Modern.az

Vaterloo Universitetinin professoru: “Azərbaycan həmişə bizim ürəyimizdədir”

Vaterloo Universitetinin professoru: “Azərbaycan həmişə bizim ürəyimizdədir”

Diaspor

31 May 2019, 18:01

Uzun illərdir Kanadada yaşayan, oradakı həmvətənlərimizin birliyi, eləcə də Azərbaycan həqiqətlərinin bu ölkənin ictimaiyyətinə çatdırılması naminə misilsiz xidmətlər göstərən soydaşımız Ilham Axundovun bu il 60 yaşı tamam olur.

 

Modern.az-ın məlumatına görə, Kanadanın Vaterloo Universitetinin riyaziyyat fakültəsinin Riyaziyyat və Biznes proqramları departamentinin direktoru olan İ.Axundov 1959-cu il iyunun 1-də Azərbaycanın dilbər guşələrindən birində – Lənkəranda dünyaya gəlib.

 

1975-ci ildə Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat fakültəsinə daxil olan İ.Axundov 1981-ci ildə Leninqrad Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib. Daha sonra Leninqrad Dövlət Universitetinin aspiranturasını bitirərək, 1987-ci ildə professor V. Nevzorovun rəhbərliyi altında “Nizamlanmiş təsadüfi kəmiyyətlər və onların cəmləri üçün limit teoremləri” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edib.

 

İ.Axundov ehtimal nəzəriyyəsi və riyazi statistika sahəsində ekspertdir. O, ehtimal nəzəriyyəsinin asimptotik metodlarına, sıra statistikası nəzəriyyəsinə ekstremal əhəmiyyətli əlavələrlə çox böyük töhfə verib. İ.Axundov üç dərslik və 30-dan çox elmi məqalənin müəllifidir.

 

Özü demişkən, dünyada baş verən müsbət dəyişikliklər ona elmi karyerasını öncə Birləşmiş Ştatlarda, daha sonra Kanadada davam etdirmək imkanını qazandırıb. 1999-cu ildə ABŞ Dövlət Departamenti tərəfindən dünya alimləri arasında keçirilən çox nüfuzlu Fulbrayt müsabiqəsinin qalibi olan İ.Axundov Texas Universitetində tədqiqat aparmaq imkanı əldə edib. Bu tədqiqat işlərinin nəticələri elmi jurnallarda dərc edildikdən sonra İ.Axundov xarici universitetlərin bir neçəsindən dəvət alıb.

 

Beləliklə, professor İlham Axundov 2001-ci ildən bir müddət Kanadanın Makmaster (Hamilton) Universitetində çalışıb. 2007-ci ildən indiyədək isə karyerasını Kanadanın nüfuzlu Vaterloo Universitetinin Riyaziyyat Fakültəsində davam etdirir.

 

Rəhbərlik etdiyi departamentdə 6 ixtisas üzrə 3 mindən çox tələbə oxuyur. İ.Axundov qürurla bildirir ki, bu tələbələrin hamısı riyaziyyatçıdır və onlar riyazi biliklərini maliyyə, iqtisadiyyat, biznes sahələrində tətbiq edirlər. Azərbaycanlı alim Vətənimizdə də riyaziyyata bu cür yanaşmanın tərəfdarıdır.

 

Onun fikrincə, bu gün riyaziyyatsız hər hansı sahədə uğuq qazanmaq çətindir, çünki riyazi metodların köməyilə insan bir çox problemlərin həllinə nail olmağı bacarır: "Riyaziyyatçılara yaşamaq nisbətən asandır. Biz həyatdakı çətinliklərə problem kimi deyil, riyazi məsələ kimi yanaşırıq və onları həll etməyimizə, şübhəsiz ki, riyazi bacarıqlar kömək edir".

 

O, ömrünü də riyaziyyatçı kimi hesablayır: "Birinci onillik – orta məktəb, ikinci onillik – ali məktəb, üçüncü onillik – Azərbaycan, 4-cü onillik – Kanada, 5-ci onillik – yenə Kanada. 6-cı onillyin başlanması – karyeramda son onillkdir”.

 

Yeri gəlmişkən, qeyd edək ki, bu ali məktəbin yeganə azərbaycanlı professoru olan İlham Axundov keçən ilin yekunlarına görə, Vaterloo Universitetində ən yüksək fəaliyyət mükafatına (outstanding performance award) layiq görülüb.

 

Elmi-pedaqoji sahədə işinin çoxluğuna baxmayaraq, İlham Axundov uzaq xaricdə Vətənimiz naminə çalışmaqdan usanmır.

O, siyasi, iqtisadi, sosial və təhsil sahələri üzrə fəaliyyət göstərən “Kanada–Azərbaycan” Əməkdaşlıq Assosiasiyasının prezidentidir.

 

2012-ci ildə  İ.Axundov Kanada Azərbaycan Araşdırmaları İnstitutunu təsis edib. Məqsəd – Azərbaycanın elmi institutları ilə əməkdaşlığın qurulması, Azərbaycan üzrə araşdırmaların aparılması, materialların nəşri, uğurların təbliği, ölkəmizin tarixi, coğrafiyası, ədəbiyyatı, iqtisadiyyatı, diasporu və mədəni irsi üzrə məlumatlandırma, elmi ictimaiyyət, hökumət nümayəndələri və KİV-lər üçün konfrans, seminar və mühazirələrin təşkil edilməsidir.

 

Elə həmin il İ.Axundov Toronto Uniuversitetində Azərbaycan tarixinin tədris olunmasına nail olub. Toronto Universitetinin Avropa, Rusiya və Avrasiya Tədqiqatları Mərkəzi (CERES) bu universitetin tələbələri üçün Azərbaycan tədqiqatları üzrə kredit kursu keçirib.

 

“Toronto Universitetində magistraturada Azərbaycan tarixi kredit kursu kimi tədris olunmağa başladı. 6 maqistr bu dərsləri götürdü. Onlara ABŞ-dan, Kanadadan dəvət olunan professorlar dərs deməyə başladılar. Bu tələbələr kursu bitirdikdən sonra Azərbaycana səfər etdilər. Bu, çox uğurlu proyekt oldu”, – deyə İ.Axundov vurğulayır.

 

Vətənimizin milli maraqları, Azərbaycan həqiqətlərinin Kanada ictimaiyyətinə daha ətraflı çatdırılması və soydaşlarımızın birliyi  naminə o, buradakı bir çox Azərbaycan cəmiyyətlərini və diaspor təşkilatlarını koordinasiya edən "Kanada Azərbaycanlıları Təşkilatları Assambleyası"nın təsis edilməsinə nail olub.


Professor hesab edir ki, Kanada ilə Azərbaycan arasında siyasi əlaqələr güclü olmalıdır: “Bu sahədə diasporun rolu önəmlidir. Kanadada Azərbaycan səfirliyi var və diplomatlarımız bütün işlərin öhdəsindən uğurla gəlirlər. Amma azərbaycanlılar Kanada vətəndaşı olaraq fikirlərini bu ölkənin hökumətinə daha uca səslə çatdıra bilirlər. Mən Kanadaya 20 il əvvəl gəlmişəm. O zaman Azərbaycan Kanadada o qədər də tanınmırdı. Bədxah qonşularımız bizi onlarla vuruşan bir ölkə kimi təqdim etmişdilər. Son 20 il ərzində diaspor sahəsində Kanadada çox böyük işlər görülüb. 2009-cu ildə Kanadanın baş naziri Pol Martin Azərbaycan diasporasının bir qrupunu qəbul etmişdi. Bu, Kanada dövlətininin Azərbaycan diasporasına ciddi münasibətinin göstəricisi idi. Bundan sonra biz işlərin bir qədər də inkişaf etdirilməsi, təşklatların koordinasiya olunması üçün Kanada Azərbaycanlıları Assambleyası yaratdıq”.


İ.Axundov qeyd edir ki, əgər 90-cı illərdə kanadalılar azərbaycanlıları digər sovet xalqlarından fərqləndirə bilmirdilərsə, indi vəziyyət tamamilə dəyişib: “Hazırda ziyalı kanadalı üçün “Siz Azərbaycanı tanıyırsınızmı?” sualı təhqir hesab oluna bilər. Artıq onların hamıcı bizim olkəmizi tanıyır”.

İ.Axundov deyir ki, Vətənimizə tez-tez gəlir və universitetlərdə görüşlər keçirir: “Azərbaycan həmişə ürəyimin içindədir. Uzaq Kanadada Azərbaycan TV-lərinə baxir, Azərbaycan musiqisinə qulaq asırıq, evlərimizdə Azərbaycan mətbəxinə məxsus təamlar hazırlanır”.

Qeyd edək ki, dövlətimiz azərbaycanlı alimin göstərdiyi misilsiz xidmətləri yüksək qiymətləndirir. 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev elmi, pedaqoji və diaspora fəaliyyətinə görə İlham Axundovu  "Tərəqqi" medalı ilə təltif edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?