Modern.az

Əməkdar artistin evini başına uçururlar - Reportaj

Əməkdar artistin evini başına uçururlar - Reportaj

Reportaj

13 Yanvar 2012, 17:03

Uşaq olanda düşünürdüm ki, kim efirə çıxırsa, tanınırsa, heç bir dərdi, problemi yoxdur.  Amma zaman ötdükcə, anladım ki, ən böyük çətinlikləri bəlkə də elə üzdə olan, tanınan insanlar yaşayırlar. Çünki onlar da bütün sahələrdə olduğu kimi, həm çalışdıqları kollektivlə yola getməli, sənətlə məşğul olmalı və nəhayət həm də gündəlik qayğılarını həll etməlidirlər. Gənc Tamaçaçılar Teatrınınn siması, 80-90-cı illərin və elə indinin də yaraşıqlı aktrisalarından olan Əməkdar artist Nübar Novruzovanın qarşılaşdığı çətin vəziyyəti öz gözlərimlə görəndən sonra isə....

Tarixçə 

2011-ci ilin aprel ayından “Kapital İnvest” MMC tikinti şirkəti Xalq rəssamı Əzim Əzimzadənin Dilarə Əliyeva 157 ünvanında yerləşən ev muzeyini sökərək, yerində, daha doğrusu Dilarə Əliyeva 155 ünvanında yerləşən həyət evlərinə bitişik çoxrmərtəbəli bina tikməyə başlayır. Şirkət tikintiyə başlamazdan əvvəl həmin küçənin  159 və 161 ünvanlarında yerləşən evləri də sökərək, mənzil sahiblərinə müvafiq kompensasiya ödəyir. Söküntüdən sonra sakinlərə, həmçinin də həmin ünvanda yaşayan Əməkdar artist Nübar Novruzovaya  bildirirlər ki, ərazidə özül bərkitmə işləri aparılır. Əməkdar artist deyir ki, diametri 1, uzunluğu 20-25 metr olan borular yerə basdırılarkən qazıntı işləri aparılmır. Elə məhz bu bərkitmə işləri başlayandan sözügedən ünvanın sakinlərinin evi də  “boşalıb”, divarlarda çat əmələ gəlib. Nübar xanım deyir ki,  yeni tikinti evlərdə çat əmələ gətirməklə yanaşı, mənzilləri də işığa həsrət qoyub: “Mərtəbələr qalxdıqca, evlərimizin pəncərələrini tutur.  Pəncərələrimiz demək olar ki, tam bağlanıb, divarlarımız çat-çat olub. Gündüz vaxtı evlərin içərisindən bayır görünür.  İnanın səməmiyyətimə, evlərimizi siçovul basıb, yağış yağanda suyun yarısı mənzilimizin içərisinə dolur”.

Nübar xanımın dediyinə görə, məsələylə bağlı həm, “Kapital İnvest” MMC tikinti şirkətinin rəhbəri Ramiz Cabbarova, həm də digər aidiyyatı qurumlara müraciət ediblər. Amma məsələ burasındadır ki, gələn cavablar şirkətə yönləndirildiyindən onlara hansı cavab verildiyi qaranlıqdır:
“Sadəcə onu bilirik ki, gələn cavablarda şirkətin bizim təhlükəsizliyimizi təmin etməli olduğu qeyd edilir. İndiyə kimi yalnız Fövqəladə Hallar Nazirliyinə ünvanladığımız müraciətə cavab gəlib. Bakı Şəhər İcra Hakimiyyətinə etdiyimiz müraciət isə Nəsimi rayon İcra Hakimiyyətinə yönləndirilsə də, kimsə gəlib maraqlanmayıb. Heç indiyə kimi şirkətin rəsmi ünvanını bilmirik, özləri də demirlər.  Deyirlər ki burda yaşayış binasının tikintisinə icazə verilmədiyinə  görə, otel, biznes mərkəzi tikirlər. Nə tikirlərsə, xeyirli olsun. Amma insanların həyatıyla oynamaq olmaz. Səhərdən axşama kimi səs-küydən evlərin içərisində oturmaq mümkün deyil. Gündüz vaxtı ağır tonnajlı maşınların şəhərə girişinə icazə verilmədiyinə görə, gecə saat 3-ə, 4-ə kimi beton tökürlər”.

