Modern.az

Bakıdakı qızlar üçün internet klubdan REPORTAJ

Bakıdakı qızlar üçün internet klubdan REPORTAJ

13 Yanvar 2012, 16:32

Bakıda yalnız qızlar üçün internet klubun açıldığını bildirən reklamı görəndə bu, jurnalist marağımı özünə cəlb etdi və həmin məkana baş çəkməyi qərara aldım. Beləcə göstərilən ünvana - “Gənclik” metrostansiyasının yaxınlığındakı internet kluba gəldim. Amma ünvana çatanda məlum oldu ki, bura tək internet klub deyil, qızlar üçün həmçinin sürücülük və digər kurslar da fəaliyyət göstərir.

İnternet klub qızlar üçün açılsa da, buranın sahibi güclü cinsdəndir. Bakı şəhər sakini Sahil Quliyev həm təsisçisidir, həm də rəhbər. Bizimlə söhbətdə o, belə bir internet klubun açılmasının xanımların ürəyindən xəbər verdiyini vurğuladı.
Sahil Quliyevin sözlərinə görə, internet klubda kompüterlərə nəzarət olunur, bəzi saytlara girişə qadağa qoyulub.

“Klubumuzda erotikanı, pornoqrafiyanı təbliğ edən saytlara giriş məhdudlaşdırılıb. İstəsələr belə,  onları açmaq mümkün deyil. Həmçinin, təbliğat xarakterli fəaliyyətə də icazə verilmir və qaydaları pozan qızlar klubdan çıxarılır. Onlar bir daha bura gələ bilməzlər”.

İnternet klub səhər saat 9:00-dan axşam saat 20:00-a kimi fəaliyyət göstərir. S.Quliyev deyir ki, bəzən qızlar saat 21:00-dək klubun işləməsini xahiş edirlər.

İnternet klubun xidmətindən istifadə zamanı 1 saat üçün 80 qəpik pul ödənilir. “Bu qiymətə  çay, kofe, şokolad da daxildir”-deyə S.Quliyev söyləyir.

O, xanım müştərilərinin sayının az olmadığını və onların davranışlarından razı qaldığını qeyd edir. “Klubumuza gələnlərin çoxu tələbə qızlardır. Onlar kurs işlərini və digər yazılarını yazmaq üçün bura təşrif buyururlar. Bununla yanaşı, başqa sahələrdə çalışan xanımlar tez-tez klubumuza gəlirlər”.

S.Quliyev Azərbaycanda ilk dəfə olaraq xanımlar üçün sürücülük kurslarının burada fəaliyyət göstərdiyini deyir.

“Sürücülük dərslərini mən özüm keçirəm. Bizdə kurs keçən qızların 90 %-i imtahanlarda uğur qazanırlar. Biz xanımlara yollarda avtomobil sürməyi də örədirik”.

Sahil Quliyev deyir ki, buradakı sürücülük kurslarına gələn xanımlar arasında tanınmış simalar, vəzifəli şəxslərin həyat yoldaşları və qızları da var.

“Məsələn, Nəqliyyat Nazirliyində çalışan vəzifəli bir şəxsin həyat yoldaşı bizim sürücülük kursuna gəlirdi. Xanım bildirirdi ki, onun üçün sürücülük vəsiqəsi almaq çox asan məsələdir. Amma istəyirdiki özü imtahan verib vəsiqə alsın, yəni həyat yoldaşının adından sui-istifadə etməsin. Hazırlaşdı, imtahan verdi və vəziqə aldı. Sonra gəlib bizə təşəkkür etdi”.

Xanımlar üçün maraqlı olan bu məkanla tanşlığı beləcə yekunlaşdırıb oranı tərk edirəm...





Anar Kəlbiyev

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi