarət edərdik. Yerində hər bir şeyi gedib görə bilsəydik, gözümüzün önündə müəyyən səhnə olardı. Təəssüf ki, bundan məhrumuq.

- Sizcə,  Dağlıq Qarabağın erməni icması görüşdən, dialoqdan niyə qaçır?

- Azərbaycanın Dağlıq Qarabağ bölgəsi hazırda Ermənistanın himayə etdiyi separatçı rejim tərəfindən nəzarətdə saxlanılır. Aydın məsələdir ki, Ermənistan dövlətinin bilavasitə iştirakı ilə yaradılmış separatçı rejim Yerevanın “oyuncağıdır”. Güman ki, erməni icması qorxur. Əgər azərbaycanlılarla ermənilər arasında təmaslar qurularsa, biz öz torpaqlarımıza qayıtmaq hisslərimizi onlara çatdıracağıq. Onlar isə bu təmasdan çəkinirlər. Halbuki, bundan çəkinməməlidirlər. Biz əvvəl-axır o torpaqlara geri dönəcəyikErməni icması bunu başa düşməlidir ki, ərazilərimiz işğaldan azad edildikdən sonra birgə yaşayacağıq. Birgə yaşayışdan ən çox bəhrə götürən isə ermənilər olacaq. Diqqət edin və görün ki, keçmişdə necə idi?! Biz bir yerdə yaşayırdıq. Onlar çox məmnun idilər. Təəssüf ki, erməni icması bir qrup erməni şovinistinin,  milliyyətçisinin başlatdığı o separatçı dalğanın təsiri altında düşdü. Özlərini Azərbaycanın həyata keçirdiyi regional layihələrdən məhrum etdilər.


- Belə demək olarmı ki, dialoqun baş tutmamasında vasitəçilər də maraqlı deyil? Maraqlı olmadıqları təqdirdə də bu işə can yandırmırlar.

- Bu suala cavab vermək bir qədər çətindir. Əgər erməni icmasının niyyəti və istəyi olsa,  vasitəçilik edən tərəf bizi ancaq irəli aparacaq. Əsas erməni tərəfinin bizimlə dialoq qurmaq istəməsidir. Bir daha vurğulayıram. Dialoqun qurulması, təmasların yaranması torpaqlarımıza geri dönmək məqsədi daşıyır. Məqsəd odur ki, torpaqlarımıza geri dönək, evlərimizə qayıdaq. Dialoq evlərimizə dönmək məqsədinə xidmət edir.

- Bu yaxınlarda Bakıda “Formula 1” Azərbaycan qran-pri yarışları keçirildi. Sizin icma bir qrup uşağı həmin yarışların tamaşaçıları arasına çıxarıb nümayiş etdirdi.  Dağlıq Qarabağın Azərbaycanlı İcmasının “Formula 1”də nə işi vardı? Bu nəyə xidmət edirdi?

- Fəaliyyət planımıza Dağlıq Qarabağın azərbaycanlı icmasının həm daxildə, həm də beynəlxalq aləmdə nüfuzunun artırılması, işimizin daha da intensivləşdirilməsi, təbliğat-təşviqatın aparılması bəndləri daxildir. Hesab edirik ki, beynəlxalq idman yarışlarından, humanitar xarakterli tədbirlərdən istifadə etməklə icmamızın adını və nüfuzunu daha da qaldıra bilərik. Azərbaycanda keçirilən “Formula 1” yarışı çox mühüm və dünya səviyyəli yarışdır. “Formula 1”ə Dağlıq Qarabağın azərbaycanlı icmasının da cəlb edilməsi, pilotlarla ünsiyyət qurulması bizim üçün mühüm məqamlardır.
Bu yaxınlarda Şəmkirdə beynəlxalq şahmat turniri  keçirildi. Həmin turnirdə biz dünya çempionu Maqnus Karlsenlə icmanın uşaqları arasında oyun təşkil etdik. Çox müvəffəqiyyətli oyun oldu. Bizim icmanın uşaqları münaqişədən əziyyət çəkmiş və müharibənin çox pis tərəflərini həyatlarında hiss etmiş uşaqlardır. Onların çoxu işğaldan sonra doğulsa da,  münaqişə həyatlarında böyük iz buraxıb. Dünya çempionu Maqnus Karlsenlə ünsiyyət icmanın təbliği baxımından vacibdir! Bu kimi tədbirləri gələcəkdə də davam etdirəcəyik. İcmanın beynəlxalq humanitar tədbirlərə, yarışlara cəlb edilməsi gələcək planlarımızda var.

- Bir qədər də icmanın sabiq sədri Bayram Səfərovdan danışaq. Bayram müəllim bəzən Ermənistana və onun rəhbərlərinə bir qədər fərqli rakursdan yanaşır. Daha çox el məsəlləri ilə, hətta qarğışlarla hadisələrə münasibət bildirirdi. Maraqlıdır, diplomat bu məsələlərdə necə davranmalıdır?

- Düşünürəm ki, hər kəs istədiyi kimi fikrini bildirir. Bu da onun hüququdur. Hər bir şəxsin fikrini bildirmək hüququ var.

- Bayram Səfərovun bir böyük və təcrübəli şəxs olduğunu nəzərə alaraq, onun fikirlərindən bəhrələnirsinizmi?

- Əlbəttə. Ümumilikdə bütün yaşlı nəslin təcrübələrindən bəhrələnirik. Düşünürəm ki, tək əldən səs çıxmaz. Ona görə də bütün icma üzvlərindən, icmaya diqqət göstərən hər kəsin fikirlərindən istifadə edirik. Hətta müxtəlif bölgələrdən bizə müraciət edən gənclər var ki, ideyalarını fikirlərini bölüşürlər. Bu da çox yaxşı haldır. Onu da deyim ki, əvvəllər də icmanın tədbirlərinə qatılmışam. İcma üzvləri çox sağ olsunlar ki, mənə dəstək verirdilər. Mənim sədr seçilməyim də qurultayın qərarı  idi. Etimad göstərdiklərinə görə çox sağ olsunlar. Biz də çalışırıq ki, göstərilən etimadı doğruldaq.

- Siz hər şeydən öncə şuşalısınız.  Şuşa mühitində doğulub böyümüsüz. Uşaq təxəyyülünüzdə Şuşa necə qalıb?

- 12 yaşımda Şuşadan çıxmışam. 12 yaş xatırlamaq üçün kifayət edir. Şuşa şəhərinin əhalisi 99% azərbaycanlılardan ibarət idi. Orada yalnız azərbaycanlı mühiti vardı. Ermənilər daha çox Xankəndi şəhərində yaşayırdılar. Ancaq Şuşada olan ermənilərlə də normal münasibətlərimiz var idi. Hansısa xüsusi cəhətləri ilə fərqlənmirdilər. Təəssüf ki, Qarabağda yaşayan ermənilərin bəzilərinə Sovet dövründən şovinist fikirlər, ideologiya aşılanırmış. Bəlkə də orada elə ermənilər var ki, o dövr üçün burunlarının ucu göynəyir. Azərbaycanlıların qayıtmasını, gözəl günlərinin bərpa olunmasını istəyirlər. Firavan həyatları yerlə-yeksan olub. Faktiki olaraq özlərini hər şeydən məhrum ediblər, bununla yanaşı, infrastrukturu, tarixi mədəniyyət abidələrini dağıdıblar. Yeri gəlmişkən, videoçarxlar hazırlayırıq. Məhz diqqəti buna çəkirik ki, abidələrimiz, tarixi irsimiz necə dağıdılır. Bunun özü barbarlıqdır. Şuşada məşhur rus kilsəsi vardı. Uşaq olanda vaxtımızı kilsənin ətrafında  oynayaraq keçirirdik. Həmin rus kilsəsinin üzərində pravoslav kilsəsinə məxsus forma vardı. Həmin formanı uçurub erməmi kilsəsi kimi itibucaqlı bir şey yaradıblar. Bu da onu göstərir ki, onlar nəinki azərbaycanlılara qarşı nifrət, kin-üdurət hissi bəsləyir, hətta, digər etnik azlıqlara, onların mədəniyyətinə, mirasına qəddar davranış sərgiləyirlər.

- Güman ki, ata-ananız Şuşa ilə bağlı xatirələrini tez-tez dilə gətirirlər.

- Əlbəttə. Atam da, anam da əslən şuşalıdır. Onların xatirələri daha zəngindir. Deməyə daha çox sözləri, fikirləri var ki, onları bölüşürlər. Təəssüf ki, bizim yaşlı icma üzvlərimiz hər keçən il azalır. Yaşlı insanların çoxu dünyasını dəyişir. Onların dünyasını dəyişməsi ilə xatirələr də bizi tərk edir.  Çalışırıq ki, yaşlı insanların xatirələrini hansısa formada toplayaq. Çünki onların hər biri canlı tarixdir.

- Orta məktəb dövrünüzün  müəyyən hissəsini Şuşada keçmisiniz. Şuşa məktəblisi olaraq nələr yadınızda qalıb?

- Şuşada keçən məktəb illərim çox gözəl illər idi. Həm orta məktəbin 5-6-cı sinfinə, həm də musiqi məktəbinə Şuşada getmişəm. Şuşa musiqi mədəniyyətinin incisi, beşiyidir. Tanınmış musiqiçilərimiz həmişə gəlib  konsert verirdilər. Onlardan dərs alırdıq. Məsələn, Bülbülün, Polad Bülbüloğlunun, Fərhad Bədəlbəylinin  dəfələrlə gəldiyini xatırlayıram. Çox gözəl xatirələrimiz vardı. Təəssüf ki,  işğal hər şeyi yarımçıq qoydu.


- Şuşadan çıxanda 12 yaşınız vardı. Sinif yoldaşlarınızla bu gün əlaqə saxlayırsızmı?

- Təbii ki, sinif yoldaşları olaraq hamımız şuşalıyıq. Əlaqələrimiz qalır. Tez-tez görüşlər keçiririk.

- Müharibənin  insan həyatına vurduğu mənəvi zərbə də çox ağırdır. İcmaya bir gənc olaraq rəhbərlik etmənizin  sizin üçün hər hansı çətinlikləri varmı?

- Çox yaxşı sualdır. Düşünürəm ki, hər birimiz torpaqlarımıza geri dönmək arzusu ilə yaşayırıq. Ona görə də bu çox şərəfli olduğu qədər, həm də məsuliyyətli işdir. Hesab edirəm ki, bu yükün altına girməyə borcluyuq.


- Məcburi köçkün həyatı yaşamısınız. Bir qədər o illərə qayıtmanızı istərdim.  “Biz müvəqqəti evimizdən gedirik. Yenə gələcəyik” düşüncəsi nə dərəcədə real idi?

- O illər ağır illər idi. Xatirələri belə dilə gətirərkən çətinlik çəkirəm. Şuşanın işğalından bir müddət  öncə atamgil bizi Bakıya göndərdilər. Ancaq özləri son günə qədər Şuşada qaldılar. Atam Şuşada özünümüdafiə batalyonunda komandirlərdən biri idi. Son günə qədər ermənilərə qarşı döyüşüb. Uşaq olaraq  “Daşaltı” əməliyyatını xatırlayıram. Əməliyyatdan sonra şəhidlərimizin Şuşaya gətirilməsinin canlı şahidi olmuşam. Xocalı soyqırımı törədiləndə biz Bakıda idik. Yadımdadır ki, anam Bakıya zəng edib bizimlə danışarkən faciəni ağlaya-ağlaya danışırdı. Şuşa yuxarıda yerləşirdi. Şuşadan aşağı baxanda yandırılmış, tüstü bürümüş Xocalını görə bilirdin.

Biz Şuşanı tərk edərkən heç nə götürməmişdik. Belə təəssürat vardı ki,  Şuşadan bir neçə günlük aralanırıq. Ara sakitləşən kimi geri qayıtmalı idik. Yalnız ailə albomu və anamın qızıllarını götürə bilmişdik. Mənəvi cəhətdən təsəlli edəcək əşyalarımız qaldı. Tar məktəbinə gedirdim. Tarım orada qaldı. O qədər tarixi elementlərlə zəngin olan əşyalarıımız qaldı ki! Şuşa kiçik bir yer idi. O zamanlar 20 minə yaxın əhalisi vardı. O insanların da hamısı XVIII əsrdə Şuşanın əsasını qoymuş Qarabağ xanı Pənah xanın törəmələri idi. Hamımızın babaları, ulu babaları xanlar, bəylər olub. Onlardan da bizə çoxlu tarixi əşyalar miras qalmışdı.

- Dediz ki, atanız Şuşanın müdafiəsi uğrunda döyüşüb. Atanızın xatirələrində Şuşa necə qalıb?

- Atam sonuna qədər döyüşdü. Onun xatirələri ancaq döyüşçü xatirələrindən ibarət idi. Əsas məqsəd səngərdə durmaq və ermənilərin irəliləməsinin qarşısını almaq idi. Təəssüf ki, 1992-ci ilin 8 mayında düşmən hücumunun qarşısını almaq mümkün olmadı. Baxmayaraq ki, Şuşa dağın başında yerləşirdi, onu əldə saxlaya bilmədik.

- Müharibə uşaqları vaxtından əvvəl böyüyür. Bu sizə də aiddir.


- Hər axşam təlaş içində olurduq. Adətən ermənilər axşam vaxtı atəş açırdılar. Yadımdadır ki, qaçıb binanın zirzəmisində gizlənirdik. Təbii ki, bina uçsaydı zirzəmidə gizlənməyin heç bir faydası olmaya bilərdi

Sonra Bakıya gəldik. Qohumlarımız Bakıda yaşayırdı, onların evində qalırdıq. Demək olar ki, bizə çox böyük dəstək verirdilər. Təhsilimizi də onların köməyilə yaxşı məktəblərdə davam etdirdik. Tar mənim uşaqlıq əşyam idi. Onunla birgə şəxsi  xatirələrim Şuşada qaldı. Nənəmin çox zəngin tarixi xalçaları vardı. Həmin xalçaların 150-200 il yaşı vardı.
 

- Valideynləriniz sağdırmı?

- Bəli

- Onların ömrünün ən gözəl illəri Şuşada keçib. Adətən yaşlı insanlar daha çox vətən həsrəti ilə yaşayır. Acı reallıq odur ki, bir çoxu bu dünyadan torpaq, vətən həsrəti ilə köç edir. Sizin valideynləriniz bu gün Şuşa haqqında nə düşünür?

- Hər bir azərbaycanlı kimi, mənim də valideynlərim bir gün o torpaqlara qayıdacaqlarına ümid edirlər. İnanırlar ki, xatirələrində yaşatdıqlarını bir gün realda görəcəklər. Ən böyük arzuları odur ki, o torpaqlara geri dönə bilsinlər. Çünki yaşlaşdıqca inanmırlar ki, öz torpaqlarına geri qayıtmaları nəsib olacaq, yoxsa yox!. Çox həssas məsələdir. Bir məqam yadıma düşdü. Şuşa qala divarları ilə əhatə olunmuşdu.  Bu yaxınlarda onu paylaşdım. Erməni sosial şəbəkə istifadəçilərinin səhifələrini izləyirəm. Onların səhifəsinə giriş edərkən bir mənzərə ilə rastlaşdım. Şuşanın girişində qəbiristanlıq vardı. Şuşalıların əksəriyəti həmin qəbiristanlıqda dəfn olunurdu. Səhifəni izləyərkən həmin qəbiristanlığın dağıdıldığını gördüm. Ulu babalarımızın, nənələrimizin qəbirləri artıq yoxdur. Valideynlərimiz də o torpaqlara tez qayıtmaq istəyirlər. Onlar öz ata-analarının məzarlarını tapmaq istəyirlər. Həmin məzarlar isə erməni barbarlığı nəticəsində dağılıb gedir. Bunları danışmaq çox ağırdır. Valideynlərimiz üçün isə daha da ağırdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?