Modern.az

“Gözümüzü açıb özümüzü 7 erməni kəndinin əhatəsində görmüşdük” - Xocavəndli məmurun kənd XATİRƏLƏRİ

“Gözümüzü açıb özümüzü 7 erməni kəndinin əhatəsində görmüşdük” - Xocavəndli məmurun kənd XATİRƏLƏRİ

31 May 2019, 08:30

“Erməni qızları ilə azərbaycanlı oğlanların sevgi macəraları olurdu” 

İnsan doğulub, boya-başa çatdığı, havasını-suyunu udduğu doğma torpaqlarından ayrı yaşaya bilər. Amma ana yurdun düşmən tapdağındadırsa, vətən nisgilini dindirmək üçün böyüdüyün torpağa ayaq basa bilmirsənsə, bu ən böyük dərddir. İnsanı qocaldır, belini bükür bu dərd... Allah heç kimi vətənsiz qoymasın...

Modern.az-ın “Mənim kəndim” layihəsinin növbəti qonağı da illərdir, vətən həsrəti ilə yaşayan Xocavəndin Axullu kənd sakini, rayon icra başçısının köməkçisi Şaiq Aslanovdur. Şaiq bəy bizimlə söhbət zamanı xəyalən düşmən tapdağında olan Axulludakı qayğısız uşaqlıq illərinə qayıtdı, kənd camaatını, adət-ənənələri, el mərasimlərini xatırladı.

Ermənilərlə əhatələnmiş azərbaycanlı kəndi...

- 1971-ci ildə Axullu kəndində, ziyalı ailəsində anadan olmuşam. 5 oğlan, 2 qız idik ailədə. Hər kəs kimi adi kənd uşaqları idik. Atam müəllim idi. Bizim təhsil almağımıza xüsusi diqqət edirdi. Kənddə uşaqların da böyüklərin də - hər kəsin öz öhdəsinə düşən vəzifələr var idi. Uşaqlar valideynlərinə bağda kömək edərdilər, təsərrüfat işlərində əl tutardılar, mal-qoyun nobatına gedərdilər. Amma ən böyük məsuliyyət heç nəyə baxmayaraq dərsə getmək, təhsil almaq idi. Bizim atamız müəllim olduğuna görə işimiz xüsusilə çətin idi. Çünki məktəbdə nə olurdusa, atama xəbər verirdilər.

Axullu qədim tarixi olan, Azərbaycanın mədəni zənginliyini özündə daşıyan abidələri ilə seçilmiş kənd olub. Orada yaşayan sakinlərin demək olar ki, hamısı azərbaycanlı idi. Amma sovet dövründə Axullu kəndi elə də ürəkaçan səviyyədə inkişaf edə bilməmişdi. Çünki 7 erməni kəndinin əhatəsində yerləşirdik. Axulluda hər hansı bir infrastrukturun yaradılması 1988-ci ilədək mümkün olmayıb.  Bizə nə yol, nə də su çəkildi. Ermənilər kəndin elə yerində donuz firması qurmuşdular ki, həmin yerdən bizi içməli su ilə təmin edən çay başlayırdı. Həmin heyvanlar suyu çirkləndirirdi. Aydındır ki, düşmənlərimiz qəsdən edirdilər, azərbaycanlı ailələri sudan istifadə edə bilməsinlər. Belə əməllərlə, kəndimizi hissə-hissə, ev-ev işğal etdilər. Tank və ya ağır silahla yox, hiylələrlə, qurma əməllərlə, yavaş-yavaş torpaqlarımızı əlimizdən aldılar.


“Ermənilərə Azərbaycan dili məcburən tədris olunurdu”

- Biz orta məktəbdə çox yaxşı oxuyurduq. Hamı ali məktəbə daxil olmağa can atırdı. Amma ali məktəbi bitirib kənddə ən yaxşı halda müəllim ola bilərdin. O zaman da məktəbdə kadr sıxlığı yaranırdı. Kəndimizdəki məktəb beynəlmiləl idi. Ətrafda olan 3 erməni kəndinin uşaqları da burada təhsil alırdılar. Təbii ki, bizə dərslər Azərbaycan dilində, onlara erməni dilində tədris olunurdu. Ermənilərə Azərbaycan dili də məcbur keçilirdi və onlar bizim dili çox yaxşı bilirdilər. Lakin azərbaycanlılara erməni dili tədris olunmurdu, biz rus dili keçirdik. Rus dili müəlliməmiz kəndimizin sakini deyildi, Füzulidən gələn əslən erməni qadın idi. Maraqlısı budur ki, o, erməni olmağına baxmayaraq, azərbaycanlı uşaqlarla dil tapa bilirdi, ermənilərlə yox. Kənd həyatının ağır olmasına rəğmən uşaqlar arasında dərs uğrunda rəqabət var idi. Xüsusilə, erməni uşaqlarla azərbaycanlılar arasında dərs uğrunda rəqabət olurdu. Ermənilərin uşağı da, böyüyü də bizə “turk” deyirdi. Məktəbdən başlayaraq, bizimlə düşmən münasibəti saxlayırdılar. Əgər onların ərazisinə getdinsə, ya səni meşədə tək gördülərsə, mütləq hücum edib, dava-dalaş salırdılar. Futbol oyununu da erməni-azərbaycanlı kimi qruplaşıb oynayırdıq. Gözümüzü açandan ilk problemimiz ermənilərlə bir yerdə yaşamağımız idi. 


“Qışda məktəbdən evə gələndə həmişə döyülərdik”

- İndiki uşaqlar soyuğu, qarı-qışı xoşlamırlar. Amma biz elə deyildik. Qışda  kəndimizə güclü qar yağardı. Səhər ilk kim işə və ya məktəbə gedərdisə, birinci cığırı o açırdı. Hamı, müəllimlər, şagirdlər eyni cığırla məktəbə gedərdilər. Qar gecədən donardı. Qoz ağacları olan meşədən keçib çayı adlamalı idik. Çox zaman yol buz olduğundan çantamızın üzərində oturub, yoxuş aşağı sürüşə-sürüşə məktəbə gedərdik. Bəzən də sürüşmək üçün taxtadan “kirşə” düzəldirdik. Hər dəfə evə gələndə üst-başımız palçıq içində, islanmış vəziyyətdə çatardıq deyə, anamız çubuqla qarşılayırdı. Tək biz yox, elə qonşu uşaqlar da döyülürdülər. Amma şalvarımızın köynəyimizin islanan hissələri evə çatana qədər donurdu deyə, çubuqların təsiri olmurdu.

Evə neçədə gəlib çatmağımızdan aslı olmayaraq, sabahın dərsini hazır etməli idik. Yoxsa növbəti gün üçün olan güzəştlərdən məhrum olardıq. Dərənin kənarında futbol meydançamız var idi. Top tez-tez suya düşdüyünə görə uyğun yer olmasa da, 4-5 saat dayanmadan hava qaralanadək oynayırdıq. Lap kiçik yaşlarımızda “barbi” deyilən oyuncağın başı bizə top üçün böyük tapıntı idi.

Aprel ayında kəndin hər tərəfini tülpan dediyimiz lalələr bürüyərdi. Yasəmən ağacları gül açanadək qızların əlləri tülpanlarla dolu olardı. Apreldən iyunadək kənd cənnətə dönürdü. Ağacların, güllərin çiçək açması növbələşərdi və bir neçə ay bütün meşə al-əlvan olurdu.


“Meyvə oğurluğuna torba aparmırdıq, əlimizə-ətəyimizə yığırdıq”

- Kəndimizin ətrafını üzüm bağları sarıyırdı. Amma biz ən çox qoz ağacları olan ərazilərə meyvə oğurluğuna gedirdik. O zamanlar yay vaxtı əynimizdə ən çox ağ rəngli maykalar geyinərdik. Özümüz də gündən yanmış, qaradərili kənd uşaqları idik. Hələ tam yetişməmiş qozun “xəzəl” dediyimiz yaşıl örtüyü dərimizdə yoddan kəskin iz qoyurdu. Biz də heç nəyə baxmadan açıq əllə qozu yığıb qoynumuza doldururduq. Geyimimiz, bədənimiz qozun buraxdığı ləkəylə elə pis vəziyyətə düşürdü ki... Dodaqlarmız çat-çat olurdu qozun qabığından. Amma yenə də qoz oğurluğundan əl çəkmirdik. Qışda don vuranda, əllərimizdəki, dodağımızdakı çatlara görə “çiyə” adlı “dərmandan” istifadə edərdik. Onu yaşlı insanlar, nənələrimiz südddən hazırlayırdı. 



“Ən sevdiyimiz bayram ilaxır çərşənbə idi”

- Novruzun başlaması ilə artıq yazın gəlişini hiss edirdik. Ən sevdiyimiz bayramlardan biri ilaxır çərşənbə idi. Xüsusi hazırlaşırdıq. Hər kəsin parçadan, otdan, samandan hazırladığı yanan şarı olardı, sonradan bildik ki, ona “lopa” deyirlər. Biz lopanı daha çox par-parçadan deyil, keçədən hazırlayırdıq. Çərşənbəyə bir neçə gün qalmış onu neftin içərisində saxlayardıq ki, yananda uzun müddət qalsın. Bayram günü onu yandırıb ən hündürə atmaq uğrunda yarışırdıq. Həmin lopalar gecənin yarısınadək sönməzdi. Papaq atmağa xüsusi həvəslə gedərdik. Bütün qapılar bayram günü açıq olurdu. Camaat həyətdə olan ev heyvanlarını xüsusilə, itləri tövləyə salardı ki, papaq atan uşaqlara  xəsarət yetirməsin. Yumurta döyüşdürmək də ayrı bir aləm idi. Bir ay əvvəldən artıq yumurtalarımızı döyüşdürməyə başlayardıq. Mərc də qoyurduq, kimin yumurtası sınsa, qalib tərəfə öz yumurtasını versin. Bu bizim üçün ən gözəl qazanc idi. Ən pis hal o olurdu ki, hamıya uduzasan, əlin boş qala. Elə olanda toyuq hininin qapısını kəsdirərdik. Yenicə yumurtlayan toyuğu qovub, bişməmiş yumurta ilə olsa belə, oyuna davam edərdik.


“Kəndimizə polis ayağı dəyməzdi”

- Kənddə az-çox toy mərasimlərində mübahisə düşərdi. Gənclər mübahisə edərdilərsə, ağsaqqalların bir kəliməsi ilə dava yekunlaşardı. Mən sonralar araşdırmışdım. Bizim kənddə həbsxanaya düşən, məhkum həyatı yaşayan da olmayıbmış. Ağsaqallar öz aralarında məsələni həll edirdi. Hətta kənddə ailəsi dağılan cütlük də olmazdı. Böyüklər mübahisələri boşanma həddinə çatmağa qoymazdılar. Ola bilər, bir kəndi bir nəsil təmsil etsin. Bizdə isə 4-5 nəsil vardı. Söz yox, onlar da qız verməklə qız almaqla bir-biri ilə qohum olurdular. Toy mərasimlərində hər kəs öz işini bilirdi. Hamının vəzifəsi var idi, buna görə də heç kimi nəyəsə buyurmurdular. Kənd camaatı hər işi yoluna qoyduğuna görə, ev sahibi toyda bir növ iştirakçıya çevrilirdi. Toydan bir gün əvvəl keçirilən mərasimə indi ciyər axşamı deyirlər. Bu bizim kənddə düz 3 gün davam edirdi. İki çadır qurulardı, biri yemək içmək üçün, digəri rəqs etmək üçün. Yemək çadırında yalnız ailə başçıları və ya ailəni təmsil edən gənc oğlanlar oturardı. Uşaqlar, yeniyetmələr isə həmin çadıra girməzdilər. Bəylə gəlin də yemək çadırına daxil olmurdular. Toylarımızda içki olurdu, amma hamısı həyətlərimizdə hazırlanan, kənd camaatının özünün mer-meyvədən hazırladığı kompot, üzümdən çəkilmiş çaxır, tutdan hazırlanan araq idi.



“30-cu illərdən sonra evlər çay daşlarından tikilirdi”

- Elə o zamanlardan kənd evləri ikimərtəbəli, müəyyən qədər geniş tikilirdi. İnsanlar özləri öz evlərini inşa etməyə çalışardılar. 30-cu illərə qədər çiy kərpicdən evlər tikilsə də, bu vaxtdan artıq çay daşından ev tikirdilər. 70-ci illərdə kənddə 1-2 bişmiş kərpicdən ev qalmışdı. Sanki bir-birinə inad kənd əhalisinin əksəriyyəti evlərini iki mərtəbəyə ucaldırdı. Evin qarşısı da mütləq aynabənd olmalı idi. Evlərdə qaz olmadığından odun sobası yanardı. Mətbəxdə yeməyi də odun sobasında bişirərdilər. Kənd əhalisi dar çərçivələrdə olsa belə, insanlar şərait qurmağa çalışırdılar. 1960-cı illərdən televizor bir-iki evdə var idi. Hamı televizoru olan qonşunun evinə yığışıb maraqla “Neftçi”nin oyunlarına baxırdı. Gənclər  futbol sevincini hay-küylə qarşılayanda ağsaqqallar əsəbləşərdi ki, səs etməyin ayıbdır.


Hind kinosu ən sevimli əyləncə idi”

- Kəndimizdə kino nümayişi üçün  iki klub fəaliyyət göstərirdi. Biri erməni məhəlləsində, digəri isə Azərbaycan məhəlləsində idi. Amma hər ikisində işləyən kinomexanik azərbaycanlı idi. Filmlərə adətən, orda baxırdıq.Yaz-yay aylarında filmlər açıq havada göstərilirdi. Ödəniş kimi də 20-30 qəpik pul verib, göy rəngli bilet alırdıq. Həmin filmlər insanlara ülvi, pak hisləri aşılayırdı, aqressiya yox idi. Oğlan və ya qızlar filmlərdə öz ideallarını görürdülər. Bəzən oğlanların sevdiyi qıza yanaşmasında hind filmləri böyük rol oynayırdı. Şünki biz məktəbli ya da gənc olarkən xoşlandığımız qıza birbaşa yaxınlaşa bilmirdik. Ən cəsarətlimiz məktub yazardı, etibarlı şəxslə qıza göndərərdi. Hüseyn Arifin şeiri də var, “Mən də qaçardım dərsdən, Sən dərsə gəlməyəndə”. Doğurdan da, hər məktəblinin həyatında sevgi hissləri, ilk məhəbbət olur.



“Azərbaycanlı qızlar erməni kişiləri ilə ailə qurmazdılar”

- Sizə bir söz deyim. Azərbaycan qadınlarını, qızlarını alqışlamaq lazımdır. Bizim qızlarımız erməni kişiləri ilə ailə həyatı qurmaqdan qəti imtina edirdilər. Nadir hallarda Qarabağın hansısa bucağında erməniyə ərə gedən azərbaycanlı qadına rast gələrdin. Bizim kəndimizdə isə ümumiyyətlə belə hal yaşanmamışdı. Amma erməni qızları ilə azərbaycanlı oğlanların sevgi macəraları kifayət qədər olub. Onlar da uzun müddət sevgi macərası yaşayıb, sonda evlənməzdilər. Yalnız bir nəfər kəndlimiz erməni qızı almışdı. İki oğlu, bir qızı dünyaya gəldi.  Erməni-Azərbaycan münaqişəsi başladıqdan sonra  övladları ona görə problem yaşamasın deyə, həmin qadın da Rusiyaya bacısının yanına üz tutdu. Anaları erməni olan həmin uşaqlar Azərbaycana bağlı idilər. Ailədə necə tərbiyə görmüşdülərsə, kəndimizin müdafiəsində bizimlə birlikdə ermənilərə qarşı döyüşürdülər.


Aysel Aslan

Əzizə Zeynal 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı