Modern.az

İlk Qədr gecəsi dünən oldu, yoxsa bu gündür? - MÜBAHİSƏ

İlk Qədr gecəsi dünən oldu, yoxsa bu gündür? - MÜBAHİSƏ

24 May 2019, 16:23

Azərbaycanda bu il Ramazan ayının ilk Qədr gecəsinin hansı tarixə təsadüf etməsi ətrafında mübahisəli məqam yaranıb. Belə ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) fətvası əsasında mayın 6-da orucluğa başlayan inanclı insanlar ötən gecəni Qədr gecəsi bildiyi halda, QMİ-nin fərvasına məhəl qoymayıb mayın 7-dən oruc tutanlar Qədr gecəsini bu günə hesablayıb, şam azanından sübhə qədər oyaq qalacaqlarını - Əhya saxlayacaqlarını bildirirlər.

Hədis və rəvayətlərə əsasən, Ramazan ayının 19, 21, 23-cü gecələrindən biri Qədr gecəsidir.

Maraqlıdır ki, bu il Qafqaz Müsəlmanları İdarəsinin Ramazan təqvimində  Qədr gecələri kimi dörd gecə göstərilib: mayın 23-dən 24-nə keçən gecə, 25-dən 26-na keçən gecə, 27-dən 28-nə keçən gecə və 31-dən 1 iyuna keçən gecə.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini hacı Fuad Nurullayev Modern.az-a açıqlamasında məsələyə aydınlıq gətirib. O ilk öncə Qədr gecəsinin əhəmiyyətindən danışaraq qeyd edib ki, Qədr surəsində müqəddəs Quranın məhz Qədr gecəsi nazil edildiyi buyrulur:

“Quranda Allah peyğəmbərə deyir ki, ey peyğəmbər, sən də bilməzsən, Qədr gecəsi hansı gecələrdən biridir. Bunu peyğəmbər də bilmirsə, biz necə bilərik?

Sadəcə belə ehtimallar var ki, Əhya gecəsinin Ramazanın son 10 günlüyünə təsadüf etməsi daha məqsədəuyğundur. Bunu peyğəmbərimiz buyurub. Allah isə bunu gizlin saxlayıb ki, müsəlmanlar Ramazanın istənilən gününü Əhya gecəsi bilib, ibadət etsinlər”.

Mayın 6-da deyil, 7-də oruc tutmağa başlayanların olduğunu xatırladan F. Nurullayev izah edib ki, həmin möminlər Ramazanın 18-ci gününün axşamını Əhya gecəsi kimi hesablayır:

“Qədr gecəsi vacib əməl deyil, müstəhəb əməl sayılır və savabdır. Ona görə, bu əməli indi də, sabah da, iki gün sonra da edə bilərik. İnsanların Qədr gecəsinin nə zaman olması üzərində mübahisə etməyinə ehtiyac yoxdur. Hər gecəni Qədr gecəsi bilib, ibadət etmək olar”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı