Modern.az

Yaddan çıxmış sənətkarlar: “Xalq düşməni”nin qardaşı oğlu - Fəxri ad almayan Tələt Rəhmanov - FOTOLAR

Yaddan çıxmış sənətkarlar: “Xalq düşməni”nin qardaşı oğlu - Fəxri ad almayan Tələt Rəhmanov - FOTOLAR

27 May 2019, 08:32

“Bibi, bibi, can bibi, Can sənə qurban bibi” - artıq bu sözlər kifayət edər ki, kino aləminin sevilən aktyoru Tələt Rəhmanovun siması gözümüzün önündə canlansın.


Kino aləminin unudulmaz aktyoru Tələt Rəhmanov 1931-ci il Bakıda dünyaya göz açıb. Gənc yaşlarından kinostudiyada çalışıb, 70-dən çox filmdə müxtəlif rollar canlandırıb. Bunların bir çoxu epizodik rollar olub. Zamanla film direktoru, rejissor asistenti kimi vəzifələrdə də çalışıb.

1995-ci ilin 13 noyabrıb ürək tutmasından dünyasını dəyişib.


Tələt Rəhmanov fəxri ad-san almasa da, onun oynadığı rollar tamaşaçıların yaddaşında silinməz iz qoyub... “Qaynana”da Əli, “Sehirli xalat”da milisoner, “Arşın mal alan”da nökər Vəli, “Uzaq sahillərdə”də xidmətçi, "Kişi sözü"ndə kolxoz sədri Bayandur...

Geniş oxucu auditoriyası onun haqqında çox şey bilmədiyindən Modern.az saytı “Yaddan çıxmış sənətkarlar” layihəsində növbəti təqdimatı Tələt Rəhmanova həsr edir...

Neft Akademiyasını məcburən atmalı oldu


Azərbaycanın əməkdar artisti Elxan Qasımov
deyir ki, çox adam bilmir, amma Tələt Rəhmanovun teatr aləminə gəlməyində soyadına qarşı təşkil olunmuş repressiyanın böyük rolu olub...


“Onun əmisi  Hüseyn Rəhmanov Nazirlər Soveti sədrinin müavini idi. Hüseyn Rəhmanova “xalq düşməni” damğası vuruldu. Bundan sonra Tələt Rəhmanov üçün hər şey o qədər də asan olmadı. Tələt Neft Akademiyasına qəbul olunmuşdu, lakin dərsə gedəndə ona demişdilər ki, sən “xalq düşməni”nin qardaşı oğlusan, daha gəlmə.  Belə olan halda o da Teatr Texnikumuna daxil olmuşdu.  Tələt müəllimə  və Rəhmanovlara qarşı bu repressiyanı təşkil edən şəxslərdən biri sonralar onlarla - yəni Rəhmanovlarla bir evdə qaldı. Həmin adam sonradan kinostudiyada da Tələt Rəhmanovla bir yerdə işlədi, lakin Tələt o şəxsə qarşı heç bir sərt reaksiya bildirmədi”.  


“Aktyorlar ona paxıllıq edərdilər...”


Elxan Qasımov: ““Arşın mal alan”da nökər Vəli, “Qaynana” kinokomediyasında Cənnət xalanın qardaşı oğlu Əli, “Yol əhvalatı”nda, “Uzaq sahillərdə” və başqa ekran əsərlərində çox gözəl epizodik rollar yaradıb. “Mozalanda”kı rolları xüsusilə sevilirdi. “Babək” filmi kimi nəhəng ekran əsərində film direktoru olmaq elə onun peşəkarlığından xəbər verir”.

“Onu əsəbləşdirməyi sevirdik”

“Tələt Rəhmanov  kiminləsə tanış olan kimi dost olmağı bacarırdı. 60-cı illərdən dostluq etmişik onunla.  Təzə tanış olanda “Əhməd haradadır?” filmində rejissor assistenti idi. Çox mehriban, ünsiyyətcil insan idi. Hamı ilə “salam-sağol”u vardı. Ona öz adı ilə müraciət edənlər də, müəllim deyənlər də vardı, hər kəs onu çox sevirdi. Qısası, kinostudiyanın sevimlisi idi. Rasim Balayev, mən, Tələt yaxın idik. Yaşda hamımız ondan kiçik olsaq da, dostluqda bu, özünü biruzə vermirdi. Tez-tez əsəbləşdirərdik. Onun acılamağı da şirin idi. Bakı ləhcəsi ilə bizi danlayardı. Yığıncaqlarda, toylarda həmişə aktivliyi ilə fərqlənirdi. Kinostudiyadakı otağı dəhlizin sonunda idi. Dəhlizin əvvəlindən axırınadək kimi görürdüsə hal-əhval tutub, zarafat edərdi”.


“Ailəsini fantastik dərəcədə sevirdi”


“Adətən bu sözü sevgiyə aid etmirlər, düzdür. Lakin Tələt Rəhmanovun sevgisinin gözəlliyini başqa sözlə ifadə etmək çətindir. Həyat yoldaşı Minə xanıma çox dəyər verirdi. Minə xanım da ona sanki övladı kimi, xüsusi qayğıkeşliklə yanaşırdı. Çəkiliş meydançasında, ya hər hansı tədbirdə az qalırdı Tələtə yeməyi də o yedirtsin. Ailəvi münasibətimiz olub, çox qonaqpərvər idilər. Kürəkəni, qızı, nəvəsi qısa müddət ərzində olsa belə, kinostudiyada işləyib”.

“Tələtə ağır söz demək olmazdı”


“Tələt özünü çox sevirdi. Görünüş etibarilə də çox yaraşıqlı idi. Maraqlı söhbətləri var idi. Lətifələr, el misalları dilindən düşməzdi. Pul xərcləməkdən çəkinməzdi. Bu da onun yaxşı yeyib-içən olmağından irəli gəlirdi. Amma deyim ki, heç vaxt sərxoş olduğunu görmədik. Məclislərdə içki içsə də, hər zaman özündə olurdu, davranışını bilirdi. İşində çox məsuliyyətli adam idi. Hər nə qədər həyatda deyib-gülən olsa da,  işində çox ciddiydi. Ətrafındakı işçilərdən də ciddilik tələb edirdi. Danlandığını heç vaxt görmədik. Çünki sənətini çox sevirdi, gördüyü hər işi dəqiqliklə yetirirdi. Biz də nəyisə səhv edəndə əsəbləşirdi ki, aktyor gərək işini elə dəqiq görsün ki, heç vaxt kimdənsə söz götürməsin”.

“Elə yerdə elə söz deyirdi ki...”

“Tələt çox cəsarətli insan idi. SSRİ daxili işlər nazirinin kabinetində o qədər rahat danışırdı ki, hamımız təəccüb edirdik. Bir sözlə, hamının deyə bilmədiyi sözləri, həqiqətləri zarafatla, ya da ciddi şəkildə rahatlıqla deyə bilirdi”.


“Çox qonaqpərvər insan idi”


Qeyd edək ki, Tələt Rəhmanovun bir qız övladı olub – Gülnarə xanım. Lakin o da hazırda həyatda yoxdur. Gülnarə Rəhmanova 2014-cü ilin iyununda beyninə qan sızmasından  dünyasını dəyişib. Amma Gülnarə xanımın qızı – Tələt müəllimin nəvəsi həyatdadır və bu nəslin soyunu davam etdirir.


Aktyorun yeganə qız nəvəsi Kəmalə xanım da Modern.az-la həmsöhbət olub, babası haqda xatirələrini bölüşüb.


“Babam evə gələndə hər şey yerində olmalı idi. Səliqəni çox sevirdi. İşdən evə gələndə mütləq çayı, yeməyi hazır olmalı idi. Təzə dəmlənmiş çayı çox sevirdi. Bəlkə gündə 10 dəfə mənə çay dəmlətdirirdi. Çox qonaqpərvər insan idi babam. Gecə saatlarınadək evimizdə qonaq olardı. Gələn qonaqlara elə şərait yaradırdı ki, özlərini yad yerdə hiss etməsinlər, sanki öz evləri imiş kimi. Yeməklə arası yaxşı idi. Ən çox düşbərə, qutabı sevirdi. Nənəmin bişirdiyi yeməkləri xüsusi bəyənirdi.   Tələt Rəhmanovun üç nəvəsi vardı – mən və iki qardaşım. Hamımızla yaxşı yola gedirdi, ancaq mən ilk nəvəsi olduğum üçün həm də tək qız olduğuma görə məni daha çox sevirdi. Tətilə çıxanda başqa rayonlara səfər edərkən məni də tez-tez özü ilə götürərdi. Çox ailəcanlı insan idi. Demək olar ki, bütün problemlərimizi o həll edərdi. O sağ olduğu müddətdə heç bir çətinliyimiz olmayıb. Məktəb illərimdən mənim üçün artıq universitet xəyalı qururdu”.

“Açıq-saçıq geyimdən xoşlanmırdı”

“Babam 13-14 yaşlarım olanda bəzən geyimimə görə məndən narazılıq edirdi. Lakin heç vaxt narazılığını mənə bildirməyib. Anama ya da nənəmə deyirdi ki, aramız pozulmasın”.
Deyirdi ki, hansı sahəyə gedirsən get, incəsənətdən başqa. Anam  incəsənət aləmini istəyirdi. Hətta belə bir əhvalat olmuşdu. “Tənha narın nağılı” filmində oynamaq üçün anam filmin çəkilişi üçün məşqlərə qoşulmuşdu. Babam da işə gələndə anamın şəkillərini görüb. Deyiblər ki, Gülnarəni filmə çəkəcəyik. Babam da “mənim icazəm yoxdur” deyib, həmin şəkilləri cırmışdı. Anam da məcburiyyətdən sonralar incəsənətdən uzaq durdu, müəllimlik ixtisasını oxudu”. 


“Babam əslən bakılıdır...”


“Babam İçərişəhərdə doğulub. Ailədə üç övlad olublar, iki oğlan, bir qız. Atası uşaq yaşlarında repressiya qurbanı olub. Babama anası baxıb. Nəsillərində incəsənət aləminə bir tək babam maraq göstərib”. 



“Getdiyi məclislərdən heç vaxt əliboş qayıtmazdı”

“İştirak etdiyi toy və ya şənliklərdən solfetin arasına kabab ya şirniyyat qoyub gətirərdi ki, sizsiz mənim də boğazamdan keçməz.  Başqa ölkələrə səfərə gedərkən hamı üçün hədiyyə alıb gətirərdi. Uşaqdan böyüyədək hər kəsi düşünürdü”.


Dövlət tərəfindən ad almamışdı

“ Ondan gec bu sahəyə gələnlər ad almışdılar, o da təbii olaraq istəyirdi ki, gördüyü işlərin qarşılığı olaraq fəxri ad alsın. Lakin heç vaxt bunu dilə gətirməzdi, həmişə qəlbində saxlayardı narazılığını”.



“Öləndə nənəm elə bildi ki, zarafat edir”


“Həmin gün çəkilişdən gəlmişdi. Dəniz kənarında olan çəkilişdən ağız dolu danışırdı. Mənə dedi ki, bilsəydim ki, o yerlər elə gözəldir, səni də özümlə aparardım. Danışdığı yerdə qəfil səsi xırıldamağa başladı. Nənəm dedi ki, “ay Tələt bəsdi də aktyorluq elədin”. Gördük ki, yox babam özündən gedir. Tez təcili yardıma zəng etdim. Həkimlər gələnədək artıq dünyasını dəyişmişdi. Ölümündən bir müddət əvvəl infarkt keçirmişdi. Hər şeyi ürəyinə salırdı. Xüsusilə işdə hər şey yolunda getsin deyə, çox əsəb keçirirdi”.


“Əsəbi olanda heç kim ona yaxın durmurdu”

“İşdə əsəbləşsə belə, onu evə gətirməzdi. Çox təsadüfi halda onu əsəbi görərdik. Onda da qətiyyən yaxın durmurduq ki, əsəbi soyusun. Amma belədə çox mülayim insan idi. Gülüb-danışmağı çox sevirdi. Yadımdadır, valideynlərim həyətə düşməyə icazə verməyəndə, babamın yanına qaçardıq ki, o icazə versin. Hərdən deyirdi ki, məni yorursunuz, bir az da o biri nənənizgildə qalın. Evdən çıxmağımızdan bir saat keçməmiş, zəng edərdi ki, tez evə gəlin darıxıram sizsiz”.



Nənəm babamın yoxluğuna dayana bilmədi...”

“Nənəmlə babam çox yaxşı yola gedirdi. Onların bir-birinə olan münasibətini hamı sevirdi. Nənəm Minə xanım hamıya babamı tərifləyirdi. Hərdən babama deyərdi ki, mənim qohumlarım səni məndən daha çox istəyir. Buna da səbəb babamın çox yardımsevər olması idi. Hamının xeyrinə-şərinə yarıyan kişi idi. Qapısına kömək üçün gələn heç kimi əliboş geri  qaytarmazdı. Hətta bəzən özümüzün də ehtiyacı olduğu bir şeyi kömək istəyən şəxsə verirdi. Deyirdi ki, mən ölməmişəm ki, yanınızdayam, gec ya tez edəcəm. Babam öldüyü gündən nənəm xəstəliyə tutuldu.  Demək olar hər gün ağlayırdı. Hər həftə babamın məzarını ziyarət edirdi. Babamın vəfatından 4 il sonra nənəm də dünyasını dəyişdi”.

***

Həmçinin oxu:

Yaddan çıxmış sənətkarlar: 60 yaşında “Əməkdar artist” oldu, əcəl sevinməyə qoymadı... - FOTOLAR

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?