Modern.az

“Seçicilərimdən başqa, kiminsə qarşısında öhdəliyim yoxdur” - MÜSAHİBƏ

“Seçicilərimdən başqa, kiminsə qarşısında öhdəliyim yoxdur” - MÜSAHİBƏ

20 May 2019, 13:11

YAP-çı deputat: “Heç vaxt vəzifəmi özümdən üstün tutmamışam”

Rüstəm Xəlilov: “Parlamentin tərkibinin dəyişilməsi seçicilərdən asılıdır”
 

Milli Məclisin 64 saylı Sabirabad ikinci seçki dairəsindən deputatı, hakim Yeni Azərbaycan (YAP) üzvü  Rüstəm Xəlilov Modern.az-a müsahibə verib. O, Milli Məclisin Regional məsələlər komitəsində təmsil olunur.


- Rüstəm müəllim, sizi uzun müddətdir tanıyırıq. Fikirlərinizin də ictimaiyyətə açıq olduğunu bilirik. Ancaq nədənsə jurnalistlərin tərtib etdiyi “aktiv deputatlar” siyahısında sizin adınıza rast gəlmirik. Sizcə, bu nə ilə bağlıdır?

- Parlament danışmaq yeridir. Sadəcə, hər şey barədə danışıb sözü də ucuzlaşdırmaq olmaz. Parlamentin daha geniş fəaliyyətini bir qədər yığcam etmək də doğru deyil. Milli Məclisdə komitələr fəaliyyət göstərir. Hər bir deputat da komitələrin üzvüdür. Hansısa məsələ komitədə müzakirə olunursa, mütləq fikrimizi deyirik. Düşünürəm ki, təmsil olunduğum komitədə müzakirə edilən və danışdığım məsələ barədə təkrar olaraq plenar iclasda çıxış etmək doğru deyil. Bu ya reklam xarakteri, ya da danışmaq xətrinədir. Bəzi hallarda parlamentdə edilən çıxışlar gündəlikdən kənar olur. Qanunvericilik baxımından hər bir deputatın haqqı var ki, qanun layihəsi ortaya qoysun. Ötən il Komitədə yaradılmış və rəhbəri olduğum işçi qrup bələdiyyə fəaliyyətinin təkmilləşdirilməsinə dair 5 qanun layihəsi hazırlamışdır. Həmin qanun layihələrindən 3-ü Komitənin iclasında və plenar iclasda müzakirə olunaraq qəbul edildi.
O ki qaldı jurnalistlərin parlament üzvlərinə qiymət verməsinə, bunu düzgün hesab etmirəm. Parlamentdə təmsil olunan deputatlara qiyməti yalnız seçicilər verir. Jurnalistlər danışmağı və yazmağı sevirlər. Bu da onların peşəsidir. Bu o demək deyil ki, deputatın fəaliyyəti yalnız danışmaqla bitir. Sadəcə olaraq hazırlanmasında iştirak etdiyim qanun layihələrini reklam etməyi sevmirəm. Daha doğrusu, vəzifə borcu hesab etdiyim üçün reklam etmirəm.


- Komitələrdə çıxış etdiyinizə görə plenar iclasda çıxış etməyə zərurət yaranmadığını dediniz. Amma komitə plenar iclas deyil. Plenar iclasda ümumi müzakirələr aparılır. Jurnalistlərin deputatın işinə qiymət verməsini də doğru qəbul etmədiyinizi söylədiniz. Amma jurnalistlər də “4-cü hakimiyyət”in nümayəndəsidir. Sizcə, bu məsələlər necə olmalıdır?


- Deputatın fəaliyyəti dedikdə təkcə onu danışmaq kimi qiymətləndirməməliyik. Jurnalistlərin böyük əksəriyyəti deputata danışmadığı üçün qiymət verir. Deputatın fəaliyyəti qanunvericiliklə bağlıdır, seçicilərlə işləməyi ilə bağlıdır. Komitədə çıxış etmək məsələsinə gəldikdə deyə bilərəm ki, bəzi deputatlar bir yox, iki komitənin üzvüdürlər. Mən isə yalnız bir komitənin üzvüyəm.

 

- Dediyinizdən belə çıxır ki, Milli Məclisin fəaliyyəti təkcə komitələrin işi ilə kifayətlənməlidir?

