Modern.az

Deputat, yazıçı, şair, siyasətçi, müğənni, jurnalistin ən çox qorxduğu HADİSƏLƏR

Deputat, yazıçı, şair, siyasətçi, müğənni, jurnalistin ən çox qorxduğu HADİSƏLƏR

23 May 2019, 09:33

Bizi hər zaman izləyən və həyatımızın ayrılmaz hissəsi halına gəlmiş müxtəlif hisslərə sahibik. Bunlardan bizə bəlkə də ən çox tanış olanı qorxudur. Yer üzündə elə bir insan yoxdur ki, bu hissə sahib olmasın.

Tanınmış  insanların da müəyyən bir qorxuları, həyatda üzləşdiyi hadisələrdən dolayı təlaş anı mütləq olur. Ona görə, “Tərs sual” rubrikasının budəfəki qonaqlarından elə qorxularını soruşduq.


Beləliklə, Modern.az-da budəfəki tərs sualımız: “Həyatda ən çox nədən qorxmusunuz?”

Başlayaq, Xocalıdan olan deputat Elman Məmmədovdan… E. Məmmədovun sözlərinə görə, müharibənin dəhşətlərini öz gözləri ilə görmüş insan üçün bu suala cavab vermək həm asan, həm də çətindir:


“Mən ən çox ermənilər Xocalıya hücum edəndə, o soyqırımı gecəsi qorxmuşam. İnsanlarımızı Xocalıdan çıxara bilməyəcəyimizdən o qədər qorxmuşdum ki. Bilirdim ki, insanlarımızı ermənilərin əlindən qurtarmaq çətin olacaq”.

Tanınmış yazıçı Seyran Səxavət deyir ki, insan bütün ömrünü qorxa-qorxa yaşayır. O, dostu, doğmanı itirməkdən, Qarabağı qoruya bilməməkdən qorxduğunu dilə gətirib:


“Əgər insan qorxursa, qorxunun növü yoxdur. Ya qorxursan, ya da qorxmursan. Bir qorxunu ayırmaq, daha ön planda düşünmək çox çətindir. İnsan necə ki, ömrünün yarısını yatır, eləcə də ömrünün yarısını qorxur, yarısını da qorxmur. Məsələn, insan nəvəsinin qızdırması qalxanda da qorxur, qəfil ildırım çaxanda da qorxur. İcazə verin, səmimi olaraq, sizin sualınıza qeyri-ciddi baxım. Çünki bu, düşünülməmiş sualdır. Dediyim kimi, qorxunu ayırmaq mümkün deyil”.


Xalq şairi Fikrət Qoca isə ən çox nədən qorxduğunu xatırlamaqda çətinlik çəkdi:

“Əslində yadıma gəlmir ki, ən çox nədən qorxmuşam. Bir onu bilirəm, özümü anlayan gündən mənə aydındır ki, bir gün öləcəyəm. İnsan öləcəyini biləndə pis əməllərdən çəkinir. Nankorluq, əclaflıq etmir, harama əl uzatmır. Ona görə də ölüm qorxusu hər zaman insanın başının üzərində olur. Bir gün öləcəyimi bildiyimdən heç nədən qorxmuram”.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə ən qorxduğu məqamı dilə gətirməkdə daha konkret davrandı:


“Mənim ortancıl oğlumun səhhətində problem yaranmışdı. Reanimasiyaya düşmüşdü və vəziyyəti ağır idi. Buna görə, mən özüm də, bütün ailə üzvlərimiz də ciddi qorxu keçirmişdik. Mənim həyatda ən çox qorxduğum hadisə bu idi. O, İngiltərədə yaşayır və oranın vətəndaşıdır. Şükür ki, hazırda hər şey qaydasındadır”.


Əməkdar artist Elza Seyidcahan isə yalanla üzləşməkdən qorxur:

“Kiminsə yalanına tuş gəlmək, şər-böhtanı ilə üzləşmək düzgün insan üçün ən qorxulu məqamdır. Həyatda nə ziyan gətirirsə, ondan qorxmaq lazımdır”.


Tibb üzrə elmlər doktoru, tanınmış həkim Rəşid Mahmudovun isə həyatda ən çox qorxduğu şey ədalətsizliklə üzləşməkdir:

“Kiminsə haqsızlığı insanı yıxar. Bir də ki, torpaqlarımızın düşmən tapdağında qalmağından, ölkəmizin ərazisinin kiçilməsindən qorxuram. Düşünün, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycanın ərazisi nə qədər böyük idi. İndi isə fitnəkar qonşularımız torpaqlarımıza göz dikib. Ölkəmizin ərazisinin sərhədlərinin kiçilməsindən çox qorxuram”.

“Azadinform” İnformasiya Agentliyinin rəhbəri Niyaz Niftiyev deyir ki, ən çox qorxduğu hadisəni 1992-ci ildə yaşayıb:

“1992-ci ildə orta məktəbi yenicə bitirib ali məktəbə imtahan vermişdim. O dövrlərdə ölkədə çox qarışıq siyasi proseslər gedirdi, təbii ki, müharibə də bir tərəfdən. Eyni zamanda, tələbə qəbulunda yeni qayda - test sistemi tətbiq olunmuşdu. Belə bir qarışıq situasiyada biz imtahan vermişdik və nəticələri gözləyirdik. Tərs kimi nəticələr də gecikirdi. Dəqiq xatırlamıram, amma o zamanlar xeyli gözlədik. Qorxu altında günlərlə gözlədik. Əlbəttə, sonda nəticələ mənim üçün sevindirci oldu və bir neçə günlük narahatlığıma, bir az da konkretləşdirsək qorxularıma qalib gəldim. Bü günə qədər ən çox qorxduğum hadisə bu olub. Düzdür, sonralar daha kiçik narahatçılıqlarım olub, amma onları qorxu adlandırmazdım”. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?