Modern.az

QMİ-nin sədr müavini oruc tutan qadınlarla bağlı vacib hökmləri sadaladı: “Kişi-qadın münasibətləri…”

QMİ-nin sədr müavini oruc tutan qadınlarla bağlı vacib hökmləri sadaladı: “Kişi-qadın münasibətləri…”

29 May 2019, 13:45

“Ramazan ayında hər bir oruc tutan kişi və qadın üçün dini hökmlər, demək olar ki, eynidir”.

Bununla bağlı Modern.az-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini hacı Fuad Nurullayev danışıb. O sırf qadınlara aid edilən şəriət hökmləri haqqında da məlumat verib:


“Ramazanda orucu batil edən əməllərdən qətiyyətlə qaçmaq gərəkdir. Oruclu olan müddətdə, yəni gün çıxandan, gün batana qədər kişi-qadın münasibətlərindən çəkinmək lazımdır. Yaşlı insanlar oruc tuta bilmirlərsə, yaxud tutub, sonradan taqətdən düşürlərsə, orucu tərk edə bilərlər.

Elə əməllər var ki, o sırf qadınlara aiddir. Məsələn, qadınlar hamilə olarkən oruc tutmaq məsləhət görülmür. Həkimlər hamilə qadınlara bununla bağlı xəbərdarlıq ediblərsə, mütləq qulaq asılmalıdır. Əgər dünyaya uşaq gətirməyə hazırlaşan qadın niyyət edib, israrla oruc tutmaq istəyirsə, bir neçə gün müşahidə etməli, özünə və körpəsinə ziyan gətirdiyi təqdirdə orucu tərk eləməlidir.

Qadınlarımızda hər ay müəyyən müddətə təkrarlanan bioloji proses vardır. Həmin vaxtda qadınlar namaz qılmır, Allah o namazı qadınlara bağışlayır. Eynilə oruc da tutulmamalıdırlar. Həmin vaxt tutulmayan günlərin hesabı ilə gələn Ramazana qədər qəza eləmək vacibdir”.


Hacı Fuad Nurullayevin sözlərinə görə, orucluq ərəfəsində məcburiyyətdən səfərə çıxmalı olanlar oruc tutmaya bilərlər. Lakin bunun da öz şərtləri var:


“Eyni yerə edilən səfər Ramazan ayı boyunca iki dəfədən artıq olmamalıdır. Əgər oruclu insanlar bu ay ərzində iki və bundan artıq eyni istiqamətə gedirlərsə, onda oruc tuta bilərlər.

İnsanlar Qədr gecələrində məscidlərə namaza gəlirlər. Mütləq deyil ki, qadınlar həmin axşam məscidə namaza gəlib, Qədr gecəsində məsciddə qalsınlar. Bu savab əməldir. Amma qadınların məscidə gəlmək imkanı yoxdursa, evlərindəcə Əhya gecələrini keçirə bilərlər.

Bayram namazında da eynilə, qadının ailəsində problem olmursa, özünü çətinliyə salmırsa, məscidə gəlib, bayram namazını qıla bilər”.

Həmsöhbətimiz bayram axşamı çıxarılan fitrə zəkatı ilə bağlı da vacib şəriət hökmlərinə toxunub:

“Bayram axşamlarında ailə fitrə zəkatı çıxarmalıdır. Hər adam başına 3 kilo ən çox yeyilən qida və ərzaqdan fitrə zəkatı çıxarılır. Hava qaralana qədər, ailədə körpələrdən tutmuş, yaşlı insanlara qədər – hər kəs üçün bu zəkat ayrılmalıdır. Ailə başçısı kişi varsa, bunu o etməlidir. Qadın fitrə zəkatı çıxarmaq istəyirsə, həyat yoldaşının məsləhəti və icazəsi ilə bunu edə bilər”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər