Modern.az

Bu ölkədə doğuşu mamaça və ata gerçəkləşdirir - MARAQLI

Bu ölkədə doğuşu mamaça və ata gerçəkləşdirir - MARAQLI

2 İyun 2019, 02:43

Yeni Kanada vətəndaşının xatirinə gəlib evinizi belə təmizləyirlər

 

Ana olacağımı biləndə İnternet üzərindən mama-ginekoloq axtarışına çıxdıq. Həkim haqqında pasiyentlərin rəyi, qiymətləndirmə balları ilə tanışlıqdan sonra seçdiyimiz həkimlərdən yalnız birinin yanında yeni pasiyent üçün yer oldu. Qeyd edim ki, burada mama-ginekoloqlar Azərbaycandakı kimi bütün pasiyentlərizamanları oldu-olmadı qəbul edib saatlarla növbədə gözlətmirlər.    

Kanadanın Ontario əyalətində xanımlar hamiləlik dövrü ərzində vaxtaşırı nəzarət üçün Ailə həkimi (ümumi can həkimi), Mama-ginekoloq və ya mamaça arasında seçim edə bilərlər. Yaxud ailə həkimi ilə yanaşı, mamaça, ya da mama-ginekoloq ilə yanaşı mamaçanın nəzarətindən keçə bilərlər. 

 

Evdə doğuş istəyirsinizsə...

 

Övladını evində dünyaya gətirmək istəyənlər ailə həkimi, yaxud mama-ginekoloqla yanaşı, vaxtaşırı mamaçanın qəbulunda da olmalıdırlar. Çünki evdə doğum prossesini köməkçisi ilə birlikdə yalnız mamaça aparır. Mamaçanın qeydiyyatında olmağın başqa bir üstünlüyü də odur ki, doğuşdan sonrakı üç gün ərzində hər gün gəlib evdə ananın və körpənin sağlıq durumunu yoxlayır.

Hamiləlik dövründə həkim müayinəsindən tutmuş, analizlərə, ultrasəs  müayinəsinə (USM) qədər hər şey dövlət tərəfindən qarşılanır. Gələcək analar xərcləri dövlət tərəfindən qarşılanan pulsuz hamiləlik kurslarına qatıla bilər və uşağı əmizdirmə, körpə baxımı, ananın özünə baxımı və bu kimi başqa mövzularda bilgi ala, başqa valideynlərlə tanlş ola bilərlər. Eyni zamanda müxtəlif icma mərkəzlərində (community center) hamilələr üçün təşkil olunan pulsuz kurslara qatılmaq şansı qazanırlar.


Uşağın cinsiyyəti nə vaxt deyilir?

 

Hamiləliyin 34-cü həftəsinə qədər hər ay  bir dəfə, 34-38-ci həftədə ayda iki dəfə, son ayı isə hər həftə həkim müayinəsindən keçirsən. Amma hamilənin durumuna görə həkim müayinəsi daha sıx ola bilər. Hamiləlik boyunca əgər hansısa probleminiz yoxdursa, cəmi 4-5 dəfə USM-dən keçirsiniz. Yəni bu, pasiyentin istəyi ilə deyil, həkimin məsləhəti ilə olur. İlk USM 8-12 həftə arasında təyin edilir.

Körpənin cinsiyyətinin nə zaman valideynlərə deyilməsinə gəlincə, cinsiyyətə görə uşaqsalma səbəbindən bunu 20-22-ci həftədə deyirlər. Kanadada yaşayan Asiya kökənlilər oğlansevər olduğuna görə bu qayda sonralar tətbiq edilməyə başlayıb.  

 

Qeysəriyyə, ya təbii?

 

Qeysəriyyə əməliyyatı da xanımların istəyinə görə edilmir. Yalnız uşağın və ananın sağlamlığı üçün təhlükə varsa, əməliyyata üstünlük verilir. Hətta uşağın çəkisi 5 kq-dırsa, yaxud ananın çanağı dardırsa, əvvəl təbii doğuşun mümkün olub olmadığı yoxlanılır, əgər ananın sağlamlığı buna yol vermirsə qeysəriyyə əməliyyatına qərar verilir.

Amma burada təbii doğuşdan qorxmağına dəyməz. Azərbaycandakı kimi ananın üzərinə 4-5 mamaça, ginekoloq-həkim, tibb bacıları, sanitar tökülüşüb qarnını əlləşdirmir, anaya psixoloji sarsıntı yaşatmırlar.

 

Sancısız təbii doğuş

 

Doğuş sancıları başlayarkən əvvəlcədən bütün sənədlərinin və məlumatlarının olduğu hospitala gedirsən, yaxud təcili yardım çağırırsan. Xəstəxanaya çatanda doğuşa hazırsansa, səni doğuş otağına aparır, epidural anesteziya (beldən yerli keyitmə) istəyib istəmədiyini soruşurlar. Əgər doğuş sancısı keçirmək istəmirsənsə, epidural keyitməyə üstünlük verilir və belindən vurulan iynə ilə heç bir sancını hiss etmirsən.

Maraqlısı odur ki, doğuş prosesini son 2-3 dəqiqəyə qədər mamaça idarə edir. Sadəcə, həyat yoldaşın, yaxud pasiyentin hansısa yaxını varsa, mamaçaya kömək edir. Yəni otaqda 2 adam olur.

Otağın hər yerindən təmizlik yağsa da, hər şey gigiyenik qaydalara uyğun həyata keçirilsə də, pasiyentin yaxınından nə xalat, nə də ayaqlarına baxil geyinməsini tələb edirlər. Mamaça anayla zarafat edə-edə, xoş sözlər deyə-deyə, hərəkətləri ilə onu başa düşdüyünü hiss etdirərək doğuşu o qədər professional idarə edir ki, doğuş otağında deyil, çay içə-içə evində dostunla söhbət etdiyini düşünürsən. Onu da deyim ki, mamaça, həkimlə yanaşı, həm tibb bacısının, həm də də sanitarın işini görür. Həkim yalnız doğuşun bitməyinə 2-3 dəqiqə qalmış gəlir və o da zarafatlarından qalmır və proses tamamlanır. Hətta qayçını atanın əlinə verib uşaqla ananı bağlayan cifti ataya kəsdirirlər.   

 

Doğuş otağında ailəvi şəkil, videoçəkim

 

Həkim getdikdən sonra otaqda yenə də mamaça, ana və ata qalır. Uşaq doğulan kimi ananın sinəsinə qoyulur və 1 saat doğuş otağında ananın qucağında qalır. Bu 1 saat ərzində uşağı rahat şəkildə gah ata, gah ana qucağına götürə, istədikləri qədər foto, video çəkə, selfi (özçəkimi) edib bu anı ölümsüzləşdirə bilərlər.

Qeyd edim ki, problemli və ya vaxtından əvvəl baş verən doğuşlarda bir və ya 2 həkim, bir neçə mamaça, tibb bacıları iştirak edir. 


Qrip olanlar da uşağa baş çəkə bilər

 

Əgər tək adamlıq palatada qalmaq istəyirsənsə, əvvəlcədən bunun üçün ödəniş edirsən. Amma 4 nəfərlik palatalarda heç bir ödənişə ehtiyac yoxdur. 4 nəfərlik palatalar pərdə ilə 4 hissəyə ayrılır. Hər bir yatağın yanında pasiyentin əlinin çatacağı düyməcik var. Bir problemin olanda, düyməni basırsan və səninlə yanaşı, bir neçə anaya və körpəyə təhkim olunan tibb bacısı gəlir. Amma tibb bacıları ya həqiqətən məşğul olduqlarına, ya da özlərini məşğul göstərdiklərinə görə çox vaxt düyməni 3-4 dəfə basandan sonra gəlirlər.

Qeyd edim ki, körpələr şüşə yataqda əvvəldən axıra qədər ananın yanında qalırlar. Əgər körpənin sağlıq problemi yoxdursa, hətta qeysəriyyə əməliyyatı olan anaların uşağı da yanlarında olur. Əməliyyat olunan analara xüsusi diqqət göstərilir, xəstəxana heyəti tərəfindən tez-tez gəlib yoxlanılırlar.


Palataya çıxandan sonra istənilən adam, hətta qrup şəklində anaya baş çəkməyə gələ, yanında qala, yemək gətirə bilər. Yeməklə, ümumiyyətlə, palatalara giriş-çıxışla bağlı heç bir qadağa yoxdur. Özü də qonaqlar nə xalat geyinir, nə baxil. Mən hospitalda olanda pərdənin o tayındakı qonşumun yanına gələnlər arasında bir nəfər gah öskürür, gah asqırır, gah da burnunu səsli silirdi. Amma məndən başqa heç kim xəstəliyin körpəsinə keçməsindən narahat görünmürdü. Çünki burada düşünürlər ki, uşaq anadan olandan təbii şəraitə öyrəşməli, bir gündən sonra üz-üzə qalacağı ətraf mühitdən təcrid edilməməlidir.

Yeməyə gəlincə, anaya gündə 3 dəfə menyu təqdim edilir və ana çox da zəngin olmayan menyüdən seçim edir. Yeməklər hospitalın birinci mərtəbəsində fəaliyyət göstərən ayaqüstü kafelərdən alınır. Sup, çörəkarası ət, yaxud tərəvəz, meyvə şirəsi, meyvə və s. verilir. Doğuş şöbəsinin mətbəxində daim qaynanmış su, bir də evdən gətirilən yeməkləri qızdırmaq üçün mikrodalğalı soba olur.   

 

Uşağın ayrıca yatağı yoxdursa, xəstəxanada saxlayırlar

 

Hospitala gedəndə özümlə böyük bir çemodan götürüb içərisini doldurmuşdum. Orada məlum oldu ki, apardıqlarımın heç biri lazım deyilmiş. Anaya paltar, uşağa bələk, pampers, papaq, gigiyenik məhsullar və s. verilir. Normal doğuş zamanı analar 24 saat hospitalda qalır. Bu müddət ərzində tibb bacısı uşağı çimizdirir və uşağın ilk vaksini vurulur, həmçinin körpə qulaq və göz müayinəsindən keçirilir.

Evə çıxdığın gün səndən körpənin ayrıca yatağının olub olmadığını soruşurlar. Əgər olmadığını desən, körpəni və ananı evə buraxmırlar. Bundan başqa, uşağı aparacağın maşına qoymaq üçün uşaq oturacağın olmalıdır. Əks təqdirdə, yenə uşağı evə apara bilməzsən.

 

Körpəyə görə evini də təmizləyirlər

 

Təbii və problemsiz doğuş zamanı 24 saatdan sonra körpənin həqiqətən sənin övladın olduğunu təsdiq edən arayışı  götürüb evə gedirsən.

Evə gələndən sonra uşağa doğum şəhadətnaməsi almaq üçün Ontario Xidmətinin (Service Ontario) saytına girib lazım olan müraciət formasını doldurursan. Burada yeni dünyaya gələn körpənin doğum şəhadətnaməsi üçün onlayn ödəniş edirsən. Doğum şəhadətnaməsi poçtla evə gəlir.

Uşağın sağlamlıq kartını almaq üçün yenə də Ontario Xidmətinə gedib ərizə formasını doldurursan, sağlamlıq kartı poçtla evə gəlir.

Kanadada ilk yerdə uşaq haqları gəldiyindən körpə doğulandan sonra dövlət və Qeyri-hökumət təşkilatları tərəfindən ana və uşağa göstərilən xüsusi qayğını, diqqəti hiss edirsən. Kanadalı sayılan uşağın xatirinə hətta ananın ehtiyacı varsa, evini belə gəlib  təmizləyirlər... Anaya və körpəyə göstərilən diqqəti növbəti yazımda işıqlandıracağam.

 

Lalə MUSAQIZI,
Kanada

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı