Modern.az

Bakının “it bazarı”: “Ay müştəri, gəl bəri! 2000 manata çoban iti, 150 manata İran pişiyi…” - FOTO+REPORTAJ

Bakının “it bazarı”: “Ay müştəri, gəl bəri! 2000 manata çoban iti, 150 manata İran pişiyi…” - FOTO+REPORTAJ

Reportaj

10 Yanvar 2012, 13:11

“Təzəbazar”ın yaxınlığındakı bu heyvan bazarına “it bazarı” da deyirlər, “quş bazarı” da. Hər həftənin bazar günləri səhər saat 08:00-dan 16:00-dək burada müxtəlif növ heyvan və quşların satışı həyata keçirilir. Ötən bazar günü mənim də yolum buradan düşmüşdü. Heyvan bazarında alıcılar həddindən çox idi, qələbəlik yaşanırdı. Bu isə onu göstərirdi ki, evlərdə heyvan və quş saxlamağa maraq yüksəkdir. 
Burada o qədər it, pişik, quş, balıq və digər heyvan cincləri satılırdı ki, onlara sadəcə tamaşa eləməyin özü maraqlı idi. Hər bir satıcı satdığı heyvanı tərifliyərək ona müştəri axtarırdı.

İt satanlardan birinə yaxınlaşdım. Sevil adlı xanım bildirdi ki, satmağa gətirdiyi it “baby” cinsindəndir. “Qiyməti 300 manat deyirəm. İstəyən olsa, endirim edib razılaşa bilərəm”.

Mahir adlı başqa bir satıcının bazara gətirdiyi itin “Pitbull” cinsindən olduğunu öyrəndim. “Bax bu böyüyü 300 manata satıram.Yanında olan balası isə 120 manatadır”-deyən satıcı itlərini təriflədi.

Rza adlı bir kişi isə çoban iti satırdı. “Bunu saxlamaqda çox əziyyət çəkmişəm. Qiyməti 400 manatdır. Bu pula dəyən itdir”.

“İt bazarı”nın ən bahalı heyvanını axtarıb tapdım. Rafiq adlı satıcı yanındakı çoban itinin qiymətini söyləyəndə təəccüblənməyə bilmədim. “Buna 2000 manat pul verirlər, amma satmıram. Bu mənim özümündür. Bura gətirməkdə məqsədim onun özünü deyil. Balasını satmaqdır. Kim bu itin balasının 2 aylığını istəsə, gətirə bilərəm”.

Lena adlı rus qızı cürbəcür pişik və itlər satırdı. Əvvəl satdığı itlər haqqında danışdı: “Bu it “Yorkşır Terrier” cinsindəndir. Bunun vətəni İngiltərənin York şəhəridir. Qiyməti 1500 manatdır. Bax o birisi it  “Çaxuaxuva” cinsindəndir. 200 manata deyirəm. Bu isə “Toy Terrier” cinslidir. Qiyməti də 300 manat”.

Lena satmağa gətirdiyi başqa bir itini belə təqdim elədi: “Bu it hamıya “Maska” filmindən bəllidir. Vətəni Amerikadır. Tam adı “Juck Russel Terrier”di. Qiyməti 500 manatdır.Bu itin də vətəni Amerikadır. “Amerkanski Koker Spanel” kimi tanınır. Qiyməti 280 manatdır”.

Bazara çıxardığı digər heyvanlar barədə danışan Lena adi pişiklərin 5 manat olduğunu söylədi. Digər pişiklərinə isə belə qiymət oxudu: “Bu pişik İran cinsindəndir. Qiyməti 150 manatdır”.

Bazarın it-pişik satılan hissəsindən quşlar satılan yerinə üz tutdum. Tutuquşular bir səs-küy salmışdılar ki... Mücahid adlı satıcıdan qiyməti soruşdum. Cavabı belə oldu: “Hərəsi bir qiymətədir. Aşağısı 20 manatdan başlayır, 30, 35 və daha baha qiymətlərə tutuquşularım var. Ən bahalısı isə Korelladır. Onun qiyməti 40 manatdır”.

Satıcı Mücahid baş bir quşu göstərib “bunun adı Sisarkadı. El arasında daha çox hindquşu kimi tanınır. Cütünü 40 manata satıram” dedi.

Mücahid göyərçinlər də satırdı: “Bunlar haqqında konkret qiymət deyə bilmərəm. 4 manatdan başlayır 100 manat kimi. Elə ola bilər ki 300 və ondan da baha göyərçin satılsın”.

Dovşanlara bazarda maraq böyük idi. Bazarın bu hissəsində çoxlu alıcı toplaşmışdı. Dovşan satıcısı  Rəsul kişi böyük dovşanları 15 manata təklif edidi. Bala dovşanlara isə 8-10 manat qiymət qoymuşdu. Rəsul kişi bazarın ən böyük dovşanını mənə göstərdi. “Bir buna bax, qoyun boydadır. Bu Anqorxa cinsindəndir. Qiyməti 50 manatdır”.

Balıqlarla maraqlanan müştərilər də çox idi. Balıq satıcısı Rahim dedi ki, akvariumlarda yaşayan bu bəzəkli canlılara baxmaq əsəbi insanlara çox xeyirlidir: “Adam evdə oturub akvariumda hərəkət edən balıqlara baxdıqca, rahatlıq tapır. Qiymətləri 3, 4, 5 manat arasında dəyişir. “Limorik”, “Zebra”, “Brilliant” və digər növləri var”.

Ev siçanları satan Habil bildirdi ki, bu heyvanları daha çox “Xamyak” adı ilə tanıyırlar: “Onlar çox cəld olurlar. Ot və tərəvəzlə qidalanırlar. Qiymətləri isə 5 manatdır”.

Bazarda dalaşqan xoruzlar da satılırdı. Satıcı Nadir: “Boylarının kiçik olmğına baxmayaraq yaxşı vuruşurlar. Bunların vətəni Yaponiyadır. El dilində “Yaponski xoruz” deyirlər bunlara. Qiyməti də 15 manatdır”.

Alıcısı çox olan səsli-küylü bazardan xoş təəssüratla ayrılıram...

 

 

2000 manata qiyməti olan çoban iti

 

Bu da çoban itidir, amma bir qədər ucuzdur - 400 manat...

 

"Pitbull" cinsli it - 300 manat.

 

300 manatlıq "beby" itləri..

 

“Çaxuaxuva” cinsindən olan bu iti 200 manata satırdılar.

 

“Amerkanski Koker Spanel” .

 

Göyərçinlər də ucuz deyildi...

 

150 manatlıq İran pişiyi.

 

Yapon xoruzları...

 

Bu it “Yorkşır Terrier” cinsindəndir.

 

Bala "Pitbull" - 150 manat.

 

15 manatlıq dovşanlar.

 

"Korella" tutuquşusu.

 

Hindquşuşu - "Sisarka"...

 

Qiyməti baha balıqlar....

 

Bu da 50 manatlıq dovşan - "Anqorxa" cinsindəndir..

 

"Xamyak" siçanları...


Anar Kəlbiyev

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?