- Əslində, mən də hər gün danışa bilərəm. Metro ilə gəlməyimdən, bazarın qarşısından keçməyimdən və sairədən. Parlament qanunverici orqandır, hakimiyyətin bir qoludur. Daha vacib məsələlərə toxunmalıyıq. Xalqa, dövlətə, millətə xidmət edən məsələlər müzakirə predmeti olmalıdır. Ancaq sırf danışmaq xətrinə danışmaq olmaz. Eyni zamanda, hər bir insanın fikirlərinə də hörmətlə yanaşıram. Tərəfdarıyam ki, jurnalistlər məsələni olduğu kimi qələmə alsınlar. Səmimi deyəcəm: heç vaxt vəzifəmi özümdən üstün tutmamışam. 25 yaşımdan da yüksək vəzifələrdə çalışmışam. Kürsü heç zaman rəhbərim olmayıb.


- Rüstəm müəllim, hiss olunur ki, sizin xarakteriniz çox çətindir. Bu xarakter sizə əziyyət verirmi?

- Bu xarakter mənə əziyyət verir. Demək olar ki, hər məsələyə reaksiya verirəm. Mətbuatda şər, böhtan, faktlara əsaslanmayan, həqiqəti təhrif edən yazıları və məqalələri oxuyanda hiddətlənirəm və əsəbiləşirəm.


- Belə anladım ki, xasiyyətinizi dəyişmək istəyirsiniz, ancaq bacara bilmirsiniz.

- Yox, xasiyyətimi heç dəyişmək fikrim də yoxdur. Allah verən xasiyyətdir. Bunu rayon camaatı da, ailə də, qohumlar da bilir.


- Bu cür xasiyyətdə olmağınızın sizə əziyyət verdiyini dediniz. Peşman deyilsiz ki?

- Peşman deyiləm. Həmişə hər şeyin üzünə dik baxmışam. Seçicilərdən başqa, kiminsə qarşısında öhdəliyim yoxdur.

 

- Hazırda seçiciləriniz hansı problemlərlə sizə müraciət edirlər?

- İlk növbədə bildirim ki, həm ulu öndər Heydər Əliyev, həm də möhtərəm Prezidentimiz cənab İlham Əliyev Sabirabad rayonuna hər zaman böyük diqqət və qayğı göstəriblər. Bunun nəticəsində son illərdə rayonumuz çox inkişaf edib, sosial-iqtisadi inkişafı təmin edilib, sosial yönümlü obyektlər inşa edilərək istifadəyə verilib, yeni iş yerləri açılıb. İşıq, yol, su, qaz kimi problemlər cənab Prezidentin verdiyi tapşırıqlar nəticəsində öz həllini tapıb. Sadəcə, bu gün əhalinin müəyyən problemləri var ki, bu da suvarma məsələsi ilə bağlıdır. Əvvəllər daha çox idi. İndi bu problem də azalıb. Baş nazirə müraciətim nəticəsində rayonumuzda böyük kanal çəkildi. Artıq neçə illərdir ki, bir neçə kənd o kanaldan istifadə edir.



- 2010-cu ildə Kür çayının daşması nəticəsində ətraf ərazilər ziyan görmüşdü. Hazırda Kür çayında hər hansı problem varmı?

- 2010-cu ildən sonra o problem tam həll edilib. Təkcə Sabirabad rayonu deyil, Salyan, Şirvan, Neftçala ərazisindən axan Kür çayında bəndlər yeniləndi. Həmin bəndlər 1940-cı illərdə çox primitiv şəkildə salınmışdı. Cənab Prezidentin tapşırığı ilə 2010-cu ildən sonra əsaslı iş görüldü, bəndlər möhkəmləndirildi, insanlarımızın böyük ziyan dəymiş və dağılmış evlərin əvəzinə yeniləri tikildi.  İkinci vacib məsələ “Delta” deyilən yerlə bağlıydı. Kür çayı Neftçalada dənizə tökülür. Orada lilin yığılması nəticəsində suyun səviyyəsi elə həddə qalxmışdı ki, üzü dənizə yox, geri axırdı. Hazırda elə qurğular var ki, Kürün üzərində gəzir və suda yaranan lili təmizləyir. Bu zaman o lil dənizə axır.


- Rüstəm müəllim, siz həm də kənd mühitində böyümüş insansınız. Özünüz həyətyanı sahənizdə mal-qara saxlayıb, məhsul becərirsinizmi?

- Kənddə hamının torpaq payı olduğu kimi, mənim də sahəm var. Ötən il əmim oğlu ilə birgə tarlamızda pambıq əkdik və məhsuldarlığı 47 sentner oldu. Eyni zamanda, taxıl da, yonca da əkirik, mal-qara da saxlayırıq. Bu işlə ona görə məşğul oluram ki, köhnə bilik və bacarıqlarımı unutmayım, çünki həyatımın yarısını təsərrüfatla məşğul olmuşam.


- Qanunla deputat bizneslə məşğul olmamalıdır.

- Gördüyüm işlər mənim üçün biznes deyil. Məşğul olmağımın səbəbini bundan əvvəl qeyd etdim. Bu fəaliyyətin mənfəətinə gəldikdə isə bildirim ki, mənfəəti əmim oğlu qazanır. Həm də sahib olduğum pay torpağı boş qalmır, fayda gətirir, münbitliyini itirmir.


- Kəndə gedəndə qəribə mənzərə ilə qarşılaşırıq. İndi kənd adamları südü, qatığı gedib mağazadan alır. Halbuki, onlar da sizin kimi işləyə bilərlər. Amma “ot-yonca bahadır deyə mal-qara saxlaya bilmirik”,-deyə səbəb gətirilər


- Sizinlə tamamilə razıyam. Qohum-əqrəbaya da bunu deyirəm ki, kənddə yaşaya-yaşaya, faktiki pay torpağın ola-ola gedib Şirvanın, Sabirabadın bazarından yumurta, süd, qatıq, göyərti məhsulları alırsan. Bu da uyğun hal deyil. Adətən kənddə yaşayanın əlavə xərci çıxmırdı. Sovet dövründə kənd insanlarının kommunal xərclərini kolxoz ödəyirdi. Həyətində toyuq-cücə, mal-qara saxlayırdı. Meyvə-tərəvəz əkirdi. Əgər 10 hektar pay torpağım varsa və onu əkib-becərmirəmsə, bu, kimin  günahıdır?! Bəzən müraciət edib iş axtardıqlarını deyirlər. Halbuki, sahib olduqları torpaq sahələri boş qalıb. Bu cür işsiz insanlar bekar olurlar, bundan da müxalifət sui-istifadə edir, onların beyinlərini doldurur, düz yoldan azdırmağa çalışır, tam yalan vədlər verir və öz sıralarına cəlb etməyə cəhd göstərir.


- Ölkədə müxalifət partiyalarının olması normaldır. Bu dünya təcrübəsində də mövcuddur.


- Etiraz etmirəm. Demokratik ölkələrdə müxalifət partiyaları olmalıdır. Sadəcə olaraq, müxalifət partiyasının vəzifəsindən danışmaq lazımdır. Bugünkü müxalifətin funksiyasi dağıdıcılıq, yalan, şər-böhtan atmaqdan ibarətdir. Sağlam tənqid nümayiş etdirsələr, konstruktiv mövqe göstərsələr, bu normal hal ola bilər.


- Bu da normaldır...

- O zaman layiqli, sivil siyasi mübarizə aparmalıdırlar. Şər-böhtana əl atmamalıdırlar. Müxalifətdə olanlar da bizim vətəndaşlarımızdır. Ancaq bu qədər də şər işlərlə məşğul olmamalıdırlar.
 


- Rüstəm müəllim, deputat həmkarınız Səməd Seyidov bu yaxınlarda parlametin tərkibinin yenilənməsinin vacibliyini vurğulayıb. Siz necə düşünürsünüz? Parlamentin tərkibi yenilənməlidirmi? Yaşlı deputatlar getməlidirmi?

- Hər zaman həmkarlarımın fikirlərinə hörmətlə yanaşmışam. Bu məsələdə mənim də öz fikirlərim var. Parlament seçkili orqandır. Orada deputatın yaşlı-cavan olması ilə bağlı hər hansı məhdudiyyət yoxdur. Seçkilərə gedən namizədə yalnız seçici səs verə bilər. Kimsə deyə bilməz ki, filankəsin 80 yaşı var, o, parlamentdə təmsil oluna bilməz. Konstitusiyada elə bir maddə yoxdur ki, filan yaşdan sonra kimsə namizədliyini irəli sürə bilməz. Əgər şəxs özünü idarə edə bilirsə, ağlı yerindədirsə, fiziki cəhətdən gücü varsa onun deputat olmasında qəbahət yoxdur. Əgər namizədliyimi verirəmsə və seçici məni seçmirsə, bu başqa məsələdir. Məsələlərə real yanaşmaq lazımdır. Parlamentin tərkibinin dəyişilməsi seçicilərdən asılıdır.


- Rüstəm müəllim, sonuncu sualımızı veririk. Qarşıdan parlament seçkiləri gəlir. YAP-ın üzvüsünüz. Bu, öz yerində. Səmimi cavab istəyirəm: növbəti dəfə deputat seçilmək istəyirsinizmi?

- Mənim istəyim üzvü olduğum və canla-başla xidmət etdiyim Yeni Azərbaycan Partiyasından asılıdır. Partiyam növbəti parlament seçkilərində iştirak etməyimə göstəriş verərsə, təbii ki, bunu edəcəm.


Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir