Modern.az

Heydər Əliyevin keçmiş müxalifləri: “Ümummilli lider olmasaydı...”

Heydər Əliyevin keçmiş müxalifləri: “Ümummilli lider olmasaydı...”

Parlament

10 May 2019, 14:53

10 may tarixi görkəmli dövlət xadimi, mərhum eks-prezident Heydər Əliyevin doğum günüdür. Vaxtilə Heydər Əliyev komandasına müxalif olmuş deputatlar ümumilli lider haqda fikirlərini Modern.az-la bölüşüblər.


Vəhtət Partiyasının Milli Məclisdə təmsil olunan sədri Tahir Kərimli
deyir ki, Heydər Əliyev ən qatı müxalif vaxtında belə ona qarşı sərt münasibət göstərməyib:

“Müxalif olarkən də onu böyük siyasətçi hesab edirdim. Çox böyük dövlət xadimidir. Bunu zaman getdikcə, daha yaxşı anlamaq olur. Millətin ən böyük təşkilatı dövlətdir. Dövləti qurmaq, onu qoruyub saxlamağı hər adam bacarmır. Heydər Əliyev bütün dövlətləri neytrallaşdıraraq “Əsrin müqaviləsi”ni bağladı. Azərbaycanın bugünki inkişafı, görülən işlər, ölkə büdcəsinə daxil olan milyardlarla dollar hamısı ulu öndərin zəhmətinin məhsuludur. Bunu hətta ən qatı düşmənlər də etiraf edir. Milli Məclisdə Heydər Əliyevə qarşı sərt münasibət göstərilərkən onu açıq şəkildə müdafiə edir, görüşüb danışırdıq. Mən Ali Məhkəmədə işlədiyim zamanlarda o da Naxçıvanda olarkən tez-tez telefon danışıqları edirdik. Müxalif olmağıma rəğmən heç vaxt haqqımda cinayət işi açmayıb, həbs olunmamışam. Çünki bilirdi ki, bütün cəhdlərim dövlət, xalq üçün idi”.

 

Böyük Quruluş Partiyasının parlamentdəki sədri Fazil Mustafa qeyd edir ki, Heydər Əliyev öz fəaliyyətilə ona olan münasibəti dəyişdirməyi bacardı:

 
“Azərbaycan kimi dövlətlərdə əsas məsələlərdən biri onun müstəqilliyinin qorunub-saxlanılmasıdır. Necə qoruyub saxlamaq? Bu konkret olaraq tarixi şəxslərə görə dəyərləndirilməlidir. Azərbaycanın  müstəqilliyinin əldə olunmasında rolu olan siyasi qüvvələrin haqqı heç vaxt unudulmamalıdır. Bunun da önündə Azərbaycan Xalq Cəbhəsi (AXC) gəlir. Bu hərəkatın təşəbbüsü ilə məsələ öz həllini möhtəşəm şəkildə tapdı. Bunu Heydər Əliyev özü də yüksək qiymətləndirirdi. Ümummilli lider qəbul edirdi ki, Azərbaycanın müstəqilliyinin  özəyi olan AXC çox möhtəşəm işlər gördü. Lakin sonrakı tarixi dövr daha fərqli bir istiqamətdə getdi. Azərbaycan müəyyən dərəcədə daha böyük təzyiqlərlə üzləşdi. Müstəqilliyin qorunması Qarabağ məsələsində əlacsızlıq elə bir şərait yaratdı ki, Azərbaycanın beynəlxalq arenada abad bir ölkə olaraq tanınması, yerləşməsi və öz sözünü deməsi tələbatı var idi. Bu tələbatı Heydər Əliyev hamıdan fərqli və praktik şəkildə görməyi bacardı. O müstəqilliyin qorunması üçün daha çox fədakarlığın edilməsinə ehtiyac olduğunu gördü və bunu qoruyub saxlaya bildi. O dövr üçün bu rolu Heydər Əliyevdən başqa kimsənin götürməsi çətin və mümkünsüz olardı. Ona görə də bizim baxış bucağımızın dəyişməsində bu məsələ böyük rol oynadı. Çünki biz Azərbaycanda birdən-birə demokratik cəmiyyət qurulmasını arzulayırdıq. Hər şeyin də bu məsələ üzərində ümumiləşməsinə çalışırdıq. Sonra baxdıq ki, dünya dövlətlərindən Azərbaycanda demokratiya tələb edən, sadəcə bəhanə olaraq demokratiyanı istifadə edən bir yanaşma var. Əsas məqsəd o idi ki, Azərbaycanı necə zəiflətsinlər, Ermənistan qarşısında iradəmizi ortaya qoymaqdan məhrum etsinlər. Bunu da hamıdan yaxşı məhz Heydər Əliyev gördü. Neft müqaviləsini bağlayaraq, Qərbin Azərbaycanda maraqlarını təmin etməklə müəyyən dərəcədə bu sindromu dağıtdı. Bizim üçün də hədəf Azərbaycanın müstəqilliyi və təhlükəsizliyi idi. Buna görə də onu fəaliyyətini indi müstəqilliyin qorunub-saxlanılmasında böyük rolu olan bir şəxsiyyət kimi qəbul etməyə başladıq”.


Vətəndaş Birliyi Partiyasının sədri, deputat Sabir Hacıyevin
sözlərinə görə, Heydər Əliyev çağdaş Azərbaycanın banisi sayılır:

“Heydər Əliyevin həyat yolunu müşahidə etsək, görərik ki, o doğurdan da böyük bir şəxsiyyət olub. Artıq 50 ildir ki, Azərbaycanda dövlət rəhbəri kimi ən birinci şəxs hesab olunur. 1969-cu ildə respublikaya rəhbərliyə gəldiyi dövrdən Azərbaycan xalqı çox böyük inkişafa nail olub. İqtisadiyyat, kənd təsərrüfatı, eləcə də neft sahəsindəki  əməyi sayəsində Azərbaycan bu gün keçmiş SSRİ ölkələri içərisində aparıcı dövlət kimi irəli gedib. Yadımdadır ki, o vaxt tələbəlik illərimdə bu inkişaf mərhələsi bizim gözümüzün önündə gedirdi. Heydər Əliyev fəaliyyətinə, bacarığına görə SSRİ Kommunist Partiyasının Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Sovetinin birinci müavini kimi  keçmiş ittifaq miqyasında ən yüksək vəzifələrə təyin edilmişdi.  Baxmayaraq ki, SSRİ rəhbərliyində ona qarşı haqsızlıq etmişdilər. Heydər Əliyev istefada olarkən belə, Azərbaycanı diqqət mərkəzində saxlayıb. 1993-cü ildən bəri onun hakimiyyəti altında Azərbaycan dövləti yenidən quruldu”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü