Modern.az

“İcbari tibbi sığortanın tətbiqinədək “sənədsiz evlər” məsələsi həll olunacaq”

“İcbari tibbi sığortanın tətbiqinədək “sənədsiz evlər” məsələsi həll olunacaq”

14 May 2019, 13:19

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov gələn ilin yanvarından Azərbaycanda hər kəsə ölkə miqyasında icbari tibbi sığorta xidməti göstəriləcəyini açıqlayıb. Baş nazirin müavini deyib ki, İcbari Tibbi Sığorta Agentliyinin tərkibinə keçən xəstəxanaların hazır vəziyyətə gətirilməsi üçün iş gedir və hüquqi normativ sənədlər hazırlanır.


Agentlik üzərinə düşən məsələlərin həllilə məşğuldur. Amma nəzərə almaq lazımdır ki, vətəndaşların icbari tibbi sığortadan yararlanması üçün yaşadığı evdə qeydiyyata düşməsi mütləqdir. Azərbaycanda isə uzun illərdir ki, sənədsiz torpaq sahələrinin və evlərin dövlət reyestrinə daxil edilməsi problemi gündəmdədir. Min bir əziyyətlə başa gələn evlərinin tam hüquqlu sahibi olmaq və qeydiyyata düşmək sadə vətəndaşın arzusu olaraq qalır.  Prezident İlham Əliyev məsələ ilə bağlı aidiyyatı qurumlara dəfələrlə göstəriş versə də, konkret nəticə hasil olmayıb.


Bir neçə il əvvəl Bakı Şəhər İcra Hakimiyyəti hazırda paytaxt və paytaxtətrafı ərazilərdə tikilmiş sənədləşdirilməsi mümkün hesab edilən evlərin sayının 700 mindən artıq olduğunu açıqlayıb.


Hazırda Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən sənədsiz inşa edilmiş tikililərin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlandığı  və yaxın zamanlarda Prezident Administrasiyasına təqdim ediləcəyi bildirilir.


Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a deyib ki, məsələ ilə bağlı dövlət başçısı tərəfindən dəfələrlə göstəriş verilib:


“Amma problem öz həllini tapmayıb. Ölkə başçısının imzaladığı fərmanla yeni tikilən binalarda problem həll olunur. Vətəndaşlar fərmanda göstərilən vaxt ərzində çıxarış ala biləcəklər. İllər əvvəl tikilən və hələ də “kupça” ala bilməyən fərdi evlərə gəldikdə, bununla əlaqədar dəfələrlə Bakı Şəhəri İcra Hakimiyyətinə Prezident tərəfindən göstəriş verilib. Düzdür, hazırda bəzi köhnə tikililər sökülür, yerində yeni binlar inşa edilir. Onlarla bağlı da problem olmayacaq”.

 

Parlamentari qeyd edib ki, icbari tibbi sığortanın tətbiqi üçün vətəndaşların dəqiq ünvanını göstərən sənəd olmalıdır:

“İtənilən halda problem öz həllini tapmalıdır. Çünki sizin də dediyiniz kimi, 2020-ci ildən icbari tibbi sığortanın tətbiqi üçün insanların ünvanları dəqiq göstərilməlidir. Ona görə də inanıram ki, icbari tibbi sığortanın tətbiqinədək “sənədsiz evlər” məsələsi həll olunacaq”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub