Modern.az

Prezident: “Böyük islahatlar aparılıb və aparılacaq

Prezident: “Böyük islahatlar aparılıb və aparılacaq”

İqtisadiyyat

16 May 2019, 18:55

Biz düzgün yolla inkişaf edirik və dinamik inkişaf bundan sonra da mütləq gedəcək.

 

Modern.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında "Diamed" şpris istehsalı zavodunun açılış mərasimindən sonra kollektivlə görüşü zamanı deyib.

Dövlət başçısı bildirib: "Bu gün Pirallahı rayonunda çox əlamətdar hadisəni qeyd edirik. Burada istehsal ediləcək şprislər bizim səhiyyə sistemində istifadə olunacaq və beləliklə, Azərbaycan bu sahədə də idxaldan asılılığı aradan götürmüş olacaq.

 

Hər bir yeni müəssisənin açılışı məni sevindirir. Çünki hər bir müəssisənin açılışı yeni iş yerləri deməkdir. Mənə verilən məlumata görə, burada ilkin mərhələdə 30, sonra isə 150 yeni iş yeri yaradılacaq. Beləliklə, burada işsizliklə bağlı problemlər öz həllini tapacaq.

Bütövlükdə Pirallahı rayonunda işsizliklə problem demək olar ki, yoxdur. Son illərdə Pirallahı rayonunda çox böyük quruculuq-abadlıq işləri aparılıb, rayonun, adanın siması gözəlləşib, çox böyük inkişaf var, yaşayış binalarının təmiri, yeni ictimai zonaların, iş yerlərinin yaradılması, yeni körpünün salınması, yəni, bütün bunlar rayonun gələcək inkişafına qoyulan sərmayədir və rayona göstərilən diqqətdir.

Bu zavodda bizim siyasətimiz öz əksini tapır. Çünki idxaldan asılılığı azaltmaq bizim üçün əsas məsələlərdən biridir. Bu günə qədər biz şprisləri xaricdən alırdıq, indi isə buna ehtiyac qalmır, əksinə, verilən məlumata görə, artıq xaricdən sifarişlər də alınır. Beləliklə, həm daxili tələbat tam ödəniləcək, həm də biz öz yeni məhsulumuzu xaricə ixrac etmiş olacağıq. Bu, sənayemizin inkişafına verilən töhfədir".

 

Prezidentin sözlərinə görə, ölkəmizdə sənaye istehsalı artır:

"Görülən işlər nəticəsində bu ilin dörd ayında qeyri-neft sektorunda 15 faizdən çox artım olub. Həm sənaye potensialımızı gücləndirən böyük müəssisələr fəaliyyətə başlayır, həm də kiçik və orta müəssisələr işə düşür. Ölkəmizdə çox gözəl biznes mühiti, sərmayə iqlimi var. Belə olmasaydı, xarici şirkətlər, yerli şirkətlər vəsait qoymazdılar. Beləliklə, biz biznes mühitinin yaxşılaşması nəticəsində yeni reallıqları görürük və əminəm ki, dinamik inkişafımız bundan sonra da təmin ediləcək".

Prezident qeyd edib ki, iqtisadi və sosial sahədə aparılan islahatlar nəticə verir:

"Biz Dünya Bankının biznes mühitinə dair hesabatına görə, bu gün dünyada 25-ci yerdəyik. Mən bunu dəfələrlə qeyd edirəm ictimaiyyət bilsin ki, nə qədər böyük islahatlar aparılıb və aparılacaq. Bu, imkan verir ki, biz sosial sahəni də gücləndirək, işsizliyi aradan qaldıraq, yerli istehsalı artıraq və beləliklə, vətəndaşların sosial təminatını gücləndirək. Bu il atılan addımlar, imzalanmış sərəncamlar, qəbul edilmiş qərarlar bizim siyasətimizi əks etdirir. Biz sosialyönümlü siyasət aparırıq və bu siyasət öz nəticəsini verir.

 

Əlbəttə, gələcəkdə hələ çox işlər görüləcək. Regionların sosial-iqtisadi inkişafı üzrə dördüncü Dövlət Proqramı artıq icra edilməyə başlamışdır. Əminəm ki, bu il nəzərdə tutulan bütün vəzifələr icra ediləcək. Dinamik inkişafa nail olmaq üçün qeyri-neft sektorunun xüsusi rolu var. Biz bu məsələ ilə çox ciddi məşğuluq və nəticələr də göz qabağındadır. Biz bir neçə il bundan əvvəl bu zavodun yaradılmasını bəlkə də təsəvvür edə bilməzdik, xüsusilə Pirallahı rayonunda. Burada ümumiyyətlə qeyri-neft sektoru ilə bağlı işlər demək olar ki, yavaş gedirdi. Ancaq bu gün bu zavod reallıqdır. Bu, Pirallahı Sənaye Parkında birinci zavoddur. Çünki burada bir neçə müəssisə yaradılacaq. Hazırda tikilməkdə olan böyük dərman preparatları zavodunun fəaliyyətə başlaması nəticəsində daha çox iş yerləri açılacaq və biz dərman preparatlarının idxalından asılılığı müəyyən dərəcədə aradan götürəcəyik. Digər zavodların fəaliyyətə başlaması nəzərdə tutulur. O cümlədən sosial məsələlər öz həllini tapır. Məcburi köçkünlər üçün yeni evlər tikilir və burada 300 köçkün ailəsi evlə təmin olunacaq, məktəb tikilir. Yəni, bu gün bu zavodun timsalında görülmüş işlərin gözəl nəticələrini görürük, siyasətimizin uğurlu nəticələrini görürük və bu, bizi gələcəkdə yeni addımların atılmasına sövq etməlidir. Biz düzgün yolla inkişaf edirik və dinamik inkişaf bundan sonra da mütləq gedəcək.

 

İslahatlarla bağlı bizim siyasətimiz bu gün burada bir daha özünü göstərir. Əminəm ki, növbəti dövrdə həm sənaye, həm kənd təsərrüfatı, həm də infrastruktur sahələrində daha geniş miqyasda əlavə nəticələr olacaqdır".

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır