Ağdam rayon Məhkəməsi “Yeniçağ.az” saytının əməkdaşı Səxavət Məmməd barəsində 10 sutkalıq həbs cəzası çıxarıb...
Redaksiya əməkdaşlarının Modern.az-a verdikləri məlumata görə, prosesə hakim Elşad Bayramov sədrlik edib.
“Səxavət Məmməd onun barəsində verilən qərarı sifarişli hesab edir. Belə ki, yerli icra orqanı jurnalistin ünvanını bilə-bilə onun barəsində axtarış elan edib. Bu gün məhkəməyə dəvət olunan Səxavət Məmmədə 10 sutka həbs verilib.
O, şəxsi problemlərinə görə üzərinə düşən öhdəliyi yerinə yetirəcəyinə söz versə də, hakim Elşad Bayramov buna məhəl qoymayıb. Ona apellyasiya şikayəti vermək üçün də şərait yaradılmayıb”,-deyə jurnalistin çalışdığı redaksiya bildirib.
Redaksiya bəyan edib ki, jurnalistə son günlərdə yazılarına görə müxtəlif vasitələrlə təzyiqlər olub. Səxavət Məmməd son olaraq müdafiə nazirinin 1-ci müavini, general-polkovnik Nəcməddin Sadıkovun pensiya yaşına çatması ilə bağlı yazısıyla gündəmə gəlmişdi.