Modern.az

Koordinasiya Şurası İtaliyada “Azərbaycan Evi” yaradacaq

Koordinasiya Şurası İtaliyada “Azərbaycan Evi” yaradacaq

20 May 2019, 14:09

Mayın 18-də Romada İtaliya Azərbaycanlılarının Koordinasiya Şurasının təsis toplantısı keçirilib.

 

Tədbirdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, sədrin müavini Faiq Quliyev, Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə, hazırda bu ölkədə yaşayan 40 soydaşımız iştirak edib.

Toplantı iştirakçıları çıxış edərək fikirlərini bölüşüblər, dövlətin diqqət və qayğısına görə minnətdarlıqlarını bildiriblər. Onlar İtaliyada azərbaycanlıların Koordinasiya Şurasının yaradılması fikrinə tərəfdar olduqlarını bildiriblər.

 

Sonra səsvermə yolu ilə Koordinasiya Şurası təsis olunub. Koordinasiya Şurasının Milan üzrə əlaqələndiricisi Bahar Yusifzadə, Roma üzrə əlaqələndiricisi Fərid Abbasov, Malta üzrə əlaqələndiricisi Leyla Cavadova seçiliblər.


İtaliya Azərbaycanlıları Koordinasiya Şurası gələcək planları nədir?

Məsələ ilə bağlı Modern.az-a danışan İtaliya Azərbaycanlılarının Koordinasiya Şurasının Roma üzrə əlaqələndiricisi Fərid Abbasov deyib ki, qurum İtaliyada yaşayan azərbaycanlılar üçün böyük önəmə sahibdir.

 

“Təsis yığıncağına İtaiyanın müxtəlif şəhərindən burada illərdir yaşayan icmalar, müəyyən təşkilatlar, assosiasiya və İtaliyada fərdi olaraq 15 ildən çox yaşayan azərbaycanlılar qatılmışdı. Koordinasiya Şurasının toplantısınında 40 nəfərin arasından 3 əlaqələndirici seçildi. Məni Roma üzrə əlaqələndirici seçdilər. İtaliyada Azərbaycan Gənclər Assossasiyasının sədriyəm. Təşkilatımız 2013-cü ildə təsis edilib. 6 ildən çoxdur İtaliyada fəaliyyət göstəririk. Tək Romada deyil, İtaliyanın başqa şəhərlərində də bizim koordinatorlarımız var. Biz daim  Azərbaycandakı önəmli hadisələrlə bağlı, Xocalı soyqırımının dünyaya tanıdılması ilə bağlı tədbirlər, məlumatlandırıcı aksiyalar keçirmişik”.

 

F.Abbasov deyib ki, Koordinasiya Şurası illərdir bir şəhərdə yaşayıb amma bir-birini tanımayan azərbaycanlıları bir araya gətirdi.

 

“Burada elə adamlar var ki, 15 ildən çoxdur eyni şəhərdə yaşayırlar, ancaq bir-birini tanımırlar. Şuranın sayəsində onlar sıx əməkdaşlıq edəcək, müntəzəm olaraq bir araya gələcəklər”.

 

Görüləcək işlərdən danışan Fərid Abbasov deyib ki, müzakirələr aparılıb Azərbaycanla bağlı önəmli tədbirlər keçiriləcək:

“Bu şuranın məqsədi azərbaycanlılar arasında sıx əməkdaşlıq yaratmaq, müntəzəm olaraq bir araya gəlib fikir mübadiləsi etmək, həmçinin Azərbaycanla bağlı məsələrlə birgə fəaliyyət göstməkdir. Ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri vəhşilikəri geniş ictimaiyyətə çatdırmaq üçün birgə fəaliyyət göstərmək önəmlidir. Burada bir çox icmalar var, onlar fərdi şəkildə fəaliyyət göstərirlər, fərdi şəkildə işin mahiyyəti yaxşı olmur. Ona görə də biz bir araya gəlib Koordinasiya Şurasının layihələrini Diasporlarla İş Üzrə Dövlət Komitəsinə təqdim edəcəyik. Təbii ki, layihələr qəbul olunsa,  biz o layihələri İtaliyada reallaşdıracağıq. Həmvətənlərimizin bir araya gəlməsində, onların sıx əməkdaşlıq etmələrində vasitəçilik edəcəyik”.  

 

Müsahibimiz bildirib ki, İtaliyada “Azərbaycan Evi”nin təsis olunması da nəzərdə tutulub.

 

“Biz İtaliyanın müxtəlif qurumları ilə əməkdaşlıq etməyi planlaşdırırıq. İtaliya ictimaiyyətinə Azərbaycan həqqiqətlərini çatdırmaq üçün addımlar atacağıq”.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir