Modern.az

Diaspor Gənclərinin II Yay Düşərgəsi maraqlı proqram hazırlayıb

Diaspor Gənclərinin II Yay Düşərgəsi maraqlı proqram hazırlayıb

Diaspor

24 May 2019, 08:25

 

“Müraciət prosesinə fevralın 2-dən başlamışdıq. Çünki fevralın 2-si Gənlər günü idi və biz də bununla bağlı layihəyə müraciət prosesini açıq elan etdik. Təbii ki, gənclər, xarici ölkədə yaşayan azərbaycanlılar, diaspor nümayəndələrimiz də bu prosesin bir az uzun çəkməsini istədilər. Biz qərar vermişdik ki, prosesin vaxtını uzadaq. Artıq müraciət prosesi yekunlaşıb və işçi qrupu tərəfindən müsahibə mərhələsi həyata keçirilir. Bizə 47 ölkədən müraciət edənlər var. Rusiya müraciətlərdə liderdir, Türkiyədən də  çox müraciət daxil olub,  ABŞ, Kanada, Almaniya, Gürcüstan, Qazaxıstan da  müraciət edənlərin sayı çoxdur”.

Bunu Modern.az-a açıqlamasında Diaspor Gənclərinin Yay Düşərgəsi layihəsinin rəhbəri Aytən Əliyeva deyib:

Aytən Əliyeva bildirib ki, bu il Çilidən, Avstraliyadan, Cənubi Koreyadan bir neçə müraciət daxil olub.

 

“Keçən illə müqayisədə bu il müraciət dəfələrlə çoxdur. Hədəfimiz odur ki, ildən-ilə daha çox ölkəni əhatə edək”.

Layihə rəhbərinin sözlərinə görə, bu düşərgə xaricdə yaşayan Azərbaycan gəncləri üçün nəzərdə tutulmuş layihədir:
 

“Təbii ki, müraciət edənlərin böyük əksəriyyəti azərbaycanlılardır. Amma az olsa da, xarici ölkə vətəndaşlarından da müraciət edənlər var. Biz  xaricdə yaşayan Azərbaycan əsilli diaspor nümayəndələrini dəstəkləyəcəyik ki, düşərgədə iştirak etsinlər”.

 

“Eyni zamanda düşərgədə gender məsələsində bərabərlik var” deyən A.Əliyeva bildirib ki, təxmini olaraq eyni sayda qadın və kişi müraciətçilər var:

“Seçimlərdə də bu məsələni nəzərə alacağıq. Bizim də müəyyən şərtlərimiz var ki, Azərbaycan dilində danışıq bacarığı olanlar və sair kriteriyalar üzrə seçim olsun. İşçi qrupun nümayəndələri vasitəsilə müraicət etmiş hər kəslə müsahibə mərkələsi bitdikdən sonra ümumi nəticə elan olunacaq”.

 

Aytən Əliyeva bildirib ki, düşərgədə 150-yə qədər gəncin iştirakı nəzərdə tutulub.

Digər qurumlarla əməkdaşlığa toxunan Aytən Əliyeva bildirib ki, Şamaxıda keçiriləcək builki düşərgənin məkanı Vergilər Nazirliyinin tədris mərkəzi olacaq:


“Vergilər Nazirliyi ilə danışıqlarımız olub. Təbii ki, Xarici İşlər Nazirliyi də bizə böyük dəstək göstərib, xaricdən olan səfirliklərimiz vasitəsilə düşərgə haqqında məlumat verilib. Gənclərlə iş sahəsində fəaliyyət göstərən digər dövlət orqanları da öz dəstəyini göstərib. Biz bütün bu qurumlarla rəsmi əməkdaşlığımızı düşərgə ərazisində elan edəcəyik, həm də onların nümayəndələrinin iştirakı gözlənilir”.

 

Layihə rəhbəri bildirib ki, düşərgənin məqsədi Azərbaycan Diasporunun xaricdə güclənməsi, gənclərin lobbiçik fəaliyyətində rolunun artırılmasıdır.


“Xaricdə yaşayan,  fəaliyyət göstərən, diaspor sayılan bütün gənclərin vahid bir platforması yaradıldı. Keçən ildən  Azərbaycan Diaspor Gəncləri  adlı bir şəbəkə var. Həmin şəbəkənin də fəaliyyətinin daha genişləndirmək, onun sıralarına yeni nümayəndələrin qatılmasını təmin etmək də növbəti illərin uğurları sırasında ola bilər. Düşərgə 8-14 iyul tarixlərində keçiriləcək. İştirakçılar üçün maraqlı bir proqram hazırlanır”.

 

“Ölkədə Nəsimi ili elan olunması ilə bağlı biz də bu ilki düşərgəni məhz dahi şair Nəsimiyə həsr etdik”, - deyən layihə rəhbəri bildirib ki, qroqram çox zəngin olacaq.


“9 iyul tarixi Azərbaycanda Diplomatlar günüdür. Biz proqramda bunu da nəzərə alacağıq və çalışacağıq ki, diplomatlarla görüş təşkil olunsun. “Nəsimi 650”... Diaspor Gənclərinin II Yay Düşərgəsi adından da bəlli olduğu kimi İmadəddin Nəsimi ilə əlaqədardır. Təbii ki, Nəsimi ilə bağlı maraqlı proqram hazırlanır, gənclər Nəsimi yaradıcılığı ilə tanış olacaq. Eyni zamanda Nəsimi yaradıcılığını araşdıran tanınmışların da iştirakını təmin etməyə çalışacağıq. Maraqlı simulyasiya oyunları nəzərdə tutulub. Şamaxının müxtəlif yerlərinə ekskursiyalar təşkil olunacaq. Diaspor mövzusunda maraqlı müzakirələr aparılacaq”.

 

Aytən Əliyeva qeyd edib ki, keçən ilki düşərgə Diasporla İş üzrə Dövlət Komitəsi tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondunun ilk təcrübəsi idi.

 

“Biz keçən il gənclərin vahid bir platformada birləşməsinə nail olduq. Hazırda həmin gənclər təmsil etdikləri ölkələr üzrə koordinatorlardır. Onlar körpü rolunu oynayırlar. Komitədə, Azərbayacnda baş verənləri öz ölkələrinə, orada baş verənləri, diaspor fəaliyyəti ilə bağlı məlumatları komitəyə ötürməkdə fəal rol oynayırlar. Biz düşünürük ki, bu il də yeni üzvlərimiz olacaq. Layihəyə ildən ilə maraq artacaq. Bunu ölkələrin sayında görmək olar. Keçən il sorğular keçirdik. Sorğuların cavablarını analiz etmişik, bəyənilən və bəyənilməyən tərəflər müzakiyə çıxarılıb. Çalışırıq ki, gənclərin marağında olan məsələləri proqrama əlavə edək”.

 

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsi tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondu xaricdə yaşayan gənc diaspor nümayəndələri üçün  8-14 iyul 2019-cu il tarixlərində Diaspor Gənclərinin II Yay Düşərgəsi təşkil edəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi