Modern.az

Final Azərbaycanı dünyaya tanıtdı - Deputatlar

Final Azərbaycanı dünyaya tanıtdı - Deputatlar

Parlament

30 May 2019, 16:20

Ötən gün paytaxt Bakıda Avropa Liqasının final oyunu keçirildi. “Çelsi” və “Arsenal” arasındakı final görüşünü müxtəlif ölkələrdən gəlmiş minlərlə azarkeş və turist də izlədi.

Modern.az-a ölkəmizdə keçirilmiş bu əhəmiyyətli futbol yarışı haqqında danışan deputatlar idman tədbirlərinin Azərbaycanın tanıdılmasındakı rolunu xüsusi qeyd ediblər.


Millət vəkili Asim Mollazadə
düşünür ki, Azərbaycan uzun illərdir yüksək səviyyəli beynəlxalq yarışlara ev sahibliyi edir, əhəmiyyətli idman yarışlarını keçirə bilir:


“Ölkəmizə gələn qonaqlar Azərbaycan haqqında yayılan şayiələrin yalan olduğunu gözləri ilə gördülər. Ancaq idmana görə gələn xaricilər xalqımızın yüksək mədəniyyətini, tarixi keçmişini yaxından müşahidə etdilər. İdman yarışlarının ölkəmizdə təşkil edilməsi Azərbaycanın dünyaya tanıdılması üçün çox əhəmiyyətli vasitədir.

Bununla yanaşı, Azərbaycan digər beynəlxalq tədbirlərə də ev sahibliyi edir. Bu ölkəmizin istəklərini dünyaya açmaq üçün yaxşı təşəbbüsdür”.

Deputat Rauf Əliyev isə Azərbaycanın “İdman ölkəsi” adlandırıldığını vurğulayıb. O xatırladıb ki, bunun təməlini ulu öndər Heydər Əliyev qoyub:

“1997-ci ildə prezidentimiz İlham Əliyev Olimpiya Komitəsinin rəhbəri seçiləndən sonra idmanın maddi-texniki bazasının inkişafı başlandı. Böyük islahatlar nəticəsində zallar, stadionlar, olimpiya kompleksləri tikildi. İnsfrastrukturlaşma nəticəsində Azərbaycanda beynəlxalq yarışlar keçirməyə maraqlı olan təşkilatların siyahısı genişləndi.
Avroliqanın finalı ölkəmizdə keçirilən möhtəşəm beynəxalq idman tədbirindən biri oldu. Hər ölkə belə bir məsuliyyəti üzərinə götürüb öhdəsindən layiqincə gələ bilməzdi. Azərbaycan idman sahəsində mühüm ölkələrdən biri olduğunu sübut etdi. 30 minə yaxın azarkeş, turistlər ölkəmizə gəldi. Dünyanın 200-dən çox televiziya kanalı vasitəsilə Bakıdakı yarış canlı yayımlandı. 1 milyarda yaxın insan paytaxtımızdakı finalı seyr etdi. Bütün bunlar göstərdi ki, Azərbaycan regionda dominant ölkə olmaqla yanaşı, Avropa üçün də əhəmiyyətli dövlətlərdən biridir. Bu yarış Azərbaycanın xaricdə siyasi təbliğatı olmaqla bərabər,  gənclər üçün örnəkdir. Finala baxan hər bir gəncin idmana, futbola marağı daha da artır. Gənclərimizin idman, futbol sahəsində uğurlar qazanması isə ölkəmizi daha da irəli aparan üstünlükdür”.

Deputat Cavid Osmanovun fikrincə, AvroLiqanın final mərhələsinin təşkili ev sahibliyi etdiyimiz əvvəlki beynəlxalq tədbirlərdəki kimi uğrular həyata keçirildi:

“Bakıya gələn idmançıların, hər iki klub azarkeşlərinin qarşılanması, onların rahat, əmin-aman şəkildə paytaxt külçələrində hərəkət etməsi, sakinlərimizin qonaqpərvərliyi göstərdi ki, Azərbaycan növbəti dəfə böyük nüfuzlu turniri layiqincə keçirə bildi. Qalib gələn “Çelsi”nin tarixində isə Bakıda təqdim olunan kubok ömürlük qalacaq.

Sözügedən yarış Azərbaycanın gələcəyi baxımından əhəmiyyətli tədbirdir. Turniri bütün dünya ictimaiyyəti televiziyadan izlədi. Avropa Liqası başlayandan bəri finalın Bakıda keçiriləcəyi məlum idi. Ona görə, azarkeşlər hələ bir neçə ay öncədən Azərbaycan haqqında maraqlanıb, biletlərini almışdılar. Onlar ölkəmizə gəlib-getdikdən sonra ölkəmizin əmin-amanlığından, yüksək səviyyəli infrastrukturundan və rahatlığından razı qaldılar. Bu baxımdan ölkəmizin tanıdılması, Avropadan və dünyadan Azərbaycana gələcək illərdə turist axınının baş verməsi üçün dünənki turnir əhəmiyyətli rol oynadı. Belə beynəlxalq tədbirlərə ev sahibliyi etməklə ölkəmiz öz səsini Avropaya yaya, həqiqətləri dünyanın diqqətinə çatdıra biləcəkdir”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır