Modern.az

“İzahlı dilçilik terminləri lüğəti” ətrafında QALMAQAL: Plagiatlıq olub? - AMEA-dan AÇIQLAMA

“İzahlı dilçilik terminləri lüğəti” ətrafında QALMAQAL: Plagiatlıq olub? - AMEA-dan AÇIQLAMA

17 May 2019, 13:59

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Humanitar və İctimai Elmlər bölmələrində Nəsimi adına Dilçilik İnstitutununda hazırlanmış “İzahlı dilçilik terminləri lüğəti” ətrafında sosial şəbəkələrdə gedən materiallarla əlaqədar məsələyə münasibət bildirilib.


Modern.az-ın məlumatına görə, qeyd olunub ki, “İzahlı dilçilik terminləri lüğəti” Terminologiya şöbəsinin müdiri Sayalı Sadıqova və institutun digər 5 nəfər əməkdaşı - filologiya üzrə fəlsəfə doktorları Svetlana Novruzova, Natəvan Hüseynova, İradə Abdullayeva və Şəbnəm Həsənli-Qəribova tərəfindən bir neçə il ərzində Nəsimi adına Dilçilik İnstitutunda hazırlanıb. Kitabın baş redaktorları akademik İsa Həbibbəyli və akademik Möhsün Nağısoyludur. Eyni zamanda, “İzahlı dilçilik terminləri lüğəti”nin çapa tövsiyə olunmasına tanınmış dilçi alimlər  akademik Nizami Cəfərov və Əməkdar elm xadimi, professor Qəzənfər Kazımov rəy veriblər.


Humanitar və İctimai Elmlər bölmələrinin mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib:


“Sosial şəbəkələrdə “İzahlı dilçilik terminləri lüğəti”nin plagiat olması haqqında ardıcıl olaraq yazan və ona qarşı müəyyən təzyiqlərin olduğunu bildirən filologiya  elmləri doktoru İdris Abbasov 2015-ci ildə Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri və 2017-ci ildə AMEA-nın professoru seçilərkən kitabın titul səhifəsində adları qeyd olunan alimlər həmkarlarına səs vermiş, o cümlədən də İsa Həbibbəyli onun özünün də iştirak etdiyi Rəyasət Heyətinin iclasında ona səs verməklə bərabər, həm də çıxış edərək müsbət münasibətini bildirmişdir.

Akademiya mühitində müxtəlif nəşrlərə diqqəti cəlb etmək, həmin nəşrlərin aktuallığını artırmaq məqsədi ilə Elmlər Akademiyalarının prezidentlərinin, vitse-prezidentlərinin, akademik-katiblərinin, tanınmış akademiklərinin adlarının kitablarda ideya müəllifi, redaksiya şurasının sədri, baş redaktor kimi yazıldığı hallara dair elmi mühitin təcrübəsindən çoxlu sayda misallar gətirmək mümkündür. İsa Həbibbəyli də “İzahlı dilçilik terminləri lüğəti”ndə adının baş redaktorlardan biri kimi yazılması haqqında kitabın nəşr olunduğu vaxtdan sonra məlumat alsa da, buna etiraz etməmişdir. Akademik İsa Həbibbəyli adının baş redaktorlardan biri kimi qeyd edilməsini həm də son vaxtlarda bir qədər geridə qalan, yenidən canlanmağa başlamış lüğətçilik işini təşviq etmək, bu sahəyə diqqəti artırmaq mənasında məqbul qarşılamışdır.

Heç şübhəsiz, nə baş redaktorlar, nə də kitaba rəy vermiş tanınmış dilçi alimlər redaktorluq və rəyçilik funksiyalarını icra edərkən “İzahlı dilçilik terminləri lüğəti”ndə plagiat olacağı barədə düşünməmişlər. Eyni zamanda, nəinki ixtisasca ədəbiyyatçı olan baş redaktorlardan birinin, hətta lüğətçilik üzrə ciddi mütaliəsi, elmi təcrübəsi və Azərbaycanda çap olunmuş lüğətlərə ixtisaslı mütəxəssis səviyyəsində dərindən bələdliyi olmayan qrammatika mütəxəssisi olan dilçi alimin də redaktə prosesində kitabda plagiat faktını tapıb üzə çıxarması çətindir.

Bundan başqa, kitabda adları qeyd olunan baş redaktorların və rəyçilərin hər biri öz sahəsində kifayət qədər tanınmış şəxslər olduğundan onların bilərəkdən lüğətdəki plagiat faktını dəstəkləmələrini bəyan etmək həqiqətə uyğun ola bilməz. Bunun əksini  iddia edənlər “Nə üçün?” sualına düşünülmüş cavab verməlidirlər.

Kitabın ətrafında qaldırılan şişirdilmiş maliyyə məlumatları da tam əsassızdır. Əldə olunmuş məlumata görə “İzahlı dilçilik terminləri lüğəti”nin çapı üçün 1200 (bir min iki yüz) manat vəsait xərclənmişdir. Lüğətdən yalnız 100 ədəd çap olunmuş, yaranmış mübahisəli məqamlara görə həmin kitabların bir çoxu paylanılmamışdır.


“İzahlı dilçilik terminləri lüğəti”nin müqəddiməsində 1939-cu ildən bu nəşrin çap olunduğu 2018-ci ilə qədər Azərbaycanda ayrı-ayrı müəlliflər tərəfindən hazırlanıb nəşr edilmiş bu tipli lüğətlərin hər biri haqqında məlumatlar verilmiş, kitabın sonunda lüğətdə istifadə edilmiş 28 ədəbiyyatın, o cümlədən əvvəlki izahlı dilçilik lüğətlərinin adları və müəllifləri ayrıca qeyd olunmuşdur. Bundan başqa, tərtibçilər son ayların müzakirələri proseslərində “İzahlı dilçilik terminləri lüğəti”ndə özlərindən əvvəlki lüğətlərdən istifadə etdiklərini, bunsuz lüğətlərin yaradılmasının qeyri-mümkün olduğunu etiraf edirlər. Bununla belə, Humanitar və İctimai Elmlər Bölmələri belə hesab edir ki, “İzahlı dilçilik terminləri lüğəti”ndə və bu qəbildən olan digər nəşrlərdə ilk növbədə ciddi elmi prinsiplərə əməl etmək və mübahisələrə yer qoymamaq üçün müqəddimədə özünəqədərki lüğətlərdən bəhs edilərkən onlardan istifadə haqqında  daha açıq şəkildə yazmaq, lazım gələrsə mənbələri qeyd etmək, hətta əvvəlki illərin lüğətlərinin müəlliflərinə minnətdarlıq ifadə etmək zəruridir.

Qeyd olunmuşdur ki, bir neçə ay əvvəl – 17 dekabr 2018-ci il tarixdə akademik İsa Həbibbəylinin sədrliyi ilə keçirilmiş AMEA-nın Humanitar və İctimai Elmlər Bölmələrinin birgə yığıncağında da “İzahlı dilçilik terminləri lüğəti” onu hazırlamış tərtibçilər qrupunun iştirakı ilə geniş müzakirə olunmuş, yaradıcı heyətin zəhməti ilə bərabər, bu qəbildən olan çatışmazlıqlar da onların nəzərinə çatdırılmış, məhdud sayda çap olunmuş kitabın təkmilləşdirilmiş yeni nəşrinin hazırlanmasına, nəzərə çarpdırılan məsələlərə əməl edilməsinə dair müvafiq tapşırıqlar verilmiş, qərar qəbul olunmuşdur.

Bizdə olan məlumata görə artıq “İzahlı dilçilik terminləri lüğəti”nin təkmilləşdirilmiş yeni variantı üzərində tamamlanma işləri gedir və həmin nəşrin tərtibçilərin öz vəsaiti hesabına kitab halında nəşr edilməsi tövsiyə olunmuşdur.

Bütün bunlarla bərabər, Humanitar və İctimai Elmlər Bölməsi AMEA-nın prezidentinə məsələyə bir daha aydınlıq gətirmək və müvafiq qərarlar qəbul etmək barədə müraciət etmişdir.

Hesab edilir ki, “İzahlı dilçilik terminləri lüğəti” ətrafında yaranmış gərgin mübahisələr nəinki dilçi alimlər və lüğətçilər, bütünlükdə Humanitar və İctimai Elmlər Bölmələrinin, digər bölmələrin də əməkdaşları üçün ciddi dərs olmalı, bundan ciddi nəticə çıxarılmalıdır.

Məsələnin əsil mahiyyəti bundan ibarətdir. Ona görə də artıq iddialara son qoymaq, Azərbaycan dilinin qrammatikası elmini və lüğət işini daha da inkişaf etdirmək üçün birlikdə səy göstərmək lazımdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir