Modern.az

Aydın Hüseynov: “Niyə deputatın oğlu əsgər getməməlidir?!” - MÜSAHİBƏ

Aydın Hüseynov: “Niyə deputatın oğlu əsgər getməməlidir?!” - MÜSAHİBƏ

13 May 2019, 11:13

“Arzu edirəm ki, digər deputatlarla icra başçılarının münasibəti mənimlə Süleyman Mikayılov kimi olsun”


“Süni qiymət artımını həyata keçirənlər cinayət törədir”

 

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov Modern.az saytına geniş müsahibə verib. Onunla söhbəti təqdim edirik.

- Bir dəfə parlamentdə çıxışınız zamanı Qaradağ rayonuna Heydər Əliyevin adının verilməsini təklif etmişdiz. Bu sizin öz təşəbbüsünüz idi?

 

- Parlamentdə belə fikri mən səsləndirmişdim. Bu fikir təkcə mənim yox, çoxlarının da olub. Zaman-zaman ziyalılarımız, sadə insanlarımız  arasında bu fikri gündəmə gətirənlər olub. Ümummilli lider Heydər Əliyev bütövlükdə həyatını xalqına həsr edib. Dövlətimizin, bütövlükdə müasir Azərbaycanın inkişafı onun adı ilə bağlıdır. İstəyimiz odur ki, Azərbaycan coğrafiyasında Heydər Əliyevin adı olsun. Onun qurduğu dövlət yüz illərlə yaşayacaq. Ona görə də Azərbaycan coğrafiyasında Heydər Əliyevin adının olması ona olan ehtiramın bir formasıdır. 

- Ancaq səsləndirdiyiniz təklif reallaşmadı.

- Bayaq niyə Qaradağa Heydər Əliyevin adının verilməsinin vacibliyindən danışırdım. Ona görə Heydər Əliyevin adını Qaradağla bağlamışdıq ki, Qaradağ iqtisadiyyat üçün strateji rayon sayılır. Sənaye rayonudur. Heydər Əliyevin müəyyənləşdirdiyi ən önəmli layihələr Qaradağ rayonunda reallaşıb. Bakı Dərin Özüllər Zavodu birbaşa onun qətiyyəti nəticəsində yaradılıb. Siyasi Büronun qərarını dəyişdirərək bu zavodu Azərbaycana gətirdi və həmin zavod Qaradağdadır. Səngəçal terminalı da buradadır. Bakı-Tbilisi-Ceyhan neft kəməri öz başlanğıcını Qaradağdan götürür.  O dövr üçün hamı bunu əfsanə adlandırırdı. Heydər Əliyev əfsanəni reallığa çevirdi. Bakı-Tbilisi-Qars dəmir yolunu götürək. Onun da açılışı Qaradağ rayonu Ələt qəsəbəsində baş tutub.

Qaradağda Azad İqtisadi Zona fəaliyyət göstərəcək. Bütövlükdə regionun ən böyük dəniz limanı olan Bakı Dəniz Ticarət Limanı Qaradağ rayonundadır. Heydər Əliyev tərəfindən əsası qoyulan və cənab prezidentimizin reallaşdırdığı layihələr Qaradağdadır. 1995-ci ildə cənab prezident İlham Əliyev Qaradağ rayonundan millət vəkili seçilib. O dövrdə rayon üçün çox böyük işlər həyata keçirib. 

- Aydın müəllim, siz parlamentdə hər hansı məsələ ilə bağlı çıxış edərkən dərhal sosial şəbəkələrdə tənqid atəşinə tuş gəlirsiz. Bu, fikirlərinizə görə olan tənqidlərdir. Bəs seçicilərlə olan ünsiyyətinizə görə sizə tənqid düşürmü?

- Birinci məsələni çox yaxşı dediniz. Sosial şəbəkələrlə bağlı dediklərinizi tənqid adlandırmazdım. Əslində, tənqid müsbət yanaşmadır. Ancaq sosial şəbəkələrdə yazılanlar qaragüruh formasında olan təhqirdir. Konstitusiya hüququ və parlamentin daxili nizamnaməsi də onu tələb edir ki, qanun müzakirəsində deputat iştirak etsin və fikrini bildirsin. Qanun müzakirə olunursa biz də fikrimizi səsləndiririk. Məsələn, sonuncu dəfə şirin su hövzələrinin qorunması ilə bağlı danışmışdım. Demişdim ki, su mənbələrimizi qorumalıyıq. Normativ hüquqi aktlar daha da müasirləşməlidir. Jurnalist komitə iclasında iştirak edirsə və müzakirə olunan qanunun mahiyyətini bilmirsə, deputatın səsləndirdiyi fikirlərini anlamırsa, bu zaman özünün dərk etdiyi şəkildə yazıya başlıq çıxarır. Sonradan bu da sosial şəbəkədə ironiya və təhqir formasına çevrilirsə, bu, deputatın günahı deyil. Fikri düzgün tuta bilməyən jurnalistin günahıdır. Jurnalist belə yazır: “Aydın Hüseynov deyir ki, insanlar bulaq suyundan istifadə etməməlidir”. Bu fikirlərimi yayan jurnalist heç olmasa Milli Məclisin stenoqramındakı çıxışıma qulaq assın və öz yanlışını görə bilsin. Düşünürəm ki, bu cür təqdim etmək doğru deyil. Sosial şəbəkələrə kimisə  təhqir etmək üçün bir söz kifayətdir. Digər bir məsələyə toxunum. Qazın limitinin aradan qaldırılması ilə bağlı söhbətlər gəzirdi. İqtisadçı olaraq Milli Məclisin İqtisadi siyasət sənayə və sahibkarlıq komitəsinin üzvüyəm. Biz qazın limiti ilə bağlı danışarkən fikirlərimizi əsaslandırırıq. Qazın limitinin ləğv edilməsi yox, artırılması ola bilər. Bu zaman dediklərimi tuta bilmirlər. Qazın limitinin ləğv olunması ayrı şeydir, artırılması isə tamamilə başqa şeydir. Əgər məndən telefonla informasiya alan jurnalist fikrimi tuta bilmirsə, deputat günahkar deyil. Dediklərimin mahiyyətini başa düşməyənlər onu təhqir hədəfinə çevirirlərsə, niyə arxasınca qaçmalıyam?! Axı o sözü mən deməmişəm.

- Aydın müəllim, suala bir daha qayıdıram. Seçicilərlə ünsiyyətiniz hansı formadadır?


- 1987-ci ildən Qaradağ rayonunda yaşayıram. Ona görə də seçicilərimizə alışmışam. 20 ildir ki, YAP-ın Qaradağ rayon təşkilatının sədriyəm. 1987-ci ildən başlayaraq digər vəzifələrdə çalışmışam. Ona görə də seçicilərimin hər birini tanıyıram.  Onlar da məni tanıyır. Bütün proseslərdə bir yerdə olmuşuq. Qaradağ rayonunda deputat və  seçici problemi olmayıb. Onun da səbəbi var. 1995-ci ildə  ilk demokratik şəkildə parlamentimiz formalaşarkən Qaradağ rayonundan deputatımız cənab prezident İlham Əliyev seçilib. Onun deputatlıq fəaliyyəti dövründə müstəqil Azərbaycan Respublikasının deputatlıq institutu formalaşıb.

Seçicilərlə görüşlərin təşkili, problemlərin həll olunması öz həllini tapıb. Ona görə də Qaradağda deputatlıq ənənələrinin formalaşmasını qorumağa çalışdıq. Hesab edirəm ki, Qaradağ rayonunda deputat və seçici birliyi olduğundan hər hansı fikir ayrılığı yoxdur. Sosial şəbəkələrdə yaşanan süni məsələlərin  seçicilərimizlə münasibətimizə heç bir təsiri yoxdur.


-Tənqidlərdən danışdıq. Bilmək istəyirdik ki, seçicilər sizə  hər hansı irad bildirirmi
?

- Açığını deyim ki, elə ciddi iradla qarşılaşmamışam. Əgər seçicinin problemi varsa, onun real həlli mümkündürsə, mütləq həll olunur. Əgər həlli mümkün deyilsə, çox səmimi şəkildə bunu danışırıq. Hər bir seçicinin qaldırdığı məsələlər təkcə mənim gücümlə yox, aidiyyatı qurumlar, icra strukturu vasitəsilə həll olunur.

 

- Eyni zamanda, Qaradağ rayonun icra başçısı Süleyman Mikayılov barəsində mətbuatda zaman-zaman tənqidi yazılar dərc olunur. Seçicilər icra başçısından sizə şikayət edirlərmi?

 

- Qaradağ rayonunun icra başçısı ilə bağlı tənqidi yazıları ciddi mətbuatda görməmişəm. Əlbəttə qərəzli olan və şəxsi istəyini yerinə yetirə bilməyən şəxslər yazırlar. Bunu da tənqid hesab etmirik. Qaradağ rayon İcra Hakimiyyətinin başçısı da təsadüfi adam deyil. Ciddi strukturlarda fəaliyyət göstərib.  Bir çox rayonlarda, Lənkəranda başçı olub. İcra başçısı kimi təcrübəsi var. İnsanlarla ünsiyyət qurmağı bacarır. Hesab edirəm ki, cənab prezidentin həyata keçitdiyi siyasətin Qaradağ rayonunda üzərinə düşən məsuliyyətini dərk edir. Münasibətimiz də çox yaxşıdır. İcra başçısı ilə mövqelərimiz də üst-üstə düşür. Arzu edirəm ki, digər icra başçıları və deputatların da münasibəti bizim kimi olsun.

- İcra başçısı hakimiyyətin icraedici qoluna mənsubdur, deputat isə qanunverici qanadına. Bu mənada, ümumiyyətlə icra başçısı-deputat münasibətlərinin modeli necə olmalıdır?


- Birinci növbədə icra başçısını ölkə prezidenti təyin edir. İcra başçısı dövlət başçısının təyin etdiyi yerdəki nümayəndəsidir. Onun vəzifə və hüquqları məlumdur. Deputatı isə seçici seçir. İlk növbədə qanunvericilik, qanunvericilik bazasının formalaşması ilə, seçicilərini dinləməklə  məşğuldur. Həm deputatın, həm də icra başçısının vəzifələri var. Hər ikisi öz vəzifələrini qarşılıqlı formada həyata keçirir. 5 ilə az qalıb ki, Milli Məclisdə təmsil olunuram. Bu müddət ərzində hər hansı icra başçısı ilə deputat arasında qarşıdurma olması barədə eşitməmişəm. Artıq hər iki institut düzgün şəkildə formalaşıb. Hər ikisi öz funksiyasını, məsuliyyətini  bilir. Hər ikisinin fəaliyyət istiqaməti ölkədə gedən proseslərə öz dəstəyini verməkdir. Hesab edirəm ki, axırıncı 10 ildə qarşıdurma məsələsi aradan qaldırılıb.

- Həmkarlarınız arasında bəziləri millət vəkili kimi təqdim olunmağı daha çox istəyirlər. Halbuki, Konstitusiyada, “Deputat statusu haqqında” qanunda və digərlərində “Milli Məclisin deputatı” qeyd olunub.  Maraqlıdır, niyə deputatlar arasında “deputat” sözünə yad münasibət var və onlar daha çox “millət vəkili” ifadəsinə daha doğma münasibət bəsləyirlər?

- Baxın, tutaq ki, siz mənə sual verirsiniz ki, “deputat” sözünün mənası nədir. Sadə dildə izah versək, deputat millət vəkilidir. Yəni, seçicilər tərəfindən qanunverici orqana seçilən bir şəxs deputat seçildiyi ərazinin həm də vəkilidir.

 

- Prezident İlham Əliyev Nazirlər Kabinetini iclasında “Azəriqaz”ı tənqid etdi. “Azəriqaz” strateji qurumdur, bununla yanaşı, problemlər mövcuddur. Əhalini “Azəriqaz”dan narazı salan nələrdir?

 

- 10 il bundan qabaq işıqla bağlı da müəyyən problemlər olurdu. İndi bu problemlər azalıb. Abonentlər öz hüquq və vəzifələrini bildi.

Azərbaycanın 95 faizi qazlaşdırılıb. Bu gün abonentlər də yenilənir. Söhbət “Azəriqaz” sistemindəki hər hansı rəhbərdən getmir. Rəhbər hamısına nəzarət etməlidir. Sadəcə, böyük şəbəkəni əhatə etdiyi üçün insan faktoru bəzən digərini narazı salır.

- Bildiyiniz kimi, Azərbaycan Gürcüstana qaz verir. Qışın soyuğunda Azərbaycanda bəzi yerlərdə qaz kəsiləndə Gürcüstanda bu hal olmur. Bu zaman insanlar  kəskin etirazlarını bildirirlər. Qış aylarında qazın kəsilməsinin səbəbləri nədir?

- Gəlin belə danışaq. Hansısa rayonda bir günlük, yaxud da məhəllədə bir saatlıq qaz kəsilirsə “niyə bizdə qaz kəsilir, ancaq Gürcüstana qaz verə bilirik” kimi düşünmək kökündən yanlışdır. Neft, qaz təbii resurslarımızdır. Təbii resurslarımızı ulu öndərimizin strategiyası nəticəsində milli sərvətimizə çevirə bildik. Bununla da iqtisadiyyatımızı inkişaf etdirdik. Ona görə də Gürcüstana da, digər ölkələrə də qaz verəcəyik. 2020-ci ildən sonra Avropanı da qazla təmin edəcəyik. Bu bizim iqtisadiyyatımız, iqtisadi inkişafımız üçün birbaşa lazımlı olan faktordur. Qaz da bir təsərrüfatdır. Düşünürəm ki, hər hansı texniki səbəbdən qaz kəsilirsə, ölkədən qaz ixrac etməklə müqayisə edilməsi kökündən yanlışdır. Onu da deyim ki, qazla təminat getdikcə artacaq.

- Abonentlərə verilən qazın tərkibi də müəyyən suallar yaradır. Çünki tərkibinin yaxşı olmaması abonentləri narahat edir. Bu, birbaşa insan həyatına təhlükədir. Necə etməliyik ki, qazın tərkibi təmiz olsun? Ümumiyyətlə bu məsələ araşdırılırmı?

- Dediklərinizə əhali necə yanaşırsa, mən də o tərzdə yanaşıram. Mütəxəssis olmadığım üçün qazın tərkibində hansı komponentlər olduğunu deyə bilməyəcəyəm. İlk növbədə bilməliyik ki, bu qaz hər birimizin evində istifadə olunur. Qazın tərkibi təmiz olmalıdır. “Azəriqaz” üzərinə o məsələni götürməlidir ki,  insanın həyatına təhlükə yaratmasın. “Azəriqaz” əhaliyə verdiyi qazın tərkibinə baxmalıdır.

 

- Ölkəmizdə bazar iqtisadiyyatı hökm sürür. Bazar iqtisadiyyatına görə, bəzi malların qiyməti dövlət tərəfindən tənzimlənir. Ancaq qiyməti dövlət tərəfindən tənzimlənməyən bəzi malların qiyməti süni şəkildə qaldırılır. Onda bu sual ortaya çıxır: Bazar iqtisadiyyatında dövlət kartofun, soğanın qiymətinin qaldırılmasına nəzarət etməlidirmi? Əgər rəqabət varsa, niyə müdaxilə olunmalıdır?

 

- Bir var liberal bazar iqtisadiyyatı qanunları, bir də var süni qiymət artımı. Liberal bazar iqtisadiyyatında mövcud olan tələb-təklif özünü tənzimləyəcək. Süni qiymət artımı varsa, dövlət müdaxilə etməlidir. Ölkədə inflyasiya baş verməyibsə, hər hansı kənd təsərrüfatı məhsulunun qiymətinin artımı ilə bağlı real iqtisadi faktorlar yoxdursa, kimsə qiyməti süni artırırsa, onun özü cinayət məsuliyyəti daşıyır. Süni qiymət artımını həyata keçirən istər sahibkar istərsə də adi vətəndaş olsun, deməli, artıq cinayət törədir. Süni qiymət artımı baş verərsə dövlətin müdaxilə etməsi mütləq lazımdır. Həmin adamlara meydan verə bilmərik.


- Xaricdən ölkəmizə idxal olunan  məhsullar bazarlarımızda şok effekti yaradır. Xüsusən şişirdilmiş qiymətlərlə rastlaşırıq. Bu, doğrudanmı qoyulam gömrük rüsumları ilə bağlıdır?


-Siz də görürsüz ki, son vaxtlar gömrük sistemində böyük islahatlar gedir. Bu ilin birinci rübündə gömrükdən 50 milyon manat dövlət büdcəsinə vəsait daxil olub. Bütün bunların hamısı qiymət artımının qarşısının alınmasının nəticəsidir. Qeyd etdiyiniz kimi, əgər kənardan aşağı qiymətə alıb onu yüksək  qiymətə satırsa, bu doğru deyil. Düşünürəm ki, gömrük sistemi bu sahədə işini daha da gücləndirməlidir.

- İqtisadçi olaraq süni qiymət artımında problemlərin yaranmasında hansı qurumu günahkar olaraq göstərə bilərsiz?

 

- Açığını deyim ki, konkret elə bir faktla rastlaşmamışam. Gündəlik tələbat malları alırıq. Ancaq orada elə də yüksək qiymət artımı yoxdur. Geyim alarkən də o cür hallarla rastlaşmamışam.

- Bir neçə ay bundan qabaq bəzi geyim mağazalarında saxta malların yüksək qiymətə satıldığı aşkarlandı. Təsəvvür edin 30 manatlıq kofta  150 manata satılır. Üstəlik ucuz məhsullar brend mallar adı altında satılır. Maraqlıdır ki, saxta qiymətlərə insanlar da meylli olur. Bir iqtisadçı olaraq bunu necə izah edə bilərsiz?

 

- Hər hansı brend adı altında  mağazalar var. İndi məhsulların qiymətini də öyrənmək asandır. Əgər ərzaq məhsuludursa, “seçimimiz yoxdur” deyib ala bilərik. Ancaq geyimdirsə, seçim etmək imkanlarımız daha çoxdur. İnsanlarımız geyim alarkən düşünüb, araşdırıb seçim etməlidirlər.


- Dövlət zəmanətli kreditlərə də toxunmağınızı istərdik. Bir tərəfdən dövlət zəmanətli kreditlərin yaxşı olduğunu düşünürük. Digər tərəfdən hansısa qurum götürdüyü krediti qaytarmır və bu borc dövlətin üzərində qalır. Belə mexanizm mümkün ola bilərmi ki, dövlət zəmanətli krediti hansısa qurum geri vermirsə, dövlət ödəsə belə sonradan həmin qurum cəzalandırılsın?

- O məsələ iqtisadiyyatımızın müəyyən dövrü üçün yaralı yerlərindən biri idi. Artıq bank maliyyə sahəsində önəmli islahatlar aparılıb. Maliyyə Bazarlarına Nəzarət Palatası yaradıldı. Bu sahədə həm qanunvericilik bazasında, həm də hüquqi normativ aktlarda ciddi dəyişiklik edilib. Hesab edirəm ki, o problem qalmayıb. Dövlət zəmanəti ilə alınan kreditlərlə bağlı indiyə kimi gərginlik və cinayət elementləri vardısa, bu gün o məsələlər aradan qaldırılıb.


- Bu yaxınlarda iqtisadçılardan biri demişdi ki, SOCAR-ın dövlət zəmanəti ilə aldığı kredit borcunun 400 milyon dolları Nazirlər Kabinetinin sərəncamı ilə silinib.

- SOCAR bu gün  Azərbaycan brendidir. SOCAR Azərbaycanın iqtisadiyyatında çox mühüm rol oynayan sahədir. O sahəni daim sağlam saxlamalıyıq ki, ölkə büdcəsinə gəlirlər gətirsin. Həm ölkə daxilində, həm neft konsersumu çərçivəsində çox böyük layihələri həyata keçirir. Ölkə iqtisadiyyatına mühüm dividentlər gətirəcək sahədə fəaliyyət göstərir.
SOCAR dövlət tərəfindən ona verilən 400 milyonu sonradan 800 milyon, 1 milyard həcmində dövlətə geri qaytaracaq formada işlər həyata keçirəcək.

-Dövlət büdcəsində, neftdən asılılığımız hələ də qalır…

- İqtisadiyyatımızda neftdən imtina etmirik. Əslində neftin milli sərvətimiz olduğunu bilirik. Neftdən gələn gəlirləri valyuta ehtiyatlarımızla zənginləşdiririk. İki ilə yaxındır ki, valyutamız stabil qalıb. 1 manat 70 qəpikdir. Bu ona görə belədir ki, strateji valyuta ehtiyatlarımız 46 milyard dollardır. Valyuta ehtiyatları çox olanda manat möhkəmlənir . Hər bir valyutanın arxasında strateji ehtiyatlar dayanır. Strateji ehtiyatlarımızın formalaşması baxımından neftdən istifadə etməliyik. Axırıncı 15 il ərzində ölkəyə 260 milyard dollara yaxın sərmayə qoyulub. Bunun da əksəriyyəti neft gəlirləridir. Deməliyik ki, neft gəlirlərinə toxunmayaq, bunu xərcləməyək?! O zaman bu körpülər, yollar necə istifadəyə verilə bilər?! Məhz neftdən aldığımız vəsaitləri qeyri-neft sektoruna yönəltdik deyə infrastrukturları yarada bildik. Dövlət büdcəmizin 9 milyarda yaxını builki Neft Fondundan transfer hesabınadır. “Büdcə haqqında” yeni qanun qəbul edildi. Yeni qanuna görə Neft Fondunun hədləri qanunvericilik çərçivəsində müəyyənləşdi. Tutaq ki, gələn il Neft Fondundan büdcəmizə 20 milyard götürmək istəyirik. Amma məsələ bu qədər də sadə deyil. Artıq onun yuxarı və aşağı həddi müəyyənləşib. Ümumi Daxili Məhsulumuzun nisbətində nə qədər Neft Fondundan dövlət büdcəsinin gəlir hissəsi üçün götürə bilərik! Artıq bu xətt müəyyənləşib.

- Valyutamızın sabit qalmasının digər səbəbi də idxaldan asılılığın nisbətən azaldılmasıdır. Digər tərəfdən hələ də idxaldan asılıyıq. Hansı ki, həmin məhsulları özümüz yetişdirməklə daxili bazardas tələbatı ödəyə bilərik. Təbii istisna məhsullar da var.

- Pambıq strateji məhsul olduğuna görə dövlətin əlindədir. Digər məhsullar isə dövlətin əlində deyil. Pomidor, kartof və digər məhsullar ya sahibkardadır, ya da ayrı-ayrı vətəndaşların nəzarətindədir. Məsələn, öz məhsulumu aparıb Çində, Rusiyada satmaq istəyirəm. Bu, mənim hüququmdur. Digər tərəfdən Azərbaycan dünya iqtisadiyyatına inteqrasiya edib. Tutaq ki, mən vətəndaş olaraq Azərbaycan pomidorunu yox, Türkiyə pomidorunu yemək istəyirəm. Ona görə də bazarda Çin, Rusiya, Türkiyə məhsullarının olması normaldır. Sadəcə olaraq bazara gələndə süni şəkildə qiymət artımı və monopoliya olmasın. Qiymət məsələsini bazar özü tənzimləsin. Monopoliya süni qiymət artımını yaradan ən böyük amildir. Eyni zamanda, istənilən Avropa ölkəsinə getsək, bazarda istənilən ölkənin həm geyim, həm də digər məhsullarına rast gələ bilərik. Əsl iqtisadi inteqrasiyada hər ölkədən məhsullar olmalıdır.

- Yaxşı, konkretləşdirək, bəs monopoliyanı kimlər yaradır?

- Əgər dövlət səviyyəsində buna qarşı mübarizə varsa, bu elementlər aradan qaldırılırsa, onun yaxşı nəticələrindən danışaq. Əgər hardasa müəyyən dərəcədə qalıbsa, bu da aradan qaldırılacaqsa, bunu qabartmağın yeri yoxdur.

 

- Bayaq qeyd etdiniz ki, bazarlarımızda müxtəlif ölkələrin çeşidli məhsulları olarsa, burada pis heç nə yoxdur. Təbii, biz də sizinlə razıyıq. Ancaq bir təhlükəli məqam var. GMO məhsulların daha təhlükəli olduğu haqda həyəcan təbili çalınır. Bu məhsulların modifikasiya olunub-olunmamasını necə müəyyənləşdirək? Hansısa sahibkarın gətirdiyi məhsullar  necə araşdırılır?

 

- Çox vacib məqama toxundunuz. Bildiyiniz kimi, ölkəmizdə Qida Təhlükəsizliyi Agentliyi fəaliyyət göstərir. Bu agentlik vasitəsilə çox böyük işlər həyata keçirilir. Qanunvericilik bazasında onların işini tənzimləyən yaxşı qanunlar qəbul olunub. Geni dəyişdirilən, modifikasiya olunmuş məhsulların ölkəmizə gətirilməsi, eləcə də  insan orqanizminə zərər gətirəcək halların qarşısı alınır. Ölkəmizdə laboratoriyalar mövcuddur. Onların sayəsində hər birinin qarşısı alınır. Əsas odur ki, bu işlərlə məşğul olan dövlət qurumu var. Fikir verirsizmi, agentlik nə qədər ət, toyuq, vaxtı keçmiş ərzaq məhsullarını bazardan çıxarır. Qurumun funksiyası, laborotoriyaları çox müasirdir. Bu tərzdə işlər davam edir.

- İqtisadi məsələlərdən kifayət qədər danışdıq. Keçək şəxsi məsələlərə. Bir iqtisadçı olaraq ailənizdə qənaətcilsizmi?


- Uzun müddət maliyyə sistemində çalışmışam. Maliyyə sistemində işləməyim ola bilsin ki, şəxsi keyfiyyətlərimə də təsir göstərib. Nəyisə artıq yersiz xərcləməyə yol verməmişəm. Böyüdüyüm ailədə də belə görmüşəm. Yersiz maliyyə xərclənməsinin əleyhinəyəm.

- Övladlarınız qoyduğunuz tələblərə razı olurlarmı?

- Razı olurlar. Oğlum hərbi xidmətdən yeni qayıdıb. Əsgərlikdə olduğu müddətdə bu sahə üzrə daha çox möhkəmlənib. Qızım tələbədir. Oğlum ali təhsili Cenevrədə bitirib. Dövlət xətti ilə oxuyub. İkisi də iqtisadçıdır.

- Cəmiyyətdə isə belə təəssürat var ki, deputat oğlu əsgər getmir.

- Bir söz deyim. Ölkəmizdə nə qədər deputat var. Onların neçəsinin övladının əsgərlik yaşında olduğunu bilməyə nə var ki! Əslində bu gün dövlətçiliyimizi, parlamentimizi nüfuzdan salmağa konkret olaraq onu qarşısına məqsəd olaraq qoyan mərkəzlər var. Hansısa yerlərdən qrantlar alaraq dövləti nüfuzdan salmağa çalışırlar. Bu gün dövlətin qanadı parlament və mərkəzi icra orqanlarıdır. Ümumi deputat adından nə qədər mənəviyyata sığmayan fikirlər səsləndirirlər. Bunların hamısı məqsədyönlüdür. Deputatın biri mən. Niyə oğlumuz əsgər getməməlidir?! Bu gün əsgər getməkdən gözəl nə var ki! Hərbi hissələrimiz hamısı bir-birindən gözəldir. Nədən qorxmalıyıq ki! Ən müasir silahla silahlanmış ordumuz var. Belə psixologiya ilə yanaşıram: Əgər öləcəyəmsə, öləcəyəmm, sağ qalacağammsa qalacağamm. Bunun əsgər getməyə aidiyyatı yoxdur. Bu qismət məsələsidir.

- Alın yazısına inanırsızmı?

- Əlbəttə, inanıram. Hər kəsin bir qisməti, alın yazısı var.

- Mütaliəyə vaxt ayıra bilirsizmi?

- Mütləq edirəm.


- Nə haqda oxuyursuz?

- Əvvəllər bədii ədəbiyyatı mütaliə edirdim. Şeir oxumağı çox sevirdim. İndi isə iqtisadiyyatla bağlı daha çox mütaliə edirəm.

- Maraqlı gəldi. Bəzi deputat həmkarlarınız da şeir yazır. Musa Urud, Tahir Rzayev, Qənirə Paşayeva və sairə. Onları da oxuyursuzmu?

- Əlbəttə. Hər birinin çox maraqlı şeirləri var.

- Aydın müəllim, son olaraq soruşmaq istərdik. Qarşıdan parlament seçkiləri gəlir. Yenidən deputat olmağı düşünürsünüzmü?

- Düzü, namizədliyimi Yeni Azərbaycan Partiyası irəli sürüb. Həm partiyanın Siyasi Şurasının üzvü kimi, həm sadiq partiya üzvü kimi, həm də Qaradağ Rayon Təşkilatının sədri kimi çalışıram partiyamızın qarşımızda qoyduğu vəzifələri yerinə yetirək. Növbəti seçkilərdə namizədliyimlə bağlı qərarı partiya verəcək. Partiya bizi öz sıralarında yenidən görür ya görmür. Qərar və seçim partiyamızındır. Biz icraçıyıq.

 

Aqşin KƏRİMOV

Namidə BİNGÖL

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir