Modern.az

Vaqif Sadıqov: «Roberto Karlos mənə söz vermişdi ki, Bakıya gələcək…»

Vaqif Sadıqov: «Roberto Karlos mənə söz vermişdi ki, Bakıya gələcək…»

Reportaj

13 Yanvar 2012, 14:56

«Həm Karlos, həm Eto gözəl insan, gözəl dostdurlar, işdə də peşəkardırlar»

Modern.az saytı tanınmış futbol məşqçisi, Azərbaycan millisinin sabiq çalışdırıcısı Vaqif Sadıqovun müsahibəsini təqdim edir.

- Vaqif müəllim, bildiyimiz kimi sizin «Anji»də işlədiyiniz dövrdə kluba Roberto Karlos, Samuel Eto kimi kifayət qədər ünlü futbolçular cəlb olundular. Təbii ki, bu da hər kəsin marağına səbəb oldu. İstərdim ki, həm klub, həm də futbolçularla bağlı xatirələrinizi bölüşəsiniz…

- Əvvəlcə onu deyim ki, “Anji” klubunun keçmiş baş məşqçisi Hacı Hacıyevlə futbolçu kimi də çalışmışam və bu insanı özümə müəllim sayıram. Futbolda çox şeyi ondan öyrənmişəm. Bizim ilk tanışlığımız 1985-ci ildə mənim hələ «Neftçi»də oynadığım dönəmə təsadüf edir. 1999-cu ildə mən millidən ayrılanda da onun tərəfindən «Anji»yə dəvət olunmuşdum. 11 ildən sonra mən tam yeni, tarix yazmağa çalışan və yazmaq iqtidarında olan  «Anji» gördüm. Deyim ki, klubda bütün təşkilati işlər yüksək səviyyədə qurulub, hədəfləri böyükdür. Bununçun da klub rəhbərliyi əlindən gələni edirdi ki, komanda tezliklə öz oyunuyla azarkeşlərini sevindirsin, nəticələr qazansın. Məhz buna görə də Mahaçkalaya Roberto Karlos, Samuel Eto, Jirkov, Benua Anqva, Adil Əhmədov kimi ölkəsində və dünyada tanınmış ulduzlar dəvət olundu. Onlar şəxsiyyətdirlər və hətta bəziləri bu il öz ölkələrinin ən yaxşı futbolçusu seçiliblər. Belə böyük futbolçularla, ustadlarla işləmək çox xoş idi. İyirmi ildən artıq məşqçilik təcrübəmin olmasına baxmayaraq, heç vaxt bu qədər ulduzla, peşəkarla bir yerdə işləməmişdim. Belə bir deyim var ki, böyük şəxsiyyətlər həm də yaxşı insanlar olurlar və bu tamamilə doğrudur. Həm Karlos, Həm Eto həm gözəl insan, həm gözəl dostdurlar, işdə peşəkardırlar.

- İstərdim ki, ordakı vəziyyəti oxucularımızın daha yaxşı anlaması, təsəvvürlərinin formalaşması üçün «Anji»ylə Azərbaycanın üzdə olan klublarını müqayisə edəsiniz.

- Klublararası yox, milli çempionatların arasındakı fərq barədə danışmaq istərdim. Əgər bu gün Rusiya premyer-liqasında çıxış edən MOİK və «Zenit» komandaları Çempionlar Liqasında qrup mərhələsini keçirlərsə, «Rubin» və «Lokomotiv» Avroliqanın qrup mərhələsini adlayırsa, deməli fərq ortatadır və çox böyükdür. Klublara gəlincə, bizdə də «Anji» kimi olmağa çalışan komandalar var ki, onların sırasında ilk növbədə «Bakı»nın adını qeyd eləmək istəyirəm. Mən bu yaxınlarda «Bakı»nın təlim-məşq toplanışında «Sumqayıt şəhər»lə oyununu izlədim. Gördüm ki, gözəl şəraitləri, bazaları, əsas və yardımçı meydanları var. Eyni sözü «Qəbələ» klubu haqqında da demək olar. Hər iki klub uşaq futboluna böyük önəm verir. Bəlkə də digər klubları da qeyd eləmək olardı. Amma etiraf etməliyik ki, səviyyə baxımından ruslardan hələ də geridəyik.

«İlk gündən münasibətlərimizdə səmimilik yarandı və tez-tez mən ona Azərbaycandan,  Bakıdan, o isə öz vətənindən danışırdı»

- Bir ildir Bakıda deyilsiniz. Futbolumuzda hiss ediləcək dəyişiklik var?

- Mən yalnız bir neçə oyuna baxmışam və ona görə də qəti fikir yürüdə bilmərəm. Arzum çempionatımızı daha yüksəkdə görməkdir.

- İstərdim söhbətin bu yerində bir qədər məhz Roberto Karlosun üzərində dayanaq. Çünki əvvəldə də qeyd elədiyim kimi bu futbolçu hər zaman aktualdır, əfsanəvi futbolçudur. Onun xasiyyətində, zövqündə, düşüncəsində bizim bilmədiyimiz hansı fərqliliklər var?

- Mən onunla tez-tez ünsiyyətdə olurdum və aramız çox yaxşıdır.  Onu deyə bilərəm ki, Roberto Karlos böyük futbolçu olmaqla yanaşı, həqiqətən də gözəl insandır. İlk gündən münasibətlərimizdə səmimilik yarandı və tez-tez mən ona Azərbaycandan,  Bakıdan, o isə öz vətənindən danışırdı. Hətta ona deyirdim ki,  mənim dediklərimdənsə, bir dəfə gəl, Azərbaycanı gör.  Roberto Karlos mənə söz vermişdi ki, mütləq Azərbaycana səfər edəcəm, Bakıyla tanış olacağam.

- Bir ara belə söz-söhbətlər var idi ki, klub rəhbərliyi Karlosa Nabranda villa tikdirir…

- Bu söhbətlər yalandır. Çünki biz Moskvada yerləşdmişdik və Nabrandan söhbət gedə bilməzdi. «Anji» yalnız oyundan bir gün əvvəl Mahaçkalaya gəlirdi və oyundan sonra da şəhəri tərk edib Moskvaya qayıdırdıq. Biz məşqləri də «Saturn» komandasının Ramenskdə yerləşən təlim-məşq bazasında aparırdıq. Karlosun evi də, ailəsi də Moskvada idi. Amma sizinlə razıyam ki, ilk günlərdən belə şayiələr yayılmağa başlamışdı.

«Mən özüm də hər zaman Bakıdan qayıdanda ona Bakını, ölkəmizi xatırladan hansısa suvenir hədiyyə edirdim»

- Amma etiraf edək ki, klub rəhbərliyi tərəfindən ona daim qiymətli hədiyyələr edilirdi. Bu digər futbolçuların narazılığına, qıcıqlanmasına səbəb olmurdu ki?

- Klubda hər kəs ona mehribanlıqla yanaşırdı. Çünki ilk növbədə Karlos özü bu şəraiti yaratmışdı. Hər kəs Roberto Karlosun nə və kim olduğunun fərqindəydi. Açığını deyim ki, mən özüm də hər zaman Bakıdan qayıdanda ona Bakını, ölkəmizi xatırladan hansısa suvenir hədiyyə edirdim. Hətta ona ölkəmizdəki inkişaf prosesindən danışırdım.

- Məsələn, o bilirdimi ki, Ermənistan dövləti Azərbaycanın torpaqlarının 20 faizini işğal edib?

- Bəlkə də  bilmirdi. Amma televiziyaya baxanda başa düşürdü ki, belə bir şey var və mən də ona izah eləməyə çalışırdım.

- Gəlin daha bir müqayisə aparaq. Məlumdur ki, «Anji»dəki ulduzların əksəriyyətinin yaşı 30-dan çoxdur. Həmin ulduzları bu gün Azərbaycanda formasının pik həddində olan gənc futbolçularımızla müqayisə edək…

- Onlar müqayisəyə gəlmirlər. Özünü dünyada yetərincə tanıtmış, sözünü demiş futbolçularla, hələ Azərbaycanda tanınmayan futbolçuları müqayisə etmək doğru olmazdı. 

- Söhbət fiziki formadan gedir…

- İstənilən futbolçunun fiziki formasını qaldırmaq mümkündür.  Ümumiyyətlə, hər bir futbolçunun hədəfi olmalıdır. Bizim futbolçuların potensialı imkan verir ki, güclü liqalarda çıxış etsinlər, ulduz olsunlar. Onların poensialı o qədər də aşağı deyil. Sadəcə, həmin gənc futbolçuları vaxtında güclü klublara dəvət edib, üzərlərində işləmək lazımdır.

- Adətən bir çox məşqçilər tanınmış futbolçularla işləmək istəmirlər ki, üzərlərində təzyiq olmasın. Tutaq ki, hansısa futbolçuya 20-30 milyon pul xərclənir və fiziki formasından asılı olmayaraq, məşqçi ona start heyətində meydana buraxmağa məcburdur. Siz belə bir şey hiss edirdiniz?

- Desəm ki, belə futbolçularla işləmək asandır, doğru olmaz. Çünki onların hər biri böyük komandalarla çıxış ediblər, dahi məşqçilər görüblər. Onlar Hacı Hacıyevin, yaxud Vaqif Sadıxovun rəhbərliyi altında çıxış edəndə, istər-istəməz bizi həmin mütəxəssislərlə müqayisə edirlər. Burda ən vacib amil odur ki, məşqçi Avropa tələblərinə cavab verməlidir, işini bilməlidir. Belədə işləmək rahat olur.

«İstefaya gedən tək mən yox, məşqçilər korpusuydu»

- Təxminən on il əvvəl türklərin oyunçuları Avropaya yeni-yeni çıxarkən onlar öz oyunçularının oynadığı komandaların iştirakıyla keçirilən görüşləri yayımlayardılar. Bu söz həmçinin də türk məşqçilərin çalışdırdığı komandalara aiddir. Bəs bizdə necə, media sizə yetirəncə diqqət göstərə bildimi? Ümumiyyətlə, medianın sizin «Anji»dəki fəaliyyətinizi işaqlandırmasından razı qaldınızmı?

- Hər ölkədə bu məsələyə münasibət tamamilə fərqlidir. Mən hər zaman mətbuatın dostu sayılırdım və bu gün də jurnalistlərdən narazılığım yoxdur.  Bu zəmanədə reklamın önəmli olmasına baxmayaraq, mənim buna ehtiyacım yoxdur və reklam olunmağı da xoşlamıram. Amma yenə də hər birinizdən razıyam və Allah da hər birinizdən razı olsun.

- Vaqif müəllim, bəzi saytlar, qəzetlər sizin klubdan ayrılmağınızı «Vaqif Sadıxov «Anji»dən qovuldu» başlığıyla yayımladılar. İstərdim buna da bir aydınlıq gətirəsiniz…

- Klubun yeni baş məşqçisi mənə zəng edərək bildirdi ki, Vaqif sən məndən yaşda da böyüksən, təcrübədə də qat-qat üstünsən, millidə çalışmısan. Nə dərəcədə doğru addım atıb-atmadığımı deyə bilmərəm, amma peşəkar olduğuna görə yəqin ki, məni başa düşərsən. Dedi ki, kluba öz heyətimlə gəlirəm. Həmçinin mənə komandanın ən ağır dönəmlərində formalaşmasına rəhbərlik eləyən insanlardan biri olduğuma görə təşəkkür elədi. Mən də ona halallıq verdim. Əslində Hacı Hacıyev klubdan ayrılanda mən də getmək istəyirdim. Onu da deyim ki, burda istefaya gedən tək mən yox, məşqçilər korpusuydu.

- Bildirmişdiniz ki, Pro kateqoriyası alacaqsınız. Bu nə zaman baş verəcək?

- Pro kateqoriyasını almaq üçün uzunmüddətli kurs keçməlisən və orda iştirak eləməlisən. Mən isə «Anji»də ola-ola bu kurslara qatıla bilməzdim.

İntiqam VALEHOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!