Söhbətin gedişində öyrənirəm ki, tikintinin başlandığı ilk aylarda şirkət rəhbərliyi onlara söz verib ki, evlərinə dəyən ziyanı ödəyəcək: “İndi isə Ramiz Cabbarov mənə deyir ki, evin dağılır, cəhənnəmə dağılsın. Mən gəlib sizin evinizi təmir etsəm, evinizi alanda, həmin pulu ordan çıxacağam. Dedim axı bizim danışığımız belə olmayıb. O gün isə bizə deyir ki, ümumiyyətlə, buranı almıram. Yəni bizə konkret söz demir. Binanın hər mərtəbəsi qalxdıqca, bu da bizimlə danışıq tonunu bir mərtəbə qaldırır. İnanın ki, ev bütün suyun içindəydi, siçovullar qaçışırdı, əşyalarımızın böyük qismi yararsız vəziyyətə düşmüşdü.  Mənim övladımın səhhətində ciddi problem var-onurğasında, boynunda əyrilik gedir, beyninə qan yaxşı işləmir. Həkim ona ev şəraitində idmanla məşğul olmağı məsləhət görüb.  Sizcə bu şəraitdə xəstə sağalar?”.

Nübar Novruzovanın sözlərinə görə, bu evdə yaşamaq sadəcə riskdir: “Mən nə mühəndisəm, nə tikinti mütəxəssisiyəm. Amma bilirəm ki, bu ev qəzalıdır, hər an uça bilər. Bu evin təmir olunması mümkün deyil.  Divar divardan aralanıb. Təmir olunsa da, belə ola bilər-divar sökülüb təzədən tikilməlidir. Lap səhər gəlib divarları ağartsalar da, xeyri yoxdur. Çünki çatlardan bayır görünür”.

Söhbətin gedişatında Nübar xanım qəhərlənir və danışmaq istəmədiyini bildirir: ”Heç nə istəmirəm. Özümü öldürməkdan başqa yolum qalmayıb. Bu qədər problemlərin içində baş çıxara bilmirəm. Bacarmıram...”.

Amma sən demə, məsələ təkcə bununla bitmirmiş. Belə ki:
“2010-cu ilin oktyabr ayı idi. Teatrda məşqdəydim. Qonşuluqda yaşayan bacım zəng elədi ki, mühəndis Niyazi səni axtarır. Hələ onda burda tikinti başlamasa da, yaxınlıqda bu şirkətin apardığı digər tikinti zamanı silkələnmədən evimin tavanı çat vermişdi. Mənə dedi ki, bir ərizə yazaram, gəlib baxarlar. İşdən 15 dəqiqəlik icazə alıb tələsik evə gəldim. Gördüm ki, əlində bir ərizə var.  Soruşdum ki, bu nədir? Dedi ki, şikayətinlə əlaqədardır.  Elə pilləkəndəcə ərizəyə qol çəkdim. Sonradan həmin sənədə qol çəkən digər qonşumdan öyrənmişəm ki, həmin sənəddə belə yazılıb: guya bizim evlər 2000-ci ildə Bakıda baş vermiş zəlzələdə çatlayıb. Səhəri gün ona dedim ki, bu nədir mənə qol çəkdirmisən? Ağladı ki, bunu bilsələr məni işdən qovacaqlar....
Orada yazmışam ki, bu evlərin yanında bina tikmək olmaz, ay nə bilim nə... Mən də düşündüm ki, camaatın çörəyinə bais olmayım. 54 yaşım var. Daha nə ömrüm qalıb? Həyat yoldaşım, qızım, anam və mən bu darısqal evdə yaşayırıq. Onu da bu günə qoyublar. Vallah bu şəraitdə yaradıcılqla məşğul olmaq əzabdır, zülmdür.  Siz gələndə yoldaşıma deyirəm ki, Allah eləsin oğlanın ayağının altında siçovul qaçmasın. O gün qızımın hazırlıq keçdiyi müəllimə bizə gəlmişdi. Oturduğu yerdə dəlikdən siçovul  çıxdı... Utandım yerə girdim. İnanırsınız, müəllimə dedi ki, daha bura gələsi deyil, infeksiya keçər. 30 ilə yaxındır ki, növbədəyəm və bir dəfə də dövlətdən ev istəməmişəm. Amma indi çox xahiş edirəm bu məsələyə bir əncam qılsınlar”.

İntiqam VALEHOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir